• cümə, 29 Mart, 08:41
  • Baku Bakı 5°C

“Qlobal kapital bazarları və Azərbaycanda bu sahədəki yeniliklər” mövzusunda konfrans keçirilib

15.04.17 11:45 674
“Qlobal kapital bazarları və Azərbaycanda bu sahədəki yeniliklər” mövzusunda konfrans keçirilib
Təhsil Nazirliyi, "SOCAR Capital” şirkəti və UNEC-in birgə təşkilatçılığı ilə "Qlobal kapital bazarları və Azərbaycanda bu sahədəki yeniliklər” mövzusunda konfrans keçirilib.
"Report" xəbər verir ki, konfransda UNEC, "SOCAR Capital” və Bakı Fond Birjasının (BFB) rəhbərliyi və mütəxəssisləri, eləcə də UNEC tələbələri iştirak edib.
Konfransın təşkilində məqsəd Azərbaycanda iqtisadiyyat və maliyyə sahələrində mütəxəssislərin hazırlandığı əsas təhsil ocağı olan – Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələrinə qlobal kapital bazarı və Azərbaycanın qiymətli kağızlar bazarındakı mövcud vəziyyət haqqında məlumat vermək, eləcə də ölkənin ən böyük şirkəti olan SOCAR-ın qiymətli kağızlarla əlaqəli əməliyyatları ilə tanış etmək olub.
Təqdimat tədbirini açıq elan edən UNEC rektorunun müşaviri Elşən Bağırzadə universitetdə təhsilin səviyyəsinin yüksəldilməsi və real iqtisadiyyatın tələblərinə uyğunlaşdırılması üçün görülən işlər barədə məlumat verib. Bildirilib ki, UNEC müxtəlif beynəlxalq layihələrə qoşulmaqla iqtisadiyyatın ayrı-ayrı sektorları, o cümlədən qiymətli kağızlar və kapital bazarları üçün yüksək səviyyəli mütəxəssislər hazırlamağı hədəfləyir. Belə tədbirlər və tələbələrin mütəxəssislərlə görüşləri isə bu prosesə böyük dəstəkdir.
Tədbirdə təqdimatla çıxış edən SOCAR-ın Kapital bazarları üzrə baş məsləhətçisi və "SOCAR Capital” şirkətinin Məşvərət Şurasının üzvü Əli Ağaoğlu dünyanın kapital bazarları, burada baş verən proseslər, kapital bazarlarının dünya iqtisadiyyatı üçün əhəmiyyəti barədə geniş məlumat verib. Onun sözlərinə görə, son illər qiymətli kağızlar biznes və dövlətlər üçün vəsaitlərin cəlb olunması baxımından ən mühüm vasitələrdən birinə çevrilib.
SOCAR-ın qiymətli kağızlarla bağlı fəaliyyətinə toxunan Ə.Ağaoğlu SOCAR İstiqrazları, onların buraxılma səbəbi, istiqraz emissiyası üçün görüən işlər barədə məlumat verib. O bildirib ki, SOCAR İstiqrazlarının buraxılmasında əsas məqsəd əhalinin indiyədək istifadə etmədiyi vəsaitlərini iqtisadiyyata cəlb etmək və onlara qazanc gətirməkdir. Məhz bu səbəbdən, SOCAR İstiqrazları indiyədək olmayan güzəştli və zəmanətli şərtlərlə buraxılıb. Əhali bu investisiya alətinin üstünlüyünü dərhal hiss edib və hazırda SOCAR İstiqrazları ölkədə ən çox alınıb-satılan qiymətli kağızdır.
Konfransda Bakı Fond Birjasının (BFB) icraçı direktoru Vüqar NamazovAzərbaycanın qiymətli kağızlar bazarının inkişafı və mövcud vəziyyəti barədə təqdimatla çıxış edib. Onun sözlərinə görə, müxtəlif mərhələlərlə inkişaf edən Azərbaycanın kapital bazarında hazırda dünyanın ən qabaqcıl texnoloji sistemlərindən istifadə olunur. V.Namazov BFB-də kapital bazarı ilə bağlı qoyulan tələblər və standartlar, eləcə də birjadakı alətlər və ticarət mexanizmi barədə məlumat verdi. Onun sözlərinə görə, hazırda birjada ən çox alnıb-satılan qiymətli kağızlar məhz SOCAR İstiqrazlarıdır.
Konfransda Əli Ağaoğlunun "Gələcəyin İqtisadiyyatı" mövzusundakı çıxışı tələbələrin böyük marağına səbəb olub. Ekspert bu çıxışında gələcəkdə texnologiya və maliyyə sahələrində baş verəcək yeniliklər və bunların dünya iqtisadiyyatına göstərəcəyi təsirlərə toxunub. Onun sözlərinə görə, yeni texnologiyalar və onların gətirəcəyi dəyişikliklər sadəcə iqtisadi amillərə deyil, həyatımızın bütün sahələrinə toxunaraq, böyük yeniliklərə səbəb olacaq. Ekspert tələbələrə özlərini daha da inkişaf etdirməyi və bu yeniliklərə hazır olmağa tövsiyə edib.
Konfransda qeyd olunub ki, belə tədbirlər, burada səslənən məlumat və fikirlər həm tələbələrin tədris prosesinə müsbət töhfə verəcək, həm də gələcəkdə əmək fəaliyyətləri zamanı faydalana biləcəkləri mühüm məlumat mənbələrindən birinə çevriləcək.
banner

Oxşar Xəbərlər