Radikallar niyə vətənpərvər ola bilmirlər?

Radikallar niyə vətənpərvər ola bilmirlər?

Siyasət
08 Oktyabr 2019, 20:47 651
Azərbaycanın yerləşdiyi region ona qarşı hər zaman təhdidlərin olmasını labüd edib. 90-cı illərdə baş verən siyasi hadisələrə nəzər salmaq yetərlidir ki, indiki sabit Azərbaycanın dəyərini anlayasan. Həmin dövrdən indiyədək dəyişməyən bir cəbhə var - radikal müxalifət düşərgəsi. Bu düşərgə zaman keçsə də dəyişmir. İllər keçdikcə radikallar dövlətindən, xalqından daha da uzaqlaşır. Azərbaycan siyasi seqmentinə pərçimlənən bu düşərgə təmsilçiləri illər uzunu dövləti beynəlxalq təşkilatlarla təhdid etməklə məşğul olub, öz ölkəsini zərbə altında qoyub. Vətən sevgisindən danışan bu "vətənpərvərlər” onu satmaqdan, xarici qüvvələrin ayağına verməkdən başqa bir işə yaramayıblar. Təsadüfi deyil ki, Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov da bu günlərdə Az.TV-yə müsahibəsi zamanı bu mövzuya toxunub. O, Azərbaycan xalqının vətənpərvər, iradəli, əzmli olduğunu diqqətə çatdıraraq təəssüflə qeyd edib ki, müxalifətimiz utanc vericidir. Onun fikrincə, ATƏT-in bu yaxınlarda Varşavada keçirilən tədbirlərində yalnız Azərbaycan müxalifəti orada öz dövlətinin, xalqının, millətinin əleyhinə çıxış edib: "O tədbirlərdə yalnız Azərbaycan müxalifəti və Azərbaycandan qaçıb xarici ölkələrin ayrı-ayrı bucaqlarında özlərinə isti yer tapan və anti-Azərbaycan fəaliyyətə qoşulmuş insanlar ölkəmiz əleyhinə çıxışlar edib, sanksiyaların tətbiq edilməsini tələb ediblər. Onlar Azərbaycan xalqına qarşı bu və ya digər tədbirlərin görülməsini tələb edirlər. Biz bir tərəfdən əzmkar, iradəli, vətənpərvər xalq olmağımızla qürur duyuruq. Digər tərəfdən də Azərbaycanın antixalq, qeyri-vətənpərvər müxalifətinin olmasından təəssüflənir, xəcalət hissi keçiririk”.

Bəs görəsən dindirəndə Vətəndən ağızdolusu danışan radikal müxalifət düşərgəsində olanlar niyə vətənpərvər ola bilmir? 

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Yurddaş Partiyasının sədri Mais Səfərli bildirdi ki, bu gün radikal müxalifət düşərgəsində kimi dindirsən vətənpərvərlikdən danışacaq: "Amma onların Vətən sevgisi ilə, vətənpərvərliklə heç bir əlaqəsi yoxdur. Onların Azərbaycan həqiqətləri bağlı bəyanatları da boğazdan yuxarı olan sözlərdir. Belə olan halda radikal müxalifət düşərgəsinin vətənpərvərliklə nə əlaqəsi ola bilər? Bu düşərgənin təmsilçiləri həqiqətən vətənpərvər olsaydılar siyasi partiya kimi ortaya normal, alternativ proqramlar qoyardılar. Lakin bunlar sadəcə olaraq, Qərbdəki bəzi dairələrdən aldıqları göstərişləri, sifarişləri yerinə yetirirlər. Bu isə vətənə bağlılıq, vətənpərvərlik deyil. Elə hesab edirəm ki, radikal müxalifət düşərgəsində olanların sərgilədiyi davranış da əslində siyasi fəaliyyətdən uzaqdır”.

M.Səfərli qeyd etdi ki, Azərbaycanın Konstitusiyasına və qanunlarına görə hər bir kəsin sərbəst toplaşmaq hüququ var: "Bu hüquqdan da elə ən çox radikal müxalifət düşərgəsi bəhrələnib. Amma təəssüflər olsun ki, onlar hər hansı bir məsələ olan kimi dərhal beynəlxalq aləmdə səs-küy qaldırmaqla məşğul olurlar. Bu da bir daha onu göstərir ki, onların vətənpərvərliklə heç bir əlaqəsi yoxdur. Əgər onlar hesab edirsə ki, hüquqları pozulur, onda Azərbaycan məhkəmələrinə, hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər. Lakin biz hər zaman bunun əksini görürük. Belə ki, radikal müxalifət düşərgəsi öz probleminin həllini daxildə yox, onlara emissarlıq edən xaricdəki anti-Azərbaycan şəbəkəsinə üz tutmaqda görür”.

"Hilal” İctimai Birliyinin sədri Arzuman Abdulkərimov bildirdi ki, insan yaranışından vətənpərvərlik yükü ilə doğulur və sonradan bu, onun təbiətində formalaşır: "Elə insanlar da var ki, onların düşdüyü mühit vətənpərvər kimi formalaşmasında mühüm rol oynayır. Qeyd etdiyimiz o mühit radikal müxalifət düşərgəsində yoxdur. Elə ona görədir ki, onlar beynəlxalq güclərin təsiri altındadır və onlardan gələn maliyyə ilə siyasi fəaliyyət göstərirlər. Necə deyərlər pulu kim verirsə, sifarişi də o edir. Məhz həmin qüvvələr verdikləri pul qarşılığında onlara öz dövlətlərinə, milli dəyərlərinə əks getməyi təlqin, hətta deyərdim ki, təhdid edirlər. Radikal müxalifət düşərgəsi həmin pul müqabilində xaricdəki anti-Azərbaycan şəbəkəsindən verilən sifarişləri yerinə yetirir. Buradan da belə nəticə hasil olur ki, radikal müxalifət qüvvələri beynəlxalq güclərin təsirinə düşür və öz milli maraqlarından çıxış edə bilmirlər. Çünki milli maraqlardan çıxış etsələr, gələcəkdə maddi problemləri həll edilməyəcək, pul yardımı almayacaqlar. Zaman-zaman biz bunun şahidi olmuşuq. Onlar müəyyən bir məsələdə haqsız olduqları halda Azərbaycan dövlətini Avropa Şurası, Avropa İnsan Haqları Məhkəməsi ilə "təhdid” edirlər ki, biz sizi beynəlxalq məhkəmələrə verəcəyik. Şəxsən özüm bu yanaşmanın tərəfdarı deyiləm. Lakin biz bunu dilə gətirdikdə bildirirlər ki, Azərbaycan bir sıra konvensiyalara imza atıb. Buna baxmayaraq, düşünürəm ki, əgər bir insan vətənpərvərdirsə, milli maraqlardan çıxış edirsə, öz dövlətindən başqa bir dövlətə, beynəlxalq quruma şikayət etməz”.
 
AZAD