• cümə, 29 Mart, 01:32
  • Baku Bakı 7°C

Radikal müxalifətin “pandemik” düşüncə tərzi

09.04.20 18:40 746
Radikal müxalifətin “pandemik” düşüncə tərzi
Partiya sədrləri deyir ki, tək pandemiya dövründə deyil, elə həmişə nə iş görülürsə, radikal müxalifət bəyənmir...

Dünyada koronavirus pandemiyası təhlükəsindən irəli gələrək, hökumətlər qabaqlayıcı tədbirlər həyata keçirir. Xüsusilə, bu virusun yaşlı insanları daha tez yoluxdurduğu hər kəsə bəllidir. Məhz bunu nəzərə alaraq, Prezident İlham Əliyev yaşı 65 yuxarı olan 176 məhkumun cəzalarının çəkilməyən hissəsindən azad olunması ilə bağlı sərəncam imzalayıb. Dövlət başçısının bu qərarını cəmiyyətin böyük hissəsi təqdir etsə də, öz şakərindən geri qalmayan radikal müxalifət düşərgəsi yenə də bu humanist addıma kölgə salmağa cəhd göstərir.
Maraqlıdır ki, heç bir virus təhlükəsi olmayan vaxtlarda əfv və amnistiya qərarlarını təqdir edən, o cümlədən belə addımların mütəmadi atılmasını istəyən radikal düşərgə indi əksini nümayiş etdirir. Onlar məhz sonuncu əfv sərəncamına müxtəlif siyasi don geyindirməyə çalışırlar. Hətta pandemiya dövründə belə, onlarda humanist addımlara, proseslərə siyasi nöqteyi-nəzərsiz, ədalətli baxmaq istəyi yoxdur. Əlbəttə ki, bu da cəmiyyətdə ikrahla qarşılanır.

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli bildirdi ki, tək pandemiya dövründə deyil, elə həmişə nə iş görülsə, radikal müxalifət bəyənməyəcək: "Dünənə qədər deyirdilər ki, əfv yoxdur, indi isə əfv sərəncamı verilib, onda da bir neqativ axtarmağa başlayıblar. Bilirsiniz, əfv edilən 176 nəfər elə bir o qədər ailə deməkdir və hələ onların qohumları, yaxın ətrafı var. İndi görün, nə qədər insana sevinc bəxş edilib. Cəmiyyətdə nə qədər pozitiv enerji yaranıb. Təsəvvür edin ki, həmin yaşlı insanlara televiziyada baxanda, adamın ürəyi ağrıyır. Onlar bu əfv sərəncamını necə səbirsizliklə gözləyirdilər. Axı, radikal müxalifət düşərgəsi bunda nə neqativ axtarır? Əlbəttə ki, bu, prezidentin müstəsna səlahiyyətidir və dövlət başçısı indiki halda belə bir qərar qəbul edib. Gələcəkdə də əfv, amnistiya qərarları olacaq və yüzlərlə ailəyə sevinc bəxş olunacaq”.
T.Kərimli qeyd etdi ki, sonuncu əfv sərəncamı ilə yaşı 65-dən yuxarı olan şəxslər cəzalarının çəkilməmiş hissəsindən azad olunublar: "Təbii ki, onlar cəmiyyətdə ictimai faydalı olmağı öhdələrinə götürüblər. Nə qədər insan doğru olmayan yoldan geri qaytarılır. Ona görə də belə bir humanist addımda neqativ axtarmaq müxalifət düşərgəsinə yaraşmayan addımdır. Fikrimcə, radikal düşərgənin heç işi-peşəsi yoxdur və eləcə mikroskopla nə isə axtarır. Az qalıb ki, koronavirusun yayılmasını da iqtidarın üstünə atsınlar. Bütün bunlara baxmayaraq, hesab edirəm ki, dövlətimiz bildiyi yolla gedir və xalqı sevindirib. Çox az sayda adam olar ki, əfv sərəncamına neqativ yanaşsın, mütləq əksəriyyət cənab Prezidentin bu addımını müsbət qarşılayıb. Birmənalı şəkildə deyə bilərəm ki, həm Prezident İlham Əliyevin, həm də Birinci vitse-prezident Mehriban Əliyevanın cəmiyyətdəki nüfuzu çox yüksəkdir və onlar xalqımız tərəfindən sevilirlər”.

