AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

QMİ sədri İnsan Qardaşlığı Ali Komitəsinin Baş katibi ilə görüşüb

QMİ sədri İnsan Qardaşlığı Ali Komitəsinin Baş katibi ilə görüşüb

Təfsilat
27 Yanvar 2021, 17:15 208
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə yanvarın 27-də İnsan Qardaşlığı Ali Komitəsinin Baş katibi Məhəmməd Əbdül Salamla video formatda görüş keçirib.

QMİ-nin mətbuat xidmətindən Kaspi.az-a verilən məlumata görə, görüşün təşəbbüskarı olan Baş katib Şeyxülislamla bilavasitə tanış olmaq, daimi əlaqənin bünövrəsini qurmaq, habelə İnsan Qardaşlığı Ali Komitəsi ilə Qafqaz Müsəlmanları İdarəsi arasında əməkdaşlığın mümkün aspektləri barədə söhbət açmaq niyyətini bildirib.

Səmimi qardaşlıq şəraitində keçən görüş zamanı Məhəmməd Əbdül Salam Şeyxülislam A. Paşazadənin dinlər və sivilizasiyalar arası əməkdaşlıq sahəsində dərin təcrübə və əlaqələri, dünya miqyasında nüfuz və etimadı barədə geniş məlumata malik olduğunu bildirib və rəhbərlik etdiyi qurumun Azərbaycanla fəaliyyət qurmaq istəyini açıqlayıb.

Məhəmməd Əbdül Salam məlumat verib ki,  Roma Papası Fransisk və Əl-Əzhərin Şeyxi Əhməd Əl-Tayyib arasında imzalanan İnsan Qardaşlığı Sənədi əsasında yaradılmış İnsan Qardaşlığı Ali Komitəsinə dünyada tanınan dini lider, alim və mədəniyyət xadimləri daxildir. Ali Komitə üzvlərinin miqyasını genişləndirmək istəyində olduqlarını bildirən Baş katib qurumlarının may ayında baş tutacaq növbəti iclasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin namizədliyinin müzakirə və təsdiq olunması barədə niyyətlərini açıqlayıb. Məhəmməd Əbdül Salam vurğulayıb ki, Ali Komitə İnsan Qardaşlığı Sənədində göstərilən məqsədləri daimi əsaslarla fəaliyyət göstərərək yerinə yetirmək üçün yaradılıb və məramı dinlər və mədəniyyətlər arasında qarşılıqlı hörmət və birgə dinc yaşayış dəyərlərini təşviq, təbliğ etməkdir. 

QMİ sədri xüsusi vurğulayıb ki, Azərbaycan İnsan Qardaşlığı Ali Komitəsinin ideyalarını özündə yaşadan, tolerant, multikultural ənənələr ölkəsidir. O bildirib ki, Azərbaycan dövləti ölkə prezidenti və Birinci vitse-prezident səviyyəsində dəstəklənən təşəbbüslər, qlobal əhəmiyyətli səylər sayəsində dinlərarası dialoq və əməkdaşlıq sahəsinə böyük töhfələr verir, dünyada insan həmrəyliyinə real dəstək verən layihə və təşəbbüslərdə fəal iştirak edir. Dini mərkəz – Qafqaz Müsəlmanları İdarəsi olaraq bu müstəvidə çoxşaxəli fəaliyyət göstərir və QMİ nəzdində bu məramla 2017-ci ildə Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzi təsis olunub. Mərkəzin Himayədarlar və Məşvərət Şuralarında xeyli sayda dünyaca tanınmış şəxsiyyətlər – dini lider və ictimai xadimlərin yer aldığını bildirən Şeyxülislam A.Paşazadə Vatikan, habelə Əl-Əzhər yetkililərinin bu sırada olmalarından məmnun olduğunu qeyd edib.

QMİ sədri Abu-Dabidə İnsan Qardaşlığı Sənədinin imzalanması mərasimində şəxsən iştirak etdiyini fəxarətlə xatırladaraq, bu sənəddən irəli gələn fəaliyyətlərdə, orada əksini tapan ideyaların təbliği və təşviqində iştirak etməyin böyük önəm daşıdığını bildirib. Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrə böyük əhəmiyyət verdiyini vurğulayan Şeyxülislam A. Paşazadə Dubay əmiri Şeyx Zahidlə olan görüşlərini məmnunluqla xatırladıb. QMİ sədri pandemiya dövrü bitəndən sonra Əl-Əzhər Şeyxi Əhməd Əl-Tayyib və Baş Katib Salamı Azərbaycanda görməkdən şərəf duyacağını bildirib. Bu dəyərli şəxsiyyətlərin Azərbaycanın erməni işğalından azad edilmiş Qarabağ torpaqlarını ziyarət etmələrinin vacibliyinə diqqəti çəkən Şeyxülislam A.Paşazadə Azərbaycanın apardığı Vətən müharibəsi dövründə Əl-Əzhərə ünvanlandığı məktublarda bu haqlı, ədalətli mücadilə barədə, habelə işğalda olan ərazilərimizdə törədilmiş etməni vandallığının miqyas və detallarına dair ətraflı məlumat verdiyini xatırladıb və Azərbaycana dəstək nümayişinə, qazandığımız tarixi Zəfər münasibətilə təbriklərə  görə təşəkkürünü ifadə edib. 

Salam QMİ sədrinin dünya miqyasında insan qardaşlığına xidmət edən uzun müddətli, dəyərli fəaliyyətinə görə dərin minnətdarlığını bildirib. O, BMT-nin İnsan Qardaşlığı Sənədinin imzalanması ilə əlaqədar təsis etdiyi 4 fevral – Beynəlxalq İnsan həmrəyliyi günü keçiriləcək videokonfransda iştirak və müraciət etməsini QMİ sədrindən xahiş edib. Şeyxülislam A. Paşazadə xahişi müsbət qarşılayıb və İnsan Qardaşlığı Ali Komitəsi ilə Qafqaz Müsəlmanları İdarəsi arasında gələcək əməkdaşlığın daha yüksək səviyyədə inkişafı üçün səy göstərəcəyini bildirib.