Qurtuluş yolu, yoxsa xəstəlik səbəbi?

Qurtuluş yolu, yoxsa xəstəlik səbəbi?

Cəmiyyət
09 Oktyabr 2019, 09:30 429
"VİP Smoke” adı altında bazara çıxarılan elektron siqaretlər dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da geniş yayılıb. Elektron siqaret istifadəçiləri bu məhsulun insan orqanizminə heç bir zərəri olmadığını deyirlər. Amma son illərin ən böyük kəşflərindən sayılan bu siqaretlərin insan orqanizminə zərərli olduğunu iddia edənlər də az deyil. Hətta bəzi Avropa ölkələri bu siqaretlərin satışına qadağa qoyublar. Belə ki, Türkiyə hökuməti elektron siqaretlərin satışını və idxalını qadağan etmək niyyətindədir. Bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca deyib. Nazir hazırda elektron siqaretlərin satışının və idxalının qadağan olunmasını nəzərdə tutan qanunvericilik üzərində işlərin aparıldığını qeyd edib. O, qanun layihəsinin ölkə parlamentinə təqdim olunacağını bildirib. Qeyd edək ki, təkcə Türkiyədə yox, artıq bir neçə ölkədə elektron siqaretdən istifadə məhdudlaşdırılır. Bir müddət əvvəl isə ABŞ-ın Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi (CDC) tərəfindən elektron siqaret istifadəçiləri arasında ağciyər və tənəffüs yolu xəstəliklərinin yayıldığı barədə məlumat verilmişdi. Mütəxəssislərin fikrincə, bu cihazların insan orqanizminə vurduğu zərər adi siqaretdən daha çoxdur. Ümumdünya Səhiyyə Təşkilatı isə xəbərdarlıq edib ki, son vaxtlar gənclər arasında elektron siqaret aludəçilərinin sayı artıb və bu, çox ciddi təhlükə mənbəyidir. ABŞ-da 200-ə yaxın insan elektron siqaret çəkmə nəticəsində xəstələnib. Xüsusilə gənclər arasında elektron siqaretdən istifadə etmək vərdişi çox sürətlə yayılır. Bəzən gənclər elə düşünürlər ki, elektron siqaretlər ənənəvi siqaretlərdən daha az zərərlidir. Bəziləri isə bunu siqareti tərgitməyin ən səmərəli üsulu kimi qəbul edir. Əslində isə bu, heç də belə deyil. Tütün dumanlı siqaretlərdən də bahalı olan elektron siqaretlər ürək-damar və onkoloji xəstəliklər riskini artırır. 

Əsas məsələyə keçməzdən öncə elektron siqaretin tarixi haqqında qısa məlumat verək. Elektron siqaretləri ilk dəfə "Ruyan Group Ltd Honkonq” şirkəti ixtira edib. İxtira şirkət rəhbərinin atasının siqaret aludəçiliyi nəticəsində ağciyər xərçəngindən ölməsindən sonrakı dövrə təsadüf edib. Şirkət elektron siqareti 2003-cü ildə patentləşdirib. Bu siqaretlərin satışına isə ilk dəfə Argentinada başlanılıb. Elektron siqaretlər xarici görünüşünə görə, adi siqaretlərdən fərqlənmir. Onlar akkumulyatordan, buxar generatordan və ətirli maye ilə doldurulmuş dəyişik katriclərdən ibarət olan borucuqdur. Katricində olan maye isə nanə, tütün, çiyələk və vanil ətirlidir. Siqaretin ucluğu qullab vaxtı yanır, çəkən adam "tüstünü” alanda, bu, çəkmə prosesini təqlid etməyə imkan verir. Elektron siqaretlərin qiyməti adi siqaretlərdən çox bahadır. Belə ki, bu siqaretlərin qiyməti, modelindən asılı olaraq 20-100 manat arasında dəyişir. İndi isə bir zamanlar siqaretdən qurtuluş yolu kimi göstərilən elektron siqaretlər haqqında deyilənlərin nə qədər doğru olduğunu öyrənməyə çalışdıq. 

