• cümə axşamı, 28 mart, 16:57
  • Baku Bakı 16°C

“Qladiator” ləqəbli kikboksinqçimiz - Portret

13.04.15 05:33 5180
“Qladiator” ləqəbli kikboksinqçimiz - Portret
Martın sonlarında Tatarıstanın paytaxtı Kazan şəhərində TNA qaydaları üzrə Kikboksinq üzrə “Tatneft Kuboku-2015” turnirinin 1/8 final mərhələsinin 4-cü turunun döyüşləri keçirildi. Yarışda Azərbaycanı təmsil edən Ehtiram Rzayev 80 kq çəki dərəcəsində mübarizə apardı və rumıniyalı rəqibi Çiprian Şiopuya qalib gəldi. Onu nokauta salan həmyerlimiz yarışın 1/4 final mərhələsinə vəsiqə qazandı ki, bu da peşəkar kikboksinqdə böyük uğur kimi qəbul edilir. Gözəl döyüşü ilə Azərbaycanı tanıtmağa nail olan idmançımızla görüşmək qərarına gəldik. Müsahibə zamanı Ehtiramı mümkün olduğu qədər yaxından tanımağa və sizə tanıtmağa çalışdıq.
- Ehtiram, ilk öncə səni bu qələbə münasibətilə təbrik edirik. Artıq aprelin 29-da 1/4 final döyüşünə çıxacaqsan və əminik ki, orada da qalib gələcəksən. Bizə arxada qalan döyüş haqqında nə deyə bilərsən?
- Təbriklərə görə təşəkkür edirəm. Qələbə qazandığım üçün sevincliyəm. Döyüşə çox yaxşı hazırlaşmışdım. İstəyirdim ki, zəfər çalıb ölkəmizi layiqincə təmsil edəm. Şükürlər olsun ki, belə də alındı. Ölkə prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev cənablarının kikboksinqə, ümumilikdə idmana böyük diqqət və qayğısı var. Həmçinin Azərbaycan Kikboksinq Federasiyasının Prezidenti Adil Əliyev də bu siyasəti davam etdirərək bizə böyük dəstək verir. Sevinirəm ki, onların etimadını doğrulda bildim. Döyüşün özünə gəlincə, var gücümlə vuruşdum və rəqibimə ilk raunddaca nokautla qalib gəldim.
- Orada lazımi dəstək gördünüzmü?
- Bəli, elə dəstək oldu ki, özümü Azərbaycanda döyüşürmüş kimi hiss etdim. Aşıq Əlinin dost-qardaşları bizi burdan yola saldı, Tatarıstanda da yaxşı qarşıladılar. Rəşad qardaşımız böyük dəstək verdi mənə. Xeyli azarkeş topladı tribunalara, hər addımımda yanımda oldu. Hər şeyə görə ona, həmçinin Aşıq Əliyə dərin minnətdarlığımı bildirir, təşəkkür edirəm.
- Bizə maraqlıdır, idmanda ilk addımlarını necə atmısan?
- 1988-ci il dekabrın 24-də Qaradag rayonu Qobustan qəsəbəsində anadan olmuşam. 13 yaşımda Ceyhun Abbasovun yanında məşqlərə başlamışam. Çalışmalarımızı beş il ərzində “Əl Oyunları İdman Sarayı”nda etmiş, sonra “Rabitə” İdman Klubunda davam etdirmişəm.
- Kikboksinqi seçməyinə bir səbəb vardımı?
- Bir neçə. Həm özümün marağım böyük idi: televizorda, kinolarda görmüşdüm. Üstəlik, qardaşım Fəxri də bu idmanla yaxından məşğul olub, bir çox yerli və beynəlxalq döyüşlərdə uğur qazanıb. Ona baxıb, ona oxşamaq, onun kimi olmaq istəmişəm. Atamın da döyüşə marağı olub.
- Yəni ailənin tam dəstəyini görmüsən...
- Bəli, məni ailəm kikboksinqə gətirib desəm, yanılmaram. Buna görə onlara da təşəkkür edirəm.
- Kumirin də olmayıb?
- Xeyr. Mən sadəcə, döyüşmək, tanınmış idmançı olmaq istəmişəm.
- Bu günə qədər hansı yarışlarda uğur qazanmısan?
- Əvvəlcə, respublika səviyyəli turnirlərdə qələbələrə nail oldum. 4 qat Azərbaycan çempionuyam. Gürcüstan, Türkiyə və başqa ölkələrdə bir çox nüfuzlu turnirlərin qalibi və mükafataçısıyam. 2013-cü ildə Avstriyanın paytaxtı Vyanada ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş turnirin işitakçısıyam. O yarışa uğurla başlamışdım. Ancaq 3-cü mərhələdə zədələndiyimdən turniri başa çatdıra bilməmişdim.
