• cümə axşamı, 28 mart, 23:39
  • Baku Bakı 13°C

Radikal müxalifətin qanunsuz aksiyası “fləşmob”dan başqa bir şey deyildi

21.10.19 15:07 595
Radikal müxalifətin qanunsuz aksiyası “fləşmob”dan başqa bir şey deyildi
Oktyabrın 19-da biz Əli Kərimli və bir qrup insanın şəhərin mərkəzində növbəti dəfə "fləşmob” etmək cəhdlərinin şahidi olduq. Qanunsuz aksiyanın təşkilatçıları hər vəchlə bunu mitinq kimi qələmə verməyə çalışsalar da, mahiyyətcə bu, "fləşmob”dan başqa bir şey deyildi. Qanuni ayrılmış yer ola-ola belə bir aksiyanın şəhərin mərkəzində keçirilməsinə nə ehtiyac var idi? Axı ayrılan yer uzaq Liviya çöllərində yox, mərkəzdən bir neçə kilometr aralıda olan Lökbatan qəsəbəsində idi. Normal, sivil siyasi qüvvələr onlar üçün ayrılan yerin imkanlarından maksimum istifadə edib öz siyasi həmfikirləri ilə aksiyalarını keçirirlər.
Bu fikirləriAZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Şahin İsmayılov deyib.
Deputat deyib: "Əslində siyasi həmfikirlər mövzusunda əziyyət çəkən, çirkli siyasi reputasiyalı Əli Kərimlinin şəhərin mərkəzində fləşmob keçirmək inadı ətrafdakı insanları dolayı yolla cəlb etmək və süni şəkildə görüntü yaratmaq cəhdidir. Səs-küy salmaq, bu və ya digər formada maraqlı insanları cəlb edib görüntü yaratmaq. Belə addımlar peşəkar siyasi fəaliyyətdən uzaq, daha çox boğulanın saman çöpündən yapışmaq cəhdinə oxşayır. Bu, mən də varam eqosunun göstəricisidir. Reallıq isə Əli Kərimlinin siyasi bir bitkin olmasıdır. O, indi siyasi liderdən daha çox bir QHT rəhbərinə bənzəyir. QHT demişkən, qrantlar mövzusu yadıma düşdü. QHT sahəsində təcrübəsi olanlar qrant, qranta gedən yollar, hesabatlılıq, nəticə və s. anlayışlar barədə yaxşı bilirlər. Həmin "fləşmob”un gedişinə nəzərə salsaq, bunun bir proyekt olduğunu asanlıqla deyə bilərik. Aksiya barədə fikirlərimi bir azdan daha ətraflı şəkildə bildirəcəyəm. İndi isə Kərimli siyasi portreti barəsində. Əli Kərimli kimdir və Azərbaycan siyasətində hansı əməlləri ilə yadda qalıb? Şübhəsiz, bu suala cavab tapmaq üçün nə uzun-uzadı araşdırma aparmaq, nə də Vikipediyada axtarış etmək lazımdır. Bir balaca yaddaşımızı təzələmək bəs edər. O, demokrat görsənməyə çalışan, lakin daxilən ciddi bürokrat, sədaqətli görsənib xəyanətkar olan, siyasi və şəxsi maraqlar naminə bütün dəyərlərdən uzaq, qısacası, hakimiyyətə gəlmək üçün hətta şeytanın özü ilə anlaşmağa hazır olan bir insandır. Əgər biz Kərimlinin bu illər ərzində səsləndirdiyi fikirlərə nəzər salsaq burada yalnız illərin dəyişdiyini görərik. Hər il hakimiyyətə qarşı eyni ittihamlar, eyni çağırışlar, eyni sözlər, eyni şüarlar, eyni "fləşmob” cəhdləri və s. Nə yeni fikir, nə yeni yanaşma, nə də ətrafında yeni simalar var. Karvansa gedir. Söz simalardan düşmüşkən. Uzun illər ərzində Kərimlinin ətrafındakıların eyni simalar olduğunu görürük. Həmin insanlar sadiqlər kimi təqdim olunmağa çalışılsa da, reallıqda tamam başqa mənzərədir. Əli Kərimli ətrafında nə yaxşı şey varsa onu udan qara dəliyə bənzəyir. Onun ətrafında olan "sadiqlər” də, sadəcə olaraq, uğursuz insanlardır. Başqa sözlə desək, rəqabətə davamlı, peşəkarların tələb olunduğu əmək bazarında özlərinə yer tapa bilməyən, öz üzərlərində işləmək əvəzinə, rahat gəlir əldə etmək istəyən şəxslərdir. AXCP hazırda siyasi partiyadan daha çox bir biznes obyektinə bənzəyir. Burada Əli Kərimli direktor, ətrafındakı "sadiqlər” isə bu müəssisənin uzun illər dəyişməyən işçiləridir. Onların qarşısında iki yol var. Ya peşəkar olmaq və əmək bazarına daxil olub normal əmək prosesinə qatılmaq, ya da bir az boş-boğazlıq edərək səs-küy salmaq və rahat qrantlar almaq (bu daha rahat yoldur). Əfsuslar olsun bu insanların çox böyük əksəriyyəti ikinci yolu seçir. Yenilik demişkən. Siyasi yaradıcılıqdan uzaq olan və təkrar biliyin anasıdır şüarı ilə yaşayan Əli Kərimli artıq ciddi şəkildə siyasi plagiatlıqla da məşğuldur. Əgər onun sonuncu prezident seçkilərindən bəri səsləndirdiyi fikirlərə baxsaq, bunların cənab Prezidentin seçkiqabağı platformasında təqdim etdiyi məqamlar olduğunu görərik. Cənab Prezidentin seçkiqabağı platformasında təqdim etdiyi məsələlər sistematik şəkildə öz həllini tapır. Əli Kərimli isə bu məsələləri daha tez səsləndirməklə sanki görüntü yaratmağa çalışır ki, bu məsələləri o, qaldırdı daha sonra hökumət həll etdi. Gülməli, amma özünü siyasətçi adlandıran biri üçün ağlamalı məqamdır. Onun bu çağırışları dekabrda yay gəlsin deməyə bənzəyir. Yay gələcək amma öz vaxtında. Danışdıqca, çırpındıqca batmağa davam edir.
İndi isə aksiya barədə. Aksiyada hər addım görüntüyə hesablanmışdı. Kərimli hələ razılaşdırılmamış əraziyə daxil olmamışdan əvvəl ironik bir formada iki nəfər ənənəvi sima ilə çırpına-çırpına hərəkət edirdi. Polis yox, sənə yaxınlaşıb qanuni tələb irəli sürən yox, boş yolu rahat getməkdənsə niyə çırpınırsan? Ənənəvi simalar yenə isterik şəkildə çırpınır və polisi təxribata cəlb etməyə çalışırdılar. Ərazidə olan və aqressiv kütlənin fikirləri ilə razılaşmayan vətəndaşlara qarşı "səlib yürüşü” həyata keçirilirdi. Burada da çox gülməli məqam özünü bir daha göstərdi. Demokratiyadan ağız dolusu danışan bu insanlar vətəndaş mövqeyinə dözümsüzlük göstərir və fərqli fikir söyləyən insanları özlərinin idarə etdiyi sosial şəbəkələrdəki hesabları vasitəsilə iyrənc formada təhqir edirlər. Təhqir iyrənc bir mübarizə formasıdır. Söyüş söyməklə fərqli fikirlər qorxudulmağa çalışılır və özlərini çoxluq kimi göstərirlər. Axı necə olsa da sosial şəbəkələr belə qüvvələr üçün "sehrli xalat” rolunu oynayır. Bir nəfər 10, 100, lap yaxşı pulunu versən 1000 nəfər də ola bilər. Aksiyada növbəti məqam Əli Kərimlinin iştirakı idi. Sadə sual yaranır. Nəyə görə bir neçə gün əvvəl razılaşdırılmış piketdə iştirak etməyən Əli Kərimli bu "fləşmob”da canfəşanlıq edirdi? Bu hal onun simasının, daha doğrusu, simasızlığının göstəricisidir. "Qəhrəman” öz tərəfdarlarının önündə, reallıqda isə növbəti qrant layihələrinə doğru gedir. Aksiyada növbəti məqam gənclərin olmaması idi. Gənclik cəmiyyətdə baş verən bütün proseslərin önündə gedən qüvvədir. Azərbaycan gəncləri öz savadlarına, dünyagörüşlərinə, məsələlərə yanaşma tərzlərinə görə çox istedadlıdırlar. Onlara nəyisə zorla qəbul elətdirmək mümkün deyil. Gənclər düzgün olanın, doğru bildiklərinin yanında olurlar. Azərbaycan əhalisinin say tərkibində də gənclər üstünlük təşkil edir. Artıq qeyd etdiyimiz kimi, Azərbaycan gəncliyi qanunsuz "fləşmob”da gözə dəymədi. Bu da təbiidir. Onlar belə boş-bekar, qanunsuz aksiyalarda iştirak etməkdənsə ölkədə yaradılan şəraitdən istifadə edib inkişaf etmək və ölkəni gələcəkdə daha da yaxşı inkişaf etdirmək yolunu seçirlər.
Qanunsuz aksiya həm də Bakı sakinlərinin hüquqlarının ciddi şəkildə pozulması ilə nəticələndi. Minlərlə insan nəqliyyatdan istifadə edə bilmədi. İstirahət günü onların istirahət imkanı pozuldu. İnsanlar əziyyət çəkdi. Həm də ona görə yox ki, ölkə üçün çox vacib tədbir keçirilir, ona görə ki, başıpozuq qüvvə növbəti qrant layihəsi keçirib asayişi pozur. Asayiş demişkən, düşünürəm, Azərbaycan polisi aksiya vaxtı olduqca peşəkar, soyuqqanlı bir mövqe göstərdi. Təxribat cəhdlərinə, süni qarşıdurma yaratmaq cəhdlərinə baxmayaraq, Azərbaycan polisi çox səbirli, peşəkar mövqe sərgilədi. Yəqin ki, Avropanın hər hansı paytaxt şəhərlərinin birində qanunsuz keçirilən aksiyalar zamanı polislərin göstərdiyi münasibət hər birimizə məlumdur. Azərbaycan polisi hələ Qarabağda gedən döyüşlər vaxtı da qəhrəmanlıq göstərmişdi. Qarabağ demişkən, siyasi bitkin olan Əli Kərimli Qarabağ şüarları səsləndirir. Qarabağ haqqında danışmağa haqqı olan ən axırıncı adam Qarabağdan danışır. Ayıbdır”.
banner

Oxşar Xəbərlər