Qora bişirən istilər erkən düşübsə...
Adətən,
belə istilər iyul-avqust ayında müşahidə edilib. Bu aylarda havalar o qədər
isti olur ki, elə arasında avqusta "qora bişirən ay” da deyilir. Amma deyəsən,
qora bişirmək funksiyasını artıq iyun ayı da üzərinə götürür. Artıq bir neçə gündür ki, Azərbaycanda anomal
istilər müşahidə olunur. Təkcə qora yoxdur ki, dəysin. Heç şübhəsiz, belə hava
şəraiti insanların səhhətinə də təsirsiz ötüşmür. Düzdür, verilən məlumatda
bildirilir ki, tibbi-meteoroloji proqnoza görə, Abşeron yarımadasında isti
temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsiz olsa da, mülayim
xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da müsbət amildir.
Ancaq
xəzri küləyinə bel bağlamaq da olmaz. Belə anomal istilər zamanı insanlar
maksimum dərəcədə ehtiyatlı olmalıdırlar ki, səhhətlərində hər hansı problem yaşanmasın. Amma
"ehtiyatlı olun” deyənlərlə yanaşı, belə istiyə sevinənlər də var. Kimlər?
Kimlər olacaq ki, turizm sektoru. Bəli, isti havada harda sərinləmək olar?
Təbii ki, çimərliklərdə. Həkimlərin istilərlə bağlı tövsiyələrinə əməl etmək
şərtilə, belə anomal istilərdə ən uyğun variant çimərliyə üz tutmaqdır. Bir
sözlə, elə biz də həkimlərin və turizmçilərin mövqeyini öyrəndik. Həkimlər
istidən qorunmağın yollarından danışdılar, məsləhətlərini verdilər, turizmçi də
sevincini gizlətmədən istilərdən məmnun olduğunu bildirdi, hər kəsi
çimərliklərə dəvət etdi.
Tibb üzrə ekspert, professor Adil Qeybulladeyir ki, havaların gözlənildiyindən daha tez istiləşməsi, əslində qlobal
istiləşmənin təsiri kimi qiymətləndirilə bilər: "Hazırda qlobal istiləşmənin
təsiri bütün dünyada hiss olunmaqdadır. Buzlaqların əriməsi, temperaturun
həddən artıq yüksəlməsi, fəsillər arası fərqin itməsi məhz bu səbəbdən
qaynaqlanır. Artıq insanlar və digər canlılar bu istilərə yavaş-yavaş
adaptasiya olunur. Amma bu adaptasiya üçün müəyyən müddət lazımdır. Birdən-birə
kəskin isti havalar insanların sağlamlığına ciddi zərər vura bilər. Ona görə də,
isti hava ilə təmas müddəti minimuma endirilməlidir. Əks halda günvurma halları
ola bilər. Bu da orqanizmdə istini təmizləyən mexanizmlərin pozulmasından
qaynaqlanır. Normalda, hava istiləşdiyi zaman damarlar genişlənir və dəri
vasitəsi ilə bədəndən maye xaric olunur. Həmçinin dəri tənəffüsü isti havalarda
daha da güclənir. Bu proseslər bədən temperaturunu aşağı salmaq üçündür. Amma
orqanizm buna bir müddət davam edə bilir və sonradan daxili temperatur
yüksəlir. Daxili temperaturun yüksəlməsi ilə istivurma halları müşahidə olunur.
Ona görə də, neqativ təsirlərdən maksimum uzaq olmaq lazımdır. Bayılma və
halsızlıq müşahidə edilən şəxsləri dərhal sərin bir yerə aparmaq və ona ilk
tibbi yardım göstərmək lazımdır. Xüsusilə yaşlılar, uşaqlar və hamilə qadınlar
bu cür isti havalarda daha diqqətli davranmalıdır. Uşaq orqanizminin su tutumu
az olduğuna görə, onlarda buxarlanma daha çox olur. Yaxşı olar ki, uşaqlar isti
havalarda evdə, sərin şəraitdə olsun. Həmçinin, isti havalarda geyimə xüsusi
diqqət etmək lazımdır. Belə havalarda dəri tənəffüsünü asanlaşdıran geyimlərə
üstünlük vermək lazımdır. Sintetik parçalar, insan orqanizminə isti havalarda
daha çox mənfi təsir göstərir. Təəccüblü
olsa da, belə havalarda soyuqdəymə xəstəliklərinə də tez-tez rast gəlinir.
Həddən artıq soyuq su, kondisioner havası, soyuqdəymə xəstəliklərinə səbəb ola
bilir. Ona görə də, orqanizmi temperatur dəyişmələrindən qorumaq lazımdır.
Çöldəki hava ilə içəridəki hava fərqi 10 dərəcədən çox olmamalıdır”.
Pediatr Kənan Qarayev söylədi ki, yay aylarında temperaturun
yüksəlməsi uşaqların normal həyat şəraitinə müəyyən qədər mənfi təsir göstərə
bilir: "Buna görə də, günün müəyyən saatlarında uşaqları günəşin təsirindən
qorumaq lazımdır. Səhər saat 11-dən 5-ə qədər uşaqları çölə çıxarmaq olmaz. Bu
saatlarda günəş şüalarının təsiri uşaq orqanizminə həddən artıq zərərli ola
bilər. Çalışmaq lazımdır ki, belə isti havalarda uşaqlar tez-tez maye qəbul
etsin. Çünki temperatur yüksəldikcə, uşaqların orqanizmi daha çox maye itirir. Bədəndəki
maye balansını mütləq qorumaq lazımdır.
Əks halda ürək-qan damar sistemində müəyyən problemlər, yaxud günvurma halları
yaşana bilər. Belə havalarda uşaqları dənizə və hovuza aparmaq faydalı ola
bilər. Amma diqqət etmək lazımdır ki, suyun tərkibi təmiz olsun. Çünki çirkli
su uşaqlarda tez bir zamanda mədə-bağırsaq infeksiyası yarada bilir. Bu isə
qusma və ishala gətirib çıxarır”.
Həkim-terapevt Məlahət Abbasova qeyd
etdi ki, bu il isti havalar bir qədər tez başladığı üçün maksimum ehtiyatlı
olmaq vacibdir: "İyun ayının əvvəllərindən temperatur həddən artıq yüksəldi.
Belə havalarda sağlamlığımızın mütləq qeydinə qalmalıyıq. Günün müəyyən
saatlarında, vacib olmadığı halda çölə çıxmamaqda fayda var. Vacib hallarda isə
şlyapa və digər günəşdən qorunmaq üçün geyimlərdən istifadə edilə bilər. İsti
hava ilə birlikdə bədənimizdəki maye buxarlanır. Yəni orqanizm çoxlu maye
itirir. Ona görə də gün ərzində ən azı 3 litrə yaxın su içməkdə fayda var. Maye
itirdiyimiz zaman qanımızda laxtalanma gedir və beyin qanla tam təmin olunmur.
Bir çox insanlarda bayılma halları müşahidə olunur. Yay aylarında çoxlu meyvə
və tərəvəzlərdən istifadə etmək lazımdır. Maye ilə bərabər, bədənimizdəki
duzlar da xaric olunur. Ona görə də çoxlu vitaminli qidalar qəbul etməliyik.
Çalışmaq lazımdır ki, isti havalarda yağlı və ətli yeməklərdən az istifadə
edilsin. Qida rasionunda qarpız və yemişə xüsusi yer ayırmaq lazımdır. Çünki bu
iki qida məhsulunun tərkibində xeyli sayda vitaminlər var. İstiyə dözümü
olmayan insanlar tez-tez duş qəbul etməlidirlər. Metohəssas insanlar isə belə
havalarda daha diqqətli olmalıdır. Belə insanlar ümumiyyətlə, isti havalarda
çölə çıxmamalıdır. Günəş şüaları onların orqanizmində daha ciddi fəsadlara yol
aça bilər. Günvurma halları olduğu zamani ilk növbədə həkimə müraciət etmək
lazımdır. Həkimdən əvvəl isə qanı durulaşdıran dərmanlardan istifadə edilməli
və bolluca maye qəbul edilməlidir”.
Turizm üzrə ekspert Elçin Rüstəmli bildirdi
ki, isti havaların erkən başlaması yay turizminin inkişafına əlverişli şərait
yaradır: "Havaların erkən istiləşməsi və 3 ay ərzində bu temperaturda davam etməsi
turizm sektorunun inkişafına müsbət təsir göstərir. Bizdə hava ilə əlaqədar
olaraq adətən mövsüm açılışı iyunun sonu, iyulun ortalarında olurdu. Bu il isə
artıq çimərlik mövsümü iyunun əvvəlindən başlayıb. Bu məqam həm daxili, həm də
gəlmə turizminə əhəmiyyətli dərəcədə təsir göstərir. Çünki turistlər isti
ölkələrdə istirahət etməyə daha çox üstünlük verirlər. Ərəb ölkələrindən gələn
qonaqların marağı daha çox Azərbaycanın təbiətinədir. Amma avropalı turistlər
çimərlik turizminə meyllidir. Bu mənada çimərlik mövsümünün erkən başlaması
bizim işimizə yarayır. Daxili turizmlə bağlı artıq müəyyən turlar üçün
sifarişlər almışıq. İsti havaların erkən başlaması yay aylarının daha uzun davam
etməsi anlamına gəlir. Bu isə həm daxili, həm gəlmə, yəni bütövlükdə ölkə turizminin inkişafında canlanma deməkdir”.
Şəbnəm Mehdizadə