Yurddaş Partiyasının sədri Mais Səfərli bildirdi ki, Azərbaycan dövlətinin heç bir hərbi-siyasi bloka qoşulmaması, ölkə Prezidenti İlham Əliyevin siyasətinin yalnız və yalnız milli maraqlarımıza xidmət etməsi dünyadakı bir sıra siyasi çevrələrin və mərkəzlərin ürəyincə deyil: "Bunu hər bir Azərbaycan vətəndaşı bilməlidir. Elə bu səbəbdən də onlar çalışırlar ki, bizim işlərimizə maneələr yaratsınlar, inkişafımıza əngəl törətsinlər, bizi zəiflətsinlər, özlərindən asılı vəziyyətə salsınlar.
Bu gün dünyanın bütün aparıcı dövlətlərində, bir çox beynəlxalq təşkilatların dəhlizlərində kök salmış anti-Azərbaycan şəbəkəsi mövcuddur. Həmin çevrələrin işində erməni diasporunun və lobbisinin də rolu çoxdur. Bizi qarabaqara izləyən, fürsət düşdükcə ölkəmizə pislik etmək istəyən bu çirkin və məkrli şəbəkə bütün bəşəriyyət üçün son dərəcə gərgin dönəmdə - koronavirusun dünyada fəlakət halı yaratdığı bir vaxtda öz çirkin əməllərindən əl çəkmir. Onların maliyyə dəstəyi ilə yaradılmış və dünyanın müxtəlif ölkələrindən "Youtube", "Facebook" və s. sosial şəbəkələrdə yayımlanan çoxsaylı oyuncaq televiziyalar vasitəsilə ölkəmizdə xaos, çaxnaşma, kütləvi psixoz yaratmağa cəhd edirlər. Həmin televiziyaların daimi müsahibləri və şərhçiləri, daha doğrusu, şərçiləri Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Arif Məmmədov, Qubad İbadoğlu və başqa radikal müxalifətçilərdir. Onlar yorulmadan gecə-gündüz ağızlarına gələni danışır, insanlarda acizlik, ümidsizlik yaratmağa çalışırlar. Bu siyasətbazlara bir sual vermək lazımdır ki, əgər ölkəmizdəki durum sizlərin dediyi kimidirsə, Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla mübarizədə atdığı çevik addımlara, qabaqlayıcı, səmərəli tədbirlərə görə Azərbaycan rəhbərliyinə xüsusi təşəkkür edərdimi?
Hər bir vətəndaşımız çox gözəl bilir ki, əhalinin həyat və sağlamlığının qorunmasında, bu təhlükəli infeksiyaya yoluxmuş xəstələrin müalicəsinin təşkilində, karantinə alınmış minlərlə insanımızın bütün ehtiyaclarının təmənnasız ödənilməsində dövlətimiz mümkün olan hər şeyi edir. Səhiyyəmizin imkanları günbəgün genişləndirilir. Yeni böyük, 560 yerlik müasir klinikanın bu məqsədlər üçün istifadəyə verilməsi, çox qısa zamanda maska və digər qoruyucu vasitələr istehsal edən müəssisənin işə salınması, hər biri 200 yerlik olan daha 6 modul tipli xəstəxananın tikintisinə qərar verilməsi, mövcud zavodlarımızda əhalinin dezinfeksiya spirtinə ehtiyacının ödənilməsinin təmin edilməsi bunun sübutudur”.
M.Səfərli vurğuladı ki, məhz ölkə rəhbərliyinin vaxtında atdığı addımlar Azərbaycanı İtaliya, Fransa, İran, İspaniya, ABŞ-ın vəziyyətinə düşməkdən xilas etdi: "Mən, bir siyasətçi kimi bütün dünyada dövlət rəhbərlərinin koronavirusla mübarizədə fəaliyyətini izləyirəm. Ədalət naminə demək istəyirəm ki, Prezident İlham Əliyevin, Birinci vitse- prezident Mehriban xanım Əliyevanın bu günlərdə, bu ekstremal vəziyyətdə göstərdikləri fəaliyyətlər əsl fədakarlıqdır. Dövlətimizin bu ağır günlərdə vətəndaşlarımıza, işləyən insanlara, sahibkarlara dəyən ziyanın yüngülləşdirilməsində, iqtisadi subyektlərin itkilərinin minimallaşdırılmasında, aztəminatlı ailələrin, işsizlərin maddi ehtiyaclarının qarşılanmasında, 65 yaşdan yuxarı məhbusların cəzasının çəkilməmiş hissəsindən azad olunmasında atdığı addımlar çox önəmli tədbirlər sırasındadır. Bir sözlə, anti-Azərbaycan şəbəkəsinin bizə, ölkəmizə qarşı apardığı növbəti çirkli kampaniyanın da iflasa uğradığı göz qabağındadır”.

AZAD
banner

Oxşar Xəbərlər