AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Rejissorlarınızda tənbəllik var”

“Rejissorlarınızda tənbəllik var”

Mədəniyyət
19 Noyabr 2012, 18:12 2637
Noyabrın 16-da Dövlət YUĞ Teatrında İran rejissoru Babək Şirinsifət serial və teatrla maraqlanan insanlara "Müasir kino sənəti və yeni texnologiyalar" mövzusunda ustad dərsi keçdi. İran rejissoru seminarda iştirak edən teatrın aktyorları və İncəsənət Universitetinin aktyorluq fakültəsinin tələbələrinə dünya rejissorlarının fəaliyyətindən tutmuş, günümüzə qədər fəaliyyətdə olan dünyaca məşhur aktyorların fəaliyyətindən söhbət açdı.

Babək Şirinsifətlə söhbətimizdə müasir seriallar, həmçinin aktyor və rejissor sənətinin incəlikləri barədə söhbət etdik.

- Azərbaycanda çəkilən filmlərin səviyyəsi sizi qane edirmi?

- Həm qane edir, həm də yox. Azərbaycanda böyük potensial var və o potensialdan istifadə etmək üçün rejissorlar daha çox məşğul olsalar, yaxşı iş alınar. Azərbaycanın gözəl tarixi abidələri, inkişaf etmiş mədəniyyəti, əsərləri var. Amma keçmişdən qalan əsərlər hələ də dünyaya çıxmayıb. Seriallara baxanda hiss olunur ki, burada bir tənbəllik var. Rejissorlar özlərini zəhmətə salmırlar. Serial çox zəhmət tələb edən bir işdir.
Rejissorların çoxu fokusun nə demək olduğunu bilmir. Aktyor kameranın ölçüsünü bilməlidir ki, oynadığı hərəkətlərin tərzini ölçə bilsin. Əks təqdirdə, montaj zamanı rejissorların üzərinə böyük güc düşür.

- Sizcə, kino aktyoru olmaq daha çətindir, yoxsa teatr aktyoru?

- Hər ikisi çətindir. Yaşlı nəslin aktyorları ilə orta nəslin aktyorları çox çalışqandırlar, özlərini sənətə fəda edənlərdir. Bu sənətin texniki cəhətdən çətinlikləri var. Aktyor ya yaxşı aktyordur, ya da ümumiyyətlə, onun aktyorluqdan xəbəri yoxdur. Teatr canlı sənət növü olduğundan, bu sahədə fəaliyyət göstərən aktyorların üzərinə daha çox yük düşür, ancaq filmdə isə bir səhnə alınmadıqda ikinci dublu yenidən çəkmək olar.

- Azərbaycanda, sizcə aktyor olmayan “aktyor” var?

- Təbii ki, var. Bu cür hala tək Azıərbaycanda deyil, dünyanın başqa ölkələrində də rast gəlinir. Bunu tamaşaçılar bizdən daha yaxşı bilir. Hər ölkədə 100 nəfərin içində cəmi 5 nəfər yaxşı, əsl aktyor var.

- Bizim ölkədə film çəkmisiniz?

- Azərbaycanda 4 film çəkmişəm. Filmlərim Azərbaycanın kinoteatrlarında göstərilsə də, təəssüflər olsun ki, heç biri Azərbaycan telekanallarında yayımlanmadı. Hansı ki bu filmlər dünyanın 50-yə yaxın ölkəsində göstərilib. Baxmayaraq ki, filmlər Azərbaycanda çəkilib və mövzusu Qarabağla bağlıdır. On il əvvəl çəkdiyim “Sıfır saatın qatarı” sənədli filmi Azərbaycandakı qaçqın düşərgələrinə həsr olunmuşdu. Avropada 2 Qran Pri mükafatı alan, 20-dən çox festivalda iştirak edən “Rami” tammetrajlı filmim də Qarabağ müharibəsi haqqındadır. “Çinarla mən” filmim “Sıfır saatın qatarı” filminin ardıdır. Filmi yeni bitirmişəm. Hazırda isə İlqar Fəhminin dedektiv janrda olan “Çaqqal nəfəsi” əsəri üzərində işləyirəm. Gözəl bir serial olacaq.

- Niyə telekanallarımız sizin filmləri yayımlamadı?

- Bilirsiniz, bu məsələləri mənim prodüserim həll edir. Mən filmi çəkib ona həvalə edirəm. Filmi satmaq isə onun işidir. Yəqin ki, telekanalların o filmləri alıb yayımlamağa imkanları olmayıb. Filmin haqqı ödənilməlidir ki, telekanalda göstərilməsinə icazə verilsin.

Xəyalə Rəis