Rəhbərlə necə davranmalı? - Gənclərə məsləhət
Gənclər iş həyatına yenicə məqam qoyarkən, bəzi məsələlərlə
bağlı narahatlıq keçirirlər. Həyatın yeni mərhələsinə alışmaq, yeni insanlarla
ünsiyyət qurmaq onlar üçün çətin olur. Təcrübəli insanlarda bir az fərqli ola
bilər, amma işə yeni başlayan gənclər çox vaxt rəhbərlə necə ünsiyyət
quracaqlarını bilmirlər. Bu dəfə gənclərin bu mövzuda olan suallarına cavab tapmağa
çalışacağıq. Həmsöhbətimiz insan
resursları idarəetməsi üzrə ekspert və biznes məsləhətçisi Elçin Zeynalovdur.
Elçin bəy deyir ki, Azərbaycan gəncləri çox
istedadlıdırlar və bundan düzgün istifadə etmək lazımdır: "Biz əvvəldən anlamalıyıq
ki, gəncin karyera inkişafı ilə bağlı planı varmı? Hədəfi olan gənclərin
ətrafa, məsələlərə, iş mühitinə, problemlərə münasibəti və təsiri fərqli olur.
Əgər həmin gəncin hədəfi varsa, o zaman ona tövsiyəmiz fərqli olacaq. İlk
olaraq anlamaq lazımdır ki, rəhbər liderdir, yoxsa menecer? Bu ikisi arasında
əsas fərq onlarla davranışın əsasını təşkil edəcək. Əgər liderdirsə, o zaman
liderlik tipini müəyyən etmək lazımdır. Müxtəlif nəzəriyyələrə görə, fərqli
lider tipləri mövcuddur. Amma yenilikçi olmaq, inkişaf, dəstək ortaq
cəhətləridir. Bu halda, gənclərin rəhbərdən səmimi dəstək alması mümkündür.
Hətta gələcək karyera inkişafı üçün mütləqdir. Gənclər unutmamalıdır ki,
karyera inkişafında şəxsi münasibət çox əhəmiyyətlidir. Bir şəxsin iş həyatı
boyunca yaxın əməkdaşlıq etdiyi insan sayı 100-ü keçmir. Liderlər səriştəli,
bilikli, bacarıqlı, qabiliyyətli olmaqla yanaşı, onunla keyfiyyətli iş ortaya
qoyan şəxsləri gələcəkdə formalaşdıracağı komandaya dəvət edir. Necə deyərlər,
hər lider menecerdir, amma hər menecer lider deyil. Əgər menecer lider deyilsə,
düşünürəm ki, gənclər belə rəhbərlərlə münasibətlərini sırf işə fokuslanmış
olaraq qurmalıdırlar. Bu baxımdan, gənclər verilən tapşırıqla bağlı maksimum
diqqətli olmalıdırlar. Tapşırığın icrası üçün əvvəldən bütün suallarına cavab
almağa çalışsınlar ki, rəhbərlər gecikmə və yanlış icraat faktı ilə
qarşı-qarşıya qalmasın. Çünki, rəhbərlər, cari iş yükündən başqa, planlanmamış
və ani problemlərin həlli üçün ciddi enerji itkisi yaşamaqdadırlar. Əgər
çalışdıqları şirkətdə korporativ idarəetmə zəifdirsə, gənclərin belə yerdə inkişafı
özlərinin iradəsindən çox asılıdır. Hətta onlar üçün bir fürsətdir. Belə
şirkətlərdə daha çox öyrənən və iş yükü altına girən işçi sürətli inkişaf və
öyrənmə yolu keçir. Adətən, belə kadrlar rəhbərlərin "əvəzolunmazı” olurlar”.
Müsahibimiz deyir ki, qeyd etdiyi səbəblər yaşlı
rəhbərlərin gənc kadrlarla işləmə ehtimalını azaldır. Amma əgər bir gənc yaşlı
rəhbərlə işləyirsə, bu zaman həmin rəhbərin dəyərlərinə diqqət yetirilməlidir.
Çünki, yaşlı rəhbərlərin artıq formalaşmış və qəliblənmiş düşüncə, mülahizə,
subordinasiya şablonları olur: "Bunlara diqqət yetirməsələr, xoşagəlməz hallar
yaşana bilər. Lakin rəhbərləri yaşlı lider olsa, o zaman ikiqat bəxtləri
gətirib. Çünki, həm dərin təcrübədən yararlanacaqlar, həmçinin kouçinq
(ustadlıq) və ya mentorluq (bələdçilik) keçmə şansı qazanacaqlar. Dostluğun
yaşı yoxdur. Təbii ki, ortaq cəhət və maraqlarının çox olmasına görə,
yaşıdların dost olma ehtimalı yüksəkdir. Güclü dostluqlar ortaq dəyərlər
üzərində qurulan dostluqlardır. İş yeri insan həyatının ayrılmaz bir
parçasıdır, hətta deyərdim ən önəmli parçasıdır. İş-həyat balansı bizim kimi
emosional xüsusiyyətli insanların əhəmiyyətli dərəcədə çox olduğu cəmiyyətlərdə,
adətən, pozulur. Lakin kapitalizmin öz diktəsi var. Bu, bizim cəmiyyətimizə
təsirdən yan keçməyəcək. Rəhbər-işçi münasibətlərində sui-istifadə olacağı
kimi, dostluqdan da sui-istifadə halları olacaqdır. Bu səbəbdən, gənclərə öncə
peşəkarlıq, daha sonra, dostluq haqda düşünməyi tövsiyə edirəm. Qeyd etməliyəm
ki, bəzi liderlər idarəçiliyində olan işçilərlə və ya komandanın üzvləri ilə əlaqəni
emosional bağlar üzərində qururlar. Bu tip liderlik emosional bağlılığın
verdiyi etibarlılıq üzərindən işlərin uğurlu icrasına nail olmaqdır. Bu zaman
həmin münasibətdə tərəfdaş olan insan liderin onunla dost olma zənninə qapıla
bilər”.
Bəs rəhbərin hər dediyi qanundurmu? Rəhbərin
fikrinə nə zaman etiraz etmək olar, nə zaman yox? Müsahibimiz bildirdi ki, bütün
iş yerlərində işçi və işəgötürən münasibətləri, iş yerində gəncin davranışını,
şirkətdaxili qaydaları, proseslərin idarə edilməsini tənzimləyən nizamnamə,
prosedur və qaydalar olmalıdır. Olmamağı, həmin iş yerində gərgin iş
atmosferinin, qəza risklərinin və başqa bir sıra ciddi problemlərin yaranmasına
zəmin yarada bilər: "Bu, həmçinin zaman və enerji itkisinə səbəb olacaq
halların varlığı deməkdir. Belə iş yerində rəhbərin verdiyi təlimatın doğru,
yoxsa yanlış olmasını bir işçinin qiymətləndirməsi çox çətindir. Ancaq konkret
vəziyyət üzrə qiymətləndirmə aparmaq olar. Odur ki, gənclər rəhbərin verdiyi
tapşırıqda qanunazidd, öz karyerası üçün təhlükə hiss edirlərsə, bu zaman
düşünmək üçün vaxt istəsinlər və mütləq məsləhətləşsinlər”.
Günel Azadə