• cümə, 19 Aprel, 23:58
  • Baku Bakı 24°C

Rəfiqə Əliyeva öz ömür payını alim, insan və vətəndaş kimi şərəflə yaşadı

20.09.17 14:30 1287
Rəfiqə Əliyeva öz ömür payını alim, insan və vətəndaş kimi şərəflə yaşadı
Tanınmış kimyaçı alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, kimya elmləri doktoru, professor, əməkdar elm xadimi Rəfiqə Əlirza qızı Əliyevanın doğum günündən 85 il ötür. Görkəmli alimin anadan olduğu gün ilk dəfədir ki, onsuz qeyd edilir.
Fədakar alim və böyük pedaqoq
Bəşər tarixinə nəzər salsaq görərik ki, dünyada ən mütərəqqi mövqelər və uğurlar məhz elm və kamal sayəsində qazanılıb və bundan sonra da belə olacaq. Təsadüfi deyil ki, dünya elminə dəyərli töhfələr verən, ömrünü xalqının yolunda fəda edən insanlar heç vaxt unudulmur, xatirələri daim əziz tutulur. Onlardan biri də bu gün 85 illik yubileyi qeyd olunan fədakar alim və böyük pedaqoq Rəfiqə Əliyevadır.
Bakı Dövlət Universitetinin və çalışdığı kimya fakültəsinin kollektivi yubiley mərasimini onun özü ilə birgə keçirməyi planlaşdırırdı, lakin əcəl buna imkan vermədi. Görkəmli akademik mayın 6-da ömrünün 85-ci ilində həyata vida etdi.
Rəfiqə xanım ömrü həyatından sonra da davam edən insanlardandır. O, yaşadığı dövrdə ölkənin ictimai-sosial həyatında, elm və təhsilin inkişafında mühüm rol oynayıb.
Onun ömür kitabı bu gün bir daha vərəqlənir, keçdiyi həyat yolu göz önündə canlanır.AZƏRTACRəfiqə xanımın həyat və fəaliyyətinin mühüm məqamlarına nəzər salır.
Analitik kimya sahəsində ilk qadın akademik
Rəfiqə Əliyeva 1932-ci il sentyabrın 20-də Naxçıvan şəhərində anadan olub. Bu sadə ailə Azərbaycan xalqına Heydər Əliyev kimi dahi şəxsiyyət, bir çox görkəmli alimlər və pedaqoqlar bəxş edib. Belə alimlərdən biri olan Rəfiqə xanımın tərcümeyi-halına nəzər yetirsək görərik ki, o, zəngin və şərəfli bir həyat yolu keçib. 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirən Rəfiqə Əliyeva əmək fəaliyyətinə Azərbaycan Politexnik İnstitutunda başlayıb. 1957-ci ildən etibarən Azərbaycan Dövlət Universitetində, 1958–1960-cı illərdə isə Azərbaycan Elmlər Akademiyasının Kimya Problemləri İnstitutunda kiçik elmi işçi kimi çalışıb. Sonradan Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinin aspiranturasında təhsil alıb və 1964-cü ildən ömrünün sonuna qədər universitetin analitik kimya kafedrasında işləyib. Burada assistent, baş müəllim, dosent, professor vəzifələrini tutub. Təxminən on beş il "Ekoloji kimya və ətraf mühitin mühafizəsi” elmi-tədqiqat laboratoriyasına rəhbərlik edib.
1999-cu ildə doktorluq dissertasiyasını müdafiə edən Rəfiqə xanım həmin il professor adına layiq görülüb. 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilib. Analitik kimya sahəsində ilk qadın akademik olan Rəfiqə xanım Nyu York Elmlər Akademiyasının da həqiqi üzvü idi.
Gələcək nəsillərə ötürülən bilik və təcrübə
Ömrünü kimya elminə həsr etmiş Rəfiqə Əliyeva həm də bacarıqlı pedaqoq idi. Yarım əsrdən çox pedaqoji fəaliyyətlə məşğul olan alim yüksək ixtisaslı kadrların hazırlanmasına bütün bilik və bacarığını sərf edirdi. Öz dərin biliyini və zəngin təcrübəsini gələcək nəsillərə ötürməyi bacaran alim kimi böyük elmi məktəb yaratmışdı. Onun yetirmələri təkcə Azərbaycanda deyil, həmçinin MDB, ABŞ, Kanada, Yaponiya, Cənubi Koreya, Avstraliya, İsrail, Türkiyə və Avropa ölkələrinin aparıcı elmi mərkəzlərində və universitetlərində çalışır, xalqımıza başucalığı və nüfuz gətirir. Bu, heç də bütün elm adamlarına nəsib olmur.
450-dən çox elmi əsər, 25 dərslik və dərs vəsaiti, 20 patent – bunlar Rəfiqə Əliyevanın çoxillik fəaliyyətinin diqqətçəkən bəhrələridir. Eyni zamanda, onun rəhbərliyi ilə 20-dən çox fəlsəfə və elmlər doktoru yetişdirilib.
Nadir istedada və yüksək əməksevərliyə malik elm fədaisi
Əsl elm fədaisi olan Rəfiqə Əliyevanın Azərbaycan analitik kimya elminin inkişafında müstəsna xidmətləri var. O, keçid və nadir torpaq elementlərinin fotometrik təyini və qatılaşdırma metodikalarının öyrənilməsi sahəsində tədqiqatlar aparan, analitik kimya elminin bu sahəsinin yeni biliklərlə zənginləşdirilməsində xidmətləri olan tanınmış alimdir. Analitik reaksiyaları xarakterizə edən parametrlərlə kompleks birləşmələrin quruluşu arasındakı asılılığın müəyyənləşdiriləsi onun adı ilə bağlıdır. Akademikin binar və qarışıqliqandlı kompleks birləşmələrin bərk fazada sintezi və fiziki-kimyəvi tədqiqi sahəsində yaratdığı məktəbin əldə etdiyi misilsiz nailiyyətlər, qazanılan uğurlar dünya elmi ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilib. Məhz onun səyi nəticəsində üzvi reagentlərin kvant kimyəvi hesablamaları sahəsində böyük uğurlara imza atılıb. Bütün bu uğurların təməlində onun nadir istedadı və yüksək dərəcədə əməksevərliyi dayanırdı.
O, sevilib, sevilir və seviləcək...
Təbii ki, bu məhsuldar elmi-pedaqoji fəaliyyət diqqətdən kənarda qalmayıb və Rəfiqə xanım Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə "Şöhrət” ordeni ilə təltif edilib.
Rəfiqə xanım qismətinə düşən ömür payını əsl insan, vətəndaş kimi şərəflə yaşadı. Xeyirxahlıq, alicənablıq, insanpərvərlik, həssaslıq, səmimiyyət kimi ali insani keyfiyyətlərə malik olan Rəfiqə Əliyeva həmkarları, tələbələri, onu tanıyanlar tərəfindən sevilib, sevilir və seviləcək...
AZƏRTAC
banner

Oxşar Xəbərlər