• cümə, 29 Mart, 19:14
  • Baku Bakı 14°C

Rejissor sənətinin tarixinə dair

30.05.17 10:20 5661
Rejissor sənətinin tarixinə dair
Antonen Arto - fransız rejissoru, şair, teatr nazəriyyəçisi, "Alfred Jarri” Teatrının yaradıcılarından biri və "Qəddarlıq teatrı”nın banisi...
Antonen Mari Jozef Arto 4 sentyabr 1869-cu ildə Marseldə anadan olub. Uşaqkən şeirlər yazıb. 1913-cü ildə Marseldə onun şeirlər toplusu nəşr edilib. Sonralar uzun müddət "sükut dövrü” yaşayıb, Antonen 5 yaşında tutulduğu menengit xəstəliyindən müalicə alıb. 20 yaşında hərbi xidmətə çağrılıb və sağlıq durumuna görə yalnız doqquz ay düşərgədə keçirib.
1919-cu ildə Antonen kəskin baş ağrılarından xilas olmaq üçün nikatindən istifadə etməyə başlayır. Növbəti ilin yazında onun vəziyyəti yaxşılaşır və o, Parisə gəlir.Bir müddət sonra Fransua Jemye onu Şarl Düllenin truppasına gətirir. Burada Antonen aktrisa Jenika Atanasiu ilə tanış olur və yeddi ilə yaxın onunla yaxınlıq edir.Aktyor Artonun səhnə tərtibatçısı və geyim rəssamı kimi istedadı məhz Atelye Tearında kəşf olunur. Düllenin truppasında o, çox məşq edir və işinə hər zaman sədaqətli olur.
Marseldə keçirilən müstəmləkə sərgisində Kamboca rəqqasələri Artoya güclü təsir edir və onda Şərq teatrına həvəs yaranır. 1923-cü ilin aprelində Antonen Jorj Pitevonun Şanz-Eliza Komediya teatrına keçir. Daha sonra Almaniyaya gedən Arto burada Piskatorun, Reynxardın və digər tanınmış rejissorların tamaşalarını həvəslə izləyir. 1924-cü ilin payızında Arto sürrealizmin nəzəriyyəçisi və liderlərindən birinə çevrilir. O, yazırdı: "Biz qarışıqlıq əsrində yaşayırıq... hər hansı bir hisslərin dəyərsizləşdiyi dövrdə... hər şey bizdə gülüş oyadır: məhəbbət də, suiqəsd də...”. Antonen "Sürrealizmin axtarışı” başlıqlı "Sürrealizm inqilabı” adlı jurnalın redaktoru idi.
Dramaturq Roj Viktor və Mark Robyur ayaması ilə tanınan Rober Aron ilə birlikdə Arto, birinci "fransız səhnəsinin üsyançısı” olan dramaturq Alfred Jarrinin adına yeni teatr yaratmağı qərara alırlar. 1926-cı ilin noyabrında teatrın açılışına qədər Artonun birinci teatr manifesti nəşr olunur. O, təsdiq edirdi ki: "Əgər biz teatr yaradırıqsa, bu o demək deyil ki, sadəcə pyeslər oynanılan teatr yaradırıq, əksinə məqsədimiz insanın mənəvi dünyasında gizli qalan anlaşılmazlığı, qarışıq vəziyyətləri bu və ya digər şəkildə realda göstərməkdir”. Arto güman edirdi ki, onun yaratdığı teatr incəsənət çərçivəsindən kənara çıxacaq. "Alfred Jarri” Teatrının repertuarında (acılışı 1 iyun 1927-ci ildə olmuşdur) onun yaradıcılarının (A.Arto, R.Vitrak və M.Dobyur) pyesləri və simvolik dramaturqlar A.Strindberq
və P.Klodelin əsərləri yer almışdı. Alfred Jarri Teatrının daimi truppası yox idi. Onun tamaşalarında digər Paris teatrlarının aktyorı, gələcəyin tanınmışları –Tanya Balaşova, Eten Dakru, Raymon Rulo, həmçinin, Jenika Atanasiu oynayırdılar. "Yuxu” (A.Strindberq) tamaşasının quruluşu prinsip cəhətdən Jarri teatrına tam uyğun idi. Burda həmin dövrün Arto estetikasının iki tendensiyası göstərilirdi: simvolik və sürrealist. Artonu yuxunun sürrealist estetikası, yəni indini, keçmişi və gələcəyi özündə ehtiva edən, məhz sürealist yuxu kimi təsviri maraqlandırırdı. Yuxuda olanlar reallığa qarışmış, fantastik şəkillər isə təbii kimi qəbul olunurdu. Simvolik teatrın yaradıcısı Strindberqin poetikasında olduğu kimi, teatrşünas V.Maksimov da qeyd edirdi ki, : "qapalı ikinci reallıq, qəti şəkildə gerçək dünyaya (həmçinin seyrçi salonuna) qarşı idi”. Jarri teatrının sonuncu tamaşası 1929-cu iilin yanvarında səhnələşdirildi. Bu Vitrakın sürrealist pyesi olan "Viktor, yaxud hakimiyyətin uşaqları” idi. Gündəlik həyatın bütün manasızlıqları uşağın baxışları ilə təsvir olunurdu. Sintezlər gözəl və əvəzolunmaz personajlarda təcəssüm edilmişdi-misalçün İdanın "ayı xəstəliyi”ndən əzab çəkməsi...
Arto daha çox incəsənət nəzəriyyəçisi kimi çıxış edirdi. 22 mart 1928-ci ildə xalis şüura sahib olmaq, həyatın əsl mənasını qavramağı bacarmaq kimi məsələni "İncəsənət və ölüm” mühazirəsində aydınlaşdırmışdır. Meterlinqdən sonra ideal qavrayışı Arto uşaqda görürdü.
Paris teatrında Bali adasından olan teatrın ritual göstərişini seyr etdikdən sonra (1931) Arto öz teatrı üçün Şərq teatr priyomlarından istifadə etməyi qətiləşdirir. Elə bu vaxtdan başlayaraq ömrünün sonuna qədər Arto "Qəddarıq teatrı” ("qəddarlıq” –burada xüsusi fəlsəfi estetik anlamdadır) konsepsiyasını işləyir və həyata keçirir.
Arto yaradıcılığının tədqiqatçısı P.Bryunel Arto və Strindberqin yaxınlığını qeyd edərək yazırdı: "bu qəddarlıq –bizi əhatə edən təhlükəli oyun gücüdür. Strindberq və Arto-sehrbazlar, daha dəqiq, bu gücü tutmağı arzulayan, cilovlayan və hazırda açıq-aşkar göstərən teatr sehrbazlarıdır”. Teatrşünas V.Maksimov isə qeyd edirdi ki, " bu yolla Arto teatr vasitəsilə "kosmik proseslərin gedişinə mistik təsir edən kabbalistik fikri” idarə edirdi”.
Məyusluq və maddi çətinlik Artonu Fransadan uzaqlaşdırır. 30 yanvar 1936-cı ildə o, gəmi ilə Havanaya, oradan isə Meksikaya köçür. Avanqard nümayəndəsi kimi Antonen məqalələr yazır, institutlarda "Sürrealizm və inqilab”, "Taleyinə qarşı insan”, "Teatr və Allahlar” adlı məruzələrlə çıxış edir. 1936-cı ilin noyabrında Parisə qayıdan Arto narkotikdən müalicə alır. O, belçikalı Sesil Şramm ilə ailə həyatı qurmaq istəsə də, Brüsseldəki hay-küyə səbəb olan mühazirəsindən sonra toy ləğv olunur. "Yeni həyat ayələri” kitabçasında (1937) Arto həyatdan küsdüyündən, onu ruhən sarsıdan bəzi ali reallıqlardan söhbət açır. Bu nəşri Arto " 1-ci Yaeue 1e” imzası ilə, "Traumara ölkəsinə səyahət” kitabını isə ümumiyyətlə anonim nəşr etdirir. 29 sentyabr Dublindən Havra gedərkən Arto mexaniklə dava
edir: Artoya elə gəlir ki, onu təqib edirlər, polis izləyir və ona Dalay Lamanın dağıdıcı enerjisi yönəldilib. Havra çatan kimi Artonu ürəktutması ilə xəstəxanaya yerləşdirirlər. 1938-ci ilin fevralında onun "Teatr və onun əkizi” kitabı çap olunsa da, Arto bundan sonralar xəbər tutur. On il klinikada ağır şəraitdə, elektroşoklarla müalicə onun gücünü tükəndirmişdi. Eyni zamanda bu qeyri-adi insanın məktublarında dərin və geniş fikir haqqında şüurun sirləri, yaradıcılığın qanunları, incəsənət dilinin problemlərindən bəhs olunurdu. Məktublarının bir hissləsi "Rodezdən Məktublar” başlığı ilə (1946) çap olunmuşdur. 1946-cı ilin yazında dostları Antonenin xəstəxanadan azad olub Parisə qayıtmasına müvəffəq olurlar. Arto özünü "tapmağa” cəhd edir və 13 yanvar 1947-ci ildə ictimaiyyət qarşısına çıxaraq "öz həyatı və öz teatrı” haqqında danışmağa başlayır. Burada Arto xəstəxanada keçirdiyi çətin on ili barədə, elektroşok seansları haqqında, sonrakı vəziyyəti barədə durmadan iki saat danışdıqdan sonra səsi batır və bir daha ictimaiyyət qarşısına çıxmır.
Noyabrda Antonen "Allahın hökmünə qarşı çıxmaq” tamaşasını hazırlayır. O, burada baraban, qonq, ksilafon və digər musiqi alətlərində çıxış edən yeni musiqi müəllifi kimi təqdim olunur.
4mart 1948-ci ildə Antonen Arto düz bağırsağındakı xərçəngdən vəfar edir.Jan Vilar yazırdı: "Arto birbaş cəhənnəmə gedirdi. O, bizə göstərdi, o bizi əmin etmək istəyirdi ki, dramatik əsərlər-dram, yaxud fars olsun həmişə qəddardır. Məktəbimizin tanrıları saydığımız və inkar edilməsi çətin olan Şekspir, Sofokl və Molyer - qorxu, sirr və ölümə qarşı çıxırdı...”.
Nigar Pirimova
teatrşünas
banner

Oxşar Xəbərlər