AZE | RUS | ENG |


Qoca ananın hekayəsi

Qoca ananın hekayəsi
Matsuo Başo

Neçə illər əvvəl bir kasıb fermer qoca anası ilə birlikdə dağın ətəyindəki komada yaşayırdı. Qadının əri çoxdan ölmüşdü. Onların kiçik torpaq sahəsi vardı, torpağı əkib-becərib sakit ömür sürürdülər. Bu əyalətə qəddar bir valisi vardı. O vaxtilə döyüşçü olmuşdu, sağlamlığını itirmişdi. Bu səbəbdən də o qəddarlaşmış, sərt əmrlər verirdi. Belə ki, o yaşlı adamların hamısını öldürməyi əmr etmişdi. Yaşlı insanları eyni qaydayla öldürmürdülər, hərə istədiyi kimi öldürə bilərdi. Yazıq fermer öz qoca anasına çox hörmət edir, onu çox sevirdi. Yaşlı insanları öldürmək haqda əmri eşidən gündən bütün günü kədərli gəzirdi. Amma əmrə tabe olmaq hər bir kəsin borcuydu. Fermer dərindən ah çəkib anasını daha xeyirxah üsulla öldürməyi qərara aldı. 
Günəş qürub edəndə fermer çöldə işini qurtarıb evə gəldi. Əsas ərzaqları olan düyüdən bir qədər götürdü, bişirdi, dördkünc süfrəyə bükdü, qurudulmuş balqabaqdan hazırlanmış bardağa da sərin, şirin su tökdü. Bardağı boğazından, içində düyü olan torbanı da bardaqdan asdı. Sonra qoca, ümidsiz anasını belinə götürüb dağın başına aparan cığırla getməyə başladı. Yol uzun və sıldırım qayalıq idi. Bu dar cığırı da ovçular və odunçular salmışdı. Hərdən fermer yolu azır, sonra çətinliklə tapırdı. Nəhayət, o sıldırım qayaların arasından keçib (Obatsuyama Yapon dilində "yaşlıları atıb getmək” mənasını verir – S.G.) adı ilə tanınan zirvəyə qalxdı. 
Qoca ananın gözləri çox da yaxşı görmürdü, ancaq oğlunun dar cığırla dağın başına necə çətinliklə çıxdığını hiss etmişdi. Oğlunun halına acıyır, ona görə narahat olurdu. Bilirdi ki, oğlu dağlardakı yolu yaxşı tanımır, geri qayıdanda həyatı təhlükədə ola bilərdi. Ona görə də onlar dar cığırla üzü zirvəyə çıxanda ana cığırın yan-yörəsindəki kolların yarpaqlarından və ağacların nazik budaqlarından qoparıb yola tullayırdı. Onlar dağın zirvəsinə çatanda oğul anasını çiynindən yerə qoydu. Anası üçün son dəfə rahat bir yer hazırlamaq istədi. Şam ağacının iynələrini toplayıb anasına yastıq düzəltdi, anasının başını yastığa qoyub onun paltosunu adyal əvəzi üstünə örtdü, ağlaya-ağlaya, onunla vidalaşdı. 
Ana oğluyla vidalaşanda təmənnasız sevgisini bildirdi:
– Qoy zirvədən enəndə sənin gözlərin daha iti görsün, oğlum! Dağ yolları çox təhlükəlidir. Ehtiyatlı ol, mən gələndə cığırlara çubuqlar qırıb tullamışam ki, geri qayıdanda yolu asan tapasan. 
Anasının sözlərini eşidəndə oğlan gah dönüb cığıra, gah da anasının kol cızmış arıq əllərinə baxdı, ürəyi parça-parça oldu. Anasının qarşısında baş əyib ağladı:
– Ah, sevimli anam! Sənin mərhəmətin ürəyimi titrətdi. Mən səni burda atıb getməyəcəm. Sənin kol budaqları atdığın cığırla geriyə - evimizə qayıdacağıq, birlikdə öləcəyik.
Oğlan anasını yenidən belinə şəllədi (bu dəfə anası daha yüngül idi) və dar cığırla üzüaşağı enməyə başladılar. Ay işığında dərənin dibindəki komaya çatdılar. Mətbəx döşəməsinin altında ərzaq yığmaq üçün dolab vardı. Komaya girəndə bu dolab görünmürdü. Oğlan anasını orda gizlədib onu lazım olan hər şeylə təmin etdi. Tez-tez ona nəzarət edir, bir gün onun tapılacağından qorxurdu.
Günlər keçirdi, oğlan təhlükənin sovuşduğunu güman edib arxayınlaşanda əyalətin valisi yenə bir axmaq əmr verdi. Carçılar onun əmrini camaata çatdırdılar. Bu dəfə o əmr vermişdi ki, tabeliyində yaşayanlar ona küldən hazırlanmış kəndir düzəltsinlər. 
Əyalətin bütün adamları qorxudan tir-tir əsirdilər. Əmr yerinə yetirilməliydi. Amma kim küldən kəndir düzəldə bilərdi? Bir gecə oğlan çox ümidsiz bir halda valinin əmrini qoca anasına pıçıldadı. 
– Gözlə bir az! – anası dedi. – Mən fikirləşib bir şey tapacam. Mütləq tapacam! 
O biri gün ana oğluna nə etmək lazım olduğunu dedi. 
– Samanı bir-birinə dolayıb kəndir kimi hör! Sonra onu hamar daşların üstünə qoyub bir küləksiz gecədə yandır! 
Oğlan camaatı bir yerə topladı, onlar oğlanın anasının dediyi kimi etdilər. Alov dilimləri sönəndə daşların üstündə küldən kəndir vardı, hörülmüş lifləri aydın görünən kəndir. 
Əyalətin valisi cavan oğlanın ağlına heyran oldu, onu təriflədi, amma ondan bunu kimdən öyrəndiyini tələb etdi. 
– Həqiqəti deməliyəm! – fermer dedi və valiyə dəfələrlə təzim edib hər şeyi ona danışdı. 
Vali ona diqqətlə qulaq asıb sonra xəyala daldı. Nəhayət, o başını qaldırıb dedi:
– Bizim əyalətə gənclərin gücündən əlavə də güc lazımdır. Mən məşhur atalar sözünü unutmuşdum. "Saçın ağlığı ilə birgə insana müdriklik də gəlir”. 
Beləcə, bu qəddar əmr ləğv olundu, bu adət yalnız əfsanələrdə yaşayır indi. 
 
İngilis dilindən tərcümə edən: Sevil Gültən

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6957
GBP 1 İngilis funt sterlinqi 2.1978
TRY 1 Türk lirəsi 0.4774
KWD 1 Küveyt dinarı 5.5930
SEK 1 İsveç kronu 0.1926
EUR 1 Avro 1.8495
CHF 1 İsveçrə frankı 1.7116
USD 1 ABŞ dolları 1.7025