Qoca ananın hekayəsi
Neçə illər əvvəl bir kasıb fermer qoca anası ilə birlikdə
dağın ətəyindəki komada yaşayırdı. Qadının əri çoxdan ölmüşdü. Onların kiçik
torpaq sahəsi vardı, torpağı əkib-becərib sakit ömür sürürdülər.Bu əyalətə qəddar bir valisi vardı. O vaxtilə döyüşçü
olmuşdu, sağlamlığını itirmişdi. Bu səbəbdən də o qəddarlaşmış, sərt əmrlər
verirdi.Belə ki, o yaşlı adamların hamısını öldürməyi əmr
etmişdi. Yaşlı insanları eyni qaydayla öldürmürdülər, hərə istədiyi kimi öldürə
bilərdi.Yazıq fermer öz qoca anasına çox hörmət edir, onu çox
sevirdi. Yaşlı insanları öldürmək haqda əmri eşidən gündən bütün günü kədərli gəzirdi.
Amma əmrə tabe olmaq hər bir kəsin borcuydu. Fermer dərindən ah çəkib anasını daha
xeyirxah üsulla öldürməyi qərara aldı.
Günəş qürub edəndə fermer çöldə işini qurtarıb evə gəldi.
Əsas ərzaqları olan düyüdən bir qədər götürdü, bişirdi, dördkünc süfrəyə bükdü,
qurudulmuş balqabaqdan hazırlanmış bardağa da sərin, şirin su tökdü. Bardağı
boğazından, içində düyü olan torbanı da bardaqdan asdı. Sonra qoca, ümidsiz
anasını belinə götürüb dağın başına aparan cığırla getməyə başladı. Yol uzun və
sıldırım qayalıq idi. Bu dar cığırı da ovçular və odunçular salmışdı. Hərdən
fermer yolu azır, sonra çətinliklə tapırdı. Nəhayət, o sıldırım qayaların
arasından keçib (Obatsuyama Yapon dilində "yaşlıları atıb
getmək” mənasını verir – S.G.) adı ilə tanınan zirvəyə qalxdı.
Qoca ananın gözləri çox da yaxşı görmürdü, ancaq oğlunun
dar cığırla dağın başına necə çətinliklə çıxdığını hiss etmişdi. Oğlunun halına
acıyır, ona görə narahat olurdu. Bilirdi ki, oğlu dağlardakı yolu yaxşı
tanımır, geri qayıdanda həyatı təhlükədə ola bilərdi. Ona görə də onlar dar
cığırla üzü zirvəyə çıxanda ana cığırın yan-yörəsindəki kolların yarpaqlarından
və ağacların nazik budaqlarından qoparıb yola tullayırdı. Onlar dağın zirvəsinə
çatanda oğul anasını çiynindən yerə qoydu. Anası üçün son dəfə rahat bir yer
hazırlamaq istədi. Şam ağacının iynələrini toplayıb anasına yastıq düzəltdi,
anasının başını yastığa qoyub onun paltosunu adyal əvəzi üstünə örtdü,
ağlaya-ağlaya, onunla vidalaşdı.
Ana oğluyla vidalaşanda təmənnasız sevgisini bildirdi:
– Qoy zirvədən
enəndə sənin gözlərin daha iti görsün, oğlum! Dağ yolları çox təhlükəlidir.
Ehtiyatlı ol, mən gələndə cığırlara çubuqlar qırıb tullamışam ki, geri
qayıdanda yolu asan tapasan.
Anasının sözlərini eşidəndə oğlan gah dönüb cığıra, gah
da anasının kol cızmış arıq əllərinə baxdı, ürəyi parça-parça oldu. Anasının
qarşısında baş əyib ağladı:
– Ah, sevimli
anam! Sənin mərhəmətin ürəyimi titrətdi. Mən səni burda atıb getməyəcəm. Sənin
kol budaqları atdığın cığırla geriyə - evimizə qayıdacağıq, birlikdə öləcəyik.
Oğlan anasını yenidən belinə şəllədi (bu dəfə anası daha
yüngül idi) və dar cığırla üzüaşağı enməyə başladılar. Ay işığında dərənin
dibindəki komaya çatdılar. Mətbəx döşəməsinin altında ərzaq yığmaq üçün dolab
vardı. Komaya girəndə bu dolab görünmürdü. Oğlan anasını orda gizlədib onu
lazım olan hər şeylə təmin etdi. Tez-tez ona nəzarət edir, bir gün onun tapılacağından
qorxurdu.
Günlər keçirdi, oğlan təhlükənin sovuşduğunu güman edib
arxayınlaşanda əyalətin valisi yenə bir axmaq əmr verdi. Carçılar onun əmrini
camaata çatdırdılar. Bu dəfə o əmr vermişdi ki, tabeliyində yaşayanlar ona küldən
hazırlanmış kəndir düzəltsinlər.
Əyalətin bütün adamları qorxudan tir-tir əsirdilər. Əmr
yerinə yetirilməliydi. Amma kim küldən kəndir düzəldə bilərdi? Bir gecə oğlan
çox ümidsiz bir halda valinin əmrini qoca anasına pıçıldadı.
– Gözlə bir
az! – anası dedi. – Mən fikirləşib bir şey tapacam. Mütləq tapacam!
O biri gün ana oğluna nə etmək lazım olduğunu dedi.
– Samanı
bir-birinə dolayıb kəndir kimi hör! Sonra onu hamar daşların üstünə qoyub bir
küləksiz gecədə yandır!
Oğlan camaatı bir yerə topladı, onlar oğlanın anasının
dediyi kimi etdilər. Alov dilimləri sönəndə daşların üstündə küldən kəndir
vardı, hörülmüş lifləri aydın görünən kəndir.
Əyalətin valisi cavan oğlanın ağlına heyran oldu, onu təriflədi,
amma ondan bunu kimdən öyrəndiyini tələb etdi.
– Həqiqəti
deməliyəm! – fermer dedi və valiyə dəfələrlə təzim edib hər şeyi ona danışdı.
Vali ona diqqətlə qulaq asıb sonra xəyala daldı. Nəhayət,
o başını qaldırıb dedi:
– Bizim əyalətə
gənclərin gücündən əlavə də güc lazımdır. Mən məşhur atalar sözünü unutmuşdum.
"Saçın ağlığı ilə birgə insana müdriklik də gəlir”.
Beləcə, bu qəddar əmr ləğv olundu, bu adət yalnız əfsanələrdə
yaşayır indi.
İngilis dilindən tərcümə edən: Sevil Gültən