• cümə, 26 Aprel, 17:05
  • Baku Bakı 23°C

Qlobal problemə lokal yanaşma

14.11.19 10:30 1752
Qlobal problemə lokal yanaşma
Bu gün insanın ətraf mühitin keyfiyyətini gözardı edə bilməyəcəyinə dair dünya miqyasında bir dəlil var. Təbii mühitə qlobal təsir edən faktorların əhəmiyyətli dərəcəyə çatması hər bir kəsi düşündürür. Çətin ki, bəşəriyyətin başqa bir ixtirası avtomobil qədər məşhurdur. Avtomobilin ətraf mühitə, insan sağlamlığına vurduğu zərəri saymaqla tükənməz. Cəmiyyətdə kiçikdən böyüyə hər bir kəsin bildiyi bu mənfi təsirlər qarşısıalınmaz fəsadlarla nəticələnir.
Bu halda nə etmək olar? Təbii ki, avtomobildən imtina etmək çıxış yolu deyil. Hətta ətraf mühit mühafizəsi təşkilatları belə cəmiyyətin avtomobildən asılı olduğunu qəbul edir. Sözü gedən bu aktual problem, aparıcı avtomobil istehsalçılarını da narahat etməyə başlamış və daxili yanma mühərrikli minik vasitələrindən yeni nəsil "ekoloji şüurlu” avtomobillərin sürətlə inkişafına zəmin yaratmışdır.
Ətraf mühitə mənfi təsirinin az olması ilə seçilən hibrid mühərrikli, tam ekoloji təmiz hesab edilən elektrik mühərrikli və alternativ yanacaqla – bioyanacaqla işləyən avtomobillərin istehsalına XIX əsrin əvvəllərində başlanılsa da, bir çox nüanslara görə, gündəlik həyatın bir hissəsinə çevrilməmişdir. Lakin son dövrlərdə istehsalında artım müşahidə olunan bu miniklər, bütün müasir reqlamentlərlə təchiz olunaraq, daxili yanma mühərrikli avtomobillərdən qətiyyən geridə qalmır, hətta bir çox parametrlərdə onları üstələyir.
Məhz bu problemlərdən qaynaqlanan mövzular 2015-ci ildə qəbul edilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasında əsas mövzulardan biri olmuşdur. Təsadüfi deyil ki, ölkə başçımızın 2018-ci il 27 dekabr Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Yol Hərəkətinin Təhlükəsizliyinə dair Dövlət Proqramında elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması məqsədi ilə böyük işlər görülməyə başlanılmışdır. Bu addım, ölkəmizin ekoloji məsələlərin həlli istiqamətində nə qədər diqqətcil olmasının bariz nümunəsidir. Artıq paytaxt küçələrində hibrid və yaxud elektriklə işləyən avtomobillərin sayının geniş miqyasda artmasını müşahidə etmək olur. Bu addım ölkəmizin avtomobil parkının yenilənməsindən xəbər verir ki, bu da ekoloji problem yaradan mənbələrin sayının azalmasının bariz nümunəsidir.
Ekoloji şüurlu avtomobillərin emissiyaları atmosferə heç bir zərərli qazlar buraxmamaqla yanaşı, həmçinin şəhər sakinlərinin ən narazı olduğu problemlərdən biri olan səs-küy çirklənməsinin həllində əvəzedilməz rola malikdirlər.
Qlobal istiləşmə fenomenlərindən yaranan bu avtomobillər "yaşıl və aşağı karbonlu mühit” yaratmaqla yanaşı, həmçinin sürücülərin iqtisadi baxımdan xərclərinin azalmasına gətirib çıxarır. İstər yanacağa sərf olunan vəsait, istərsə də mövsümü digər təmir xərclərini böyük qisimdə azaldır və yaxud müqayisə olunacaq qədər kəskin fərqlər mövcuddur.
Yaxın gələcəkdə cəmiyyətin daha geniş seqmentində bu tip nəqliyyat vasitələri daxiliyanma ilə işləyən avtomobilləri əvəzləyəcək.
Bir avtomobilin sonu "ətraf mühitə təsirin sonudur” demək deyil. İstismar müddətini başa vurmuş avtomobil düzgün şəkildə, aidiyyəti üzrə təhvil verilmədikdə də, plastik, zərərli batareya turşuları və digər ehtiyat hissələri bir sıra ekoloji problemlərin yaranmasına səbəb ola bilir. Bir çox hallarda istifadə ömrünü bitirmiş şinlərin pərakəndə və yaxud poliqonlarda kütləvi şəkildə yandırılması müşahidə olunur. Bu da öz növbəsində təbii ekosistemin pozulmasına gətirib çıxarır. Bundan əlavə, dövrü dəyişilən avtomobil yağları və digər texniki hissələr aidiyyəti üzrə təhvil verilib, utilizasiya olunmalıdır.
Həmçinin son dövrlərdə dəb halında almış avtomobillərin, müəyyən məqsədlər güdərək, zərərli qazların qarşısını almaq üçün tətbiq olunan katalizatorlarını ayırırlar. Neytrallaşdırıcı funksiya yerinə yetirən bu qurğu olmadıqda isə insan orqanizmində xoşagəlməz xəstəliklərin yaranmasına gətirib çıxarır. Həmçinin katalizatorları mövcud olan avtomobilləri belə, dövrü olaraq yoxlamadan keçirmək lazımdır. Zərurət yarandıqda yenisi ilə əvəz olunmalıdır.
Yaxşı bir hava mühitinin yaradılması həmdə müasir və mədəni bir şəhərin qurulmasının simvoludur. Mümkün qədər ekoloji şüurlu avtomobillərə tez bir müddətdə keçid etmək vacibdir. Ən pis halda qənaətli və az həcmli yanacaq sərf edən avtomaşından , həmçinin ictimai nəqliyyatdan və velosipedlərdən istifadə etməklə, ekoloji sağlam həyata yaxınlaşmaq və digər insanlara da örnək olmaq mümkündür.
Kənan Kərimli,
"Ekomonitorinq” MMC-nin direktoru

banner

Oxşar Xəbərlər