Reallıqdan doğan etimad
Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığa başladığı dövrdən
indiyədək mütəmadi olaraq, ölkənin siyasi və iqtisadi sferası ilə bağlı
hesabatlar hazırlanır, sorğular keçirilir və ictimaiyyətə təqdim edilir. Son
illər Azərbaycanın aktiv şəkildə beynəlxalq arenada özünü göstərməsi və uğurlu
xarici siyasəti yenidən diqqətləri ölkəmizə yönəldib. Məhz bu günlərdə
Hollandiyanın ING maliyyə holdinqinin (Hollandiya) analitiklərinin Azərbaycan
barədə hazırladıqları məruzədə ölkəmizin əldə etdiyi uğurlar, əhalinin dövlət
başçısına etimadı və mövcud iqtisadi inkişaf təfsilatı ilə öz əksini tapıb. Azərbaycanla
bağlı araşdırmaları bu holdinqin tərəfdaşı olan ACT LLC humanitar tərəfdaşlıq
təşkilatı Avropa İttifaqının "Şərq Tərəfdaşlığı” proqramının sifarişi
əsasında aparıb. Bu məruzəyə görə, Azərbaycan vətəndaşlarının 81 faizi hökumətə
etibar edir. Siyasi partiyalar rəyi soruşulanların 45 faizinin, Milli Məclis
isə 65 faizinin etibarını doğruldur. Vətəndaşların 80 faizə qədəri ölkənin
gələcəyini nikbin qiymətləndirir, şəxsi gələcəyinə isə rəyi soruşulanların 83
faizə yaxını nikbinliklə baxır. Araşdırma zamanı həmçinin, Azərbaycanda
iqtisadi vəziyyət də təhlil olunub. 2018-ci il üçün inflyasiyanın səviyyəsi 6,9
faiz proqnozlaşdırılır. Qeyd edilir ki, 2018-ci ildə manatın dollara nisbətində
orta illik məzənnənin 1,59 (hazırda 1,7) təşkil edəcəyi gözlənilir. 2018-ci
ildə neftin bir barrelinin qiymətinin 51 dollar olacağı proqnozlaşdırılır.
Analitiklər daxili tələbatın daha da sabitləşəcəyini gözləyirlər. Bildirilir
ki, ötən il pərakəndə satışların artımı 2 faiz ətrafında dəyişib, əməkhaqqı və
gəlirlərin artması istiqamətində ilk dönüş əlamətləri qeydə alınıb.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Aydın Mizəzadə bildirdi ki, Niderlandın
ING maliyyə holdinqinin analitik məruzəsində qeyd edilən nəticələr Azərbaycan
cəmiyyətinin bugünkü xarakteristikasıdır: "Bu bir daha onu göstərir ki,
Azərbaycanda milli birlik var, cəmiyyət vahid məqsədlərə xidmət etməklə yanaşı,
həm də indiki iqtidara etibar edir. Cəmiyyətin indi aparılan siyasətlə sabahısı
gününə və ailəsinin, övladlarının təhlükəsiz şəraitdə yaşayacağına, hüquqlarının
qorunacağına tamamilə inamı var. Eyni zamanda, ölkə vətəndaşı Azərbaycanın
beynəlxalq nüfuzundan razıdır və parlamentin fəaliyyətinə müsbət qiymət verir. Azərbaycan
insanının bugünkü həyatının yaxşıya doğru dəyişəcəyinə böyük bir inamı var. Rəy
sorğusu xarici müstəqil təşkilat tərəfindən keçirilib, nəticələrinin də
obyektiv olduğuna hər hansı bir şübhə yoxdur. Əksəriyyətin dövlətinə inanması,
hakimiyyət strukturlarına etimad etməsi onu göstərir ki, ölkə prezidenti İlham
Əliyevin apardığı siyasət bu gün ölkənin milli maraqlarına cavab verir”.
A.Mirzəzadə hesabatda yer alan Azərbaycanın iqtisadi inkişafı
göstəriciləri ilə bağlı məsələyə toxunaraq vurğuladı ki, uzun illərdir ölkə
iqtisadiyyatında neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun inkişafına da böyük
diqqət edilib: "Ən əsası isə bu gün inkişaf regionlarda da gedir. Hər bir
regionun inkişafı dövlətin və prezident İlham Əliyevin diqqət mərkəzindədir. Təsadüfi
deyil ki, vaxtaşırı dövlət başçısının regionlara səfərində həm aqrar, həm də
həmin region üçün yeni sənaye obyektlərinin açılışı artıq bir ənənəyə çevrilib.
Bu isə yüz minlərlə insanın işlə təminatı, dövlət büdcəsinin dolması, sosial
proqramların həyata keçməsidir. Davos Forumunun hesabatında Azərbaycan
iqtisadiyyatının rəqabət qabiliyyəti ilə bağlı göstəricilərinin ildən-ilə
yaxşılaşması heç də təsadüfi deyil. İki ilə ərzində bu göstərici 37-dən 35-ə
keçid etdi. Hansı ki, qonşu Rusiya 38-də, Çin isə 27-ci yerdədir. Hər sahədə
aparılan düzgün siyasət, əlbəttə, nəticəni həm iqtisadiyyatda, həm sosial sahədə,
həm də əhalinin dövlətinə, hakimiyyətinə münasibətində də özünü göstərir.
Millət vəkili Bəxtiyar
Əliyev bildirdi ki, Azərbaycan xalqı prezident İlham Əliyevə böyük inam
bəsləyir və dövlət başçısının həyata keçirdiyi siyasəti tam dəstəkləyir. Onun
sözlərinə görə, bu gün Azərbaycan əhalisi prezident İlham Əliyevin həyata
keçirdiyi uğurlu siyasətin nəticəsini öz firavan və təhlükəsiz həyatında görür:
"Ona görə də əhali prezidentə inanır və dövlət başçısının ətrafında sıx
birləşib”.
Deputat vurğuladı ki, Azərbaycan vətəndaşları dünyada baş verən
hadisələri müşahidə edir və bütün bunlardan düzgün nəticə çıxarır: "Azərbaycan
dünyanın ən sabit və təhlükəsiz ölkələrindən biridir. Əlbəttə bu sabitliyə və
təhlükəsiz həyat şəraitinə Prezident İlham Əliyevin apardığı uğurlu siyasət
nəticəsində nail olunub. Xalq da bunu görür və doğru seçim edir”.
Politoloq Fikrət Sadıxov bildirdi ki,
ölkədə stabillik hökm sürməsi bir həqiqətdir. Onun dediyinə görə, ölkədə
inkişaf var, xarici və daxili siyasətdə düzgün prioritetlər qurulub və həyata
keçirilir: "Azərbaycan regionda irimiqyaslı layihələr reallaşdırır. Xarici siyasətin prioritetləri cəmiyyəti qane
edir. Bu da nəticə etibarı ilə qeyd edilən hesabatda öz əksini tapıb”.
Politoloq əlavə etdi ki, Azərbaycan çoxvektorlu xarici siyasət
formatında həm Qərb, həm Rusiya, həm də qonşu dövlətlərlə düzgün münasibətlər
qurub: "Bu istiqamətdə addımlar atmaqda davam edəcəyik. Cəmiyyət də bunu
dəstəkləyir, müdafiə edir. Əgər belə olmasaydı xarici müstəqil şirkətin
keçirdiyi sorğunun nəticələrində təbii ki, qeyd edilənlər öz əksini
tapmazdı”.
Bəxtiyar MƏMMƏDLİ