Rahat həyatı ətalət sayan aktyor - Fotolar
Və
ya həmişə özündən narazı olan Əliabbas Qədirov
Ondan müsahibə almaq üçün bir neçə
dəfə zəng etməli olmuşdum. Hər dəfə bir bəhanə ilə müsahibədən yayınmaq
istəyirdi. O zaman Milli Dram Teatrının direktoru işləyirdi. Nəhayət,
tədbirlərin birində yaxınlaşıb müsahibəyə razılıq ala bildim və öncədən vaxtını
da təyin etdik. Rəhbərlik etdiyi teatrın fəaliyyəti, günümüzdə teatra
münasibət, insanların teatra marağı, dünya teatrında gedən proseslər və s.
mövzularla bağlı xeyli söhbətləşdik. Müsahibə qəzetdə çıxandan sonra Xalq
artisti Əliabbas Qədirovun zəng edib təşəkkür etməsi də yaxşı yadımdadır. Ona
qədər isə mən onu televiziya tamaşalarından, filmlərdən və "Komediyalar aləminə
səyahət” verilişindən xoşlamışdım. Əliabbas Qədirov həmçinin məşhur qiraət
ustası kimi Füzuli, Vaqif, Nəsimi,
Sabir... kimi dühaların poetik nümunələrini o qədər gözəl ifa edirdi ki,
heyranlıqla qulaq asırdım. Oynadığı rollar janr xüsusiyyətlərinə görə fərqli,
əlvan və bədii cəhətdən bitkin təsir bağışlayırdı. Təsadüfi deyil ki, aktyorun
oynadığı tamaşaların bir qismi televiziyanın "Oızıl fond”una daxildir. Süleyman
Sani Axundovun, "Laçın yuvası” (Cahangir), Məmməd Muradın "Təkan” (Dilqəm),
İlyas Əfəndiyevin "Atayevlər ailəsində” (Cahangir), Mirzə Fətəli Axundzadənin
"Hacı Qara” (Heydər bəy), Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan”
(Fərhad), Mar Bayciyevin "Duel” (İsgəndər), Dazortsevin "Qəbula gələn sonuncu
adam” (Kişi) və s. tamaşaları bu siyahıda yer alıb.
Dəmiryolçular
klubundan böyük səhnəyə
Əliabbas Qədirovun teatr
sənətinə həvəsi lap uşaqlıqdan yaranıb. Böyük həvəslə sənədlərini M.Əliyev
adına İncəsənət İnstitutuna verərək, kino və dram aktyorluğu fakültəsinə daxil
olanda sevincinin həddi-hüdudu yox idi.Hələ tələbə olduğu illərdə oynadığı maraqlı obrazlar
müəllimlərinin diqqətindən yayınmırdı.
Dəmiryolçular klubunda xalq artisti Ağadadaş Qurbanovun rəhbərlik etdiyi dram
kollektivinin üzvü kimi fəaliyyəti isə onun aktyor kimi yetişməsində mühüm rol
oynayıb. Romantik, monumental tamaşalarda oynamaq vərdişlərini həmin dram
dərnəyində öyrənib. Elə aktyor olmağa da bu dərnəkdə qərar verib. Sənət
müəllimi Mehdi Məmmədov, səhnə danışığı müəllimi Müxlis Qənizadə olub.
Tələbəlik
illərində institutun tədris teatrının ştatlı aktyoru kimi burada Cəfər Cabbarlının
"Aydın” (Surxay), Hüseyn Cavidin "Azər”, Afanasi Salinskinin "Təbilçi qız”
(Fyodr) əsərlərinin tamaşalarında maraqlı rollar oynayıb. Elə buna görə də
Əliabbas Qədirov son kursda oxuyanda Mehdi Məmmədov Akademik Teatrda quruluş
verdiyi Hüseyn Cavidin "Xəyyam” faciəsində Yusif roluna onu dəvət edib. Ancaq
tamaşanın premyerası uzan müddət baş tutmayıb. Nəhayət, 1970-ci ilin 12
martında tamaşa oynanılıb və böyük uğur qazanıb. Aktyorun böyük səhnədə debütü
uğurlu alınıb və taleyi o gündən ömürlük olaraq bu teatra bağlanıb. O zaman bu
teatrın səhnəsinə çıxmağı gənc aktyorlar yalnız xəyal edə bilərdi. Bu baxımdan
gəncin bəxti gətirmişdi.
Ecazkar
görünən sənət
Gənc aktyor sənət ehtirası
ilə akademik teatrın səhnəsində bir-birindən maraqlı, yaddaqalan obrazlar
yaradır. Sənətin daş-kəsəkli yollarında çətinlikləri də olur, çılğın
xarakterinə görə bəzən rollarını da itirir. Bəzən irəli getməsinə mane olanlar
da tapılır. Ancaq aktyorun zəhmətsevərliyi və yaradıcılıq axtarışları ilə
birləşmiş istedadı sayəsində ərsəyə gələn rolları həmişə səhnəni bəzəyir. Bu
müddətdə aktyor Əliabbas Qədirovun yaradıcılıq siması da müəyyənləşir. Tamaşaçı
sevgisi onun coşqun istedada və bacarığa malik olduğunun göstəricisinə
çevrilir. Ən əsası, bu, onun tanınmış və sevimli bir Azərbaycan aktyoru
səviyyəsinə yüksəlməsinə kömək edir.
Ə.Qədirovun
yaratdığı surətlərdə tamaşaçı aktyorun qəlbini duyurdu. Onun ifası tamaşaçının
qəlbinə nüfuz edir, onu ovsunlayırdı. Onun adını tutub teatra gələn tamaşaçılar
saysız-hesabsız idi. "Uşaqlıqda sənət mənə çox ecazkar görünürdü. O ecazkarlıq
mənim qəlbimdə qalıb-qalmayıb və ya ümumiyyətlə, qalıb, ancaq mən görə bilmirəm
və ya görürəm, onu deyə bilmərəm. Ancaq bu, o demək də deyil ki, həmin
ecazkarlıq məndə sönüb. O ecazkarlıq sönsə, burda işləyə bilmərəm” - deyə
aktyor sonralar xatırlayırdı: "Mən yenə Akademik Milli Dram Teatrına,
aktyorlara, rejissorlara ecazkar baxıram. Bura elə bir cazibəli, qeyri-adi
yerdir ki, insanların hamısını çəkir. Bu, belə də olmalıdır.Belə olmasa, heç onun qiyməti olmaz. 30 ildən çoxdur ki, sənətə
gəlmişəm. Əslində isə lap uşaqlıq dövründən - 9-10 yaşından özfəaliyyətdə, dram
dərnəyində, xalq teatrında çalışaraq bu sənətlə məşğul olmuşam.Kim
hansı sənətdə az da olsa öz yerini tapırsa, bu, anadangəlmə olur. İstər yaxşı
müəllim, istər həkim, istər mühəndis və ya istər aktyor olsun - bu peşə
sahibləri anadangəlmə olur. Ona görə, məndə də anadangəlmə olub”- deyə aktyor
söyləyirdi.
Ə.Qədirov öz
işindən, qazandığı uğurlardan çox danışmağı xoşlamazdı. Sənət yoldaşları da
onun bu xüsusiyyətini yaxşı bilirdi. Hətta deyirdilər ki, lap cavan
vaxtlarından belə olub. "O qədər iddia eləmirəm ki, çıxıb "mən böyük artist,
böyük sənətkaram” deyim. Bu sənətlə tanındığım vaxtdan da danışmaqdan xoşum
gəlmir - nə işlər görmüşəm, nə işlər görəcəyəm... Mənim də xasiyyətim budur.
İnsanlar hamısı bir deyil ki. Müsahibə verəndə istər-istəməz, gördüyün işlər,
planların haqqında danışmalısan. Qoy məni kənardan görüb qiymət versinlər:
gördüyüm işlər yaxşıdırmı, pisdirmi? Yaxşı görürlər, yaxşı yazsınlar, pis
görürlərsə pis. Və yaxud, iş görmüşəmmi, görməmişəmmi? Bu vaxta qədər nə iş
görmüşəmsə, həmişə özümdən narazı qalmışam. Yəqin ki, heç vaxt da özümdən razı
olmayacağam. Mən özünütənqidi sevirəm. Kinoda, teatrda, televiziyada nə
etmişəmsə, heç onun lentlərini yığmıram. Məndən bəzən arxivim haqqında soruşanlara
"yoxdur” deyəndə təəccüblənirlər. Şəkil soruşanda da deyirəm ki, yoxdur.
Məxsusi olaraq şəkil çəkdirim və yaxud lentləri yazdırıb evə yığım. Belə
şeylərin marağında olmamışam. Demirəm ki, bu yaxşıdır, xarakterim belədir”.
Ə.Qədirov Milli
Dram Teatrının direktoru işlədiyi illərdə aktyorlarla dost olduğunu, amiranəlik
göstərmədiyini deyirdi. Amma məmurluğu bəzən məşq prosesində, bəzən də
tamaşalar zamanı aktyorlarla münasibətinə mane olurdu: "Onlar məndən çəkinmək
istəyirlər, ancaq elə bir şərait yaradıram və deyirəm ki, çəkinməyin, mən elə
sizin yoldaşınızam. Hərdən özləri çaşırlar. Onlar çaşanda bunu hiss edirəm və
"çaşmayın, mən həmin adamam, aktyoram, sizin dostunuzam” deyirəm. Onlara
amiranəlik mənada müdirlik, bədii rəhbərlik eləmirəm. Heç vaxt da eləmərəm.
Yaradıcı adamlar çox kövrək, zərif qəlbli olurlar. Ona görə də, onların qəlbinə
toxunmaram. Həm də ki, müdirlik daimi deyil. Onu bilirəm ki, sənət
daimidir" - deyə öz təbiətini belə xarakterizə edirdi.
Ə.Qədirov Mədəniyyət və İncəsənət Universitetində
aktyorluqdan dərs verirdi. Tələbələri indi də onun necə səmimi insan və gözəl
pedaqoq olduğunu məhəbbətlə xatırlayırlar.
Həm
teatr, həm kino
Əliabbas Qədirov teatrla yanaşı, kinoda
da uğurlar qazanırdı. Hətta o, məhz kinorejissor Eldar Quliyevin çəkdiyi
"Sevinc buxtası” iki seriyalı bədii filmindəki Nazim roluna görə Dövlət
mükafatına layiq görülür. Bundan əlavə "Azərbaycanfilm”də "Xatirələr sahilində”
(İmran), "Nəğmə dərsi” (Ata), "Nə yaxşı ki, Səməd Vurğun var” (Vaqif), "Bizim
evin kişisi” (Mansur), "Qızıl uçurum” (Cəlil), "Qocalar” (Fəriz), "Babək”
(Fəzl), "Dənizdən işarə” (Sultanov) kimi filmlərə çəkilib. Vaxtilə rejissor
Hüseyn Seyidzadənin çəkdiyi eyniadlı filmdə Qatır Məmmədi rolunu məharətlə ifa
edib. Lakin Moskva "millətçi” ruhuna görə o filmin ekrana çıxmasına icazə
verməyib.
Əliabbas Qədirov teatr və kino
yaradıcılığındakı uğurlarına görə Azərbaycanın Xalq artisti fəxri adına layiq
görülüb.
Yalnız
bir nəfər olsun ki...
Əliabbas Qədirov sağlığında ad günlərini keçirməyi
xoşlamırdı. Onsuz da sürətlə ötüb-keçən illərin qeyd olunmasını mənasız
sayırdı. Onun üçün əsas olan, insanın xidməti, gördüyü işlər idi. O, teatrda
gənclərə qayğı göstərir, onların problemlərinin həllinə yardım edirdi. Bu kimi
xüsusiyyətlərinə görə özünü bəzən qeyri-adi adam adlandırırdı: "Görürsünüzmü,
xarakterimdə bu da var. Qeyri-adi adamam. Camaat gözləyir ki, kimsə onu təbrik
etsin, ad gününə qabaqcadan hazırlıq görür. Mən isə çalışıram ki, ad günüm
hamının yadından çıxsın, məni təbrik etməsinlər. Ancaq milyondan biri seçilib
məni təbrik edəndə, yenə də xoşuma gəldiyini bildirmirəm. Yalnız bir nəfər
olsun ki, məni axtarıb tapsın və "səni ürəkdən təbrik edirəm” desin. Olursa,
bir nəfər beləsi olsun”. Əliabbas Qədirov 60 yaşında leykemiya
xəstəliyindən (ağ qan xərçəngi) dünyasını dəyişdi. "Mənim ömür
qatarım hansı dayanacaqdasa dayanacaq, duracaq” - deyə qəfil ölümü ürəyinə
daman aktyor, bu dünyanın ömür adlı qatarını sakitcə tərk elədi...
"Mənim üçün hər şey rəvan
olsa, yaşayışım çətinləşər. Mən sərt, çətin həyatı sevirəm. Bəzi adamlar yaxşı,
rahat yaşamaq istəyir. Mən isə yaxşı, rahat yaşayışı ətalət sayıram. Mən xəstə
olanda da işləyirəm. İstəyirəm ki, çətin yaşayım. Həyatın mənasını bunda
görürəm” - deyən aktyorun səhnəyə həsr olunan ömrünün hər anı mənalıkeçdi.
Fevralın 13-ü Xalq artisti Əliabbas
Qədirovun doğum günüdür.
Təranə
Məhərrəmova