• çərşənbə axşamı, 23 aprel, 16:59
  • Baku Bakı 24°C

ReAL-Milli Şura davası böyüyür

25.09.13 08:25 2339
ReAL-Milli Şura davası böyüyür
Milli Şuranın Bakıda keçirilən mitinqindən sonra «ReAL» (Respublikaçı Alternativ) hərəkatı üzvləri ilə şura təmsilçiləri və digər müxalifətçilər arasında mübahisələr başlayıb. Narazılığa səbəb ReAL funksioneri Erkin Qədirlinin Facebook hesabında Milli Şuranın mitinqi ilə bağlı yazdığı status olub. O qeyd edib ki, uşaqla olduğuna görə çıxışları kənardan dinləməli olub: «Çıxışçıları görə bilmirdik, amma səslərindən tanımaq olurdu. Mitinqin aparıcısını isə səsindən tanıya bilmədim. Kim olduğunu bilmədim. Çox pis aparıcılıq etdi. Çıxışların əksəriyyəti çox zəif idi. Yenə köhnə mövzular, keçmişə səyahət və s. Şüarlar da lazımsız idi. İsgəndər Həmidova bu mitinqdə niyə söz verildi? Professor (!!!) Cəmil Həsənlinin təşviqat mitinqində İsgəndər Həmidova söz vermək çoxmu vacib idi? Adamın danışığına fikir verdinizmi? O nə idi? Nə isə, iradlarım çoxdur. Mitinqdən məyus ayrıldım. Çox zəif".
“ReALın icraçı katibi Natiq Cəfərli Milli Şuradakıları «narıncı cocuklar» adlandırıb, mitinqlə bağlı tənqidi fikirlərini bölüşüb. Tənqidə dözümsüzlük nümayiş etdirən Milli Şura təmsilçiləri dərhal Erkin Qədirliyə və Natiq Cəfərliyə qarşı hücuma keçiblər. Xüsusilə də sosial şəbəkələrdə «ReAL»çılara qarşı kampaniya başladılıb.
AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı öz Facebook hesabında Erkin Qədirlinin statusunu ələ salıb. AXCP Mətbuat Xidmətinin rəhbəri Natiq Ədilov ReAL Hərəkatını opportunist ünsürlər yığını adlandırıb: “Natiq Cəfərli yəqin ki, “narıncı çocuklar” deyəndə bizləri - 2005-ci ilin parlament seçkilərində narıncı rəngi simvol seçənləri deyir. Bu ifadənin xüsusi anlamı var. Xüsusən Türkiyənin deyinməkdən başqa əlindən bir şey gəlməyən solçularının istilahı olan bu ifadə “Sorosun çocukları” ilə sinonimdir. Bu ifadə “Qərbin əl quzusu” anlamına gəlir və əsəsən qrant fondlarından külfət saxlayanlara belə deyirlər. Bizim ölkədə “Sorosun çocukları” ayaması ən yaxşı onlara yapışır. Allah qapısını açsın, “ReAL”ın sədri İlqar Məmmədov “Soros” Fondunda rəhbərlikdə olub”.
Müsavat başqanının müşaviri Tural Abbaslı da Erkin Qədirlini tənqid edən status yazıb: "Belə bir söz var "Pis yazıçıdan yaxşı tənqidçi olur". Bunu bugünkü ReAllıga çevirsək deyə bilərik ki, "bərbad siyasətciklərdən yaxşı siyasi şərhçi olar". Özlərini siyasətlə məşğul sanan bəzi nadanların işi elə həmişə digər siyasətçi və mübarizlərin əməlini təhlil etmək olub. Adama deyərlər ki, əlin yağlıdırsa bir az da öz başına çək!"
Tənqidlər Erkin Qədirlinin səhifəsini də əhatə edib. Nəticədə o statusuna tənqidi şərhlər yazan xeyli müxalifətçini, o cümlədən də «Yeni Müsavat» qəzetinin köşə yazarı Zamin Hacını blok edib.
Bundan sonra Milli Şura tərəfdarları «ReAL» üzvlərini tənqidi fikrə dözümsüzlük nümayiş etdirməkdə ittiham ediblər.
«ReAL»ın icraçı katibi Natiq Cəfərli isə dünən APA-ya açıqlamasında baş verənləri təmsil etdiyi hərəkatın artan nüfuzuna və populyarlığına qısqanclıqla yanaşılması kimi xarakterizə edib: “Mən “narıncı çocuklar” ifadəsini söyləyərkən düşünməyi bacarmayan, liderlərinin ağzına baxan, rəhbərlərini hamıdan ağıllı sayan, hətta onlara etiraz etməyi bacarmayan, liderlərinin dedikləri ilə oturub-duran, yeni və ümumiyyətlə, düşüncəni qəbul etməyən insanları nəzərdə tuturam. Burada nə yaş məsələsi, nə solçuluq, nə də digər məsələləri nəzərdə tutmurdum. Açığı, onun bu cür qəbul etməsi və anlaması onun içində olan problemlərdən xəbər verir. Mənim nəzərdə tutduğum məqam düşünmə qabiliyyəti ilə bağlı idi. Müəyyən məsələlərə onların aqressiv münasibət bildirməsi ondan xəbər verir ki, yazdıqlarımızı ya anlamırlar, ya da anlamaq istəmirlər”.
N.Cəfərli son vaxtlar “ReAL” hərəkatının fəalları ilə Milli Şura üzvləri arasında gərginlik yaranmasına da münasibət bildirib: “Bu gün dünyanın inkişaf konsepsiyasında sadə formula var. Tənqidə önəm verən, onu dinləyən, problemlərin aradan qaldırılmasına çalışan insanlar, təşkilatlar, partiyalar həmişə uğur qazanır. Təəssüf ki, onlarda belə deyil. Sonuncu mitinqdə mənimlə birgə hərəkatımızın çoxlu sayda üzvü iştirak edib. Baxmayaraq ki, bu mitinqdə iştirak etdik, aksiyadan sonra bəzi məsələlərin yanlışlığı və düzəldilməsinə ehtiyac olduğu haqda müəyyən fikirlərimiz oldu. Bu, sırf səmimi tənqiddir. Təəssüf ki, tənqidlərimiz hər iki partiya arasında qeyri-adekvat qarşılandı, qərəzli yanaşmaya məruz qaldı və çox böyük tənqid hədəfinə çevrildi. Hətta təhqirlərə də yol verildi. Normal fikirlərimizə ciddi dözümsüzlük nümayiş etdirdilər”.
Gördüyünüz kimi, başqalarına demokratiya dərsi keçən, dözümlülük nümayiş etdirməyə çağıran müxalifətçilər özləri özlərini qəbul edə bilmirlər.
Fuad Qəhrəmanlı
banner

Oxşar Xəbərlər