AZE | RUS | ENG |


“Qızlarımı sərbəst böyüdəcəyəm” – Mənim balam

“Qızlarımı sərbəst böyüdəcəyəm” – Mənim balam
Elvin Ağayev deyir ki, övladları təyyarəçi olmaq istəsələr belə, onlara mane olmayacaq


"Ata kimi dövlət, ana kimi nemət, övlad kimi sərvət tapılmaz” - deyirlər. Doğrudan da həyatda nə o dövlətin, nə o nemətin, nə də o sərvətin əvəzi yoxdur. İnsanın ömrünə ömür qatan, onun həyatını rəngləndirən isə övladdır. Hər bir valideyn dünyaya övlad gətirdikdən sonra onu gələcəkdə cəmiyyətə sağlam, layiqli insan kimi təqdim etməyə çalışır. Bu baxımdan, insanlara məşhurların həyatı, övladları daha maraqlı gəlir desək, yəqin ki, yanılmarıq.
Bu dəfə "Mənim balam” rubrikamızın qonağı tanınmış aktyor, aparıcı, videobloqger Elvin Ağayev oldu. İndiyə qədər siz onu aktyor kimi bəyənib, sosial şəbəkələrdə çəkdiyi videolarını izləmisiniz. İndi isə Elvin Ağayevi ata kimi yaxından tanıyacaqsınız.  
Tanınmış aktyorun 2 qızı var. Böyük qızı Dənizin 4, kiçik qızı Adanın isə 3 yaşı var. Yaşlarının az olmasına baxmayaraq, onlar da artıq sosial şəbəkələrin sevimli ulduzlarına çevriliblər. Belə ki, aktyor zaman-zaman övladlarının videolarını paylaşır və bu paylaşımlar da izlənmə rekordları qırır. 
 
- Elvin bəy, qızlarınızı tərbiyə edərkən dədə-baba üsulundan yararlanırsınız, yoxsa sizin öz metodlarınız var?
 

- İlk olaraq qeyd etmək istəyirəm ki, Allah bütün balaları qorusun. Onlar bizim gələcəyimizdir. Biz də bu gün öz gələcəyimizi yetişdiririk. Hər ailənin bir qayda-qanunu var. Valideynlər də öz ailələrində aldığı tərbiyəni övladlarının üzərində tətbiq etməyə çalışır. İndi kimisi bunu nə qədər bacarır, kimisi bacarmır - orasını deyə bilmərəm. Sizə tam olaraq deyə bilmirəm ki, valideynlərimdən aldığım tərbiyəni övladlarıma ötürməyi bacarıram, yoxsa yox. 2 qız övladım var. Onlar mənim bu dünyada ən dəyərli varlıqlarımdır. Övladlarımı böyüdərkən mən də öz yöntəmlərimdən istifadə etməyə çalışıram. Bu sözə görə böyüklərimizdən üzr istəyirəm. Bunu mən özümdən kəşf etməmişəm.  İncəsənət aləmində çalışdığıma və bu aləmə daha yaxından bələd olduğuma görə istəyirəm ki, övladlarımı da sərbəst böyüdüm. Sərbəst deyəndə ki, onlar bir ortama düşəndə sıxılmasınlar, utanıb kənarda dayanmasınlar. Aktiv olsunlar, yeri gələndə valideynləri, qohumları onlardan şeir deməyi və yaxud mahnı oxumağı istəyəndə utanmasınlar. Bilirsiniz ki, aktyorlar komplekssiz olur. İstəyirəm uşaqlarım da komplekssiz böyüsünlər. Bilmirəm bunu tərbiyə üsulu hesab edirsiniz, yoxsa yox. Ancaq övladlarımın sərbəst olmalarını və rahat şəkildə hərəkət etmələrini istəyirəm. Onların gündəlik oyunlarını çəkib hərdən sosial şəbəkələrdə də paylaşıram.
 
- Tez-tez qızlarınızın videolarını paylaşırsınız və bu da insalarda böyük maraq doğurur.
- Elədir.  Kiçik qızım Ada bu baxımdan daha aktivdir. Böyük qızım isə bir qədər çəkingəndir.
  
