REALİZMİN LİRİK-PSİXOLOJİ ÇALARLARI
...2013-cü ilin dekabr ayının sonlarında Azərbaycan rəssamlarının
Ankaranın "Heykəl və Rəsm Muzeyi”ndə Dünya Azərbaycanlılarının həmrəylik günü
münasibətilə açılmış sərgisinin ekspozisiyasında göstərilən bir neçə mənzərə əsəri
tamaşaçıların diqqət mərkəzində idi. Burada Türkiyə ilə bağlı digər mənzərələr
nümayiş etdirilsə də, hamının maraq dolu nəzəri həmin əsərlərə yönəlmişdi. Qədim
İzmirin özünəməxsus memarlığını yaşadan bu mənzərələrdə tamaşaçını ovsunlayan bədii-estetik
xüsusiyyət heç şübhəsiz təbiətə və onun
insan əli ilə dəyişən simasına rəssam tərəfindən
göstərilən gerçəkçi-səmimi münasibətin mövcudluğu idi. Hamını öz ətrafına
toplayan bu əsərlərin müəllifinin mənim keçmiş tələbəm Ziyad Sultanov olduğunu
biləndə, bəlkə də həmin anda hamıdan çox qürur hissi keçirdim. Türkiyədə
yaşayıb-yaradan digər rəssamlardan fərqli olaraq Ziyadın obyektiv səbəblərdən həmin
sərgiyə gələ bilməməsi məni həmin anlarda ona telefon açmağa vadar etdi. Türkiyədə
çalışan rəssamlarımızın əlaqələndiricisi və lideri, əməkdar rəssam Teymur
Rzayevin köməyi ilə onunla telefon əlaqəsi yaratdıq. Müəlliminin tələbəsinə
açdığı bu zəngin onuncun çox gözlənilməz olduğunu dəfələrlə utancaqlıqla təkrarladığına
rəğmən bildirdim ki, "Sən sağ ol ki, yaradıcılığınla hamını, xüsusilə də məni
bu gün bu qədər sevindirdin! Müəllimliyin də elə əsas mənası-missiyası bundan
ibarətdir!”...
Tanışlıq üçün deyək ki, Ziyad Sultanov Bakıda
dünyaya göz açıb. İxtisas təhsilini əvvəlcə Əzim Əzimzadə adına Azərbaycan Dövlət
Rəssamlıq məktəbində (1974-1978), sonra isə N.Tusi adına Azərbaycan Dövlət
Pedaqoji Universitetinin "Bədii qrafika” fakültəsində (1981-1986) almışdır. Təhsilsonrası
müstəqil yaradıcılıqla məşğul olan rəssam Azərbaycan və SSRİ çərçivəsində təşkil
olunan ən müxtəlif miqyaslı sərgilərin iştirakçısı olmuşdur. 1988-ci ildən Azərbaycan
Rəssamlar İttifaqının üzvüdür. 1995-ci ildən İstanbulda yaradıcılıqla məşğuldur.
Qardaş ölkədə Azərbaycan ünvanlı bütün tədbirlərin iştirakçısı olmaqla,
yaratdıqları müxtəlif janrlı əsərlərlə doğulduğu yurdu şərəfləndirməyə nail
olmuşdur...
Ziyad Sultanov
yaradıcılığı boyu təsviri sənətin əksər janrlarına müraciət etsə də, onun
özünün yaradıcı potensialını tam istifadə etdiyi sahə mənzərədir. Onun ilin
bütün fəsillərinə, günün ayrı-ayrı vaxtlarına tutduğu "bədii güzgü”də təbiət
sözün əsl mənasında təzadlarla dolu, çeşidli ovqat daşıyıcısıdır...
Azərbaycanda mənzərə janrının Əli bəy Hüseynzadə və
Bəhruz bəy Kəngərlidən başlayan təşəkkül tarixi, sonrakı dövrlərdə İbrahim Səfi,
Səttar Bəhlulzadə, Tofiq Cavadov, Əyyub Hüseynov, Səməd Haqverdiyev, Fərhad Xəlilov
və başqalarının yaradıcılığında müxtəlif bədii tutum və çoxqatlı məna-məzmun
daşıyıcısına çevrilməsinin qarşılığında, təbiət motivlərinə müraciət edilməsi
yeni nəsildən sözün əsl mənasında duyulası yaradıcılıq cəsarəti tələb edir. Qənaətimizcə,
Ziyad Sultanov etüd çantası ilə onun üçün yeni olan Türkiyəni gəzib-dolaşanda,
maraqlı təsvir motivləri axtaranda artıq nə soraqladığını yaxşı bilirdi. Hər səfərdən
emalatxanaya zəngin təəssüratla qayıtmasının nəticəsində onun İzmir, Bodrum,
Bursa, Kapadokiya və Türkiyənin digər maraqlı guşələrini əks etdirən silsilə mənzərələri
yarandı.
Yazının əvvəlində rəssamın xüsusi vurğuladığmız və
tamaşaçı marağına səbəb olan mənzərələri
də onun İzmirlə tanışlığından sonra ərsəyə gəlmişdir. Maraqlısı qədim
tarixi-memarlıq abidələri ilə məşhur olan İzmirdə rəssamın diqqətini çəkən daha
çox hökumətin artıq sökülməsinə qərar verdiyi "gecəqondular” olmuşdur. İzmirin
köhnə məhəllələrinə rəssamın verdiyi bədiilik doğrudan da cəlbedici və
yaddaqalandır. Yoxuşlu landşaftda üst-üstə sıralanan qırmızı damlı evlərin
qeyri-adi ritminin yaratdığı qeyri-adi ritmdə hifz olunan özünəməxsus gözəllik,
doğrudan da, təkrarolunmazdır. Ziyad Sultanov həmin mənzərəni ilin ən müxtəlif
fəsillərində görüntüyə gətirib. Qənaətimizcə, qışda qarlı damların binaların rəngbərəng
divarlarını görünən etməsində, yazda-payızda isə işıqlı fasadların qırmızı
damları qabarıq etməsində gizlənən gözəllik qaynağını rəssam çox incəliklə
duyub bədiiləşdirə bilmişdir...
İstanbulda yaşayan azərbaycanlı rəssamın "Türkiyənin
döyünən ürəyi” sayılan bu şəhərin bütün guşələrinə dərindən bələdçiliyinin ifadəsini
onun çoxsaylı əsərlərində görmək mümkündür. Qədim şəhərin Arnavutköy, İstinya, Quzğuncuq, Taksim və digər
neçə-neçə məşhur yerlərinə bədii münasibətində realizm bədii prinsipinə əsaslanan
Ziyad Sultanov, məkanın uzaq-yaxın tarixinə şahidlik edən gəmiləri "qucağına”
almış körfəzdə, qarlı küçələrdə, yaşıllıq içində "üzən” evlərdə, qədim
eyvanlarda və digər neçə-neçə motivlərdə duyğulandırıcı estetik qaynaqlar
aşkarlaya bilmişdir.
Bursadakı daş döşənmiş küçələrə və eniş boyu səpələnmiş
qarlı taxta evlərə bədii münasibətində də onun tamaşaçıda lirik duyğular
aşılmaq istəyi duyulmaqdadır. Heç şübhəsiz rəssamın hər bir əsərinin
lirik-psixoloji tutum almasının kökündə ilk növbədə gözümüzdə adiləşən rənglərin
dominant gücünə inam durur. Ziyad Sultanovun bəzən ram etdiyi, bəzən də
duyulası dərəcədə gücləndirdiyi rənglərin duyğulandırıcılıq yükünə daha çox
inanmağa başlaması ilə onun bəzilərinə tükənmiş kimi görünən realizmin ifadə
imkanlarına özünəməxsusluq bəxş etməsi baş verib. Bunun nəticəsində çoxlarına
"çərçivəli” görünən realizmə yaradıcı müəllif potensialının nüfuz etməsi ilə gözümüzdə adiləşən məkanlar daha cəlbedici tutum
alıblar. Rəssamın bu əsərlərdə tətbiq etdiyi gözlənilməz rakursların da motivlərin
fərqli ovqatda qəbulunda rolu böyük olub. Başqa sözlə desək, obyektlərə belə fərqli
və çeşidli baxışların sayəsində tamaşaçı əvvəllər duya bilmədiyi gözəllik
işartılarını özü üçün kəşf edib.
Əslində, gerçəkliyin bu cür səmimi, pafosdan uzaq təqdimatı
indiki zamanda kifayət qədər başqalarından fərqli görünür. Qənaətimizcə, Ziyad
Sultanov mənzərələrində təbiətin çox vaxt anbaan dəyişən ovqatını dərindən
duyan, onun dərin qatlarına nüfuz etməyi bacaran rəssam-müşahidəçidir. Təbiət
motivlərində qabarıq duyulan lirik-psixoloji bədii təqdimat da buradan
qaynaqlanır. Tamaşaçı nəzərlərini daha çox görünən adilikdəki gözəlliyin fəlsəfi
dərkinə yönəldən rəssam, əslində, bədii ifadə səmimiliyini rənglərin ovqat
daşıyıcılığına qovuşdurmaqla əsərlərinin bütün mənalarda özünəməxsusluğunu şərtləndirmişdir.
Obrazlı desək, şair Rəsul Rzanın "Ağrının, sevincin, ümidin də rəngi var”
fikrini öz əsərlərində gerçəkləşdirən rəssam onları çox vaxt həm ovqatyaradıcı,
həm də düşündürücü "yaşantılar toplusu”na çevirə bilmişdir. Bu mənzərələrdə
görkəmli Azərbaycan rəssamı, Naxçıvanda doğulsa da, həyat və yaradıcılığı
İstanbulda keçən mərhum İbrahim Səfinin bədii-mənəvi ruhu duyulmaqdadır.
Ziyad
Sultanovun yaradıcılığında yer almış natürmort janrlı əsərlərin də özünəməxsus
estetikası vardır. Gülləri və meyvələri
özünə obyekt seçən rəssam, mənzərələrində olduğu kimi təsvirə gətirdikləri əşyaları
da "səmimiyyət güzgüsü”ndən keçirməklə tamaşaçıya təqdim etmişdir. Odur ki,
onun çəkdiyi müxtəlif gül-çiçəklər, xüsusilə də narlar qərblilərdə olduğu kimi
"soyuq və cansız” əvəzinə, hələ də məkana
bağlı və təravətli görünürlər...
Sonda
deyək ki, Ziyad Sultanovun dəst-xətti mövzusuna və görünənlərə münasibətinə görə
tanınandır. Ən önəmlisi isə görünənlərin kimsəni xatırlatmamasıdır. Bu onun bir
qərinəlik yaradıcılığının yəqin ki, ən böyük qazancıdır...
Ziyadxan Əliyev
Azərbaycan
Respublikasının əməkdar incəsənət xadimi,
sənətşünaslıq üzrə fəlsəfə doktoru