• cümə axşamı, 28 mart, 16:59
  • Baku Bakı 16°C

Qurdlar ulayanda

26.01.20 10:30 19590
Qurdlar ulayanda
Abdımomun Kalbayev1952-ci ildə Qırğızıstanın Cəlalabad vilayətində dünyaya göz açıb. Qırğızıstan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 24 kitab müəllifidir. "Yorğa at”, "Göy”, "Gözəl”, "Qurdlar ulayanda” və digər məşhur əsərlərin müəllifidir. Beynəlxalq "Arça” mükafatının laureatıdır. Hazırda Cəlalabad Dövlət Vilayət Teleradio Kompaniyasında çalışır.

Qurdlar ulayanda
(novella)

Hamının hörmət bəslədiyi qocanın ölümü ilə sanki bütün ail yetim qalmışdı. Yanbolotun dəfninə hamı yığılmışdı. Orada sərxoşlar da, yalnız dəfnin necə keçəcəyi, məclisdə neçə at kəsəcəkləri, ağsaqqalın son mənzilə yola salınmasının necə keçəcəyi ilə maraqlananlar da vardı. Məsləhətə, köməyə ehtiyacı olan, yaxud kiminləsə sözü çəpləşən bütün ail əhli sağlığında bu adamın yanına gedirdi. O da hər şeyi yoluna qoyurdu. Ancaq son vaxtlar elələri vardı ki, qocanın sözünə qulaq asmırdı. O, barış adamı idi. Görəsən, sakitlik, əmin-amanlıq da ağsaqqalın cismi ilə birlikdə gedəcəkdi? Meyit namazından əvvəl, molla üzünü mərhumun qohumlarına tutub dedi:
– Ey müsəlmanlar, imanlı olun, içki içməyin, pis niyyətlərdən uzaq durun, yamanlıq etməyin. Allah bütün nəcib fikirlərimizi qəbul edir və xoş niyyətimizə, əməllərimizə görə bizə ya bədbəxtlik göndərir, ya da xeyir və sevinclə mükafatlandırır bizi, əgər pislik eləyiriksə, bir-birimizə düşmən kəsiliriksə, Allah bizi cəzalandıracaq, buna görə də ailədə razılıq və anlaşma olmalı, xalq isə birlik və dostluq şəraitində yaşamalıdır. Əgər Yaradandan xeyir və əmin-amanlıq göndərməyi rica etsək, bilin ki, əvəzində bizə mərhəmət və şəfqət əta olunacaq.

***
– Həə, sənin bu bədbəxt qardaşın sənə nə yaxşılıq eləyib? Məgər bu illər ərzində heç gəlib mənə dəyib? Sənsə ona qardaş deyirsən, onunla fəxr eləyirsən. Elə bil həmişə səndən xəbər tutub, qayğına qalıb. Bax məsələn, mənim qardaşım hər zəngində səni soruşur: "mənim kürəkənim necədi?” Baxmayaraq ki, uzaqdadı, guya, onun kürəkəni yaman "mühüm” adamdır. Oyy, nə uzanıb qalıbsan, elə bil dağ aşırıbsan. Bir adamdan qoyun al, qışlaqdan qayıdanda verərsən, sabah anan gəlir, onu lazımi qaydada qarşılamasaq, xəcalətli qalarıq. Axı qızı sənə o verib. Sən ona hörmət göstərməlisən, hər gün qonağın olmur, - Aptoo paltarını geyinən ərinə tənə ilə dedi.
"Bu arvadın gəlişilə dostlarımdan ayrılmağa məcbur olmuşam, qohum-əqrəba ilə əlaqəni itirirəm” – Yumabay dodağının altında deyindi.
Çox keçmədi küçədən gənc kommersant qız gəldi: "Bişkekə mal dalınca gedirəm, evdən göz-qulaq ol!” – Aptoo ərini təlimatlandıraraq həyətdən tələsik çıxdı. Bir tərəfdən Yumabay incidi ki, evdə qalıb arvadının rolunu yerinə yetirəcək, digər tərəfdən, qadın onu ər bilmir, ticarətdən pullanandan sonra onunla hesablaşmır, o da arvadının necə dəyişdiyini görüb onun ədəbsizliyindən heyrətə gələrək köynəyinin yaxasından yapışıb deyirdi: "Allah, özün kömək ol” Arvadı elə dünən gileylənmişdi ki, evdə yeməyə heç nə yoxdu, ancaq anasının gəlişilə ortaya içi dolu dəstərxan sərdi. İndicə gəlib çıxmış qayınana hal-əhval tutmağa macal tapmamış kürəkənini danlamağa başladı.
– Jya, oğul, öz həyət-bacanı ağıllı-başlı abıra salmağın artıq vaxtıdı. Arvadın da, sən də hələ cavansınız. Allaha şükür, qohumlar var, nə vaxtacan köhnə, uçuq-sökük yerdə yaşayacaqsınız, köhnə qayıqdakı kimi. Camaat kimi ikimərtəbəli ev tikin, – qayınanası Jumaya narazılıq eləyirdi.
– Oy, apa, bu fərasətsizlə yaşaya-yaşaya özüm də onun kimi olmuşam. Təsərrüfat haqqında qətiyyən fikirləşmir, rahat həyat barədə düşünmək heç ağlına da gəlmir. Günlərlə yorulub əldən düşürəm, malı bir qiymətə götürürəm, başqa qiymətə satıram, bu bədbəxti yedirdirəm, – Aptoo getdikcə hiddətlənirdi, – o, başqaları kimi pul qazanmağı, onu artırmağı bacarmır. Bax keçən dəfə torpaqlar tutulanda mən də başqaları kimi, iki sahəni ələ keçirdim, sərfəli qiymətə satdım, yaxşı da qazandım. İndiki zaman kim daha inadcıl, həyasızdırsa, ehtiyac bilmədən yaşayır. Odur, televiziyada deputatlar da çıxış edirlər ki, hər şeyi xalq üçün eləyirlər, əslində isə, özləri zavodları, fabrikləri özəlləşdiriblər, bazar tikirlər, qiyməti qırx min dollar olan maşınlarda gəzirlər.

***
Yas məclisində molla davam eləyirdi: "Yüngül qazanca uymayın, özgənin malına yiyələnməyin, əgər rəhmətliyin borcu olubsa və sübutu olan üç şahidi varsa, onda qohumları yığışıb hökmən borcu qaytarmalıdırlar”.
Yumabay yasda fikirləşirdi: mən öləndə uşaqlar borclarımı necə qaytaracaqlar? Ey yeri-göyü yaradan, hələ ki, borclarımı qaytarmamışam, qoyma ölüm!..
Adamların hakimiyyəti devirmək istədiklərini eşidəndə Yumabayın halı pisləşdi. Görəsən, haçan əmin-amanlıq olacaq? – deyə özü özündən soruşdu. Bəlkə, çıxıb Rusiyaya getsin?Artıq bir müddət idi ki, dağın ətəyində yerləşən bu aildə qoca da, uşaq da – hamı müsahibinin sözlərinə qulaq asmadan öz bildiyini danışırdı. Hara getsən hamını həyatdan narazı görərdin.
Jumabay yasdan fikirli çıxıb – hər yanı duman basmışdı – ağır-ağır evinə tərəf gedirdi. Birdən dərə tərəfdən canavar ulartısı eşitdi. "Allah, özün kömək ol, özün kömək ol” – Jumabay bu sözləri deyərkən qorxub yaxalığından tutmuşdu.
Belə dəhşət hələ olmamışdı. Canavarın yaxınlaşan ulartısından Jumabayın ürəyi düşdü. Elə bildi canavar indicə boğazından yapışıb yerə yıxacaqdı. Ancaq xoşbəxtlikdən məktəbdən qayıdan uşaqlar dəstə ilə gedirdilər. O uşaqlara qoşuldu və sakitləşdi, toxtadı. Lap çoxdan, hələ uşaqkən nənəsinin danışdığı nağılı xatırladı: "Qədim zamanlarda dağların arasında bir ail vardı, ordakı adamların arasında narazılıq düşmüşdü, kiçiklər böyüklərə hörmət etmirdi. Günlərin bir günü ağ saqqallı, ağ çalmalı, ucaboy bir adam onların yanına gəldi. Əlində əsa vardı. Həmin adam dedi: "Mehriban olun, tezliklə sizə ehtiyac üz verəcək” Ancaq camaat nağılçını qovdu və dedi:
– Ooy ehtiyac sənin özünə üz versin.
Belə olduqda, qoca gedərkən dedi: "Mənim sözlərimə qulaq asmadınız. Sizin bütün çirkin əməlləriniz, pis niyyətləriniz Allaha çatıb. Tezliklə qiyamət günü gələcək. Allahın cəzasından əvvəl qurd ulartısı eşidəcəksiniz” Və əsasını taqqıldada-taqqıldada meşədə gözdən itdi. Heç on gün keçməmiş ail dumanla örtüldü, dağ tərəfdən qurdlar uladı və qəfildən düşmən hücum çəkdi, qan töküldü, bütün ail yandırıldı.
