• çərşənbə axşamı, 19 mart, 14:03
  • Baku Bakı 8°C

“Qızımla bərabər onun ruzisi də gəldi” - Fotolar

20.06.17 09:30 3220
“Qızımla bərabər onun ruzisi də gəldi” - Fotolar
Nəhayət, uzun müddətdir ki, tamaşaçıların maraqla izlədiyi sözlü-söhbətli, qalmaqallı "Maşın” realiti şou yekunlaşdı. 17 gün davam edən gərgin mübarizənin qalibi isə qısa zaman kəsiyində məşhurlaşan aktyor İslam Mehrəliyev oldu.Böyük qalmaqalların baş verdiyi şou bitsə də, dedi-qodular, gəzən söz-söhbətlər səngimək bilmir ki, bilmir. Kimisi qalibin digər finalçı Elcan Rəsulovla öncədən razılığa gəldiyini, kimisi də bu verilişin əvvəlcədən ssenariləşdirilən bir şou olduğunu deyir.Biz də bu yarışmanın qalibi İslam Mehrəliyevi təbrik edib, yaranan suallara cavab axtardıq. İslam bizimlə söhbətində bütün məsələlərə aydınlıq gətirdi, eyni zamanda yeni dünyaya gələn qızı Məryəmin ona uğur gətirdiyini və ikiqat sevinc hissləri keçirdiyini dedi.
- İslam bəy, ilk olaraq sizi təbrik edirik. Sağlıqla sürəsiniz.
- Çox təşəkkür edirəm. Minnətdaram.

- İstərdik, təəssüratlarınızı bizimlə bölüşəsiniz.
- Bu çox gözəl hissdir. Mənə inanıb səs verdikləri üçün tamaşaçılarımıza təşəkkürümü bildirirəm. Məhz onların dəstəyi nəticəsində mən finala qədər gəlib çıxa bildim. Finala qədər gəlib çıxandan sonra özümə borc bildim ki, dözümlülük göstərim və xalqın etimadını doğruldaraq sona qədər gedim. Xalqın dəstəyi nəticəsində gəlib müəyyən mərhələyə qədər çıxa bildim və ondan sonrası mənlik idi. Allah mənə güc-qüvvət verdi və qalib oldum.

- Bu layihə əsnasında siz həm də ata oldunuz.
- Bəli, Məryəm adında qızım dünyaya gəldi. Bu hissi heç nə ilə əvəz etmək mümkün deyil.

- Hesab edirsinizmi, qazandığınız maşın məhz dünyaya gələn övladınızın ruzisidir?
- Əlbəttə. Məryəm qızımla bərabər onun öz ruzisi də gəldi. Tanrı övladı göndərəndə, onunla bərabər ruzisini də göndərir. Yox yerdən Allah quluna göndərdiyi övlad payının bütün ehtiyaclarını yetirir. Allahıma qurban olum.

- Şou zamanı bir çoxları orada baş verənlərin yalan və öncədən ssenariləşdirilmiş olduğunu dedi.
- Elə bir şey yoxdur. Veriliş zamanı deyirdilər ki, guya bütün yaşananların hamısı bir ssenaridir. Biz orada idik və bunun şahidi olduq. Vallah-billah, belə bir şey olmayıb. Orada iştirak edən bu qədər sənətçilərə söz çatdırmaq olar? Onlara heç bir ssenari-filan verilməyib. Bu, çox çətin bir şeydir. Orada hər ağızdan bir söz çıxır. Veriliş ərəfəsində şou haqqında min cür söz dedilər. Ancaq deyilənlərin hamısı yalandır.

- Şouya gedərkən inanırdınızmı ki, maşının sahibi siz olacaqsınız?
- Adətən yarışmalarda mənim bəxtim gətirir. İçimdə elə bir hiss var idi ki, bu maşın sənin olacaq. Ancaq bu elə bir yarışma idi ki, bir tərəfdən xalqın dəstəyi və SMS böyük rol oynayırdı. Final mərhələsinə qədər biz SMS-lərlə addımlayırdıq. Əslində inanmırdım ki, səs toplayaram və qalib gələrəm. Sonuncu dəfə Fərda Xudaverdiyev çıxıb mənim adımı verəndə heç inanmırdım ki, SMS-lərdə qalib gələ bilərəm. Veriliş zamanı kövrəlib ağlamağımın da səbəbi maşına görə yox, SMS-lərdə qalib gəlməyim, xalqın məni bu layihədə görmək istəyi və onların sevgisinə görə idi. Əslində bu sevgi məni çox kövrəltdi. Ona görə də gözyaşılarıma hakim ola bilmədim. Çoxları buna başqa cür don geyindirdi. Finala qədər gedib çıxdım, ondan sonrasını özümə borc bildim. Özümə söz verdim ki, əgər xalq məni dəstəkləyirsə, bu yarışmanın qalibi olmalıyam. İstəmədim desinlər ki, xalq onu dəstəklədi, ancaq qalib olmağa gücü çatmadı.

- Şou başlayarkən çox sakit və səssiz idiniz. Bu, qalmaqallardan uzaq qalmaq üçün sizin tərəfinizdən düşünülmüş bir taktika idimi?
- Mən real həyatda da söz-söhbətə qarışan biri deyiləm. Ancaq qəbul edirəm ki, səbirsiz bir insanam. Tez özündən çıxan biriyəm. Bir-iki dəfə susdum, sonra dözə bilmədim. Gördüm ki, adımdan çox istifadə edirlər. Onun üçün axırda partladım.

- Sonda iki nəfər, siz və Elcan Rəsulov finala qaldınız. Elcan necə rəqib idi?
- Elcan güclü rəqib idi. O, bu mübarizdə fiziki cəhətdən tab gətirə bilmədi. Ancaq insan kimi çox yaxşı biridir. Mən ona bundan sonrakı həyatında da uğurlar arzulayıram. Mən qalib olanda dedilər ki, guya Elcanla danışmışam, maşının pulunu ikimiz yarı-yarıya böləcəyik. Əslində elə bir şey yoxdur. Bölən olsaydıq, bunu əvvəlcədən bölərdik. Orada 41 saat mübarizə aparmazdıq. Özümüzü bu qədər əziyyətə salmazdıq.

- Şoudan əvvəl Oksana Rəsulova ilə yaxın dostluq münasibətiniz vardı. Sizcə, bu şou Aksana ilə münasibətlərinizə bir xələl gətirdimi?
- Mən elə bir insanam ki, bu gün dalaşdığım biri ilə sabah salamlaşıb görüşə bilirəm. Kinli insan deyiləm. Gerisi artıq onlara qalıb. Heç kimlə düşmən deyiləm. Onlar istəsələr, görüşərik. Heç birindən incik deyiləm, küsməmişəm də. Ümumiyyətlə küsmək kimi bir xasiyyətim yoxdur.

- Bir maşına görə sənət adamlarının bu qədər qəlb qırmağına dəyərdimi?
- Bu, şoudur, yarışdır, mübarizədir. Bu mübarizənin sonunda hədiyyə maşın olacaqdı. Sənətçilər məhz maşın üzündən mübarizə aparırdılar. Düzdür, veriliş boyu bir çox iştirakçılar bir-birilərinə heç də xoş söz demədilər. Bir-birilərinin sözlərini həzm edə bilmədilər. Dalaşanda elə dalaşmaq lazımdır ki, barışmağa yer qalsın. Orada heç kimlə o qədər də böyük intriqam olmadı. Veriliş boyu heç bir sənət dostumu söymədim, təhqir etmədim. Düzdür, çoxu mənim maşını qazanmağımı qəbul etmədi, edə bilmədi. Yenə də özləri bilərlər. Qoy, olsun. Mən onlara heç nə deyə bilmərəm. Allah hər kəsin ürəyinə görə versin.

- Türklərlə birgə layihədə iştirak edirsiniz. "Yanlış anlama” filmi nə zaman tamaşaçılara təqdim olunacaq?
- Filmin çəkilişləri bitib. Artıq Türkiyədə montaj gedir. Noyabr ayında filmin Türkiyədə və eyni zamanda Azərbaycanda qala gecələri olmalıdır. Bu, Türkiyə aktyorları ilə birgə çəkilmiş maraqlı bir filmdir. Ekran işi Türkiyə və Azərbaycanda yaşayan iki ailənin 10 gününü təsvir edir. Macəra komediyasının ssenarisi Anadolu və Azərbaycan türkcələri arasında həm bənzərlik, həm də fərqlilik nəticəsində yaranan komik durum üzərində qurulub. "Yanlış anlama” filmi Türkiyə və Azərbaycanın birgə istehsalı olduğu üçün hər iki ölkənin aktyorları bir araya gəldik. Bu filmdə azərbaycanlı kimi danışıram. Onlar bəzi sözləri başa düşmürlər. Buna görə də yanlış anlayırlar (gülür).

- Bəs layihənin davamı gələcəkmi?
- Əlbəttə. Türkiyədən mənə təkliflər də gəlib. Bəlkə orada yeni işlərimiz oldu.

- Necə işlər?
- Hər şey ola bilər. Türk kanallarında verilişlərə qonaq ola bilərik, filmlərə çəkilə bilərik. Hələ ki, danışıqlar gedir. Hər şeyi zamanla görəcəksiniz.

- İslam bəy, sizi həm də cizgi filmlərinin dublyajçısı kimi çalışırsınız. Asandırmı bu sahə?
- Çox maraqlı bir işdir. "Spark. Bəşəri qəhrəman” cizgi filmində ilk dublyaj işimi gördüm. Əslində bu məndə bir ilk idi. "Cinemaplyus” məni dəvət etdi və razılaşdım. Onlar çox yaxşı işləyirlər. Bir çox xarici filmlərin səsləndirilməsinə də baxmışam. Çox xoşuma gəlir. Elə sənətçilər var ki, özləri həmin proseslərin içərisində olmasa, ona bir mız qoyub bəyənmirlər. Ancaq mən kinoteatrımızda gedən filmlərin dublyajını çox bəyənirəm. Bu cizgi filmi də normal çıxıb. Cizgi filmi elə bir şeydir ki, ona uşaqlar baxır. Ona əlavə sözlər artırmaq düzgün deyil, hər şey yerində və qaydasında olmalıdır. Mən çox bəyəndim.

- Sosial şəbəkələrdə videolar paylaşırsınız. Bu sizin zamanınızı nə qədər alır?
- Onu vaxt olanda edirəm (gülür). Hərdən beynimə ideya gəlir, mən də edirəm. İndi başım çox qarışıq olduğu üçün çəkə bilmirəm.

- Ancaq paylaşımlar da aktyorun tanınması üçün böyük rol oynayır.
- Əlbəttə, indi sosial şəbəkədə elə insanlar tanınır ki, heç onların efirə çıxmağa, hətta universitet bitirməyə ehtiyacı yoxdur. "Instagram” çıxandan Azərbaycandakı ulduzların sayı çoxalıb. İndi tanınmaq o qədər çətin bir şey deyil. İdeya gəlir beyninə, nəsə edirsən və o qədər məşhur olursan ki, şəhərə çıxa bilmirsən. Xalq səni tanıyır (gülürük).
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər