• cümə axşamı, 28 mart, 23:08
  • Baku Bakı 13°C

Radikal müxalifətin “holland sindromu”

15.03.17 10:00 948
Radikal müxalifətin “holland sindromu”
Aprelin 16-da keçiriləcək referendum ərəfəsində Türkiyə Cümhuriyyətinə qarşı Hollandiya tərəfindən hörmətsizlik edilib. Türkiyənin xarici işlər nazirinin təyyarəsinə eniş icazəsi verməyən, digər türkiyəli naziri isə ölkə ərazisindən çıxararaq arzuedilməz şəxslər siyahısına salan, həmçinin Rotterdamda olan türk konsulluğunun diplomatlarına qarşı da kobud davranan rəsmi Amsterdam bu addımı ilə beynəlxalq hüquqa sayqısızlıq edib, Vyana Konvensiyasının tələblərini kobud surətdə pozub. Çox təəssüflər olsun ki, Hollandiyanın bu davranışına oxşar hadisələr özlərini demokratiyanın beşiyi, insan hüquq və azadlıqlarının təmin olunduğu ölkələr kimi qələmə verən Almaniya və Danimarka da dəstək veriblər. Təbii ki, Avropa ölkələrinin bu cür qeyri-demokratik, heç bir qanun-qaydaya sığmayan addımı Türkiyə cəmiyyəti, xarici ölkələrdə yaşayan türk toplumu, eləcə də rəsmi Ankara tərəfindən etirazla qarşılanıb.
Türkiyəli nazirlərə göstərilən hörmətsizliyə, ümumən isə Türkiyə dövlətinə qarşı baş verən hadisəyə Azərbaycanın dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri, millət vəkilləri də etiraz edib, Avropanın ikili standartlara söykənən siyasətinə öz münasibətlərini bildiriblər.
Lakin əfsuslar olsun ki, müxalifət cəbhəsi, xüsusən də seçkidən-seçkiyə "oyanan” radikal liderlər və onların tərəfdarları bu hadisəyə susqun yanaşdılar. Dünənə kimi milli dəyərlərdən, türklükdən, demokratik prinsiplərdən dəm vuranlar sanki yaz ərəfəsində "qış yuxusuna” getdilər, terrorçulara qucaq açaraq onları bəsləyən, Türkiyəni çökdürmək üçün min bir hiyləyə əl atan Avropa ölkələrinin son davranışını görməzdən gəldilər. Bununla onlar Türkiyəyə qarşı baş verən haqsızlığa dolayısı ilə haqq qazandırmış oldular. Həmin "liderlərin” bu davranışına tənqidi yanaşanlar isə dərhal onların çevrəsi tərəfindən təhqir "atəşinə” tutuldular. Bir balaca araşdırma aparsaq, yaxın tariximizə ekskursiya etsək görərik ki, əslində radikalların bu davranışı səbəbsiz deyil. Xatırlayırsınızsa, hər dəfə Azərbaycanda seçkilər keçirildiyi ərəfədə radikalların cəbhəsində "canlanma” baş verir. Onlar öz ölkəsinin rifahı üçün deyil, məhz xarici qüvvələrin maşası rolunda seçkilərdə iştirak etməyə can atırlar. Xaricdəki "Milyarderlər ittifaqı”nın sifarişi ilə antimilli şuraların yaradılması, Qərb dövlətlərinin Azərbaycandakı səfirliklərində qapalı görüşlərin keçirilməsi, radikalların ölkə daxilində sabitliyi pozmağa yönəlik addımlar atmağa təşviq edilməsi deyilənlərə əyani sübutdur.
Radikal müxalifət liderlərinin Türkiyə-Hollandiya gərginliyi fonunda susqunluğu da onların hər zaman "5-ci kolon” funksiyasını yerinə yetirməsi ilə əlaqədardır. Çünki, bu gün Türkiyəyə qarşı cəbhə açaraq ona qeyri-demokratik, beynəlxalq qanunlara sığışmayan, ədalətsiz münasibət sərgiləyən Qərb dövlətləri radikalların "xaç ataları” sayılırlar. Həmin dövlətlər Türkiyəyə, hətta Azərbaycana qarşı da hansı addımı atsalar, hansı münasibəti ortaya qoysalar, "5-ci kolon” təmsilçiləri də kortəbii surətdə buna dəstək verirlər. Ona görə də milli-dövlətçilik hislərindən, vətənpərvərlikdən uzaq olan, ruhu bəlli qüvvələrə satılmış radikal müxalifətdən Azərbaycana, eləcə də Türkiyəyə canıyananlıq gözləmək əbəsdir. Bütün ömürləri və fəaliyyətləri boyu düşmən dəyirmanına su tökməklə ad çıxaran bu adamlar yalnız öz mənfəətlərini güdərək susurlar. Qərbdəki "ağalarının” türk rəsmilərinə etdiyi hörmətsizliyə, həqarətə etiraz etsələr "qida borularının” kəsiləcəyindən ehtiyat edirlər.
Sabiq müsavatçı, hazırda AĞ Partiyanın sədri Tural Abbaslı da son proseslərlə bağlı təəssüratlarını öz Facebook səhifəsində paylaşıb. O, Hollandiya və digər Avropa ölkələrinin Türkiyəyə qarşı qərəzli, sayqısız münasibətini, həmçinin bəzi dairələrin baş verənlərə susqun yanaşmasını, eyni zamanda antitürk, antı Ərdoğan mövqelərini sərt tənqid edib. O, həmin şəxsləri Türkiyə və türk düşməni, kor-korana Avropa köləsi adlandırıb. Təəssüflə qeyd edib ki, hətta bəzilərində çatışmazlıq sindromu Türkiyəyə qarşı düşmənçiliyə də çevrilib. T.Abbaslı onu da əlavə edib ki, Türkiyə nazirlərinin, dövlət adamlarının Avropadakı türk seçiciləri ilə görüşlərini yalnız gözlənilən referendumla bağlı "evet" təbliğatı kimi görənlər çox dərin düşünmürlər. Onun sözlərinə görə, buna həm də Türkiyə siyasətinin Avropa səhnəsinə daşınması və oradakı siyasi mühitə təsir imkanlarının yaradılmasının təməl daşları kimi baxmaq lazımdır. Müxalifətçi gənc partiya olaraq Türkiyə seçicilərinə müraciət edib, onları "evet” deməyə çağıracaqlarını, bununla qardaş dövlətə dəstək nümayiş etdirəcəklərini də diqqətə çatdırıb. O, Türkiyənin güclənməsinin birbaşa Azərbaycana təsir edəcəyini də xatırladaraq bildirib ki, güclü Türkiyə güclü Azərbaycan deməkdir.
Alpər TURAN
banner

Oxşar Xəbərlər