- Bəs qorxmursunuz ki, onlara göz dəyər? Bəzən görürük ki, məşhurlar uşaqlarının şəkillərini paylaşmırlar ki, onlar bəd nəzərə tuş gələrlər.
 
- Gözə, nəzərə inanıram. Ancaq bu videoları çəkib paylaşarkən  inanmıram ki, onlara nəzər dəyər. Bunu edərkən övladlarımın kiminsə uşağından üstün və gözəl olduğunu düşünüb paylaşmıram. Həmin videoları təsadüfən çəkirəm. Yəni orada baş verənlər əvvəlcədən hazırlanmır.  
 
- Elvin bəy, sizcə, uşağı döymək tərbiyə üsuldurmu?
 
- Mən bunun əleyhinəyəm. Bu sözümə görə də döyən valideynlərdən üzr istəyirəm. Uşaq döyüldükcə, sırtıqlaşır. Uşağı döyəndə, o, qorxuya düşə bilər. Döyülən uşaq hər an qorxu içində yaşayır ki, valideynləri indi gəlib ona zərbə endirəcək. Bu, uşağın psixologiyasına da təsir edir.
 
- Bəs siz özünüz uşaq vaxtı döyülmüsünüzmü?
 
- (Gülür) Biz döyülə-döyülə böyümüşük. Gizlətməyəcəm, mən valideynlərim tərəfdən döyülmüşəm.
 
- Bəs siz uşaqlarınızı nə ilə qorxudursunuz?
 

- Mən onları öz üsullarımla qorxuduram. Bilirəm ki, onlar xoruzdan qorxurlar. Xoruza da "Koko” deyirlər. Gecələr yatmayanda, ya da sözə baxmayanda, deyirəm ki, koko gəlib sizi dişləyəcək. Sonra onlara ürək-dirək verirəm ki, dədəniz hər zaman sizin yanınızdadır. Hələ ki bu yöntəm mənim işimə yarayır.
 
- Qızlarınız sizə "dədə” deyə müraciət edirlər?
 
-         Bəli. Bizim nəslimizdə hamı öz atasına dədə deyə müraciət edib. Qızlarım da dilləri açılanda mənə dədə deyə müraciət etdilər. Yəni bu sözü ailədə heç kim işlətməyib ki, ona baxıb belə müraciət etsinlər.  

-         Onlar sizi efirdə görəndə hansı reaksiyanı verirlər?
-          Əvvəllər məni efirdə görəndə çox təəccüblə baxırdılar. Yanlarında olanda bir efirə baxırdılar, bir də mənə. Soruşurdular ki, əgər sən burdasansa, bəs oradakı kimdir? Yavaş-yavaş buna da öyrəşdilər. Evdə telefonu açan kimi, evdəkilərdən xahiş edirlər ki, dədənin videolarını göstərsinlər. Bilirsiniz ki, mənim çəkildiyim seriallardan başqa sketçlərim, vinelarım var. Elə olur ki, çəkilişlərimiz gec bitdiyi üçün evə də gec gəlməli oluram. Uşaqlar darıxanda, açıb videolarıma baxırlar. Sonra mənə deyirlər ki, internetdə səni gördük.

- Yəqin ki, onda uşaqların tərbiyəsi ilə daha çox anaları məşğul olar.
- Bütün günü çəkilişlərdə olduğum üçün bəzən evə gec gedirəm. Ona görə də uşaqların tərbiyələri ilə məşğul olmağa zamanım olmur. Yeri gələndə anam da, uşaqların anasının anaları da onlarla məşğul olurlar. Bu işdə nənələrə də böyük iş düşür (gülürük). Qızların tərbiyəsi ilə 100 də 80 faiz mən məşğul oluram. O da uşaqların yuxu vaxtına düşür (gülür). 
 
-         Sizcə, uşağın hər istədiyini etmək düzgündürmü?

-          Təbii ki, düz deyil. Uşaq çox şey istəyə bilər, ancaq onun hər istəyini yerinə yetirməyi düzgün hesab etmirəm. Misal üçün, uşaqların anası mətbəxdə hər şeyə diqqət edir. Uşaq əli çatan nə varsa götürə bilər. Bilirsiniz ki, uşaqların öz dünyaları var. Hər şeyi hələ tam dərk etmirlər. Oyun oynayarkən nəyisə götürüb bir-birlərinə vura bilərlər. Əlindəki sürtgəci də vura bilər, bıçağı da. Biz də çalışırıq ki, onlara maksimum şəkildə plastik oyuncaqlar alaq.
 
-          "Qız övladı ataya daha yaxın olur” deyirlər. Bəlkə də qızlar daha çox şirinlik etdiyi üçün atalar qız övladlarını daha çox istəyir. Bəs siz necə düşünürsünüz?
-         İlk dəfə bu sözü kim deyibsə, demək ki, hissiyyatı güclü imiş. Ətrafımda dostlarımdan da görmüşəm ki, atalar qızlarını daha çox istəyir. Onlar da deyirlər ki, uşaqların anaları onlar üçün nə qədər əziyyət çəksələr də, qızlar atalarını görən kimi, analarının çəkdikləri əziyyəti bir anda unudurlar. Ancaq uşaq nə qədər ataya yaxın olsa da, canı yananda birinci "ana” deyib ağlayır. Uşaq ağlayarkən ananın qucağında sakitləşir. Övlad dünyaya gələndə, ananın qoxusunu alıb sakitləşir. Əlbəttə ki, ananın uşağa olan sevgisini heç nə əvəz edə bilməz.
 
-         Keçmişdə belə bir təfəkkür var idi ki, nəsli davam etdirmək üçün mütləq oğul övladı sahibi olmalısan. Bəzi ailələr qızı dünyaya gələndə, hətta məyus olurdular. Təəssüf ki, bu dünyagörüşü bəzi bölgələrimizdə qalmaqdadır. Bu mövzu ilə bağlı sizin fikirləriniz necədir?
 
- Övlad övladdır, onun qız və ya oğlan olmasının heç bir fərqi yoxdur. Nəsil davamçısı deyəndə ki, mənim 2 qızım var. Bunlar mənim nəslimin davamçılarıdır. Subay olanda düşünürdüm ki, ailə qursam, bir oğlum, bir qızım olsa mənə bəs edər. Ancaq indi qızlarımı o qədər çox istəyirəm ki... Bəlkə də oğlum olsaydı, onu bu qədər çox sevməzdim. Qızlar məni daha çox özlərinə bağlayır. Qız anadır, bacıdır, dostdur. Onlar gələcəyin analarıdır. Mənim üçün qızlarımın dəyəri oğlandan da üstündür.
 
- Biliyimiz qədəri ilə, qızınız Ada da seriallara çəkilib.
- Bəli, balaca qızım Ada "Həyat sən nə qəribəsən?” serialına çəkilib. Serialın mövsüm sonunda bitən bölümündə rol almışdı. Qeyd edim ki, serialın rejissoru da ondan razı qalmışdı. Bu da o deməkdir ki, Ada elə uşaq yaşlarından, indidən aktrisalığa ilk addımını atmağa başlayıb.
 
- Bəs, gələcəkdə qızlarınızı hansı sənətdə görmək istəyirsiniz?
- Onlar hansı sənəti seçsələr, ömrüm yetdiyi qədər dəstək olmağa çalışacağam. Təyyarə sürmək istəsələr belə, qızlarıma mane olmayacam. Bu işdə onların qarşılarında deyil, yanlarında olacam. Onu gələcək göstərəcək. Təki, Allah bizlərə ömür versin. Biz də lazımi şəkildə onlara arxa-dayaq olaq.
 
Xəyalə Rəis
 




 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.7043
GBP 1 İngilis funt sterlinqi 2.1569
TRY 1 Türk lirəsi 0.4820
KWD 1 Küveyt dinarı 5.6058
SEK 1 İsveç kronu 0.1946
EUR 1 Avro 1.9015
CHF 1 İsveçrə frankı 1.7507
USD 1 ABŞ dolları 1.7022