• cümə, 19 Aprel, 00:06
  • Baku Bakı 18°C

“Qoy desinlər, boyunlarına alsınlar”

11.01.17 11:00 1785
“Qoy desinlər, boyunlarına alsınlar”
Son zamanlar ermənilər arasında Azərbaycanın haqlı mövqeyini dəstəkləyənlərin, ərazi bütövlüyünü qəbul edənlərin sayı artır. Nümunə kimi, yaradılan Sülh Platformasını və ona qoşulan erməniləri göstərmək mümkündür. Bundan əlavə, ABŞ-da yaşayan yazıçı Anna Paytyan mövqeyini bölüşməkdən çəkinməyib. O, Xocalı soyqırımı haqda cəsarətli bəyanatı ilə fərqlənib və qanlı qətliamı təşkil etmiş cəlladların cəzalandırılmasını tələb edib. Bildirib ki, Azərbaycan uşağını öldürən kəs, erməni uşağını da öldürəcək: "Serj Sarkisyana və Robert Koçaryana əfv hüququ olmadan ölüm cəzası!"

Ukrayna Erməniləri Milli Konqresinin sədri Aşot Ovanesyan isə APA-ya açıqlamasında deyib ki, Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması şərti ilə sülh əsasında son qoyulmalıdır: "Bizim hazırda vətəndaşı olduğumuz Ukraynanın da ərazi bütövlüyünə təcavüz olub, biz həmişə bu məsələ ilə paralel, Azərbaycanın da ərazi bütövlüyünün bərpası məsələsini qaldırırıq. Azərbaycanın işğal olunmuş rayonları geri qaytarılmalıdır. Biz bunu dəfələrlə Ermənistan rəsmiləri ilə, deputat qrupları ilə görüşlərimizdə tələb etmişik. Azərbaycan mənim vətənimdir, mən orada Oğuz rayonunda doğulmuşam. İndi də biz ailə olaraq, Azərbaycanı özümüzə vətən hesab edirik. Biz istəyirik ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun. Bu münaqişədən erməni xalqı çox əziyyət çəkir, müharibə bitər, sərhədlər açılarsa, Ermənistan bundan iqtisadi cəhətdən çox fayda götürəcək. Bu, tək mənim yox, əksər ermənilərin fikridir”.

Göründüyü kimi, artıq ermənilər içində də həqiqətləri etiraf edənlər var. Təbii ki, ilk olaraq, bunun nəyin göstəricisi olduğu sual doğurur. Həmçinin, Azərbaycanın bu cür faktlardan nə cür yararlana biləcəyi də müzakirə mövzusuna çevrilməyə bilməz.

Bu haqda suallarımızı cavablandıran millət vəkili, AMEA Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlı dedi ki, Sülh Platformasının yaradılması və son günlər ona qoşulanların sıralarının genişlənməsinə dair izlədiyimiz xəbərlər bir daha göstərir ki, dünya ermənilərinin heç də hamısı Serj Sarkisyan və ətrafındakılar kimi düşünmür: "Ermənistan rəhbərliyi daim belə bir uydurma təbliğat aparır ki, guya azərbaycanlılar və ermənilər bir yerdə yaşaya bilməzlər. Bu iyrənc təbliğatın da konkret məqsədi Azərbaycanın Dağlıq Qarabağ regionunun ya müstəqil olması, ya da Ermənistana birləşdirilməsidir. Belə təbliğatın heç bir tarixi və siyasi təməli yoxdur. Çünki hələ XIX əsrdə Cənubi Qafqaza gətirilən ermənilərə azərbaycanlılar torpaq, isti yuva veriblər, onlarla çörəklərini bölüblər. Həm çarizm, həm də sovet dövründə ölkə daxilində müəyyən qüvvələrin və bəzi xarici ölkələrin iki xalq arasında nifaq salaraq niyyətlərini reallaşdırmaq üçün törətdikləri qanlı hadisələr istisna olmaqla, ermənilər daim azərbaycanlılarla yanaşı yaşayıblar. Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ regionunu və ətraf ərazilərini işğal etməsinə baxmayaraq, indinin özündə Azərbaycanda ermənilər yaşayırlar, aparıcı informasiya saytlarında işləyirlər, hətta Bakıya səfərlər də edirlər. Bu, bir daha göstərir ki, azərbaycanlılar və ermənilər mehriban qonşular kimi yaşaya bilərlər. Münasibətlərdə olan problemlərin kökü Ermənistanın işğalçılıq siyasətindədir. Rəsmi İrəvan Azərbaycanın işğal edilmiş bütün ərazilərini boşaltsa, düşmənçilik siyasətindən əl çəksə, iki ölkə arasında normal münasibətlər qurula bilər. Hesab edirəm ki, xarici ölkələrdə yaşayan ermənilərin bir qismi yanlış daxili və xarici siyasəti ilə Ermənistan vətəndaşlarına bədbəxtliklər gətirən, Ermənistan dövlətinin mövcudluğu üçün təhlükə yaradan indiki rejimə yaxşı münasibət bəsləmir və onlar da məlum platformaya qoşulacaqlar. Çünki Ermənistanın bir dövlət kimi gələcəyi Azərbaycan ilə normal münasibətlər qurmasından keçir”.

