AZE | RUS | ENG |


“Qızıl Əhmədi”, bal, bəkməz, zəfəran... - Fotolar

“Qızıl Əhmədi”, bal, bəkməz, zəfəran... - Fotolar
Bələdçi Vüsal Hacıyev: “Normal xidmət göstərəndə normal da xidməthaqqı verirlər”

Ölkəmizə gələn turistlərin sayında son vaxtlar xeyli artım var. Onların içərisində bir sıra dövlətlərlə yanaşı, ərəb ölkələrindən gələnlər də çoxluq təşkil edir. Turistlərə ölkəmizə bələd olmaqda kömək edən bələdçilər həm də turizmimizlə bağlı müxtəlif məlumatlara yiyələnirlər. Məsələn, turistlərin maraqları, narazılıqları və s. kimi məqamlar. Elə bu kimi suallar ətrafında ərəb turistlərə bələdçilik edən Vüsal Hacıyevlə söhbətləşdik. 

- Müsahibə ilə bağlı sizinlə əlaqə saxlamaq istəyəndə, dostlarınızdan biri dedi ki, boş vaxtı çox olmur. Ərəb qonaqlarınız çox olur?
- Bəli, bu aralar çox olur. Azərbaycan hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri, Qətər dövləti, Səudiyyə Ərəbistanı və digər ərəb ölkələri arasında qarşılıqlı münasibətlərin genişlənməsi nəticəsində həmin yerlərdən bizə turist axını çoxalıb. Xüsusilə, viza rejimi ilə bağlı bir çox prosedurlar sadələşdirilib. Ona görə ərəb ölkələrindən turist axını çoxdur. Xüsusilə dil və din yaxınlığı var. Ona görə Azərbaycan ərəblər üçün xüsusi bir istirahət mərkəzi kimi qəbul oluna bilər. Şükür ki, ölkəmizdə təhlükəsizlik də yüksək səviyyədə təmin olunur. Heç bir xoşagəlməz hadisə, qarşıdurma yaşanmır. Bu səbəbdən də turistlərin ölkəmizə axını olmalıdır. Təhlükəsizlik turizmin inkişafı üçün bir nömrəli faktordur.

- Əsas işiniz bələdçilikdir?
- Qafqaz Universitetində Şərqşünaslıq fakültəsini bitirmişəm. Müxtəlif mətbuat orqanlarında idman jurnalisti kimi fəaliyyətim olub. "Futbol plus” qəzetində jurnalist olaraq çalışmışam, sonra "Bakı” futbol klubunda Media və Marketinq departamentində işləmişəm. "Əlincə” futbol klubunun mətbuat xidmətinin rəhbəri  də olmuşam. Hazırda "Füzuli” futbol klubunun icraçı direktoruyam. Klub işi ictimai bir vəzifədir. Amma həvəs olduğu üçün ikinci bir peşə olaraq bələdçiliyə maraq göstərdim.

- Nə qədər vaxtdır ərəblərlə işləyirsiz?
- Ötən ilin yayından başlamışam. Düzdür, ilk vaxtlar sifarişlərim elə çox olmasa da, dekabr ayından xeyli çoxaldı. Xüsusilə də Turizm Universitetində "Gənc turizm bələdçisi” layihəsində müsahibədən keçdik, bir ay müddətində bələdçi təlimi gördük. Bu da mənim təcrübəmi artırdı.
 
 

- Ərəblərin burada qalma müddəti neçə gün olur?
- Adətən, bir həftəlik gəlirlər. Onun 2-3 günü Bakı turları olur, digər günləri isə regionlarımıza səfərlər edirik.

- Əsasən hansı rayonlara gedirlər? 
- Ərəblər isti ölkədə yaşayırlar, qar görmürlər, o baxımdan Qəbələ və Qusarı daha çox seçirlər. Orada inşa olunan kanat yolları turizmin inkişafına böyük kömək göstərir. Təbiətimizi çox bəyənirlər. Quba, Qusar, İsmayıllı, Şəki, Zaqatala, Lənkəran, Masallı, Lerik kimi turistik bölgələrimizin təbiəti, şəlalələri və gölləri onlar üçün maraqlıdır. Mətbəximiz də onları cəlb edir. Mətbəx yaxınlığımız var. Sadalanan faktorlar onların bura daha çox gəlməsini şərtləndirir.

- Ölkəmiz haqqında əvvəldən məlumatlı olurlar?
- Azərbaycan dünyada Odlar Yurdu kimi tanınır. Ərəb turistlər ölkəmizdə əsas "Yanardağ” haqda məlumatlı olurlar. "Land of fire” ifadəsi varıydı. Ölkəmiz haqda o ifadə məşhurlaşdı. Alovlar ölkəsi kimi qəbul edirlər. "Atəşgah”, "Yanardağ” var. Bakının neft və qazla zəngin olmağı Azərbaycana bu adı verməyi şərtləndirir.

- Ailəvi, qrup halında, yoxsa tək-tək daha çox gəlirlər?
- Bal ayından tutmuş, böyük nəsillə də gəlirlər. Yəni, iki nəfərlik cütlüklər də çox olur, bir avtobus tutan qədər qrupla gələnlər də. Yaxud 6-7 nəfərlik ailə olur. Onlarda çoxuşaqlılıq var, ailələri böyük olur.

- Ərəbləri çox pul xərcləyən turist adlandırırlar. Bədxərclik etmirlər ki?
- Düzdür, xərcləyirlər. Qazancları çox olur, üstəlik də burada dolları manata çevirəndə əldə olunan məbləğ onlara burada daha çox pul xərcləməyə imkan yaradır.

- Ən çox nəyə pul xərcləyirlər?
- Yerli məhsullarımıza böyük maraq göstərirlər. Məsələn, "Qızıl Əhmədi” alması, bal, bəkməz, zəfərana və çaylarımıza maraq göstərirlər. Yeməklərimizdən piti, dolma, plov və kabablarımızı sevirlər. Milli mətbəx nümunələrimizi gözəl şəkildə təqdim edən restoranlarımız var ki, ərəblərin diqqətində olur. Maraqlanırlar və bu kimi şeylərə yaxşı pul xərcləyirlər. Məsələn, 7 nəfərlik ailə bəzən günə 300-400 manat xərcləyir. Yaxud 500-700 manat xərcləyənlər də olur. Böyük qrupların hansısa rayona 3 günlük turu olur ki, bu müddətdə 2-3 min manat xərcləri çıxır. Bu məbləğ az və ya daha çox ola bilir.

- İşiniz yəqin sizin də gəlirlərinizə təsir etmiş olur?
- Əlbəttə ki. Qazanc baxımından təsiri var. Normal xidmət göstərəndə normal da xidməthaqqı verirlər. Bəzən ərəblərin verdiyi "çaevoy" məvacibimizdən çox olur. Yenə də onlara yaxşı xidmət lazımdır. Nəsə problem olanda onlara hiss etdirməmək, problemi pozitiv şəkildə ötürmək lazımdır. Buna görə bələdçi pozitiv ab-havada olmalıdır. 

- Bələdçi olaraq əsas nələrə diqqət edirsiniz?
- Neft qiymətləri dünya bazarında düşüb, Azərbaycan da neft ölkəsi olaraq bundan müəyyən qədər əziyyət çəkir. Turizm sektoru elədir ki, nəinki bələdçilərin, turizm şirkətlərinin, ümumiyyətlə bu sahədə çalışanların hamısının, o cümlədən sürücülərin və digər vəzifə sahiblərinin üzərinə böyük məsuliyyət düşür. Çünki turizm artıq Azərbaycanda ön plana çıxmağa başlayıb. Yəni, artıq dövlətin maliyyə sektorunda xüsusi rol oynayır. Turistin hava limanında mənimlə bağlı təəssüratı necə oldusa, ölkəmiz haqda ilkin təəssüratı da elə olacaq. Bu mənada, çalışıram ki, hər şey yaxşı olsun, narazı getməsinlər. Hətta ailəvi gələnlər bəzən yemək yeyərkən uşaqları oynayırlar, mən onları da nəzarətdə saxlayıram. Onlar buna görə çox təşəkkür edirlər. Turist üçün hər xırda detal önəmlidir. 

- Ölkəmizə gələn turistlərin bir çoxunun otellərdə deyil, evlərdə qalmağa üstünlük verdikləri deyilir. Bəs əsəblər necə? Oteldə yoxsa, evlərdə qalırlar?
- İndiyə qədər bələdçilik etdiyim heç bir turist evdə, yaxud hosteldə qalmayıb. Daha çox prestijli otellərdə qalırlar.
 
 
 
- Daim onlarla işləyirsiz, ona görə də narazı qaldıqları məqamları siz daha yaxşı bilərsiniz...
- Ölkəmizdə turizmin inkişaf etməsini istəyirik. Bunun üçün işlər görülür və göz qabağındadır. Amma çatışmayan bəzi nüanslar da var. Məsələn, regionlara gedəndə, yollarda yerləşən bəzi restoranlarda müəyyən problemlər yaşanır, menyular, qiymətlər olmur. Bu bizim üçün mənfi haldır. Turist belə şeyləri görəndə narazılıq edir. Oturub yeyib-içirlər, birdən elə hesab gəlir ki, bələdçini qınayırlar. Düzdür, demək olmaz ki, hamısı elədir. Restoranların çoxu normal menyu ilə, qiymətlərlə işləyir. Amma müəyyən restoranlarda problemlər olur. Biz istəmərik ki, turisti aldadaq. Çünki dünyada belədir ki, turist hansısa ölkədən narazı gedirsə, sonra bir də ora getməyə maraqlı olmur, ətrafındakı insanlara ora getməyi məsləhət görmür. Problem belə şeylərlə bağlı olur. Normal qiymətlər olsun, restoranlarımız vahid menyu, qiymətlərlə xidmət göstərsələr, onlara nəzarət edilsə, daha yaxşı olar. Biz dəfələrlə aidiyyatı orqanlara, Mədəniyyət və Turizm Nazirliyinə müraciət etmişik. Ümid edirəm ki, yaxın zamanda bu problemləri yaşamayacağıq. Xidmət yaxşı olanda, ərəblər hesabdan əlavə bəxşiş də verirlər. Ərəblər imkanlıdırlar, dünyanın dörd bir tərəfini gəzirlər, turizmin nə olduğunu gözəl bilirlər. Burada da gözəl xidmət olanda qiymət məsələsində nəzərə alırlar. Amma ümumilikdə, ölkəmizdən narazı getmirlər, yola salanda təşəkkürlərini bildirirlər, gözəl təəssüratlarla ayrılırlar. 

- Bizdə imkanı olanlar gedib Dubaydan alış-veriş edirlər. Bəs ərəblər burdan nə alıb aparırlar?
- Tariximizi, mədəniyyətimizi, milliliyimizi özündə əks etdirən suvenirlər alırlar. Qadınlar daha çox kələğayı alırlar. Bizdə xüsusilə turizm sektorunda gözəl məhsullar təqdim olunur. Məsələn, çantalar var ki, üzərində "Baku” sözü yazılır. Turist turun birinci günü o çantadan alıb, onunla şəhərə çıxır. Bir də bəzən rəsm əsərləri, xüsusi əl işləri diqqətlərini çəkir. İçərişəhərdə Əli Şəmsi adında bir rəssam var. Neft məhsullarından rəsmlər çəkir. Ona da diqqət göstərirlər.

- Belə başa düşdüm ki, yeməyə daha çox pul xərcləyirlər...
- Bəli, bizim özümüz də yeyib-içən xalqıq. Amma ərəblərlə müqayisə edəndə görürəm ki, fərq çoxdur. Onlar bizdən də çox yeyirlər. Yeməyə pul xərcləyəndilər. 

- Ərəblərlə bağlı hər hansı maraqlı xatirəniz varmı?
- Bir dəfə ərəblərlə şəhərdəydik. Restoranlardan birinin qarşısında "Mustang” avtomobili dayanmışdı. Uşaqlardan biri qayıtdı ki, atam mənə bundan alıb. Fikirləşdim ki, yəqin oyuncağını deyir, uşağa dedim ki, hə, lap yaxşı. Atası mənə baxıb gülə-gülə qayıtdı ki, oyuncaq yox, həqiqi maşın almışam. Uşaq bu maşını xoşlayır deyə özümə almışam. Uşağın dediyi sözü biz o qədər də ciddiyə almadıq, amma atası maşını həqiqətən alıbmış.
 
Aygün Asimqızı
 




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6373
GBP 1 İngilis funt sterlinqi 2.2678
TRY 1 Türk lirəsi 0.4429
KWD 1 Küveyt dinarı 5.6260
SEK 1 İsveç kronu 0.1996
EUR 1 Avro 2.0012
CHF 1 İsveçrə frankı 1.7140
USD 1 ABŞ dolları 1.7000