• çərşənbə, 24 Aprel, 11:41
  • Baku Bakı 13°C

Regionun iqtisadi inkişafına səbəb olacaq sammit

03.11.17 09:30 560
Regionun iqtisadi inkişafına səbəb olacaq sammit
Tehranda Azərbaycan, Rusiya və İran prezidentləri arasında növbətiüçtərəfli görüşdə müzakirə olunan məsələlər və əldə olunan razılaşmalar regionun inkişafına gətirib çıxaracaq. Görüşün yekunları ilə bağlı gəlinən qənaət budur ki, Tehran sammiti uğurla nəticələnib. Sammit çərçivəsində enerji, nəqliyyat və digər sahələrə dair mühüm müzakirələr keçirilib, qərarlar qəbul edildi. Ən mühümü qəbul edilən qərarların bir hissəsi nəqliyyat layihələri ilə bağlıdır.
Sözsüz ki, ölkəmiz üçün də bu sammitin böyük əhəmiyyəti var. Tehran sammitinin strateji, regional əhəmiyyəti olduğu xüsusi vurğulanır. Prezidentlər regionda stabillik, terrorizmə qarşı mübarizə, cinayətkarlığa qarşı birgə səyləri müzakirə edib. Bu da regionda stabilliyin bərpa olunmasına və inkişafına böyük təkan verəcək. Bu vəziyyətdə təklənmiş vəziyyətə düşən sözsüz ki, Ermənistandır. Neçə gündür ki, erməni mətbuatı Bakı-Qarsla bağlı hədyanlar yazır, bu layihənin iqtisadi çox, siyasi hədəfləri nəzərdə tutduğunu yazır. İşğalçı ölkənin mediası prezidentlərin Tehran görüşü ilə bağlı isə ehtiyatlılıq nümayiş etdirməyə çalışırlar. Bu da sözsüz ki, onu forpost adlandıran Rusiyadan gələn qorxu ilə də bağlıdır.
Beləliklə, artıq neçə gündür ki, dünya mediası öz səhifələrini Azərbaycanla bağlı xəbərlərlə başlayır. Bir müddət əvvəl Bakı-Tbilisi-Qars, indi də Tehran sammiti. Bu sırada Rusiya mətbuatı xüsusi aktivlik nümayiş etdirir. Nüfuzlu telekanallar, media strukturları, agentliklər sammitlə bağlı bütün təfərrüatları öz səhifələrinə yerləşdiriblər. "NTV”-də dərc edilən "Putin İranda” başlıqlı məqalədə üç ölkə prezidentləri – İlham Əliyev, Vladimir Putin və Həsən Ruhani arasında keçirilən görüşün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanır. "Tərəflər beynəlxalq terrorizmə, narkoticarət və transmilli cinayətkarlığa qarşı mübarizə məsələlərini müzakirə ediblər. Rusiya XİN-dən bildiriblər ki, Putinin səfəri ölkələr arasında qarşılıqlı münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində mühüm bir addım olacaq. Rusiya və İran qarşılıqlı hesablaşmalarda dolardan asılılığı azaltmaq niyyətindədirlər”, - deyə məqalədə vurğulanır.
Öz növbəsində "Moskovskiy komsomolets” qəzeti məsələyə başqa bir prizmadan yanaşıb. Məqalədə Rusiya və İranın "ABŞ-ı izolə etmək” fikrində olduqları vurğulanıb. Bununla yanaşı, üç ölkə prezidentinin müzakirə etdikləri məsələlərin mühüm əhəmiyyət kəsb etdiyi, bunun regional əməkdaşlığı gücləndirəcəyi bildirilib.
"RBK” isə yazır ki, V.Putin İrana qaz dəhlizinin inşası barədə razılıq əldə edib. "Rusiya İranın şimalına Azərbaycan ərazisindən qaz təchiz etməyə hazırdır. Prezident bildirib ki, Rusiya, İran və Azərbaycan iri qaz ixracatçıları olsalar da, bu o demək deyil ki, onlar mütləq bir-biri ilə rəqabət aparmalıdırlar ”. "TASS” xəbər agentliyində isə Rusiya prezidentinin üçtərəfli sammitin nəticələrindən razı qaldığı bildirilib.
"İzvestiya” qəzeti isə yazır ki, üçtərəfli görüş regionun inkişafında mühüm rol oynayacaq.
Rusiya mətbuatı ilə yanaşı, qardaş Türkiyə mediası da üçtərəfli sammitə geniş yer verib. "Haberler”də dərc edilən "Tehranda üçlü zirvə” başlıqlı məqalədə qeyd edilir ki, bu sammit bu il ərzində sayca ikincidir: "Sammitdə liderlər Türkiyə ilə də bağlı məsələni diqqətə alıblar. Azərbaycan boru xətti vasitəsiylə İraqın şimalına qaz tədarükü etməyə hazır olduqlarını qeyd edən Putin sammitdə 3 ölkəni maraqlandıran önəmli müzakirələr aparıldığını söyləyib”.
"Hürriyet”də dərc edilən "Tam qələbəyə kimi işbirliyi davam edəcək” başlıqlı məqalədə isə prezident İlham Əliyevin fikirləri yer alıb. "Azərbaycan dünyada yeganə ölkədir ki, onun həm İran, həm də Rusiya ilə sərhədləri var. Ölkələrimizin coğrafi vəziyyəti əməkdaşlığımızın önəmli amilidir. Xalqlarımızın tarixi əlaqələri isə üç ölkə arasında tərəfdaşlığın möhkəm təməlini təşkil edir”, - deyə qəzet dövlət başçısının sözlərini sitat kimi çəkib.
"Euronews”da dərc edilən "İran, Rusiya və Azərbaycan üçlü görüşləri”, eləcə də "Reuters”, "DW”də dərc edilən məqalələrdə vurğulanır ki, üç ölkənin liderləri ilk dəfə Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı ilin avqustunda Bakıda bir araya gəlmişdilər. "Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşlərindən savayı dövlət başçıları İlham Əliyev və Vladimir Putin arasında ikitərəfli formatda görüş də olub. Görüşdə "Şimal-Cənub” nəqliyyat dəhlizinin Qərb qolu layihəsi müzakirə edilib”. Daha sonra vurğulanır ki, "Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi Hindistan, Oman, İran, Xəzər hövzəsi ölkələri, Rusiya, Baltikyanı dövlətlər, daha sonra Şimali vəQərbi Avropa ölkələrini və əks istiqamətdə magistral nəqliyyat kommunikasiyalarının (istər mövcud, istərsə də yeni yaradılacaq) bütöv bağlılığını əks etdirir.
Yeri gəlmişkən, Tehranda keçirilən görüş İran mətbuatı tərəfindən də geniş işıqlandırılıb. İranın nüfuzlu nəşrləri Tehran görüşünə xüsusi yer veriblər. Yayılan xəbərlərdə bildirilir ki, regionun iqtisadi potensiala malik dövlətlərinin bir araya gəlməsi gələcək üçün böyük perspektivlər vəd edir.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər