• cümə axşamı, 28 mart, 23:45
  • Baku Bakı 13°C

Qurultayın yubadılması Arif Hacılının səbrini daşırdı

30.05.14 09:05 1303
Qurultayın yubadılması Arif Hacılının səbrini daşırdı
Müsavat Partiyası qurultayının nə zaman reallaşacağını gözləyənlər bilməmiş olmaz ki, indi də bu tədbiri iyunun 28-ə keçirdiblər. Bu mövzuda Teleqraf.com-un suallarını cavablandıran partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib ki, növbəti dəfə də qurultayın baş tutmaması üçün zalın kiçik olmasının əsas gətirilib-gətirilməyəcəyini, Bakı meriyasının təklif etdiyi Səttar Bəhlulzadə adına Mədəniyyət evinin onları qane edib-etmədiyini bilmir: “ Bu, mənim subyektiv mövqeyimlə müəyyənləşmir. Təşkilat Komitəsi və Müsavat Partiyasının rəhbərliyində daha uğurlu zalın seçilməsi və əgər belə bir zal verilməzsə, qurultayın keçirilməməsi mövqeyi üstünlük təşkil edir. Ancaq bu məsələ yenə də müzakirə olunacaq və yəqin ki, yaxın günlərdə bu barədə yekun qərar qəbul ediləcək”.
A.Hacılı xüsusilə vurğulayıb ki, qurultayın gecikdiyi hər gün Müsavat Partiyasının mənafelərinə ciddi zərbədir və onun ləngiməsi partiya strukturlarının yeniləşməsi və fəaliyyətinə maneçilik törədir: “Partiyanın bir çox rəhbər strukturları yarımçıqdır. Qurultayın keçirilməməsi də bu strukturların işinə mane olur. 5 ilə yaxın müddətdir ki, Müsavatda seçkiöncəsi yaranan vəziyyət partiya strukturlarında gərginlik yaradır. Hesab edirəm ki, nəyin bahasına olursa olsun, ən qısa müddətdə qurultay keçirilməlidir”.
Onun fikrincə, Mərkəzi Nəzarət Təftiş Komissiyasında, Məclisdə, Divanda boş yerlər mövcuddur. Bu qurumlarda fəaliyyət göstərmək imkanları olmayan, Müsavat Partiyasını tərk edən adamların da hesabına boş yerlər yaranıb. Partiya rəhbərliyində kimlərin qalacağı və ya gedəcəyi ilə əlaqədar qeyri-müəyyənlik var. Belə durum isə Müsavat daxilində qeyri-müəyyən situasiyaya səbəb olur.
A.Hacılı onu da qeyd edib ki, hələlik başqanlığa namizədliyini verməklə bağlı yekun qərar verməyib və bu barədə qərar yalnız qurultayın keçirilməsi müəyyənləşdikdən sonra verilməlidir: “Əgər bilsəm ki, mənim Müsavat başqanı seçilməyim həm Azərbaycan cəmiyyətinin, həm demokratik düşərgənin, həm də Müsavatın maraqlarına uyğundur, öz namizədliyimi irəli sürəcəyəm”.
Aparat rəhbəri başqanlığa namizədliyini verəcəyi ilə bağlı suala məhz “hə” cavabını verməsə də, seçim dönəmində quracağı təbliğat planlarından danışaraq bunu təsdiqləyib: “Hesab etmirəm ki, başqanlığa ayırdığım təbliğat müddətinin az olması mənim ziyanıma işləsin. Çünki mən 1992-ci ildən Müsavat Partiyasının Bərpa Bürosunun üzvü olmuşam. Yəni, Müsavat Azərbaycanda bərpa olunan ilk gündən bu partiyanın üzvüyəm. Hesab edirəm ki, 20 ildən artıq bir dövrdə göstərdiyim fəaliyyət elə mənim seçki kampaniyamdan ibarətdir. Qısa müddətdə Müsavat strukturlarında təbliğat kampaniyası aparmaqla öz platformamı və hədəflərimi, Müsavatın gələcəyi ilə əlaqədar fikirlərimi partiya üzvlərinə çatdıra bilərəm. Bunun üçün bir neçə həftə vaxt kifayət edər. Maraqlı bənzətmə yadıma düşdü. Mərhum rəssam Elçin Məmmədovun bir söhbətini xatırlayıram. Bir dəfə bizimlə söhbətində bildirdi ki, kimsə ona dizaynla bağlı sifariş veribmiş. Sifarişi bir neçə saat ərzində yerinə yetirib. Sifarişçi işin qiymətinin nə qədər olduğunu soruşduqda, Elçin Məmmədov qiymətin təqribən 10 min dollar olduğunu bildirib. Müştəri “3 saata 10 min dollarmı?” deyə sual edib. E.Məmmədov qayıdıb ki, yox, 3 saata deyil, mənim bütün həyatım üstəgəl 3 saat. Yəni, Müsavatda mənim təbliğat kampaniyamda bütün həyatım və üstəgəl 3 həftə olacaq”.
O, digər namizədlərlə bağlı ünvanlanmış suala cavabında kiminsə haqqında hər hansı fikir səsləndirmək istəmədiyini deyib və onları özünə rəqib görmədiyini diqqətə çatdırıb: “Seçkilər elə bir prosesdir ki, onun nəticələri barədə əvvəlcədən birmənalı proqnoz vermək düzgün deyil. Ən gözlənilməz, hətta adı çəkilməyən şəxsin də partiya başqanı seçilmək haqqı var. Kimlərinsə şanslarını fərqləndirmək istəməzdim. Müsavat Partiyası içində gedən seçkilərlə bağlı rəqib terminini qəbul etmirəm. Çünki Müsavat Partiyasında mənim rəqibim yoxdur. Əminəm ki, Müsavatdakı seçkilər tam demokratik şəkildə keçiriləcək”.
Xatırladaq ki, bir müddət öncə Müsavat Partiyasında başqanlıq uğrunda açıq-aşkar mübarizə getdiyi barədə yazmışdıq. Hətta partiya daxilində müəyyən qruplaşmanın da formalaşdığını diqqətə çatdırmışdıq. Ona görə də bu müsahibəni söylənilənlərin təsdiqi kimi də qəbul etmək olar. Dəyişməyən yalnız odur ki, A.Hacılı öz namizədliyini verəcəyi ilə bağlı bu dəfə də sözünün “mustafa”sını deməyib. Hər zaman rəqibsiz olduğunu və bu partiyaya illərini verdiyini nəzərə çatdıran A.Hacılı bu dəfə də özünü ən layiqli namizəd hesab etdiyini gizlətməyib. Müsahibədən hətta onun özünə arxayın olduğu da hiss olunur. Bu da belə deməyə əsas verir ki, hazırkı aparat rəhbəri, partiyanın İsa Qəmbərin başqanlıqdan getdikdən sonrakı dövrü üçün müəyyən hazırlıqlar görüb və sadəcə həmin kresloya əyləşəcəyi günü gözləyir. O, qurultayın gecikdiyi hər günün Müsavat üçün zərbə olduğunu deməklə, bir növ, İ.Qəmbərə də meydan oxuyub və rəqabəti açıq müstəviyə keçirib. A.Hacılı belə açıqlamalarla sətiraltı şəkildə başqanını hədələyib və bu yolla ona başqanlığı tərk etməsi üçün təzyiq edə biləcəyini düşünüb. Lakin qurultayın müxtəlif bəhanələr gətirilərək dəfələrlə yubadıldığını nəzərə alsaq, hazırda partiya daxilində İ.Qəmbəri dəstəkləyənlərin çoxluq təşkil etdiyini söyləmək olur. Qeyd edək ki, bir müddət öncə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da A.Hacılını İ.Qəmbərin səhvlərini onun dili ilə xatırlatmaq istəməkdə ittiham etmişdi. Bu da onun qurultayın keçirilməsini gözləməkdə artıq səbirsizləndiyinin digər göstəricisi hesab olunur.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər