“Regionların inkişafı və ixrac sahəsində yaranmış yeni imkanlar” mövzusunda Konfrans keçirilib
İqtisadiyyat
Nazirliyinin (İN) təşkilatçılığı ilə Yevlax şəhərində Nazirliyin Aran Regional
İnkişaf Mərkəzində yerli və mərkəzi icra hakimiyyəti orqanlarının, bələdiyyələrin
nümayəndələrinin və sahibkarların iştirakı ilə "Regionların inkişafı və ixrac
sahəsində yaranmış yeni imkanlar” mövzusunda Konfrans keçirilib. İN mətbuat xidmətindən "Kaspi"yə bildirilib ki, tədbir çərçivəsində
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Pilot Regional İnkişaf Proqramının
(PRİP) təqdimatı keçirilib, regionlarda istehsal olunan ixrac yönümlü məhsulların
sərgisi təşkil edilib.
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkədə
sahibkarlığın inkişafı və genişləndirilməsi, biznes mühitinin daha da
yaxşılaşdırılması, sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi və
hüquqlarının etibarlı müdafiəsi istiqamətində islahatların həyata keçirildiyini
vurğulayıb. Qeyd edilib ki, ixracın genişləndirilməsi
həyata keçirilən iqtisadi siyasətin priotitetlərindəndir və qeyri-neft məhsullarının
ixracının təşviqi ilə bağlı qəbul edilmiş qərarlar qeyri-neft sektoruna dəstək
olmaqla, ixracın stimullaşdırılmasına əhəmiyyətli təkan verəcəkdir. Diqqətə
çatdırılıb ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların iki il müddətinə
dayandırılması, lisenziya tələb edən fəaliyyət növlərinin, həmçinin icazələrin
sayının azaldılması, yerli istehsalın dəstəklənməsi və ixracın təşviqi tədbirlərinin
həyata keçirilməsi, sahibkarların hüquqlarının qorunması ilə bağlı Apelyasiya
Şuralarının yaradılması, eyni zamanda regionlarda ailə təsərrüfatlarına dəstək məqsədi ilə "ABAD” mərkəzlərinin yaradılması həyata
keçirilən məqsədyönlü islahatların tərkib hissəsidir. Bundan başqa, dövlət
başçısının tapşırıqlarına uyğun olaraq, rəqabətqabiliyyətli və ixracyönümlü
yerli məhsulların xarici bazarlarda "Made in Azerbaijan” brendi altında təşviqi
istiqamətində İqtisadiyyat Nazirliyi və AZPROMO tərəfindən kompleks tədbirlər
görülür.
Yevlax şəhəri İcra Hakimiyyətinin başçısı Qoca Səmədov son dövrlərdə
sahibkarlığın inkişafı ilə bağlı Yevlaxda görülmüş işlər, həyata keçirilən
layihələr barədə məlumat verib, Konfransın sahibkarların maarifləndirilməsi
baxımından əhəmiyyətini vurğulayıb.
Tədbirdə çıxış edən Avropa
İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Malena Mard Avropa
İttifaqı tərəfindən maliyyələşdirilən PRİP layihəsinin məqsədi və layihə çərçivəsində
icra olunacaq tədbirlər barədə məlumat verib. Bildirilib ki, PRİP layihəsi çərçivəsində
Azərbaycanda ölkə regionlarının inkişafına dəstək verilməsi nəzərdə tutulur və
bu məqsədlə Aran iqtisadi rayonu pilot region olaraq seçilib.
Konfransda həmçinin, Kənd Təsərrüfatı
Nazirliyi, Dövlət Gömrük Komitəsi, "ASAN Xidmət", "Ərzaq məhsullarının
tədarükü və təchizati” ASC, biznes assosiasiyaları, Azərbaycanda fəaliyyət göstərən
xarici şirkətlərin nümayəndələri və PRİP ekspertlərinin təqdimatları dinlənilib.
Sahibkarlarla kənd təsərrüfatı məhsullarının
istehsalı və emalının genişləndirilməsi, keyfiyyətin yüksəldilməsi, ixracın
genişləndirilməsi barədə müzakirələr aparılıb.
Konfrans iştirakçıları
regionlarda fəaliyyət göstərən və ixracyönümlü məhsul istehsal edən 50-dən çox şirkətin
öz məhsulları ilə təmsil olunduğu sərgi ilə tanış olublar.
Sərgidə nümayiş olunan yerli məhsullar
Konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.