Və onda salamat qalan adam peşman oldu ki, qocanı nahaq qovublar, gərək belə bəladan necə xilas olmağı soruşaydılar, razılığa gələydilər. Axı onda hardan biləydilər ki, arvad kişini idarə eləyəndə kişi qula çevrilir. Ailədə razılıq olmayanda əmin-amanlıq firavanlıq gedir işinin dalınca”
– Eyy, Jumabay, uşaqlara bax, onları geyindir, sonra öz işinin dalınca get. Həə, yal düzəlt, inəyi sağ, südü isit, maşına ver, mən tələsirəm, -– Aptoo təlimatlarını verib küçəyə çıxdı, xarici maşına minib getdi, anası isə oxşama deməyə başladı:
– Axx, yazıq qızım, Allah eləsin uşaqların xəstəlik-illət görməsin. Niyə Allah sənə ləyaqətli bir ər qismət eləmədi? Bu zavallı uşaqlarının xoşbəxtliyindən ötrü sən nələr eləmirsən? Elə bizi də sənin ümidinə qalmışıq. Hər gələndə ya un gətirirsən, ya qənd-çay, bir sözlə, hamımızın qayğısına qalırsan.
Jumabayın qardaşı evində artıq çoxdandır ki, uşaqlar məktəbə getmirdilər: əyin-başları, çəkmələri yox idi, bir tikə çörəyə möhtac idilər. Atası ölümqabağı vəsiyyət eləmişdi: "Yeganə qardaşının qayğısına qal, sən təhsil alıbsan, onu baxımsız qoyma”. Jumabay bu haqda fikirləşir və təəssüflənirdi ki, heç olmasa gedib qardaşına dəyə də bilmir. İstəyirdi başqaları kimi olsun, ancaq hər şey tərsinə olurdu. Mollanın şəfqətli, qayğıkeş olmaq, bir-birinə kömək etmək, əmin-amanlıqda yaşamaq barədə sözləri qulaqlarında cingildəyirdi. O, bu fikirlərlə evinə haçan gəlib çatdığını bilmədi.
Ayağını kandardan içəri qoymağı ilə arvadının üstünə düşməsi bir oldu:
– Ay bədbəxt, başıbəlalı, yağışın altında harda itib-batmısan? Tanınası halın qalmayıb. Mən yazıq da sizi yedirtməkdən ötrü tamam əldən düşmüşəm. Nədi, mənim ad günümü təbrik eləsən, canın çıxar? Heç olmasa bir qızıl üzük bağışlayaydın. Özgə qadınları görəndə başını itirirsən, tamam dəyişirsən, onlarla mehriban olursan. Mən bədbəxtsə sübh tezdən axşamacan güzəranımızı yaxşılaşdırmaqdan ötrü pul qazanmaq üçün vurnuxuram. Beləcə uşaqları da oxuduram, sən adamaoxşamazı da yedirdirəm. Dünən aldığın maaşın hanı, yenə içkiyə verdin, dostlarını qonaq elədin, ya hamısını qardaşına xərclədin? Ay Allah, bilmirəm, yəqin mənim taleyimə belə yazılıb. Yaxşı heç nə qazanıb toplaya bilmirəm. Yemirəm, içmirəm, bütün ömür yükünü özüm öz çiyinlərimdə daşıyıram. Get qardaşının yanına, qoy o da səni yedirtsin. Boş yerə demirlər ki, qohumlarına yaxın olan ər pisdir. Özünün cibində siçan oynaşır, qohumlarının yanına qaçır. Heç olmasa qardaşın da qardaş ola. Hey şikayətlənir ki, o yoxdu, bu yoxdu, çörək yoxdu.
– Atandan qalanların hamısı ona çatıb ,- arvadı onu necə alçaltsa da, zavallı heç nə deyə bilmirdi.
Axırda Jumabay dözmədi:
– Yum ağzını, – deyib əlindən xata çıxmasın deyə qapını ardınca örtdü.
– Belə arvadın olduğu halda, qardaşına necə kömək eləyə bilərsən? Bütün maaşımı qayınanama sərf elədim. Hələ bu həyasıza bir bax? – Jumabay öz-özünə deyinir və ayağı hara, başı da ora gedirdi. Tezliklə qurd ulartısı eşidib ayıldı, zaman bəlli deyildi, ətraf duman içində idi. Yumabay indi hiss elədi ki, yağış çisələyir.
O gedir, ancaq qulaqlarında arvadının qarğışları güyüldəyirdi: – Utanmaz deyir, anama xərcləmişəm. Allah bilir, əlaltdan içirsən, filana-bəhmənə verirsən. Ax mənim başıbəlalı başım, bunlara görə artıq qocalmışam.
Jumay arvadının zəhərli deyintilərini, onu ələ salan səsini eşitməsin deyə, üstünə qaynar su tökülmüş kimi yerindən sıçradı və nə qədər ki, arvadı toxtamayıb, dərəboyu veyllənməyi qərara aldı. Yağış güclənirdi. Düzünə qalsa, sinif yoldaşları ilə bircə dəfə rastlaşmışdı, onlar görüşmək, yeməkxanada oturmaq fikrinə düşmüşdülər. Yəqin, arvadı bunu görübmüş. Onun ad gününü unutduğu da doğrudur, amma heç öz ad gününü sonuncu dəfə necə qeyd elədiyi də yadında deyil.
Bu vaxt yenə yaxınlıqda qurd ulartısı eşidildi. "Allah, özün kömək ol” – Jumabay paltarının yaxalığından tutub qorxu içində pıçıldadı.
Deyirlər, canavar öz doğma yerində heç kimə toxunmur, qoy belə olsun, qoy Allah bəladan uzaq eləsin. Yəqin, bu, yerlidir. Dünən də qorxmuşdum ki, burda yem olacam. Allah saxladı, uşaqlara rast gəldim, onlarla birlikdə gəlib çıxdım evə. Hər dəfə yamacda qocalara "Manas” haqqında kitab oxuyanda əzbər deyirdim: "Sənin qurdun qırğızların tayfasını, qız-gəlinləri qırarkən ulayır, ağlaşma səsi eşidilir, külək külü göyə sovurur”, – qulaqlarımda əks-səda kimi güyüldəyirdi. Axı bu nədir? Məhşər günü gəlib çatıb, torpaq adamın ayaqları altından qaçır. Deyəsən, gələcəkdən xəbər verən Kaliqulun sözləri çin olur. "Dünyanın axırı gəlməzdən qabaq yer boşalır, hamı başını itirmiş kimi görünür, arvadlar ərlərinə məhəl qoymurlar, özbaşınalıq eləyirlər, qızlar müdafiə olunmur, oğullar nə etdiyini özləri də bilmirlər. Başımıza nə iş gəlir, hara gedirik? Qurd ulartısının bədbəxtlikdən qabaqcadan xəbər verdiyi mərd atamızın vaxtında da bəlli imiş, sən demə. "Aman Allah, özün bizi qoru”, – Yumabay başında belə sonsuz fikirlər özü də bilmədən ağsaqqal Mirzənin evinin yanında dayandı.
– Əssalamü-əleyküm, Mirzəkə, – Jumabay doqqazı açaraq dilləndi.
– Gəl, Jumas, keç, – Mirzə onu hərarətlə qarşıladı.
– Yanına bir məqsədlə gəlmişəm, istəyirəm tövbə eləyim, sonra ölmək də olar, – Jumabay yanını yerə qoyub dedi.
– Ağzından qara yellər aparsın, məgər belə danışmaq olar? Allahı qəzəbləndirmə. Məgər ağlı kəsən adam belə şey deyə bilər? Otur! – Mirzə əkə sərt şəkildə dilləndi, – Ürəyini ölüm haqqında düşünmədən də aça bilərsən. Eşidirəm, nə bacarıramsa, kömək edərəm, məsləhət verərəm.
– Bax, Mirzəkə, görürsüz ətrafda nə baş verir? Özümə əl qaldırmaq istəyirəm, ancaq uşaqları fikirləşirəm. Ancaq belə də yaşaya bilmirəm. Canlı meyit kimi gəzirəm. Arvadım da zəhərli sözlərilə aman vermir. Həm də evin kişisi, sahibi deyiləm.
Mirzə əkə Jumabayı dinləyib bir müddət fikirli halda oturdu, sonra başladı:
– Hə, övladım, indi arvadların növbəsi çatıb, sən Korqool akını sağlığında görməyibsən. O bəzən bizi belə mahnılarla güldürürdü: "Bizim çılğın gəncliyimiz keçdi. Ağlımız azaldı, kədərli qocalıq haqladı bizi. Deyingən qarılarımızın səsini eşitmək heç xoş deyil. Ancaq siz cavansınız. Firavan və dinc şəraitdə yaşamalısınız”. Bax belə... Sənə bir qəribə hekayət danışacam: "Keçmiş zamanlarda bir qocanın arvadı kobud, deyingən imiş, ərinə gün vermirmiş. Kişi isə səbirlə dözür, inanırmış ki, vaxt gələr hər şey düzələr. Ancaq günlərin birində o öz heybəsini götürüb evdən gedir. Yola düşərkən deyir:
–Yaman arvad, mən gedirəm, necə istəyirsən yaşa özünçün. Bəsdi daha.
– Get, get, belə yarımçıq olduğun halda, guya, kimsə yolunu gözləyir? Get, yolun açıq olsun, – qadın paltar yumağa və deyingənliyə davam edərək deyir.
Kişi geniş çöllə gedir və üç kişinin namaz qıldığını görüb onlara yaxınlaşır. Adamlar namazı bitirib axırda əllərini göyə qaldıraraq dua eləyirlər. Bu an süfrə öz-özünə açılır və yeməklə dolu dörd qab, müxtəlif nemətlər peyda olur. Hamı dinməzcə yeməyini yeyir və yenə namaz qılır. Dördüncü gün növbə onlara qoşulan gəncə çatır. O, əllərini göyə qaldırıb deyir:
– Ey yaradan Allah, mən üç gün bu adamların süfrəsinə şərik oldum, məni onların yanında xəcalət etmə, yemək göndər. Əgər yemək versən, onlarınkından çox ver.
Namazdan dərhal sonra süfrə açılır və cürbəcür qablarda yeməklər gəlir, qonaqlıqdan sonra gənc onlarla vidalaşır:
– Salamat qalın, mən evimi tərk eləmişəm və yoluma davam etməliyəm.
Belə olduqda o birilər heyfslənirlər:
– Ee, o evindən gedib, indi biz neyləyəcəyik? Yox, getmə, qayıt. Biz Allaha yalvarıb dua edəcəyik ki, səbir, mərhəmət göstərsin. Buna görə də Allah bizə yemək qismət eləyir. Bizə yazığın gəlsin. Arvadının şıltaqlarına döz, səbir kasasının dibi qızıldandır, bizə rəhm elə”.
Onlar beləcə gənci yola gətirmək, ailəsinə qayıtmaq üçün yenə yalvar-yaxar etməyə başlayırlar.
"Yox, düz deyirlər. Necə gedə bilərəm? Əgər getsəm, bu yazıqlar acından ölərlər. Dözəcəyəm. Ola bilsin Allahın da mənə rəhmi gəldi” – cavan adam bu fikir-xəyalla geri dönür. Arvadı onu görüb:
– Nə oldu, – soruşur, – nə demişdim sənə? Sən heç harda qərar tuta bilməzsən. Kimə lazımsan? Məndən başqa kimsə sənə dözməz.
–Ay arvad, – əri dedi, – bütün dünyanı dolaşdım, sənin kimi arvad tapa bilmədim. Məni söysən də, qınasan da, mənimçün təksən. Boynuma alıram. Sən demə, mənə yemək verən, qayğıma qalan tək sənsən.
O, arvadını tərifləməyə başlayır. Bundan azca yumşalmış arvad da qımışaraq ərinin qabağına yemək qoyur...”
Başa düşürəm, Mirzəkə, siz müdrik adamsınız, – Yumabay ev yiyəsinə təşəkkür elədi və bikef halda geri qayıtdı. Arvadı onu qışqırıq və latayırla qarşıladı:
– Get öz həyatını yaşa, tüfeyli! Sənin kimilər küçədə nə qədər istəsən var!
– Qulaq as, arvad, sənin kimisini hardan taparam? Yaxşısı budur, ərinə yemək ver, acından ölürəm, – Jumabay dilləndi, dərindən ah çəkib döşəmədə bardaş qurdu.
– Görürsən, heç nəyə yaramırsan. Səssiz-səmirsiz başını aşağı salıb yaşasana! – qadın ərinə deyinməyində davam edərək ona yemək gətirdi. Bir azdan Jumabayın doğma qardaşının səsi gəldi. Arvadı ərini qabaqlayıb həyətə atıldı və qaynını heç astanaya da buraxmadan cavab verdi:
– Qardaşın evdə yoxdu, mən də işə getməyə hazırlaşıram.
Az qala yemək Jumabayın boğazında qalacaqdı. "Allah, özün kömək ol” – o, dilxor halda öz-özünə deyinərək yaxalığından yapışdı. Arvadı isə heç nə olmamış kimi o biri otağa keçdi. Neyləyəcəyini, oturmaqmı, qardaşının dalınca qaçmaqmı bilmədən – "Allah, mənə səbir ver, səbir ver”, – deyə-deyə yerindəcə vurnuxdu. Onun şüurunda həmin üç adam geniş tarlada gözə görünmədən Jumabaya səbir diləyərək dua eləyirdi. Artıq üç oğlu iridir, balaca kürən qızı da böyüyür. "Birdən oğlanlarıma da anaları kimi arvad qismət olsa, onların taleyi necə olar? Ya da qızım anası kimi olsa, onda da kürəkəninki gətirməz. Əstəfürullah, gör ağlıma nələr gəlir?” – Jumabay axmaq fikirləri qovaraq başını buladı. "Uşaqların işi necə olacaq, necə böyüyəcəklər? Heç ata tərəfdən ən yaxın qohumlarını belə tanımırlar, ünsiyyət bağlamırlar, ancaq dayılarına əstəfürullah, Allah gözü ilə baxırlar. Yəni doğrudanmı onlar, Çingiz Aytmatovun yazdığı kimi, manqurt olacaqlar? Axı onları düşmənlər belə cəzalandırmışdılar, bəs özümüzünkülər barədə nə deyim, bunları kim cəzalandırıb? Mən heç qəbirdə də rahat olmayacam, bu nə həyatdır, nə zamandır?”
Gecədir, ancaq Jumabay yata bilmir, sonsuz fikir-xəyal rahatlığını alıb. Mərhum Asekaavanın sözləri çin olsa, necə? O müdrik Asekin danışdığı əhvalatı gözləri önünə gətirəndə kirpiklərini yuma bilmədi. "Qədim zamanlarda bir kişi, onun da yeganə bir oğlu varmış. Bu adam ömrü boyu insanlara, doğma torpağa qayğı göstərərək yaşayırmış. Bir gün qonşu qadın kişi səsi ilə içəri girir: "Sən yeganə oğluna necə tərbiyə verirsən? O sənə layiq deyil. Dünən bağıma girib, ənciri yığıb. Mən əncirə görə deyiləm, ancaq məgər soruşmamış başqasının bağından meyvə dərmək olarmı? Axı bu, oğurluqdu” – qadın gileylənir.
Bütün ömrü gözləri önündən gəlib keçdi. Həyatı boyu özgə bağındakı ağacdan bir budaq da qırdığı, yaxud özgə malına tamah salaraq rüsvay olduğu baş verməmişdi. Belə olduqda o, qarısını çağırdı. "Ey qarı, sənin oğlun belə-belə qələt qarışdırıb. Bəlkə, o bu adətləri səndən, ya da qohumlarından miras götürüb?” – qoca soruşur. Qarı fikrə gedir və doğma adamlarının içərisində oğru tapmır, ancaq bir hadisəni xatırlayır...
– Eh, uşaqlarımın atası, məni bağışla. Köksümün altında bu oğlanı daşıdığım vaxt necə oldusa, qonşunun dükanına girdim, orada yetişmiş əncir gördüm, qonşu üzünü o yana çevirəndə özümü saxlaya bilmədim, bir əncir oğurlayıb yedim. İndi get qonşunun yanına və bizə görə üzrxahlıq elə.
Asek qonşunun evinə gedib dedi: "Bu oğurluq mənim oğlumdan yox, arvadımdan gəlir. O yerikləyəndə sizin dükandan əncir oğurlayıb, gizlicə yeyib. Onu bağışlayın”. Qonşu cavab verir ki, qadın öz günahını boynuna alırsa, bağışlayır. O vaxtdan bu yana onların oğulları daha heç vaxt oğurluq eləmir”.
Öz-özünə fikirləşirdi ki, hə, arvadım da hamilə vaxtı acıqlı olurdu. Həmişə narazı, qara-qışqırıqçı idi, hey deyinir, məni yamanlayırdı. Allah eləməmiş, əgər bütün uşaqlar onun xarakter cizgilərini götürsəydilər, onda hesab elə mənim adım rüsvay olacaq. Utancaq halda köynəyinin yaxasından yapışdı. Ərini belə və Allaha yalvaran halda görən arvad bundan sevinməyə başladı: "Nədi, Allah görünür gözünə, ya ölümün çatıb? Hoolub, yaxandan niyə tutubsan?”.
Ancaq arvadının sözlərinə etina etmədi. O, uşaqlarının gələcəyini düşünürdü. Sonra qonşu aillərdən olanlar haqqında fikirləşdi, artıq kiməsə kömək eləyən yoxdur, heç kim bir-birinə əl tutmur, hamını bir şey düşündürür: necə pul əldə eləsin? Varlıların çoxu xaricə gedib, onlar kazinoda, bardadır, bir-birini qarət eləyir, bəziləri – qazanc xatirinə öz boş vədləri ilə hakimiyyətə gələnlərsə indi "Mersedes”də şellənir və bu xalqa onlardan bir qara qəpiklik fayda yoxdur. Cibləri boşlarsa dilənçi kökündədirlər. İçirlər, öləndə də deyirlər, araqdan öldü. Hətta torpaq da pis adamın ruhunu aparmamasını Allahdan xahiş eləyir ki, həmin adamın cəsədi torpağı murdarlamasın. Ona görə də xalq arasında belə deyim var: "Allah da pis adamın ruhunu aparmağa qorxur”.
Allah niyə sülhməramlı, ağsaqqal, aillərin atası Janbolotun həyatını qırmadı, var-dövlətdən xumarlanan, hətta Allaha asi olan, yaxud camaat içində qarışıqlıq toxumu səpən alkaşların canını almaq daha yaxşı olmazmı – Jumabayın başında arvadının qara-qışqırıqları bir-birinə qarışırdı: "Ölüm olsun sənə, qalx, yaramaz. Elə yatırsan, elə bil dağ aşırıbsan”. Əgər arvadının hiddətli qışqırıqlarına küçədə "Mersedes”in sahibi Manapbayın səsi qarışmasaydı, kim bilir hələ nə qədər də uzanıb qalacaqdı?
–Ooo, Jumake, gəl bizimlə rayon mərkəzinə gedək. Yolüstü ərzağın haqqını ödəyərik. Pul verərik, rayon icra hakimiyyəti başçısını devirmək istəyirik, – dedi. Jumabay eşitdiklərindən quruyub qaldı.
– Oyy, Mane, bu uzundraz sənin nəyinə lazımdı, sənnən mən gedərəm. Qoy Jamake təsərrüfatdan göz-qulaq olsun, – Aktoo qətiyyətlə bildirdi.
Həmin gün mitinqə çıxanlar bura toplaşan kütlənin sayca az olduğundan düşündüklərini həyata keçirə bilmədilər. Monapbay və daha bir igid, Aptoo ilə rəfiqəsini də götürüb "Mersedes”də rayon mərkəzindən aillərinə tərəf yol aldılar.
– Bir dəfə yaşayırıq. Bir yanda dincəlsək, təbiətin qoynunda dərdimizi dağıtsaq, noolar?
Təklif Aktoonun xoşuna gəldi və o, əzilib-büzülərək cavab verdi:
– Gör mənim qaynım necə başadüşəndi?
Maşın sürətlə dağ tərəfə buruldu. Dağ çayına yaxınlaşdılar. Tez adyal və bahalı dəstərxan çıxarıb yerə sərdilər. Hər şey əvvəlcədən hazırlanmışdı, araq, konyak, yemək... Manapla bir yerdə olan gənc elə şirin səslə oxuyurdu ki, dəliqanlı cavanlar onun mahnılarından əriyib gedirdilər. Aptoonun oxumaq növbəsi çatdı, o, yeni mahnı oxudu. Məclis şən halda davam eləyirdi...
Dörd şüşə araq, bir konyak içiləndən sonra Manapla Aptoo, cavan oğlanla da rəfiqəsi çayyuxarı getməyə başladılar .Az sonra yaşıl tarlada Manap Aptoonu qucaqladı, onu hərarətlə öpməyə başladı, sonra isə otluğa sərildilər... Aptoo adamı həvəsə gətirən səslə inildəməyə başladı, onu qucağından buraxmayan Manap isə tövşüyüb nıqqıldayaraq zərif sözlər pıçıldayırdı.

***
Jumabay keçiləri sürüb ağıla saldığı vaxt yeganə qardaşının qəfildən naxoşlayaraq xəstəxanaya düşdüyünü eşitdi. Kiçik qızı ilə tez-tələsik yemək hazırlığı görüb qardaşının yanına getdi. O axşam Aptoo evə gəlmədi. Bu, yenilik deyildi. Hətta Jumabayın işdə zülm çəkdiyi vaxtlarda da Aptoo ona tez əvəz tapırdı. Əgər əri onun harda olduğunu, niyə gecikdiyini soruşmağa başlayardısa, qadın onu dərhal gözümçıxdıya salar, üstünə çəmkirərdi. Arvadının nə yuvanın quşu olduğunu bilsə də, başı dinc olsun deyə dinməməyə üstünlük verirdi.
O gecə Yumabay yata bilmədi. Cürbəcür səfeh fikirlər əlində səhərəcən girinc qaldı. Aptoonun alkoldan zəhərlənmiş bədəni ərinin qarşısında cansız cəsəd kimi qalmışdı. Yumabay öz-özünə dedi: "Yəqin yorulub” Amma indi onun hansı işdən yorula biləcəyi barədə belə düşünmək istəmirdi. Bu vaxt evin yanından yenə ulaşan qurdların səsi gəldi. Ulartıdan səksənmiş Aptoo gözlərini açdı.
– Oyy, bu nə vahumədi belə, qurd ulayır? Allah onları öldürsün. Sən nə durub baxırsan? Kişisən, ya yox? Eşiyə çıx bax gör Allah eləməmiş, inəyi, keçini apararlar.
Səhərə yaxın zorla yuxuya gedən Jumabay arvadının vahiməli qışqırığına oyandı. Ətraf duman içində idi. Payızın soyuğu hər yeri bürümüşdü. Rəhmətlik atası deyərdi ki, qurdlar dumanda oyanırlar. Yumabay dünyaya gələn gündən belə qəribə gecə görməmişdi. Sən demə, nağıl gerçək olurmuş. Tövlə bağlı, itin izi-tozu yox. Yəqin o da nəsə pis şey duyub gizlənib. Ya da harasa qaçıb gedib.
Ertəsi gün aildə ancaq canavarlardan danışırdılar. Məsciddə duadan sonra imam belə dedi:
– Qardaşlar, qohumlar! Ölülərinizin ruhunun salamatlığına dua eləyin. Qoy ruhları əmin-amanlıqda olsun. Bizim dualarımızla mükafatlansınlar ki, sağ qalanlar firavan və rahat yaşasınlar. Ölənlərin ruhuna dua oxuyarlar. Bu hər müsəlmanın vəzifəsidir. Öz ölmüş valideynlərinizi hər dəfə yada salın. Bilirsiniz insanın ruhu nə vaxt ölür? Ruh onda ölür ki, onu heç kim başa düşmür, ona məclis qurmur, onu yad eləmir, – deyib imam təlimatlandırır, "Qurani-Kərim”dən surələrin mənasını aydınlaşdırırdı.
Bu sözlər Jumabayın ürəyini yenidən sızlatdı. O, bir dəfə də olsun öz valideynlərinin qəbri üstə olmamış və dua etməmişdi. Arvadı ilə otuz illik birgə həyatları ərzində bircə dəfə də onların ailinə ayağı dəyməmişdi. Əlinə keçəni özününkülərin olduğu Oş şəhərinə daşımışdı. "Bu qadından necə də boğaza yığılmışam?! Yəqin ki, məni ondan ancaq ölüm ayıracaq. Adamların qarşısında utanıram, başqaları ata-anası üçün yas məclisləri qurur, başdaşı yerində heykəl ucaldır, ölənlərin xatirəsini əbədiləşdirirlər. Bəs mən neyləyirəm? Arvadımın uşaqlarına dayə olmuşam ki, onun zəhərli sözlərini eşitməyim. Məgər bunu o özü bilmir?” – Jumabay beləcə oturub götür-qoy eləyirdi. Hamının çıxıb getdiyindən, məsciddə tək qaldığından xəbəri olmamışdı. Molla Jumabayı tək qalan görüb fikirləşmişdi ki, yəqin, o, ölülərinin ruhuna dua oxuyur. Axırı Jumabay da məsciddən çıxdı. Evə gələndə gördü arvadı hönkürüb ağlayır.
– Noolub? – Jumabay soruşdu.
– Hamı məsciddən çoxdan qayıdıb. Sənsə ordan çıxmırsan. Elə bil atan diriləcək. Mən başıbəlalı! Qardaşım oğlu ölüb, yığış Oşa gedəcəyik. Mütləq getməliyik, – Aptoo hönkürüb eşiyə çıxdı, – son illər gör neçə dəfə bəd xəbərlərə görə Oşa getmişəm? Həftə səkkiz, mən doqquz ordayam. Görəsən, bütün bunlar kimin günahına görədir, ay Allah?...
Tərcümə edəni: Vaqif Əjdəroğlu

banner

Oxşar Xəbərlər