• şənbə, 20 Aprel, 01:10
  • Baku Bakı 15°C

Radikal müxalifət liderləri “vurulmuş kartlar”ı xatırladır

31.10.13 10:09 2049
Radikal müxalifət liderləri “vurulmuş kartlar”ı xatırladır
Prezident seçkilərindən sonra bəzi beynəlxalq təşkilatlar Azərbaycana qarşı təzyiq xarakterli bəyanatlarla yadda qaldılar. Dünyanın müxtəlif ölkələrini təmsil edən müşahidəçilər seçkinin şəffaf, ədalətli, obyektiv, demokratik prinsiplərə uyğun keçirildiyini söyləsələr də, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) təşkilatı tamam əks mövqe nümayiş etdirib. Bu günlərdə isə Avropa Parlamenti də qətnamə qəbul edərək oxşar mövqe sərgiləyib. Azərbaycanda keçirilən seçkilər, beynəlxalq aləmin buna münasibəti, Avropa Parlamentinin məlum qətnaməsi və sair məsələlərlə bağlı “Kaspi”nin suallarını Azərbaycan Sosial Demokrat Partiyasının sədri, prezidentliyə keçmiş namizəd Araz Əlizadə cavablandırır.
- Araz müəllim, Siz prezident seçkilərində namizəd kimi iştirak edən 10 nəfərdən biri idiniz. Ona görə də ilk öncə seçki prosesi ilə bağlı fikrinizi öyrənmək maraqlı olardı.
- Azərbaycanda keçirilən 9 oktyabr prezident seçkiləri normal, demokratik prinsiplərə tam uyğun idi. Seçkilərin yeganə mənfi tərəfi bu oldu ki, Milli Şuranın nümayəndələri “qara piar” aparır, reallığı əks etdirməyən iddialar, ittihamlar səsləndirirdilər. Baxmayaraq ki, iqtidarı deyil, müxalifət partiyasını təmsil edirdim və seçkilərə öz partiyamın namizədi kimi qatılmışdım, buna rəğmən, şəxsən mənə qarşı da onların təhqir, iftira, şər-böhtanları səngimirdi. Təbii ki, bu, seçki ovqatını bir qədər korlayırdı. Lakin ümumilikdə, seçki şəffaf, obyektiv, azad şəkildə keçdi. Seçkidən əvvəl qanunla nəzərdə tutulmuş müddətdə seçkilərə namizəd kimi qatılmaq istəyən hər kəs Mərkəzi Seçki Komissiyasından imza vərəqələri götürə bildi. Kimlər ki, nəzərdə tutulmuş miqdarda imza toplaya bilmişdi, onlar MSK tərəfindən qeydiyyata alındılar. Bu mərhələdə heç kimə ayrı-seçkilik tətbiq edilməmişdi. Təbliğat-təşviqat mərhələsində də hər bir namizədə bir neçə kütləvi informasiya vasitəsində pulsuz yer ayrılmışdı. Növbə ilə hər bir namizədin şəkli, platforması həmin qəzetlərdə əks olunurdu. Həmçinin bütün seçki məntəqələrində namizədlərin şəkillərinin yapışdırılması, təbliğatlarının qurulması üçün xüsusi lövhələr ayrılmışdı. Bununla yanaşı, İctimai Televiziyada təbliğat üçün pulsuz efir vaxtı da nəzərdə tutulmuşdu. Namizədlər onlar üçün ayrılmış efir vaxtından istifadə edib təbliğatlarını qura bilirdilər. Bu mərhələ də başa çatandan 24 saat sonra seçkilər baş tutdu. Azərbaycan xalqının seçki hüququna malik əksər vətəndaşları səsvermə məntəqəsinə gələrək, sərbəst şəkildə öz iradələrini ifadə etdilər. Bununla da seçkilər sona çatdı. Nəticələr açıqlananda isə bəlli oldu ki, cənab İlham Əliyev seçicilərin böyük əksəriyyətinin səsini toplayaraq, yenidən Azərbaycan Prezidenti seçilib. Hər bir normal vətəndaş kimi mən də xalqın seçiminə hörmətlə yanaşır, yeni prezidentə gələcək fəaliyyətində uğurlar arzulayıram.
- Seçkidən sonra prosesi izləyən müşahidəçilərin rəyləri açıqlandı. Demək olar ki, bütün müşahidəçilər seçkinin azad, sərbəst, şəffaf, demokratik keçdiyini qeyd edirdilər. Lakin buna baxmayaraq, Milli Şura nəticələri tanımadığını bəyan etdi. Siz onların bu qərarını nə dərəcədə düzgün sayırsınız?
- Seçkidən əvvəl də hər kəs seçkinin favoritinin İlham Əliyev olduğunu bildirirdi. Seçkinin nəticələri isə bu fikirləri təsdiqləmiş oldu. O, böyük səs çoxluğu ilə bütün namizədləri qabaqlayırdı. Prezident İlham Əliyevin xalq arasında nüfuzu çox böyükdür. Bu nüfuzu ona ötən 10 il ərzindəki fəaliyyəti qazandırıb. Bu baxımdan antimilli “şuriklər”in səs-küy salması, seçki prosesinə qara yaxması gülüncdür. Onların namizədi seçkidə cəmi 5 faiz səs toplamışdı. Bununla onlar nəyi dəyişmək istəyir, hara çıxmaq istəyirdilər ki?
- ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, bu quruma istinad edərək isə ABŞ Dövlət Departamenti də fərqli mövqe ortaya qoydu. Həmin qurumların rəylərini necə qarşılayırsınız?
- Bu qurumlar iddia edirdilər ki, seçkidə 58 faiz saxtalaşdırılma halları olub. Mən buradan onlara sual verirəm ki, heç olmasa bir nəfəri seçki qutusuna topa bülleteni atanda tutmusunuzmu, sizin müşahidəçilər bu barədə hansısa sənədləşmə işi aparıbmı? Yoxdur belə fakt onlarda. 300 nəfərlə Azərbaycana gəliblər, seçki prosesini müşahidə ediblər, kobud qanun pozuntusuna yol verdiyi iddia edilən kimsəni qeyd etməyiblər, tutmayıblar, amma deyirlər ki, seçki saxtalaşdırılıb. Bu düzgün yanaşma deyil axı. Günahsızlıq prizumpsiyası deyilən bir şey var. Əgər kimisə, nədəsə ittiham etmək üçün əlində tutarlı faktın, təkzibedilməz sübutun yoxdursa, o zaman həmin şəxsi oğru, cinayətkar, saxtakar adlandıra bilməzsən. Bu məntiqdən çıxış edərək hesab edirəm ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, ABŞ Dövlət Departamentinin mövqeyi boş-boş söz yığınıdır. Özləri etiraf edirlər ki, onlara belə məlumatları Milli Şura üzvləri veriblər. Necə ola bilər ki, özünü ciddi təşkilat hesab edən hansısa qurum, hər hansı araşdırma aparmadan qeyri-ciddi, cəmiyyətdə nüfuzu olmayan bir qurumun təmsilçilərinin söylədikləri əsasında işini qurur? Bu etiraf onların özünü bir daha pis vəziyyətdə qoyur.
- Sizcə, nə üçün onlar alternativ fikri öyrənmədən, deyilənləri ətraflı araşdırmadan belə mövqe sərgiləyirlər?
- Bu qurumların əvvəlcədən mövqeləri belə idi ki, prezident tamamilə başqa adam seçilməlidir. Əks halda onlar seçkinin nəticələrini tanımayacaqlarını bildirirdilər. əvvəlcədən bu qurumlar belə əhval-ruhiyyədə idilər. ona görə də çox arzulayırdılar ki, ciddi qanun pozuntuları olsun və sair. Təsəvvür edin, bu qurumlar israr edirdilər ki, kinorejissor Rüstəm İbrahimbəyov seçkiyə buraxılsın. Halbuki Azərbaycan Konstitusiyası buna yol vermirdi. Əgər onlar deyən kimi Rüstəm İbrahimbəyov seçkiyə buraxılsaydı və qalib olsaydı, o zaman deyəcəkdilər ki, prezident Konstitusiyanın tələblərini pozub. Belə olan halda seçkilərdən dərhal sonra tələb edəcəkdilər ki, Konstitusiyanı pozduğuna görə prezidentə impiçment elan olunsun. Bu ssenarini adıçəkilən qurumlar əvvəlcədən hazırlamışdılar. Lakin, bu, baş tutmadı. Məsələnin kökündə həmin qurumların prezident İlham Əliyevin xarici siyasətindən narazılığı dayanır. Ölkə başçısı müstəqil xarici siyasət yürüdür, Azərbaycan heç kimin yedəyində getmir. Azərbaycan bərabərhüquqlu şəkildə müxtəlif dövlətlərlə əməkdaşlıq edir. Xarici qüvvələr də bununla barışa bilmirlər. Kim ki, bu qüvvələrin qarşısında “ləbbey” demir, onlara təzyiq göstərilir. Bu metod sanki bir dəyənəkdir, alıblar əllərinə, kimi istəyirlər onu vurmaq istəyirlər. Ona görə də buna təəccüblənmək olmaz. Əgər Azərbaycan bəyan etsəydi ki, Suriyaya qarşı koalisiyaya qoşuluram, o dəqiqə Qərb dairələri ölkəmizin demokratik prinsiplərə əməl etdiyini söyləyəcəkdilər.
- Avropa Parlamentinin Azərbaycanla bağlı son qətnaməsini necə dəyərləndirirsiniz?
- Bütün dünyada ikili standartlar, ikili yanaşmalar var. Keçmiş sovetlər birliyi dağılanda bir çoxları elə düşünürdü ki, Avropa Birliyi, ABŞ daha demokratikdir. Lakin illər ötdükcə, bu xülyalara son qoyuldu. Uinston Çörçil vaxtilə deyirdi ki, Britaniyanın daimi dost və düşmənləri yoxdur, Britaniyanın daimi maraqları var. Bu gün də belədir. Qərb dövlətlərinə istədiklərini versən onların dostusan, verməsən düşməni. O dəqiqə başlayacaqlar ki, bu dövlət demokratiyadan uzaqdır. Misal üçün, Boris Yeltsinə qədər SSRİ-də hansısa bir şəxsə qarşı qanun pozuntusu olurdusa, dərhal Qərb dövlətləri insan hüquqlarının pozulduğunu əllərində bayraq edirdilər. Amma Yeltsin qanuni parlamenti gülləboran elədi, faktiki olaraq, dövlət çevrilişi etdi. ABŞ buna göz yumdu, üstəlik haqq qazandırdı. İndi də belə oxşar mövqeyi Avropa Parlamenti ortaya qoyur. Yəni, ikili yanaşma hər zaman olub, bundan sonra da olacaq. Elə buna görə də Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev haqlı olaraq mətbuata açıqlama verdi, bu kimi məsələlərə aydınlıq gətirdi. Onun söylədiyi hər bir fikrin altından imza atmağa hazıram.
- Radikal müxalifətin, Milli Şuranın gələcəyini necə proqnozlaşdırırsınız?
- Milli Şuranın hansı durumda olduğu, oradakı liderlərin seçkidən sonra keçirdikləri son iki mitinqdə aydın oldu. Radikal müxalifət liderləri “vurulmuş kartlar”ı xatırladır. Onlar bəlkə də qaytardılar ideyası ilə yaşayırlar. Bu insanlar yaradıcı deyillər. Onların heç bir proqramı yoxdur. Seçki dövründə ciddi platforma ilə xalq qarşısında çıxış etməyi bacarmadılar. Çox gülünc duruma düşmüşdülər. Cəmil Həsənli deyirdi ki, əgər prezident seçilsəm bütün səlahiyyətləri baş nazirə verəcəm. Sual yaranır ki, bəs, sən nə üçün prezident seçilirsən? Bu işi bacarmayacaqsansa, nə üçün iddialısan? Bunlar dərk etmirlər ki, Konstitusiya ilə prezidentə verilmiş səlahiyyətləri heç kim başqasına peşkəş edə bilməz. Yaxud, Cəmil Həsənli deyirdi ki, prezident olsam dövlət büdcəsindən təhsilə ayrılan vəsaiti 40 faiz, müəllimlərin maaşını isə 3 dəfə artıracaq. Belə absurd bəyanatlar verənlər dediklərini etməyin mümkün olmadığını bilmirlər. Deyirdi ki, prezident seçilsəm parlamenti buraxacağam. Amma dərk etmirdilər ki, Konstitusiyaya görə prezidentin parlamenti buraxmaq hüququ yoxdur.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər