• cümə, 29 Mart, 16:51
  • Baku Bakı 14°C

“Qurtuluş dastanı” Naxçıvanda

01.07.15 09:34 1870
“Qurtuluş dastanı” Naxçıvanda
15 iyun Milli Qurtuluş Günündə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında əməkdar mədəniyyət işçisi, İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyevin “Qurtuluş dastanı” epik tarixi dramı əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası keçirilib. Tamaşanın quruluşu rejissor Kamran Quliyevə həvalə olunub. Tamaşada xalq artistləri Rza Xudiyev, Rövşən Hüseynov, Həsən Ağasoy, Şirzad Abutalıbov, əməkdar artistlər Əli Əliyev, Əbülfəz İmanov, Xəlil Hüseynov, muxtar respublikanın əməkdar artisti Səməd Canbaxşıyev, aktyorlardan Elnur Rzayev, Şölə Novruzbəyli, Zəminə Baxşəliyeva və digərləri öz ifaları ilə uğurlu səhnə həllinə nail olublar.
Əsərin müəllifi İftixar Piriyev bizimlə söhbətində səfərlə bağlı təəssüratlarını bölüşdü. Qeyd etdi ki, tamaşada Naxçıvanın Ali Məclisinin sədri cənab Vasif Talıbov da iştirak edib: “Tamaşa uğurla oynanıldı. Çox dinamik və bir o qədər də maraqlı tamaşa alındı. Tamaşa bitdikdən sonra cənab sədr səhnənin arxasına keçdi, aktyorlarla görüşdü və tamaşa haqqında ürək sözlərini dedi. O, məsələyə sanki teatrşünas yanaşması ilə münasibət göstərdi, fikirlər səsləndirdi. Fikrinin sonunda əsərin aktuallığından və keyfiyyətindən bəhs etdi. O, qeyd etdi ki, “Bədii ədəbiyyat tarixi daha yaxşı yaşada bilir, nəinki tarixi sənədlər. Bu əsər mükəmməl bədii əsərdir və həqiqəti təcəssüm etdirir. Təkcə əsərin gözəl olması şərt deyil, rejissorun da işi peşəkar olmalıdır. Aktyorların da oyunu gözəl olmalıdır ki, bədii ədəbiyyat öz bədii keyfiyyətini qoruyub saxlaya bilsin”. Vasif müəllimin bu fikirləri mənim üçün də, tamaşanın yaradıcı heyəti üçün də çox dəyərli idi.
Müəllifin “Qurtuluş dastanı” əsəri bundan öncə İrəvan Teatrının yaradıcı heyəti tərəfindən də tamaşaya qoyulmuşdu. İrəvan Teatrında ulu öndərin obrazını canlandıran İ.Piriyevdən hər iki tamaşa arasındakı fərqi soruşduq: “İrəvan teatrının müəllifi olduğum əsər üzərində Oruc Qurbanovun yozumunda qurduğu tamaşa başqa üslubda, janrda hazırlanmışdı. Bu tamaşa isə meydan teatrı formasında həll olunmuşdu. Bütün hadisələr bir məkanda cərəyan edirdi. Məkanın müxtəlif forma alması ilə səhnələr dəyişirdi. Mənə elə gəlir ki, bunları müqayisə etmək doğru olmazdı. Eyni personajların başqa-başqa ifa tərzi ilə təqdim olunması orijinallığın təzahürü idi. Hər iki tamaşanın özünəməxsus xüsusiyyətləri var. O ki, qaldı ulu öndərin bədii obrazının mənim və Naxçıvan teatrının aktyorunun ifasındakı fərqinə, bunlar tamamilə fərqli yanaşmalardır. Mən bu obraza başqa kontekstdən yanaşmışdım, Naxçıvan teatrının aktyoru isə tamam fərqli kontekstdən. Mən çalışmışdım ki, oyunumu Heydər Əliyevin bütün jestləri, səs tembri, hərəkətləri, yerişi, hətta danışığındakı özünəməxsusluğu üzərində qurum. Naxçıvan teatrında isə ulu öndərin o zamanla, o dövrlə bağlı mətnlərinin peşəkar aktyor ifası ilə təqdimatına nail olunmuşdu. Nəticədə belə bir fərqli oyun üsulu ortaya çıxmışdı”.
İ.Piriyev əlavə etdi ki, tamaşa Naxçıvanda yüksək səviyyədə qarşılandı.
Naxçıvandakı ümumi mənzərəni isə İ.Piriyev belə şərh etdi: “Mən Naxçıvana gedərkən misli-bərabəri olmayan, xoş bir əhval-ruhiyyə ilə rastlaşdım. Bunun üçün sədrə, tamaşaçılara, aktyor dostlarıma dərin təşəkkürümü bildirirəm, hər birinə minnətdaram. Orada bir sıra yerlərin gəzintisində oldum. Muzeyləri ziyarət etdim. Muzey bələdçilərinin izahatı çox özünəməxsus idi. Onlar təkcə tarixi faktları söyləməklə, zamanı göstərməklə, əşyaları təqdim etməklə kifayətlənmirdi, əşyaların üzərindəki ornamentlərin mahiyyətini açmaqla bizi məlumatlandırırdı. Diqqətimi çəkən bir məsələni də vurğulamaq istəyirəm. Vasif müəllimdən eşitdiyim haqq-ədalət barədə fikirlərini bir muzey işçisindən də eşitdikdən sonra çox heyrətləndim. Belə ki, burada rəhbərliyin haqqa, ədalətə, Allaha olan saf münasibəti bütün yerlərdə də öz ifadəsini, əksini tapıb. İnsanların içərisində haqq-ədalət özü formalaşmışdır. Maraqlı olan cəhət budur ki, Naxçıvanda hər şənbə günü muzey günüdür. Kəndlərdə, rayonlarda belə muzeylərə gedirlər və muzeylərlə tanış olurlar. Muxtar Respublikada çox maraqlı mühit var və Naxçıvan mühiti məni valeh etdi. Məndə belə bir fikir əmələ gəldi ki, kaş respublikamızın bütün rayonlarında belə bir mühit formalaşaydı. Çünki orada teatra, incəsənətə, elmə və bütün sahələrə xoş münasibəti, insanların bir-birinə olan ədalətli yanaşmalarını gördüm”.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər