Qoşulmama Hərəkatının yekun sənədi İrəvanda böyük narahatlıq yaradıb - Fotolar
Ekspertlərin fikrincə, işğalçı ölkənin xarici işlər
nazirliyi absurd bəyanatlar verməklə Ermənistanı dünyanın 120 dövlətinə qarşı
qoyur
Paytaxt Bakı oktyabrın
25-26-da Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə yüksək səviyyədə ev
sahibliyi edib. Görüşdə Qoşulmama Hərəkatına sədrlik Azərbaycana təhvil
verilib. Beləliklə, ölkəmiz 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik
edəcək. Görüşün sonunda Bakı Yekun Sənədi, Bakı Bəyannaməsi, Fələstinə dair
Bəyannamə, Azərbaycan hökumətinə və xalqına təşəkkür, həmrəylik sənədi qəbul
olunub. Bu yüksək səviyyəli tədbirdə iştirak edən 159 nümayəndə heyəti
birmənalı şəkildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə
bağlı beynəlxalq hüququn norma və prinsipləri və BMT Təhlükəsizlik Şurasının
qətnamələrinə əsaslanan qəti mövqeyini təsdiq edib. Bununla da Qoşulmama
Hərəkatının XVIII Zirvə Görüşü Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı ölkəmizin ədalətli mövqeyini daha da gücləndirib. Qəbul edilmiş
sənədlərdə dövlət və hökumət başçıları münaqişənin BMT Təhlükəsizlik Şurasının
qətnamələrinə baxmayaraq, hələ də həll olunmamasından təəssüf hissi
keçirdiklərini bildirib, münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü,
sərhədlərinin toxunulmazlığı əsasında həll olunmasının vacibliyini vurğulayıblar.
Təbii olaraq
bu hadisə işğalçı Ermənistanda böyük narahatlıq yaradıb. Qoşulmama Hərəkatının
XVIII Zirvə Görüşündə qəbul edilən yekun sənədlə bağlı rəsmi İrəvan gülünc mövqe
sərgiləyib. Qoşulmama Hərəkatında yalnız müşahidəçi qismində iştirak edən və
ölkəmizdə olan tədbirə qatılmayan Ermənistanın xarici işlər nazirliyi oktyabrın
28-də bəyanat yayıb. İşğalçı ölkə Qoşulmama Hərəkatına üzv olan 120 dövləti məsuliyyətsizlikdə
və hörmətsiz davranış göstərməkdə ittiham edərək, onları beynəlxalq hüquq və
normalara, BMT Nizamnaməsinə və Helsinki Yekun Aktına əsaslanaraq sülh
prosesinin ruhuna, məntiqinə və istiqamətinə uyğun hərəkət etməyə çağırıb.
Ard-arda diplomatik uğursuzluğa məhkum olan işğalçı ölkədən əslində bundan
fərqli mövqe gözləməyə də dəyməzdi.
Mövzu ilə
bağlı fikirlərini "Kaspi” qəzetinə bölüşən millət
vəkili, siyasi şərhçi Sahib Alıyev bildirib ki, Ermənistan xarici işlər
nazirliyinin məlum reaksiyası bir sıra reallıqlardan xəbər verir. Onun
fikrincə, kommunikasiya baxımdan, enerji daşıyıcı yollardan, Şərq-Qərb,
Şimal-Cənub nəqliyyat dəhlizlərindən təcrid olunan işğalçı ölkə diplomatik
baxımdan da məğlubiyyətə uğrayır, təcrid olunur: "Ermənistanın xarici işlər
nazirliyi belə absurd bəyanatlar verməklə ilk növbədə özünü dünyanın 120
dövlətinə qarşı qoyur. Çünki, müasir dünyada hansısa maraq müqabilində bir-iki
dövləti aldatmaq, nəyinsə qarşılığında 3-4 havadarı qazanmaq olar, amma 120
dövləti bu yolla özünə dəstəkçi etmək olmaz. Lakin fakt budur ki, Bakıda
keçirilən Zirvə Görüşündə BMT üzvü olan 120 dövlət Ermənistan işğal altındakı
Dağlıq Qarabağla bağlı Azərbaycanın ədalətli mövqeyini dəstəklədilər. Bu mövqe
beynəlxalq hüquqa, beynəlxalq prinsiplərə söykənir. Azərbaycanın burada
oynadığı rol, həyata keçirdiyi siyasət, atdığı diplomatik addımlar şübhəsizdir.
Ancaq bununla belə, əgər bu mövqe beynəlxalq prinsiplərlə uzlaşmasaydı, Zirvə
Görüşünün sonunda qəbul edilən yekun sənədə imza atan dövlətlərin sayı
Ermənistanın işğalçılıq siyasətinə, ədalətsiz mövqeyinə dəstək verən
dövlətlərin sayından artıq olmazdı”.
Deputat
vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə 120 dövlətin məhz
Azərbaycanın mövqeyinə dəstək verməsi, bunun qarşılığında Ermənistan xarici
işlər nazirliyinin gülünc bəyanat yayması, işğalçı ölkənin öz ekspertlərinin
dili ilə ifadə etsək, gedən qatarın dalınca daş atmağa bənzəyir: "Ən əsas
məsələ Ermənistanın öz təcridinin bir qədər də güclənməsidir. Haqsız olmaqları
bir yana, beynəlxalq hüquqa uyğun olaraq hərəkət edən dövlətlərin ünvanına
əsassız ittiham yağdırırlar. Məsələyə işğalçı ölkənin maraqları baxımdan da
yanaşsaq, Ermənistan xarici işlər nazirliyinin bəyanatı bu dövlətin necə
çıxılmaz vəziyyətdə olduğunu, siyasətçilərinin, diplomatlarının naşılığını nümayiş
etdirir. Bu yerdə bir məqamı da xatırlatmaq istəyirəm. Ermənilərlə ortaq
mövqedən çıxış edən bəzi sapı özümüzdən olan baltalar sosial şəbəkələrdə
"fəallıq” göstərərək, Bakıda keçirilən Zirvə Görüşünün əhəmiyyətini kiçiltməyə
çalışırdılar. Son proseslərdən sonra bu "özümüzünkülərdən” soruşmaq yerinə
düşərdi ki, əgər doğurdan da Qoşulmama Hərəkatının toplantısı iddia etdiyiniz
kimi "mənasız” və "əhəmiyyətsizdirsə”, işğalçı Ermənistan nə üçün bu təşkilatın
yekun sənədindən narahatlıq keçirir?”.
Politoloq Nəzakət Məmmədova da hesab
edir ki, kiçik, zəif Ermənistanın dünyanın BMT-dən sonra ikinci böyük
təşkilatının - özündə 160-a yaxın dövləti birləşdirən qurumun iradəsinə qarşı bəyanat
verməsi məntiqsizdir. Onun sözlərinə görə, bu, əsassız və mənasız diplomatik
demarş cəhdindən başqa bir şey deyil: "Ermənistan bununla növbəti dəfə dünya
ictimaiyyətinə hörmətsizlik göstərdi və özünü bir daha ifşa etdi. Bu,
ermənilərin özləri haqda yaratdıqları qədim, mədəni, sivilizasiyalı xalq və
dövlət anlayışlarını puç etdi. Dünyanın 200-ə yaxın dövlətindən 160-ı
beynəlxalq hüquq nöqteyi-nəzərindən ədalətli addım ataraq, hər hansı sənəd
qəbul edirsə, bunu qeyd-şərtsiz qəbul etmək hər bir dövlətin borcudur. Lakin
Ermənistanın bu münasibəti təəccüblü deyil. BMT Təhlükəsizlik Şurasının qəbul
etdiyi qətnamələri 27 ildir icra etməyən, Bişkek protokolunu 25 ildir pozan,
Türkiyə ilə imzaladığı protokolları zibil yeşiyinə atan barbar dövlətdən bundan
fərqli yanaşma gözləmək illüziya olardı”.
N.Məmmədova
deyib ki, Qoşulmayanlar Hərəkatı kimi nüfuzlu təşkilata qarşı bəyanat vermək
üçün bir ölkənin ya güclü havadarları olmalı, ya da diplomatik nəzakət və
protokol qaydalarının pozulması kimi qeyri-sivil addımlar atmaqla, beynəlxalq
münasibətlərin kobudcasına pozulmasını adi hal kimi qəbul etmək ənənələri
formalaşmış olmalıdır: "Ermənistan bu təşkilat yanında müşahidə statusuna
malikdir və nəinki Qoşulmama Hərəkatının 18-ci Bakı Zirvə Görüşünə qatılmaması,
üstəlik qəbul edilən sənədləri pisləməsi bu statusun ləğvi üçün əsas yarada
bilər. Belə addımlar ölkəyə heç də müsbət imic qazandırmır. Əksinə onun
beynəlxalq nüfuzuna ciddi zərbə vurur”.
Rufik İSMAYILOV