- Karyerandakı ilk döyüşləri xatırlayırsan?
- Əlbəttə. 2005-ci ildə Maştağa İdman Kompleksində yeniyetmələrin ölkə birinciliyi idi. Finala qədər irəliləmişdim.
- Əksər idmançılar uşaqlıqları haqqında danışanda eyni fikri səsləndirirlər: çox dəcəl idim, bir yerdə durmurdum, ona görə də valideynlərim idmana yazdırdılar. Səndə də belə olub?
- Hə, enerjimi bir yerə sərf etməliydim. Mən də dəcəl olmuşam. Yəqin çıxış yolunu kikboksinqdə görüblər (gülür).
- Məktəbdə də çox dalaşmısan, yəqin...
- Bəli, elədir.
- Bəs fikrin idmanda olubsa, təhsilini necə etmisən?
- Etiraf edim ki, dərslərimi yaxşı oxumamışam. Orta təhsilliyəm. Məşq zalımızın açarı məndə idi. Evdən dərs adı ilə çıxıb ora gələr, təkbaşına məşq edər, geri qayıdardım. Evdə soruşanda da “məktəbdə idim” deyərdim. Ancaq çox peşmanam. Bəli, yaxşı idmançı oldum, uğurlarım var. Ancaq təhsil çox vacibdir. Gənclərimiz çalışıb mənim kimi etməsinlər. Oxumaq çox yaxşı şeydir. Bəzən təhsilimə diqqət etməməyin çətinliyini çəkirəm. Ancaq bu durumu düzəltmək fikrindəyəm. Çalışacağam ki, Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasına sənədlərimi verim.
- İdmançı olmağın çətinlikləri nədir? Rinqə çıxıb döyüşmək kənardan çox asan görünür...
- Çox çətindir. Dəfələrlə əlim, qolum sınıb, bədənimin az qala bütün hissələrindən zədə almışam, ağrılar çəkmişəm. Öz-özümə demişəm ki, daha döyüşməyəcəm, məşq etməyəcəm. Ancaq yaralarım sağalana kimi fikrimi dəyişmişəm, demişəm ki, döyüşmək istəyirəm. İdman bir istəkdir, həvəs, öyrəncəlikdir. Atmaq olmur. Beş ay, bir il fasilə verirsən, görürsən ki, dayana bilmirsən, ürəyin sıxılır. Elə bil nəsə çatışmır səndə. Bir respublika çempionatı, bir neçə beynəlxalq döyüş keçirirsən, hiss edirsən ki, rahatlaşırsan.
- Döyüşlərə necə hazırlaşırsan?
- Adətən rəqib xeyli öncədən məlum olur. Onun döyüşlərini izləyirəm, zəif nöqtələrini tapıb üzərində işləyirəm. Məşqlərimi intensivləşdirirəm. Qısa müddətli hazırlıq proqramım da var. Ancaq yaxşı formada olduğumdan nəsə əlavə hazırlıq keçməyimə ehtiyac qalmır.
- Rinqdə necə döyüşə üstünlük verirsən?
- Çalışıram ilk dəqiqələrdən hücuma atılam, rəqibimi birinci raunddan nokaut edəm. Üslubum budur.
- Belə bir deyim var: “Boksçunun döyüş zamanı ən zəif vaxtı, onun zərbə endirdiyi vaxtdır. Çünki zərbə zamanı müdafiə bloku açılır və əks zərbə vurmaq üçün rəqibə əlverişli imkan yaranır”. Kikboksinq də kontakt döyüş növüdür. Hücum zamanı məğlubiyyət riski də çoxdur...
- Risksiz alınmır. Bəli, yaxşı başa düşürəm ki, əks zərbə ola bilər. Ancaq buna qarşı tədbirlərimiz də var. Məşqlərdə bu durumlara hazır olmaq üçün çox çalışırıq.
- Bunun üçün fiziki hazırlıq da yaxşı olmalıdır.
- Bəli. Zərbələr, fəndlərlə yanaşı, trenajora da xeyli vaxt ayırıram. Proqram üzrə işləyirik. Boşalan əzələləri bərkitmək üçün konkret vaxtlarda ona diqqət edirik. Yarışdan qabaq adətən çəki azaltdığımızdan bədən zəifləyə bilir. Məhz bu problemləri aradan qaldırmaq üçün intensiv çalışmaq gərəkdir.
- Günün neçə saatını idmana sərf edirsən?
- Azı 4 saat.
- Bezdirici olmur?
- Xeyr. İdman yaxşı bir xəstəlikdir. Maşın həvəskarı maşından bezmədiyi kimi, mən də idmandan bezmirəm. Bütün fikrim, çörəyim də, yeməyim də, işim də, gücüm də kikboksinqdir.
- Bildiyimə görə, idmançılıqla yanaşı məşqçilik fəaliyyətinə də başlamısan.
- Elədir. Öz zalımızda çox sayda tələbələrim var. Aralarında respublika çempionlarının, müxtəlif beynəlxalq turnirlərin iştirakçıları az deyil.
- Onlara məşqlə yanaşı hansı tövsiyələri verirsən?
- Pis vərdişlərdən uzaq durmağa, fikirlərini bir yerə yönəldərək idmana və təhsilə diqqət yetirməyə çağırıram. Hər məşqdən 10-15 dəqiqə əvvəl danışır, vətənpərvər ruhda olmalarına çalışıram. Azərbaycanı sevməyi, onun bayrağını yüksəltməyin necə gözəl bir hiss olduğunu öyrədirəm. Uşaqlar da başa düşür, mənə baxır, öyrənirlər. Nümunə olmağa can atıram.
- İdmançı kimi qarşına qoyduğun hədəf nədir?
- Kikboksinqin K-1 versiyası üzrə böyük qələbələr qazanmaq, dünyaya tanınmaq istəyirəm. Bunun üçün məsələn, “Tatneft Kuboku” kimi turnirlərdə qalib gəlmək lazımdır.
- Özündə dediklərin üçün potensial görürsənmi?
- Buna yetəcək qədər gücüm və istəyim var. Ailəm, dostlarım yanımdadır, hər addımımda dəstəkləyirlər. Həm fiziki, həm də mənəvi cəhətdən tam hazıram.
- Həvəskar boksa maraq göstərmirsən. Niyəsini bilmək olarmı?
- Mənə görə həvəskar döyüş baxımsızdır. Peşəkar kikboksinq isə daha sərtdir, zərbələr daha möhkəmdir. Azərbaycanın Zabit Səmədov kimi güclü döyüşçüsü var. Onu hər yerdə tanıyırlar. Təsadüfi deyildir ki, o da peşəkar kikboksinqi seçib.
- İdmandan kənarda nə edirsən: məşğuliyyətlərin, hobbin varmı?
- Çalışıram, səs-küylü, qalmaqal yerdən uzaq olam. Dostlarla görüşür, gəzir, bir yerdə vaxt keçirək. Digər tərəfdən ov xoşlayıram.
- Ciddi zədə almamaq üçün nə etməlisən?
- Bunlar döyüşdə olan şeylərdir. Digər tərəfdən peşəkar döyüşçüdən döyüşçüyə fərq var. Eləsi var ki, çox kobuddur. Yəni rəqibə zədə yetirmədən də xal, qələbə qazanmaq olar. Ancaq o belə etmir, kobudluğa yol verir, qarşısındakına məhz zərər yetirməyə çalışır. Eləsi də var ki, həm döyüşü baxımlıdır, həm də rəqibinə hörmətlə yanaşır. Biz məhz sonuncu kimi olmağa çalışırıq.
- Son sualımız. Gənc nəslə nə məsləhət görürsən?
- Çalışqan olmaq, məşqlərə ara verməmək lazımdır. Çəkilən əziyyəti Allah heç vaxt yerdə qoymur. Udmaq da var, uduzmaq da. Sınmamaq gərəkdir, iradə olmalıdır. Azərbaycana layiqli vətəndaş olmaq, pis əməllərdən, içkidən, narkomaniyadan uzaq olmaq lazımdır. İdman sağlam bədən, sağlam ruh üçün əsas vasitədir. Məcbur deyil idmançı olasınız, əsas odur ki, vətənə layiqli vətəndaş olasınız.
***
Portreti
Ömrünü idmana həsr etmək asan deyil. Bunun üçün böyük daxili qüvvə, istək gərəkdir. Çünki idmançı həyatı çox çətin, bəzən amansız həyatdır. Ehtiram öz seçimini edib və peşəkar kikboksinqə üz tutub. Yavaş-yavaş uğurlar qazanır, zirvəyə doğru gedir. Əzmkardır, uşaqlıq arzusuna çatmaq üçün çox çalışır. Həm idmançı, həm də əsl döyüşçü, eyni zamanda dostlarına, tələbələrinə, ətrafındakı hər kəsə nümunə olacaq şəxsdir.
***
Maraqlıdır
Ehtiram Rzayevin ləqəbi – “Qladiator”dur. Səbəb onun rinqdə əsl qladiatorlar kimi qorxusuz, böyük şücaətlə döyüşməsidir.
Kənan Məstəliyev

banner

Oxşar Xəbərlər