AMEA Tarix İnstitutu Qarabağ tarixi şöbəsinin müdiri, professor Qasım Hacıyev də xatırlatdı ki, ermənilər Azərbaycana, Qarabağ ərazisinə 19-cu əsrin əvvəllərində köçürülüblər. Rusiya tərəfindən onlara müxtəlif şərait yaradılıb: "Havadarlarının hesabına daha fəal şəkildə ərazi iddialarına başladılar. Dağlıq Qarabağ onlara aid olmasa da, bu haqda kitablar yazdılar, ideoloji vəsaitlər hazırladılar. İlk dəfə 20-ci əsrin əvvəllərində soyqırımılar törətdilər. Ərazi iddiaları özünü 20-ci əsrin sonlarında daha aydın göstərməyə başladı və torpaqlarımızı işğal etdilər. O vaxt sorğu aparılmışdı və ermənilər Azərbaycanın tərkibində qalıb yaşamaq istədiklərini demişdilər. İllərlə ermənilərin həqiqətləri dilə gətirdiklərini görməmişik. Son dövrlərdə bunu Ter-Petrosyandan gördük. Təbii ki, bu münaqişə ədalətli həllini tapmalıdır. Amma onu da bilirsiniz ki, Ermənistanda parlamentdə gülləboran yaşanıb, Ter-Petrosyan hakimiyyətdən uzaqlaşdırılıb və s. İndi həqiqətləri etiraf edən ermənilərin sayının artması məni sevindirir. Qoy desinlər, boyunlarına alsınlar. Təəssüf ki, çox zaman ermənilərin planlarının ardından məkrli niyyətləri ortaya çıxır. Bunu sırf sonuncu etiraflarla bağlı demirəm. Bu faktla bağlı onu demək istəyirəm ki, istənilən düşmən olan adamlar sonra bir yerdə yaşaya bilirlər. Ələlxüsus da, buna məcburdurlarsa. Ola bilsin, biz onlarla yenə də əvvəlki kimi yaşayaq”.

Professor hesab edir ki, Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən ermənilərə inandığımızı deməliyik: "Biz çoxdan ermənilərin bu cür mövqe sərgiləyəcəyini gözləyirdik. Avantürist ermənilərdənsə, faktlara söykənərək həqiqətləri dilə gətirən ermənilərin olması daha yaxşıdır. Obyektiv fikir söyləyən, Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu deyən ermənilərə qarşı heç bir iddiamız yoxdur. Həmişə ümid edirdik ki, o millətin içindən ağıllı adamlar çıxacaq. Ədalətsiz siyasətin, yersiz münaqişənin sona çatmağı lazımdır. Bizim arzumuz bu idi ki, həqiqəti onlar da anlasınlar. Bizim deməyimizdən çox, ermənilərin öz etirafları daha yaxşıdır. Biz bunu təbliğ etməli, yaymalıyıq”.

Xalq şairi Fikrət Qoca da dedi ki, hər zaman ermənilərin reallıqları başa düşmələrinə çalışılıb. Nəhayət, onlar dərk edirlər ki, tarixi faktları başqa cür təqdim etmək lazım deyil: "Çalışırdıq ki, baş verənləri etiraf etsinlər, boyunlarına alsınlar, Qarabağın Azərbaycana məxsusluğunu dilə gətirsinlər. Nə qədər dalaşmaq, bir-birini öldürmək olar? Buna son qoyub adam kimi yaşasınlar. Axı biz qonşuyuq. Sülh şəraitində yaşasaq pismi olar? Əvvəllər qətiyyən sülhə yaxın gəlmirdilər, bizi eşitmirdilər. Əgər indi başa düşməyə başlayıblarsa, lap yaxşı. Düzdür, gecikiblər, amma gec də olsa, etiraf etmələri yaxşı haldır. Azərbaycan bu kimi faktlardan öz təbliğatında istifadə edə bilər. Onlar bizə qarşı soyqırımı həyata keçiriblər. Bunu etiraf ediblərsə, biz onları dəstəkləməliyik. Ölkəmiz illərdir təbliğat qurur. Biz elə bunu istəyirdik. Ermənilərin sülhə gəlməsini, reallığı etiraf etmələrini. Nəhayət ki, onlar haqqı müdafiə etməyə, reallıqları dilə gətirməyə başlayıblar. Belə faktlar ölkəmizin xeyrinədir”.
Şəfa Tapdıq

banner

Oxşar Xəbərlər