Həkim Əsəd Beydullayev bildirir ki, elektron siqaretdən uzaqlaşmaq da, tütünlü siqaretdən uzaqlaşmaq kimi çətindir: "İnsanları siqaretdən asılı salan əsas maddə nikotindir, amma zərər verən maddə isə qatrandır. Bütün onkoloji xəstəliklərin əmələ gəlməsinə səbəb qatrandır. Bunu nəzərə alan bəzi siqaret firmaları düşündülər ki, elə bir siqaret düzəltsinlər ki, orada insanların aludə olduğu nikotin olsun, amma qatran olmasın. Nəticədə elektron siqareti yaratdılar. Onun tərkibində qatran olmadı, amma ondan daha ziyanlı maddələr yer aldı. Elektron siqaretlərin tərkibində 5 əlavə qatqı maddəsi var, hansı ki, onlar da insan səhhəti üçün ziyanlıdır. Bu, hələ ki, bildiklərimizdir. Elektron siqaretin tərkibi tam olaraq bəlli deyil. Çox güman ki, bilmədiyimiz əlavə maddələr də var. Elektron siqaretlər satışa çıxdıqdan sonra məlum oldu ki, onun da yan təsirləri var. Səhv etmirəmsə, elektron siqaretdən ölüm halları da baş verib. Bir zamanlar siqaretdən qurtuluş yolu kimi görülən elektron siqaretlərin daha ziyanlı olduğu bilindi. Yəni ənənəvi siqaretdən qurtarıb daha bəzəkli, daha bahalı görünənə aludə oldular. Qısası, elektron siqaretlərdən istifadə düzgün deyil. İstənilən halda tərkibində zərərli maddələr var. Elə ondan uzaqlaşmaq da ,siqaretdən uzaqlaşmaq kimi çətindir. Odur ki, siqaret hər bir halda insan sağlamlığı üçün ziyanlıdır”.
 
"Səma və eko” ictimai birliyinin sədri İradə Həsənova siqaret kimi zərərli vərdişlərdən qurtulmağın tək yolunun güclü iradə olduğunu deyir: "Artıq neçə ildir ki, Azərbaycanda elektron siqaret adlandırılan məhsul satışa çıxarılıb. Qiymətlərinin baha olmasına baxmayaraq, bu siqaretlər insanları siqaret asılılığından qurtara bilmir. Araşdırmalar göstərir ki, bu məhsulun tərkibində nikotin var və belə olduğu üçün normal siqaretdən sonra insanlar elektron siqaret aludəçilərinə çevrilirlər”

Sədr qeyd edir ki, əslində, nəyisə qadağan etməklə iş bitmir, bu sahədə maarifləndirici təbliğat aparmağa böyük ehtiyac var: "Siqaret kimi zərərli vərdişlərdən qurtulmağın tək yolu güclü iradədir. Əgər kimin iradəsi güclüdürsə, bu asılılıqdan yaxa qurtara bilər. İnsanlara qadağa qoymaq düzgün deyil və bununla nə isə əldə etmək mümkün olmayacaq. Seçimi insan özü etməlidir. O düşünməlidir ki, bu siqaret mənim üçün ziyandır. Təbii ki, təbliğat vasitələrinin, medianın rolu böyükdür. Xüsusən də təhsil müəssislərində istər adi, istər elektron siqaretin ziyanları haqda maarifləndirici işlər görülməlidir”. 

Onu da qeyd edək ki, ilk vaxtlar vaxtilə elektron siqaretlərin zərərsiz olduğu qeyd edilirdi. Ancaq zaman keçdikcə, elektron siqaretlərdən istifadə halları artdıqca, ona münasibət də dəyişdi. Artıq elektron siqaretlərin zərərli olması barədə məlumatlar yayıldı, mətbuatda təbliğat aparıldı. Ona görə də, elektron siqaretlərə münasibət birmənalı deyil. Bəzi mütəxəssislər iddia edirlər ki, elektron siqaretlər tam təhlükəsizdir. Sadəcə, elektron siqaretlər get-gedə geniş yayıldığına, populyarlıq qazandığına görə, tütünlü siqaret istehsalçıları bundan təşvişə düşüblər. Elə ona görə də, elektron siqaretlərin zərərli olması barədə rəy formalaşdırılır. Yəni bu rəyi məhz tütünlü siqaret istehsalçıları formalaşdırırlar. Təbii, belə söz-söhbət də insanlar arasında çaşqınlıq yaradır. Siqareti tərgitmək üçün elektron siqaretdən yararlananlar da əsl həqiqətin necə olduğunu bilmirlər. Kimə inansınlar? Elektron siqaretdən istifadə etsinlər, yoxsa əvvəlki şakərlərini - tütünlü siqaretdən istifadə vərdişini  bərpa etsinlər? Bu məsələ ətrafında xeyli sual yaranır ki, onlar da ayrıca yazının mövzusu olsun.
 
Günel Azadə