AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Qız üstə çox davalar etmişəm” – Mən gənc olarkən

“Qız üstə çox davalar etmişəm” – Mən gənc olarkən

Gənclik qəzeti
03 Noyabr 2014, 09:51 2462
Hesab edir ki, indi sevgi yoxdur. Deyir, sevgi elmdir, böyük mədəniyyətdir. “Leyli və Məcnun”u, “Əsli və Kərəm”i, dünya yazıçılarının gözəl sevgi romanlarını, Stefan Sveyqi, Drayzerin “Dahi”sini oxumamısansa, gözəl hind filmlərinə baxmamısansa, necə sevə bilərsən? Onun fikrincə, indiki cavanlar qarşısındakını cismani olaraq sevirlər, onların sevgisi heyvanlara daha yaxın sevgidir.
Müsahibimiz əməkdar jurnalist, «Şöhrət» ordenli yazıçı, millət vəkili Aqil Abbasın uşaqlıq, tələbəlik illərinə birlikdə nəzər salaq....

“Kitab oxuyan uşaq heç vaxt dəcəl olmur”

Aqil Abbas 1953-cü il aprelin 1-də Ağcabədi rayonunun Bayat kəndində dünyaya göz açıb. Uşaqlığı Bayat kəndinin Kolalı məhəlləsində keçib. 8 uşaqlı ailənin böyüyü olub. Deyir, gözünü açandan evdə kitab görüb. Atası universitetin Şərqşünaslıq fakültəsinin məzunu Məhəmməd kişi Nizaminin “Xəmsə”sini farsca oxuyub, Quranı yaxşı təfsir edirmiş. Sonradan İqtisadiyyat fakültəsini də bitirdiyindən rayonda müxtəlif vəzifələrdə işləyib. Uzun illər sovxoz direktoru işləyib, bir sözlə, təsərrüfat rəhbəri olub. Buna görə də Aqil Abbas nə uşaqlığında, nə də tələbəliyində imkansızlıqdan əziyyət çəkməyib.

Atası hələ birinci sinfə getməmiş oğlu Aqilə kiril, latın və ərəb əlifbasını öyrədib. Aqil məktəbə getməmiş bu üç əlifbada sərbəst şəkildə oxuyub yazırmış.

Ata nənəsinə bütün kənd bibi deyə müraciət etdiyindən müsahibimiz də onu bibi deyə çağırarmış: “Bibim çoxlu bayatı, hədis, rəvayət bilirdi. Babam Kərbəla ziyarətində olduğundan çoxlu hədislər danışırdı. Məhərrəmlik vaxtı bibim imamlara ehsan verərdi. Camaat bizim evə yığışardı. Gecə oturub Kərbəladan gətirilən kitablardakı hədislərı, Quran oxuyardılar. Mən də hədisləri dinləməkdən zövq alardım”.

Uşaq vaxtı sözabaxan olduğunu deyir: “Kitab oxuyan uşaq heç vaxt dəcəl olmur. Mən bütün günü kitab oxuyurdum. Məktəbin kitabxanasında oxumadığım kitab qalmamışdı. Evimizdəki kitabxanada kitabları qurtarıb dayımın kitabxanasına keçmişdim. Hələ 3-cü, 4-cü sinifdə şəhər mərkəzi kitabxanasının üzvü idim”.

Fizika laboratoriyası yaradır

Müsahibimiz 3-cü sinfə keçəndə atası ailəsini də götürüb kəndləri ilə 18 km məsafədə yerləşən Ağdam rayonuna köçür: “Kənd yerində imkanlar az idi, şərait, məktəb istədiyimiz kimi deyildi. Buna görə atam o vaxt mədəniyyət beşiyi sayılan Ağdamdan ev aldı və ailəlikcə oraya köç etdik”.

Bədii kitablar oxumaqla yanaşı, Aqil həm də texnika ilə maraqlanırmış: “Mənim xahişimlə atam Rusiyada çıxan texniki kitabları alırdı, o cümlədən “Texnika Molodyojı”, “Za rulyom” və s. kimi jurnallara abunə idi. Jurnallardakı layihələrin üzərində işləyirdim. Silah, sabun qabının içərisində Bakı və İranı tutan radio düzəltmişdim. 8-ci sinifdə oxuyanda məktəb direktorunun yanına gedib xahiş etdim ki, zirzəmidəki otağı bizə versin, orada fizika laboratoriyası təşkil edək. Bütün günü boş vaxtlarımızı dostlarımla o laboratoriyada keçirirdik. Orada müxtəlif cihazlar düzəldir, bu cihazlarla yarışlara qatılırdıq”.

Həmsöhbətimiz məktəbi əla qiymətlərlə bitirdiyini, texniki fənlərə xüsusi marağının olduğunu deyir: “SSRİ-nin elektrikləşdirilməsi ilə bağlı böyük bir xəritə var idi. Xəritədə 500-600 stansiya əks olunmuşdu. Bunların bir qismi mövcud olan, bir qismi tikilən, digəri isə tikilməsi planlaşdırılan müxtəlif növ stansiyalar idi. Rəngli işıq lampaları ilə bu stansiyaları fərqləndirmişdik. Xəritənin üzərində mənim rəhbərliyimlə daha 3 sinif yoldaşım işləyirdi. Bu xəritə Azərbaycanda 1-ci, SSRİ-də 3-cü yerə çıxdı. Ancaq o vaxt bizə haqsızlıq etdilər, SSRİ olimpiadasına bizi deyil, Bakıdan başqa uşaqları göndərdilər, amma iş bizim adımıza idi. Biz 3-cü yeri tutandan sonra Ağdamda SSRİ-nin maliyyə dəstəyilə Gənc Texniklər Stansiyası yaradıldı”.

Həyatının ən böyük səhvi

Millət vəkilinin rəssamlıq qabiliyyəti də var imiş. Dediyinə görə, indi sürrealizm adlandırılan qeyri-adi rəsmlər çəkməyi sevərmiş. Hətta institutda oxuduğu vaxtlar rəssamlar kimi geyinərmiş: “Bakıda Əzim Əzimzadə adına Texnikum var idi. O da ali məktəb olmadığından mənim ölçülərimə uyğun gəlmirdi. Buna görə rəssam olmaqdan vaz keçdim. Atam məni həkim görmək istəyirdi. Amma bu sənət mənlik deyildi. Çünki yanımda bir adamın barmağı qanasa, ağlayıram, qarşımda bir xəstə ölsə, özümü asaram. Buna görə də sənədlərimi Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə verdim. Orta məktəbdə oxuyanda məqalələr yazırdım. Nənəm və əmim Kolanlıda qaçaq olan atamın babası Abbas kişi haqqında danışırdılar. Mən bu əhvalatları, eyni zamanda nənəmin danışdığı rəvayətləri, hədisləri ağ kağıza köçürürdüm. Bəlkə də ədəbiyyatçı olmağım elə buradan qaynaqlanıb”.
A.Abbas hesab edir ki, orta məktəbi bitirərkən sənədlərini texniki fənlərə verməmək həyatının ən böyük səhvidir: “Mən gərək ya riyaziyyatçı, ya da fizik olaydım”.

Bakıda ən yaxşı geyinən tələbə

İnstitutda oxuyarkən o vaxtkı «Qubanov» küçəsindəki evdə kirayə qaldığını deyən A.Abbas həmin evdə 10 il yaşayıb. Amma tələbələrin əksəriyyətindən fərqli olaraq, nə bir dəfə özünə yemək bişirib, nə də ev yığışdırıb. Çünki qonşuluqda xalası qızı və xalası oğlu yaşadığından onlar müsahibimizin dadına çatırmış: “Yeməyi xalamqızıgildə, arada da dayımgildə yeyirdim”.
Həmsöhbətimiz orta məktəbi əla qiymətlərlə bitirsə də, institutda dərsdən qaçan tələbə olduğunu etiraf edir: “Xoşlamadığım dərslərdə oturmurdum, sonra da ağrısını çəkirdim. Amma dərslərə girməyi xoşlamasam da, ictimai fəal tələbə olmuşam. Bizim fakültənin partkomu, rəhmətlik professor Şamil Qurbanov rus ədəbiyyatından dərs deyirdi. Mənim rəssamlıq və nəqqaşlıq qabiliyyətimin olduğunu gördüyündən yanına çağırıb divar qəzeti buraxa biləcəyimi soruşdu. Mən həm filologiya fakültəsinin, həm də ayrıca satirik divar qəzeti buraxdım. Universitetin “Lenin tərbiyəsi” qəzetində müxbir işləyir və 35 rubl maaşım vardı. Kəsirlərim olduğundan çox vaxt təqaüd ala bilmirdim”.
Aylıq cəmi 35 rubl gəliri olsa da, nəinki institutda, hətta Bakıda ən yaxşı geyinən tələbələrdən sayılırdı: “Atamın imkanı yaxşı olduğundan bizə korluq verməzdi. Hətta bəzən elə olurdu, gündə iki dəfə paltarımı dəyişirdim”.

İnstitutda ilk və son “5”

A.Abbas bir az davakar olmasından danışır: “Yeməkxanamız var idi. Oranın da böyüyü ağdamlı idi. Kimdən xoşumuz gəlmrdisə, qapını “içəridə yoxlama var” bəhanəsilə bağlayıb heç kəsi içəri buraxmırdıq və xoşlamadığımız adamı orada əzişdirirdik”.
Dərslərə girməyi xoşlamasa da, sevdiyi fənlərin mühazirə və seminarlarına qatılarmış: “Sevdiyim fənlərdən müəllimlərlə dilləşməyi, mübahisə etməyi sevirdim. Fəlsəfə, etika, estetika, elmi ateizm, məntiq, elmi kommunizm və s. sevdiyim fənlər sırasında idi. Elmi kommunizmi keçəndə başa düşdüm ki, kommunizm olmayacaq. Amma o kitabı oxuyana qədər elə bilirdim ki, kommunizm olacaq. Müəllimə dedim ki, kommunizm boş və mənasız şeydir. Bunun üstündə müəllimlə çox böyük mübahisəmiz oldu. Hamı deyirdi ki, müəllim məni institutdan qovduracaq, amma böyük ürək sahibi olduğundan heç bir problemim yaranmadı”.
Bir dəfə də həmsöhbətimiz boynundan kiçik Quran asıb elmi ateizm fənnindən Qədim müəllimin imtahanına gedir.
Qədim müəllim: “Boynundakı nədir?”
Aqil: “Quran”.
Müəllim: “Allaha inanırsan”.
Aqil: “Niyə inanmıram. Allaha inanmayan kafirdir”.
Müəllim: “Bilirsən, hansı fəndən imtahana gəlmisən?”.
Aqil: “Elmi ateizmdən. Suallarınızı verin, cavablandırım, sizin arqumentlərin əksinə də cavab verim”.
Müəllim A.Abbasın üzünə zəndlə baxıb qiymət kitabçasını istəyir və ona sual vermədən “5” yazır: “Bəlkə də institutda ilk və son “5”i onda aldım”.

“Müəllimlərə uşaq tapşırırdım”

Müsahibimiz müəllimləri ilə dost olduğunu deyir: “İkinci kursda oxuyanda müəllimlərimlə onların yığışdığı çayxanada oturub çay içirdim. Ünsiyyətcil idim, həm də 1-2 dəfə söhbət edəndən sonra müəllimlər görürdülər ki, mən digər tələbələrdən fərqliyəm, hamı kimi düşünmürəm, həyata hamı kimi baxmıram. Qəzetdə məqalələrimin çıxması da onların nəzərindən qaçmırdı. Hətta müəllimlərə qiymət yazmaq üçün uşaq da tapşırırdım”.

İnstitut illərindən başlayaraq Rəmişlə dostluq etdiyini deyən müsahibimiz kirayədə qaldığı evin Rəmişgilə yaxın olduğunu bildirir: “Rəmiş alt mərtəbədəki otaqlarından ikisini musiqi otağı etmişdi. Ora yığışırdıq. Rəmiş ya gitara, ya pianoda çalır, biz dinləyirdik”.

Bundan başqa, müsahibimiz tələbəlikdə boş vaxtlarını teatrlara, kinoya getməklə keçirib: “Həftədə bir dəfə Milli Dram Teatrına, bir dəfə Musiqili Komediya Teatrına, 3 dəfə filmlərin axşam seansına gedirdik. Opera və Balet Teatrına getməyi sevərdim. Filarmoniyaya çox az gedərdim. Bu gün də nə Filarmoniyada, nə də Respublika Sarayında konsertə qulaq asmağı sevmirəm. Təsəvvür edin, Arif Babayev oxuyur və qəfil xırdalama aparır. Camaat bu xırdalamaya qulaq asmaq əvəzinə, başlayır çəpik çalmağa, artıq həmin hissəni eşidə bilmirsən. Bundan xoşum gəlmir”.

“Əlinin qoxusundan çox xoşum gəlirdi”

A.Abbas bizə ilk sevgisindən də danışdı: “Birinci sinifdə ibtidai sinif müəlliməmiz Leyla müəlliməyə vurulmuşdum. O, başımı sığallayırdı və əlinin qəribə bir qoxusu var idi. Əlinin qoxusundan çox xoşum gəlirdi. Sonra Leyla müəllimə Ağdama gəlin köçdü. Çox pis olmuşdum, məktəbə getmək istəmirdim”.
A.Abbasın sözlərinə görə, institutda oxuyanda qız üstə çox davalar ediblər: “Amma davalar dostlarımın sevdiyi qızların üstündə olurdu. İnstitutda oxuyanda heç bir qızla maraqlanmamışam, amma yaxşı geyinib-keçindiyimə görə mən qızların xoşuna gəlmişəm. Qızlara o dərəcədə meyilli deyildim. Amma etiraf edim ki, qızların məni sevməsini, mənə məktub yazmasını xoşlayırdım. Mən də məktub yazmışam. 1-ci kursda oxuyanda, məktəbimizdə 9-cu sinifdə oxuyan qıza 5-6 məktub yazıb cavab gözləyirdim. Amma heç birinə cavab gəlmədi. Dilim şirin olduğuna görə tələbəlikdən sonra da qız arxasınca düşməyi sevməmişəm, elə sözlərim kifayət idi”.

“İndiki cavanların sevgisi heyvani sevgidir”

A.Abbas hesab edir ki, indi sevgi yoxdur: “Sevgi elmdi. Sən “Leyli və Məcnun”u, “Əsli və Kərəm”i, dünya yazıçılarının gözəl sevgi romanlarını, Stefan Sveyqi, Drayzerin “Dahi”sini oxumamısansa, gözəl hind filmlərinə baxmamısansa, necə sevə bilərsən? Bu halda yalnız birinci sinifdə mənim sevdiyim kimi sevmək mümkündür. Müəllim başımı sığallayır, əlinin qoxusundan xoşum gəlir. Amma sevgi tamam başqa şeydir. Bir şeylər oxumadığına görə indi insanlar sevməyi bacarmırlar. Sevdiyin qızı yuxunda görməyəcəksənsə, onun haqqında düşünməyəcəksənsə, beynində fantastik şeylər yaratmayacaqsansa, səhərə qədər yatmayacaqsansa, gedib onun pəncərəsinin altında durmayacaqsansa, gecə onun fikrylə ayılandan sonra səhərə qədər onu fikirləşməyəcəksənsə, bu, nə sevgidir. Nədənsə mənə elə gəlir ki, indiki cavanlar qarşısındakını cismani olaraq sevirlər, onların sevgisi heyvanlara yaxın sevgidir. Əsl sevgi - içdən sevmək isə böyük mədəniyyətdir”.

Lalə MUSAQIZIMən gənc olarkən"> Mən gənc olarkən"> Mən gənc olarkən"> Mən gənc olarkən"> Mən gənc olarkən"> Mən gənc olarkən">