• cümə axşamı, 18 aprel, 20:32
  • Baku Bakı 21°C

Qovuşmaq üçün sərhədlər aşan cütlük... - Ailə

15.09.17 11:00 9359
Qovuşmaq üçün sərhədlər aşan cütlük... - Ailə
Onlar bir-birlərini görmək, bir yerdə ola bilmək üçün sərhədlər aşıblar. Əksər cütlüklər kimi bir görüş üçün saatlar kifayət etməyib. Oğlan hər dəfə sevdiyini görmək üçün Sibirə, qız isə Naxçıvana yollanıb. Nə sərhədlər, nə soyuq hava, nə də uzun yollar onların qovuşmasına mane ola bilməyib.
"Ailə” rubrikamızın budəfəki qonaqları "Ölkə.az” saytının baş redaktoru Məmməd və xanımı Ayseldir. Gülməmmədovlar 4 ildir ki, evlidirlər və onların Bəhruz adlı 3 yaşlı oğlanları var.

Həmişə olduğu kimi bu dəfə də cütlüyümüzün tanışlıq tarixçəsindən başlayaq.
Diskdən başlayan sevgi...
Yuxarıda qeyd etdiyimiz kimi, Məmməd Azərbaycanda, Aysel Rusiyada yaşayıb. Məmməd Ayseli ilk dəfə nişan diskində görüb və bəyənib: "Ayselin bacısı sinif yoldaşım Orxanın nişanlısı idi. Orxan Türkiyədən qayıtdıqdan sonra onu görmək üçün Naxçıvana getdim. Kənd yerlərində mütləq, gedən qonağı nişan və ya toy diskinə baxdırırlar. Biz də Orxanın nişan diskinə baxırdıq və anası da nişandakı qonaqları bizə tanıdırdı. Diskə baxdıqda gəlinin bacısı Ayseli gözüm tutdu (gülürlər- A.Ə). Aysel də həmin vaxt kəndə, xalasıgilə gəlmişdi. Orxanla plan qurduq ki, Ayselgilə gedək və özümüzü işıq idarəsinin işçiləri kimi təqdim edək. Həmin vaxt qapını Aysel açdı və mən onu real həyatda da gördüm. Daha sonra aktyorluq qabiliyyətimizi işə salıb "çek”lərə baxıb çıxdıq. Rayon yerlərində ailələrə mühafizəkar olduğu üçün Ayseldən çox qəbzə baxırdım (gülürlər- A.Ə). Sosial şəbəkələr vasitəsilə isə münasibətimizi inkişaf etdirdik”.

Aysel isə Məmmədi sosial şəbəkədə paylaşılan şəkillərdən bəyənib: "Mənim ağlıma gəlmədi ki, qapıya gələnlər sayğaca yox, mənə baxmağa gəliblər. Qapını açan kimi xalamı çağırdım. Kürəkənimiz Orxan da görünməmək üçün çöldə dayanıb”.
Bir qoyuna qurban gedən nişan günü...
Cütlüyümüz bir il tanışlıq məqsədilə danışdıqdan sonra nişanlanıblar. Nişan və toy günləri isə 30 iyun sevgililər gününə təsadüf edib: "Aysel və ailəsi Rusiyada yaşadığı üçün atası məhdud vaxt çərçivəsində Bakıya gəlib-gedə bilirdi. Artıq valideynlər telefonla hər şeyi danışmışdılar, sadəcə, nişanı rəsmiləşdirmək qalırdı. Hətta, nişan iyunun 29-na planlaşdırılmışdı, anacaq bir gün sonraya ertələndi. Çünki Ayselgil 29-u günü almağa ət tapmamışdılar. Naxçıvanda yeyib-içməyə, qonaq gələndə qarşısına kimin necə çıxmasına fikir verirlər. Qoyuna görə, bizim nişan ləngidi (gülürlər-A.Ə).

Aysel: "Əslində Rusiyada belə deyil. Azərbaycanda şan-şöhrət, bacardığından artıq tərzdə qonaq qarşısında görünmək məsələsi var. Həmin vaxt atam gecikdiyi üçün ət ala bilməmişdik. Qoyuna görə, nişanımız sevgililər günündə oldu”.
"Nə çox danışandır, nə də susqun”
Onları bir-birinə cəlb edən xüsusiyyətlərə gəlincə, Məmməd deyir ki, Ayselin savadlı və sakit təbiətli olması onu çəkib: "Hər kəs həyatının bir dövründə kiminləsə tanış olub evlənmək haqqında fikirləşir. Həmin dövrdə yollarımız Aysellə kəsişdi. Biz tanış olduq, danışdıq və sevdik. Ayselin təhsilli, savadlı, təmkinli olması məni cəzb edirdi. Amma ailə qurduqdan sonra təmkinli və sakit xüsusiyyəti dəyişdi (gülür-A.Ə). Aysel ünsiyyətcil deyil, amma sakit də deyil. Nə çox danışandır, nə də susqun. Məncə, bu, qadın üçün ideal xüsusiyyətlərdir. Düzdür, bizim sözlərimiz çox vaxt üst-üstə düşmür. Bunu da ayrı ölkələrdə yaşamağımızla əlaqələndirirəm. Fərqli mühit, fərqli təhsil... Amma ortaq nöqtələrimiz də çoxdur. Bizim bir yerdə olmağımızın səbəbi ortaq nöqtələrimizdir”.
"Deyinsə də, insanın bütün istəklərini yerinə yetirir”
Aysel isə Məmmədin aktivliyinə, xarici görünüşünə və inadkarlığına vurulub: "Məmməd çox aktiv insandır. Qarşısına qoyduğu məqsədə mütləq çatır. Bir yerdə dayanan deyil. Bir şeyi əldə edənə qədər çalışır. Ən sevdiyim xüsusiyyəti isə əldə etdikdən sonra da dayanmamağıdır. Hər vaxt irəli getmək istəyir. Çox ünsiyyətcil, mehribandır. Özüm ünsiyyətcil olmadığıma görə, belə insanlar diqqətimi çəkir. Məmməd çox qohumcanlıdır. Ətrafında olan insanlara qol-qanad gərir. Deyinsə də, insanın bütün istəklərini yerinə yetirir”.
"Aysel qazı açıq qoyur və eyni sözü 5 dəfə təkrarlayır”
Bir-birlərində bəyənmədikləri xüsusiyyətlərə gəldikdə isə Məmməd deyir ki, Ayselin qazı açıq qoyması, hər dəfə problem yaradır: "Ayselin əksər xasiyyətlərini çox xoşlayıram. Xüsusən də Aysel qayğıkeş anadır. Mən həmişə düşünürdüm ki, gənc qızlar uşağa çox məsuliyyətli yanaşmaz. Amma qayğıkeş ana və mənə qarşı da diqqətcildir. Ayseldə xoşuma gəlməyən cəhət bir çox hallarda vaxtsız nələrisə deməsidir. Bir sözü 5 dəfə təkrarlayır. Hətta deyirəm ki, notarius çağırıb təsdiqlətdirəcəyəm ki, 5 dəfə deyibsən. Qohumcanlı deyil. Ayselin dayısının yoldaşı Nərgiz çox gözəl insandır. 40 gün övladımıza o baxıb. Belə insanlara qarşı necə qohumcanlı olmamaq olar... Aysel qaza qarşı məsuliyyətsizdir. Evdə qazı açır, həyətə düşür. Bunun səbəbi Krasnoyarskda heç vaxt qazın olmamağıdır. Ora soyuq ölkə olduğu üçün qaz istifadə edilmir. Mən də qaz açıq qalanda çox əsəbiləşirəm. Bundan başqa, Aysel uşaq rejimində yatıb, oyanır (Gülürlər-A.Ə). Sibirdə hava tez qaraldığı üçün çox tez yatmağa alışıb. Hələ də o xüsusiyyətini tərgitməyib. Mən 2-də yatıram. Amma ümumi olaraq, Aysel həqiqi mənada ideal həyat yoldaşı, savadlı və gözəl anadır ”.
"Məmməd corablarını evdə hara gəldi atır”
Aysel isə Məmmədin plansız olmasından şikayətlənir: "Mən çox planlıyam. Yuxudan oyananda gün ərzində görəcəyim işləri saatlara uyğun şəkildə bölürəm. 8-də evdən çıxmalıyamsa, mütləq çıxmalıyam 5 dəqiqə gecikəndə təşvişə düşürəm. Məmməd isə çox rahatdır. İkinci xoşuma gəlməyən cəhəti isə dağınıq olmasıdır. Corablarını evdə hara gəldi atır. Əvvəl əsəbiləşirdim, amma indi normal qəbul edirəm. Bir də telefonla çox oynayır və bəzən tədbirdə olduqda, evə gec gəlir. Bunlar, jurnalistlə ailə qurursansa, qəbul etməyə məcbur olduğun xüsusiyyətlədir. Amma Məmmədin yaxşı xüsusiyyətləri mənfilərdən çoxdur. Ən əsası, yaxşı ailə başçısı və çox gözəl atadır”.
"Azərbaycan kişisi buna məcbur olur”
Aysel Rusiyada yaşadığından onlar görüşmək üçün sərhədlər keçmək məcburiyyətində qalıblar. İki ölkə fərqliliyi sonrada bir--birilə münasibətlərində də özünü göstərib. Məmməd deyir ki, Aysel Azərbaycana ilk günlər alışa bilmirdi: "Təsəvvür edin, mən sevgimin arxasınca Sibirə gedirdim və oranı da yaxşı tanımırdım. Orada rahat hərəkət də edə bilmirdim. Həqiqi mənada, iki tamamilə fərqli mühitin insanları idik. Buna görə də aramızda fikir ayrılıqları hələ də olur. Biz xəbərin içindəyik. Elə xəbərlər oxuyuruq ki, insan öz ailəsi üçün narahat olur. Aysel isə bunu problem edir. Qadının ailədə ikinci dərəcəli olması ilə bağlı iddiam yoxdur. Amma bizim cəmiyyətdə qadınların azad hərəkət etməsi üçün mühit hələ tam formalaşmayıb. Təzə ailə quranda deyirdim ki, çayxanaya gedirəm. Deyirdi ki, mən də gedim. İzah edirdim ki, bizdə çayxanaya kişilər gedir. Deyirdim gedim "Play-Station” kluba, deyirdi mən də gedirəm. Aysel haradan bilsin ki, bizdə çayxanaya, "Play-Station” klublara kişilər gedir. Biz ailə başçılarıyıq. Bəzən qadınlar düşünür ki, azadlıqlarını əllərindən alırıq. Amma mənə elə gəlir ki, Azərbaycan kişisi bəzi hallarda buna məcbur olur”.
"Ayselin həmişə gözəl görünməsini istəmişəm”
Cütlüyümüz qısqanclıq mərhələsini artıq aşıb. Bir-birləri üçün bunu etmək "olar” və ya "olmaz” kimi sərhədləri də yoxdur. Lakin Məmmədin dəri şalvar və dəri ətək sevməməyi, Ayseli bu imicdən uzaqlaşdırıb: Bir-birimizə heç bir sərhəd qoymamışıq. Amma mən qadının dəri şalvar, yaxud dəri ətək geyinməsinin əleyhinəyəm. Bu geyim formasını heç sevirəm. Bəzən Ayselin geyimlərində nədənsə xoşum gəlməyəndə, fikrimi bildirirəm. O da ondan irəli gəlir ki, mən Ayselin həmişə gözəl görünməsini istəyirəm”.
"Ailədə problemin olmaması anormaldır”
Evlilikdə söz-söhbətlər onun dadı-duzudur deyirlər. Bəs, maraqlıdır, Məmmədlə Aysel dalaşanda kim od, kim su olur?Cütlüyümüz deyir ki, sözləri çəp gələndə heç biri su olmur. Hər ikisi bir atım barıt kimi partlayır: "Biz bir atımlıq barıt kimiyik, tez dalaşıb, çox tez də barışırıq. Ailədə problemin olmaması anormaldır. Biz robot deyilik. Əsəblərimiz gərgin ola bilər. Hamı hər gün bir-birinin üzünə gülürsə, deməli nəsə yolunda getmir. Biz 50 yaşında insanlar deyilik ki, emosiyalarımız ölmüş olsun və bir-birimizi gülərək yola verək. Bizim söz-söhbətlərdə heç vaxt su olmur. Hər ikimiz od oluruq. İkimiz də inadkarıq”.
"Seçimin uğurlu və ya uğursuz olması flört müddətində bilinir”
Sonda cütlüyümüz ailə qurmaq istəyən gənclərə də məsləhət verdi. Məmməd deyir ki, evliliyə qədər iki gəncin arasında mütləq "flört” lazımdır: "Son zamanlar boşanmalar çoxalıb. Bunun səbəbi insanların bir-birini tanımadan ailə qurması və bir-birlərinə güzəşt etməməyidir. Azərbaycanda gənc nəsli boşanmalar qorxudur. Bunun olmaması üçün gənclər təhsilli olmalı və evlənməzdən öncə mütləq bir-birlərini tanımalıdırlar. Mən flörtün tərəfdarıyam. Seçiminin uğurlu və ya uğursuz olması flört müddətində bilinir. Ailə qurarkən artıq hər bir şeyi bilib, qəbul edirlər”.

Aysel isə düşünür ki, evlilikdə nə qadın kişini, nə də kişi qadını dəyişməyə çalışmamalıdır: "Kişi ilə qadın bir-birini qəbul etməlidir. Qadınlar ailə qurduqdan sonra kişiləri dəyişdirməyə meyllidir. Dəyişə bilmədikdə isə problemlər yaranır. Əgər dəyişə bilmirsənsə, qəbul etməlisən. Mənim Məmmədin corablarını ortalığa atmasını qəbul etdiyim kimi (gülürlər-A.Ə). Qızlar mütləq oğlanın təhsilinə və ailəcanlı olmasına fikir verməlidir. Kişinin təkcə pul qazanması hər şeyi həll etmir. Ailəni necə idarə etməsi, onun pul qazanmasından mühüm məsələdir”.

Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər