• şənbə, 20 Aprel, 15:12
  • Baku Bakı 23°C

Qrip, yoxsa...?

04.10.16 12:27 1931
Qrip, yoxsa...?
Payızın gəlişi ilə əlaqədar xəstəliklərin də sayı artmağa başlayıb. Mövsümi dəyişikliklərlə bağlı yaranan bu xəstəliklər xüsusilə orqanizmi zəif və həssas insanlara daha tez təsir edir. Belə ki, son günlər qripəbənzər əlamətlərlə müşahidə olunan virusoloji xəstəliklər artıq ciddi hal almağa başlayıb. Elə hər birimizin ətrafında artıq bu xəstəliklərə yoluxan kifayət qədər insan var. Bəs görəsən bu xəstəliyə həqiqətən də qrip demək düzgündürmü? Özümüzü bu xəstəliklərdən necə qoruya bilərik?
Tibb və fəlsəfə elmləri doktoru Şəmsiyyə Namazlı deyir ki, bu əlamətlərlə müşahidə olunan mövsümi xəstəliklər yuxarı tənəffüs yollarının xəstəliyi olub infeksion xəstəliklər qrupuna aiddir: "Bu xəstəliklər özünü mövsümi dəyişiklik zamanı, xüsusilə yaz-payız aylarında daha çox büruzə verir. Temperaturun aşağı düşməsi, günəş şüalarının intevsivliyinin azalması, atmosfer təzyiqinin dəyişməsi və havada nəmliyin artması kimi səbəblər xüsusilə immun-bioloji sistemi aşağı olan insanlarda özünü tez büruzə verir. Nəticədə yuxarı tənəffüs yolları iltihabı və el arasındakı kimi sadə dillə desək, "qrip” xəstəliyinin yaranmasına səbəb olur. Əslində isə bu heç də qrip xəstəliyi deyil”.
Ş.Namazlının sözlərinə görə, xəstəliyin geniş yayılmasının əsas səbəblərindən biri də ictimai yerlərdə və nəqliyyat vasitələrində virusa yoluxmuş şəxslərin digərləri ilə sıx təmasda olmasıdır: "İnsanların sıx toplaşdığı belə yerlərdə virus daşıyıcısı varsa, həmin virus digərlərinə də sürətlə yoluxa bilir. Belə ki, bu xəstəlik hava-damcı vasitəsi ilə keçən bir xəstəlik olduğundan insanlar tez bir müddət ərzində daşıyıcıya çevrilirlər. Həmçinin həmin şəxslər asqırmaq, öskürmək vasitəsilə də virusları ətrafa yaya bilirlər. Xəstəliyin intensiv yayılmasının bir başqa səbəbi də virusların 1-1,5 metr məsafədə, dairə çərçivəsində öz keçiriciliyini saxlamasıdır. Ona görə də immuniteti daha zəif olan insanların xəstəliyə yoluxma ehtimalı daha çoxdur. Həmçinin bu sıxlıqla əlaqədar olaraq avtobusların, metro qatarlarının tutacaqlarının dezinfeksiya olunması çox önəmlidir. Təbii ki, xəstəliklərin yayıldığı yaz-payız mövsümlərində xroniki xəstəlikdən əziyyət çəkən insanların ağrıları daha da kəskinləşir”.
Professor Adil Qeybulla hesab edir ki, yayılan xəstəliklər sadəcə olaraq soyuqdəymədir. Onun sözlərinə görə, xəstəliklərin geniş yayılmasınn əsas səbəbi insanların havanın dəyişməsinə etinasız yanaşmasıdır: "El arasında insanlar yuxarı tənəffüs yolarının bütün xəstəliklərini qrip adlandırırlar. Lakin nəzərə almaq lazımdır ki, yuxarı tənəffüs yollarının 15-dən çox infeksiyası var ki, biz bunu ümumilikdə qrip adlandıra bilmərik. Hal-hazırda temperaturun artması, halsızlıqla müşayiət olunan xəstəliklər sadəcə olaraq mövsümlə bağlı olan soyuqdəymə xəstəlikləridir. Qeyd edim ki, hələ sovet dövründən bu xəstəliklərə kəskin respirator xəstəlik diaqnozu qoyulurdu. Qrip isə karantin infeksiyasıdır. Belə bir təhlükəli fakt müşahidə olunanda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bununla bağlı raport verir. Dünyada dörd karantin infeksiyası var ki, bu yaxınlara qədər bu siyahıya vəba, taun, sarı qızdırma, çiçək xəstəlikləri aid idi. Lakin hazırda ÜST-nin qərarı ilə təbii çiçək bu siyahıdan çıxarılıb. Çünki vaksinasiya əsasında bu xəstəlik artıq müalicə olunur. İndi təbii çiçəyin yerinə qrip xəstəliyi əlavə olunub. Qeyd etdiyim kimi, qrip karantin infeksiyasıdır. Belə bir təhlükə aşkarlandıqda ÜST bununla bağlı məlumat verərək xəstəlik və onun törədəcəyi fəsadlar haqqında xəbərdarlıq edir. İnsanlar arasında qrip əlamətləri ilə yayılan bu xəstəlik yuxarı tənəffüs yollarının katarıdır. Belə ki, immun sisteminin zəifləməsi fonunda mikroblar fəallaşır və orqanizmdə qripəbənzər əlamətlər yaranır. Bu xəstəliyə yoluxan şəxslər də xəstəliyi tez bir zamanda digərlərinə də yoluxdurur”.
A.Qeybullanın sözlərinə görə, soyuqdəymə xəstəliklərinin müalicəsi əsas etibarilə insanın özünü qorumasından asılıdır: "Adətən mövsüm dəyişikliklərində havaya aldanaraq nazik geyinirlər. Payızın günəşi, havanın isti olması insanı aldadır. İnsanlar havaya etinasız yanaşırlar. Həmçinin, yay vaxtı meyvə-tərəvəz, vitaminli qidalar çox qəbul olunur. Amma payız və qışda artıq vitamin qəbulu azalır. İlk növbədə xəstəliyə yoluxmamaq üçün mümkün qədər bu xəstəliyə yoluxan şəxslərdən uzaq durmaq lazımdır. Kütləvi toplaşma yerində, ictimai nəqliyyatda xəstəliyə yoluxma riski daha çoxdur. Xüsusilə də maska taxılması vacibdir. Adətən buna kompleks yanaşılsa da, maskanın taxılması çox vacibdir”.
Həkim-terapevt Məlahət Abbasovanın sözlərinə görə, belə xəstəliklərin yayılması havanın kəskin dəyişməsi ilə əlaqədardır: "İnsan orqanizmi yaydan sonra havaların tez bir zamanda soyumasına adaptasiya ola bilmədiyindən bu xəstəliyə yoluxma hallarının sayı da durmadan artır. Aydındır ki, immun sistemi zəif olan şəxslər bu xəstəliklərin də ilk qurbanlarına çevrilirlər. Çünki onların orqanizmi xəstəliyə davamsızdır. Qrip xəstəliyi də yuxarı tənəffüs yollarının xəstəliyi olmasına baxmayaraq, əslində qrip tamamilə başqa bir virusdur. Lakin hazırda geniş yayılan soyuqdəymə xəstəlikləri qrip yox, zökəm adlanır”.
Həkimin sözlərinə görə, adətən bu cür havada mövsümə uyğun olmayan geyimlər geyinildiyinə görə xəstəliyə daha tez yoluxulur: "Orqanizmin temperaturu havanın temperaturu ilə uyğun gəlmədiyinə görə yuxarı tənəffüs yollarının iltihabı başlayır. Ona görə də payızda çalışmaq lazımdır ki, daha çox meyvə-tərəvəz və vitaminli qidalar qəbul olunsun. Xüsusilə kök, çuğundur, alma immun sisteminin güclənməsində çox önəmli rol oynayır. Əgər qışda bunun üçün xüsusi dərman preparatları qəbul edilirsə, payızda daha çox meyvə-tərəvəz qəbulu vacibdir. Həmçinin qeyd edim ki, çoxlu maye qəbul edilməli, tərkibində C vitamini olan qidalara üstünlük verilməlidir. Əgər xəstəliyə yoluxmuş şəxsin başqa bir xəstəliyi varsa və dərman qəbuluna icazə verilmirsə, itburnu çayı dəmləyərək içilməsi məsləhət görülür. Məktəblilərə və azyaşlı uşaqların burunlarına virus əleyhinə xüsusi mazlar vurulmalıdır ki, belə xəstəliklərdən müdafiə olunsunlar”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər