• cümə axşamı, 25 aprel, 14:01
  • Baku Bakı 23°C

Regionda əməkdaşlığın və təhlükəsizliyin möhkəmlənməsinə böyük töhfə

04.11.17 13:00 958
Regionda əməkdaşlığın və təhlükəsizliyin möhkəmlənməsinə böyük töhfə
Qlobal transmilli layihələrin təşəbbüskarı və onların reallaşmasında lider mövqeyə malik Azərbaycan regionda ikitərəfli və üçtərəfli əməkdaşlıq formatlarının əsas təşəbbüskarı, aparıcı fiqurudur. Təsadüfi deyil ki, Azərbaycan-İran-Rusiya, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə və digər formatlar məhz Azərbaycanın təşəbbüsü ilə yaranıb və olduqca səmərəli fəaliyyət göstərir. Bu, Azərbaycanın regionda liderliyini, bölgədə təhlükəsizliyin təmin edilməsi və siyasi-iqtisadi əlaqələrin inkişafında oynadığı rolu aydın şəkildə nümayiş etdirir. Digər formatlar kimi Azərbaycan-İran-Rusiya üçtərəfli formatı da regional sabitliyin, təhlükəsizliyin təmin edilməsi, bölgədə əməkdaşlıq mühitinin stimullaşdırılması, ölkələr arasında iqtisadi-ticari əlaqələrin, enerji və nəqliyyat sahəsində mövcud olan əməkdaşlığın daha da inkişaf etdirilməsi və digər aktual məsələlərin həlli üçün mühüm əhəmiyyətə malikdir. Belə bir formatda prezidentlər arasında ilk görüş 2016-cı il avqustun 8-də Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilib. Srağagün isə növbəti belə bir görüş İran İslam Respublikasının paytaxtı Tehran şəhərində baş tutub.

Ekspertlər hesab edirlər ki, Prezident İlham Əliyevin təşəbbüskarı olduğu bu görüşlər çərçivəsində əldə olunmuş razılaşmalar yaxın gələcəkdə region üçün olduqca pozitiv nəticələr vəd edir. Milli Məclisin deputatı, politoloq Elman Nəsirovbildirib ki, Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü regionda əməkdaşlığın və təhlükəsizliyin möhkəmlənməsinə böyük töhfə verir. Onun sözlərinə görə, Tehranda keçirilmiş budəfəki görüşün əhəmiyyəti onunla bağlıdır ki, dövlət başçıları üçtərəfli əməkdaşlıq formatına sadiq qaldıqlarını nümayiş etdiriblər: "Görüşdə bundan sonra da üçtərəfli formatda müxtəlif istiqamətlərdə, o cümlədən enerji, təhlükəsizlik, beynəlxalq terrorizmə qarşı mübarizə, iqtisadi, ticarət, humanitar və digər sahələrdə əməkdaşlığın daha da inkişafı ilə bağlı konkret mövqelər ortaya qoyulub. Görüşün ən mühüm iqtisadi əhəmiyyəti ondan ibarətdir ki, Şimal-Cənub nəqliyyat dəhlizi bu üç ölkə ilə xüsusilə bağlıdır. Yüklər Pakistandan İrana, İrandan Azərbaycana, Azərbaycandan Rusiyaya, Rusiyadan isə Avropaya daşınacaq. Şimal-Cənub nəqliyyat dəhlizinin ən mühüm birləşdirici ölkələri Azərbaycan, Rusiya və İrandır. Azərbaycan paytaxtında keçirilən ilk görüşdə bu üçtərəfli əməkdaşlığın əsası qoyulub və İranda bu əməkdaşlıq daha da genişləndirilir”.

Deputat E.Nəsirov vurğulayıb ki, Bakı-Tbilisi-Qars dəmir yolunun ardınca Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı atılmış bu addım hər üç dövlətin Avropa ilə Asiya arasında nəqliyyat daşımalarında rolunu və çəkisini daha da gücləndirir: "Hesab edirəm ki, bu görüş təkcə üçtərəfli deyil, ikitərəfli əlaqələr baxımından da əhəmiyyətlidir. Belə ki, Azərbaycan dövlət başçısının həm Rusiya, həm də İran prezidenti ilə ikitərəfli görüşləri keçirilib və münasibətlərin inkişafı ilə bağlı müzakirələr aparılıb, ortaq mövqelər ortaya qoyulub. Belə görüşlərin keçirilməsi regionda əməkdaşlığın və təhlükəsizliyin möhkəmlənməsinə böyük töhfə verir”.

Millət vəkili, politoloq Hikmət Məmmədov da Rusiya, İran, Azərbaycan prezidentlərinin üçtərəfli formatda növbəti görüşünün olduqca mühüm əhəmiyyət daşıdığını söyləyib. O, qeyd edib ki, ölkəmiz üçün ən önəmli məsələlərdən biri Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşündə Qarabağ probleminin həlli ilə bağlı fikir mübadiləsinin aparılması, ən əsası isə bu məsələnin yekun bəyannamədə öz əksini tapmasıdır: "Bəyannamədə deyilir ki, Dağlıq Qarabağ probleminin həll edilməmiş qalması regional inteqrasiyaya maneədir. Bəyanatda problemin bu günə qədər beynəlxalq səviyyədə qəbul edilmiş qərarlar əsasında həll edilməsi də vurğulanıb. Bu, olduqca əhəmiyyətli detaldır. Çünki, BMT Təhlükəsizlik Şurasının problemin həlli ilə bağlı qəbul etdiyi qətnamələrdə erməni işğalçı qoşunlarının Azərbaycan ərazisindən çıxarılması nəzərdə tutulur. Bundan başqa, görüşdə çoxsaylı iqtisadi, nəqliyyat kommunikasiya, ticarət, terrorizmlə mübarizə, Xəzər dənizində narkotik malların daşınmasının qarşısının alınması, hər üç ölkənin enerji xətlərinin birləşdirilməsi və paralel fəaliyyəti kimi olduqca mühüm məsələlər müzakirə edilib ki, bütün bunlar tərəflərə böyük iqtisadi və siyasi dividentlər vəd edir. Hesab edirəm ki, tərəflər arasında belə görüşləri vacib edən çoxsaylı səbəblər var: "Birincisi, bu tipli görüşlərdə hər üç ölkənin milli maraqlarına uyğun olan məsələlərin müzakirə və eyni zamanda koordinasiya edilməsidir ki, bu, olduqca vacib məqamdır. İkincisi, hazırda beynəlxalq münasibətlər sistemində baş verən mürəkkəb siyasi-iqtisadi proseslər regionumuza ciddi şəkildə təsir göstərir. Belə təsirlərdən qorunmağın ən effektiv yolu birgə fəaliyyətdir. Qlobal təsirlərdən və təhdidlərdən, bir ölkənin təkbaşına qorunması, indiki şəraitdə olduqca çətindir”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər