• şənbə, 20 Aprel, 10:30
  • Baku Bakı 14°C

Rafiq Əzimov: “Həyatımın ən çətin illəri idi”

08.05.15 09:22 2709
Rafiq Əzimov: “Həyatımın ən çətin illəri idi”
9 may-Qələbə Günü - II Dünya Müharibəsində faşizm üzərində qələbənin 70 ili tamam olur. Bu möhtəşəm qələbənin qazanılmasında Azərbaycanın da böyük payı var. Hər yanda olduğu kimi, ölkəmizdə də bu münasibətilə yubiley tədbirlərinə start verilib. Bu gün çox az sayda yaşlı nəslin nümayəndəsinə rast gəlirik ki, o günləri, hadisələri bizə nəql etsin. Filmlərdən, kitablardan oxuduqlarımız qədəri ilə Azərbaycan xeyli sayda itki verib.
Biz də bu dəfəki sayımızda 1941-45-ci illərdə o hadisələri görmüş, xalq artisti, prezident təqaüdçüsü Rafiq Əzimova müraciət etdik. Həmin illərdə aktyorun yaşı az olsa da hər şeyi çox aydın xatırlayır. Sənətkar həmin illərə bir daha qayıtmaq istəmədiyini, müharibənin insanlara ancaq dərd, kədər gətirdiyini deyir.
- Rafiq müəllim, mayın 9-u Qələbə günüdür. 1941-1945-ci illərdə yaşınız az olsa da bu hadisələrin şahidi olmusunuz. O illəri necə xatırlayırsınız?
- O illər mənim həyatımın ən çətin illəridir desəm, yəqin ki, yanılmaram. Müharibə başlayanda - 1941-ci ildə mən uşaq idim, cəmi 3 yaşım vardı. Mənim atam da müharibəyə yollanmışdı. Müharibə 1945-ci ildə qurtarsa da atam müharibədən qayıtmamışdı. Gözümüz yollarda qalmışdı. Atam müharibədən 1947-ci ildə qayıtdı. O, evə qayıtdığı gün sevincimizin həddi-hüdudu yox idi. Atamın gəlişi bizim üçün bir bayrama çevrildi. Evlərinə qayıdan insanları görəndə çox sevinirdik. O vaxtlar çevrəmizdə olan qonşularımıza, qohum-əqrəbalarımıza mütəmadi olaraq qara kağızlar gəlirdi. Gəlinlərin, anaların, uşaqların gözləri yaşlı idi. Hamı həsrətlə müharibəyə gedən qohum-əqrəbasının yolunu, heç olmasa məktubunu gözləyirdi. Atamın evə gəlişini biz toy-bayram kimi qeyd etdik. O dövrlər çox ağır illər idi. Doğurdan da 9 may unudulmaz gündür. Həmin gün biz qələbə qazanmışıq. Faşizm üzərində qələbə hər bir azərbaycanlı ailəsinə sevinc gətirdi. Müharibədə qalib gəldikdən sonra əzablı günlərimiz geridə qaldı. Çünki valideynlərimiz yanımızda idi. Onlar bizə dəstək oldular, oxutdular. İndi valideynlərim haqq dünyasına qovuşublar. Biz də çalışırıq ki, onların bizə öyrətdiklərini öz övladlarımıza öyrədək. Baxmayaraq ki, biz indi də müharibə şəraitində yaşayırıq. Arzu edirəm ki, müharibə olmasın, sülh, əmin-amanlıq olsun, valideynlərin gözləri yolda qalmasın. Allah bir də o günləri göstərməsin. Təəssüflər olsun ki, hələ bu gün də gözü yolda olan analarımız var. O zaman itkin düşənlərin də sayı çox oldu. Heç olmasa bəzilərinə qara kağız gəlirdi. Bilirdik ki, o adam dünyasını dəyişib. Çoxları da əsir düşmüşdü, heç izi-tozu da yox idi. Hər dəfə atamdan məktub alanda sevincimizin həddi-hüdudu olmurdu. Ən çox da anamın gözü yolda idi. Biz hər an atamın ölüm xəbərini gözləyirdik. Mən 9 Mayı əziz bayram hesab edirəm. O zaman uşaq da olsam, hər şeyə diqqət edirdim. Məktəbdə bizə qələbə günü ilə bağlı şeirlər öyrədir, məlumatlar verirdilər. Səməd Vurğunun bu şeirini əzbərdən deyirdik:
Yazılsın tarixə bir qızıl xətlə,
Qırx beşinci ilin 9 may günü.
Doğrudan da 9 may tarixə yazıldı. 70 illiklə bağlı başda prezidentimiz İlham Əliyev olmaqla əsgərlərimiz Moskvada Qızıl Paradda iştirak edəcəklər. Əgər neftimiz olmasaydı bu müharibəni heç vaxt qalib gəlməzdik. Çox təəssüflər olsun ki, Bakıya qəhrəman şəhər adı verilmədi. Ancaq Bakı hər zaman bizim qəlbimizdə qəhrəman şəhərdir.
- Atanız müharibədən qayıtdıqdan sonra orada gördüyü hadisələri sizinlə bölüşürdümü?
- O zamanlar mən uşaq idim. Atam deyirdi ki, bizə yaxşı döyüşmək üçün spirt içirdirdilər. Ancaq atam spirtli içkilərdən ömrü boyu uzaq olduğu üçün ona verilən içkini dostlarına verib, onun əvəzində tütün alırmış. Atam orada çox çətin günlər keçirib. O, deyirdi ki, bu müharibə bizə böyük itki hesabına başa gəldi. Çox qurbanlar verdik. O zamanlar şəhərdə böyük radio vardı. Hər kəs toplaşıb radionu dinləyirdi. Deyiləndə ki, faşistlərdən hansısa şəhəri almışıq, şəhərdə toy-bayram olurdu. Müharibədən sonra gördüklərimiz də dəhşət idi. Bəzən müharibədən qayıdanlar bir ayağı, bir qolu yox gəlirdi. Allah heç kimə elə ağır günləri göstərməsin. Hər bir ailədə bir nəfər olsa belə yaxınları, əzizləri, qohumları itkin düşmüşdü. Övladları itkin düşən anaların gözləri yollarda qalmışdı. Ağır dərddir. Bu gün qaçqınlarımıza baxanda başa düşürəm ki, onlar nə çəkirlər. Müharibə ağır itki deməkdir. İndinin özündə də düşünürəm ki, hər şey sülh yolu ilə həll edilsə daha yaxşı olar. Heç bir ana övladını itirmək istəməz. İndi Şəhidlər Xiyabanına gedəndə, orada cavan uşaqlarımızın məzarını görəndə ürəyimizin başı dağlanır. 1992-1993-cü illərdə bizim nə qədər övladlarımız güllələrin-mərmilərin altında qaldılar. Heç bir millətin anası istəməz ki, övladları top-tüfəng altında qalsın. Allah müharibə törədənlərin bəlasını versin. İnsan həyata bir dəfə gəlir. Ömrünü nə üçün müharibələrdə keçirməlidir? Oğlumu əsgər yola salanda neçə dəfə onun arxasınca Moskvaya getmişəm. Oğlum əsgər gedəndə dostları mənə teleqraf göndərmişdi ki, tez oğlumun əsgərlik çəkdiyi bölgəyə gedim. Mən də çox həyəcanlı şəkildə tələsik ora getdim. Sən demə, oğlum hərbi xidmətdə darıxdığı üçün dostları belə hərəkət ediblər. O zaman heç müharibə dövrü də deyildi. Əgər normal şəraitdə mən bu hissləri keçirdimsə görün müharibə dövründə atalar nələr çəkiblər?
- Demək olar ki, xalqımızın başına gətirilən bütün hadisələrin şahidi olmusunuz. Bəzən sizin yaşda olan aktyorlara “Veteran” aktyorlar deyilər. Bu sizin xətrinizə dəymir ki?
- Veteran aktyor adlanmağım üçün fəxr edirəm. Uzun müddətdir Akademik Milli Dram Teatrında çalışıram. 53-cü ildir ki, teatrda sərasər şəkildə işləyirəm. Bu illər ərzində çox tanınmış rejissorları, aktyorları görmüşəm, onlarla ünsiyyətdə olmuşam. Bir çox filmlərdə çəkilmişəm. Çəkildiyim filmlər bu gün də sevilərək izlənilir. Bundan böyük xoşbəxtlik nə ola bilər ki?
- Bəs “Veteran aktyor” olmağın məsuliyyətini necə, hiss edirsinizmi?
- O zamanlar yaşlı nəslin nümayəndələri teatrda işləyəndə biz cavan nəsil onlara çox hörmət edirdik, çalışırdıq ki, onlardan nəsə öyrənək. Peşəkar aktyorlardan çox şey öyrənirdik. Çünki onların hər biri bir məktəb idi. Mən də onlardan öyrəndiklərimi çalışıram ki, gənc nəslə ötürüm. O zaman ulu öndərimiz bizim bir çox tamaşalarımızı izləyib. Tamaşadan sonra kulis arxasına keçib aktyorlarla ünsiyyətdə olurdu. O, bizim obrazlarımızı çox yüksək qiymətləndirirdi. Ulu öndərimiz Heydər Əliyev bizim sənətimiz haqqında çox məlumatlı insan idi. Onun çıxışları teatrşünasların resenziyasına bərabər idi. Bizim sənət elə bir sənətdir ki, gərək yaxşıların yaxşısı olasan, ortabab olsan geridə qalarsan. Hər şeyi müşahidə etmək qabiliyyətin olmalıdır. Sənət aləmində yaşlı, orta, cavan anlayışı yoxdur. Sadəcə istedadlı və istedadsız aktyor var. Çalışmaq lazımdır ki, istedadlı olasan, sənə tapşırılan rolların öhdəsindən peşəkarlıqla gəlməlisən.
- Bu gün teatrlarda yaşlı aktyorlara münasibət necədir?
- Hazırda teatrlarda yaşlı aktyorların nümayəndələri barmaqla sayılası qədərdir. Onlar da repertuarda olan bir neçə tamaşalarda oynayırlar. Mən özüm də repertuarda olan bir sıra tamaşalarda varam. Misal üçün İlyas Əfəndiyevin “Qarabağnamə”, Hüseyn Cavidin “Əmir Teymur”, Mirələmovun “Gəncə qapıları” tamaşalarında rollarım var ki, orada tarixi obrazları canlandırıram. Hələ ki, gücümüz yetdiyincə teatrda çalışacağıq. Canımız nə qədər çatacaqsa, nə zamana qədər ki, hafizəmiz yerindədir obrazlar canlandırmağa davam edəcəyik. Çalışırıq ki, teatrımızın adını yüksək tutaq. Sevindirici haldır ki, bu gün teatra istedadlı gənclər gəlir və inkişaf edirlər. Düzdür, bizim dövrümüzdə gənclərə belə bir şərait yaradılmamışdı. Bu gün gənc rejissorlara, aktyorlara geniş imkanlar yaradılıb. O zaman bizə deyirdilər ki, filankəslər haqq dünyasına qovuşublarsa, teatrın qapısını bağlamaq lazımdır. Sən demə, elə deyilmiş. Əgər o aktyorları Azərbaycan torpağı yetişdiribsə, yenə də yetişdirər. Su gələn arxa, bir də gələr. Gec gələr, güc gələr. İstedadlı insanlarımız hər zaman olub və yenə də olacaq.
Xəyalə Rəis
Teatrşünas
banner

Oxşar Xəbərlər