• cümə, 29 Mart, 15:37
  • Baku Bakı 14°C

Qiyabi magistratura təhsili niyə dayandırılıb? Araşdırma

05.07.13 09:38 8877
Qiyabi magistratura təhsili niyə dayandırılıb? Araşdırma
“Oğlum Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Hal-hazırda dövlət qulluğunda çalışır. Bu il BDU-nun hüquq fakültəsində magistraturaya daxil oldu. Ancaq məlum oldu ki, təhsilini əyani davam etdirməlidir. Bunun üçün isə ilə 2500 manat ödəmək lazım idi. Həm bu pulu ödəməyə imkanım yox idi, həm də oğlum işini itirməmək üçün magistratura təhsilindən imtina etmək məcburiyyətində qaldı”. Bu narazı fikirlərlə bizə müraciət edən valideynlərdən biri, həmçinin şikayətləndi ki, əgər oğlunun çalışdığı qurum işinin itirməyəcəyi ilə bağlı ona təminat versəydi, bəlkə də magistr təhsilini əyani davam etdirərdi.
Qeyd edək ki, natamam ali təhsil pilləsini - bakalavr təhsil pilləsini bitirən bir çox tələbələr magistratura təhsil pilləsi üzrə təhsil almaq arzusu ilə yaşayırlar. Tam ali təhsilə yiyələnmək istəyən və “magistratura tələbəni ilk növbədə elmi və praktiki istiqamətə yönəldir” fikrini əsas tutanlar bu istiqamətdə bir çox hallarda “sürpriz”lərlə qarşılaşırlar. Belə ki, ölkənin çox pilləli ali təhsil sistemində 1997-ci ildən etibarən tətbiq edilən magistratura pilləsinə maraq çox olsa da, bəzən bu istəyin qarşısını müxtəlif maneələr kəsir. Heç şübhəsiz, bu baryerlər əsasən ödənişli təhsildə təhsil haqqının çoxluğu, əyaniyə qəbul olan tələbələrin ailə, iş və ya sosial vəziyyətləri ucbatından təhsillərini davam etdirə bilməmələri və s.- lə bağlıdır.
Tələbələr daha çox təhsil ocaqlarının divarları arasından ayrılıb praktiki işlə məşğul olmaq və magistr təhsillərini qiyabi davam etdirməyə üstünlük verirlər. Amma... Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin timsalında qarşılarında yaranan maneə göz önündədir. Belə ki, uzun illərdir qapılarını magistratura təhsili üçün tələbələrin üzünə açan fakültə gözlənilmədən onların qarşısında qalın sədd yaradıb. Səbəb nədir? Təhsil ocağının yalnız bir fakültə üzrə bu qərara gəlməsi hansı dəyişikliklər yaradacaq?
Gələn ildən mütləq olacaq
Bakı Dövlət Universitetinin magistratura və doktorantura şöbəsinin müdiri Afət Məmmədovanın sözlərinə görə, təhsil ocağının bütün istiqamətlər və ixtisaslar üzrə əyani və qiyabi magistratura təhsili var, təkcə hüquq fakültəsindən başqa. Belə ki, bu il ilk dəfə olaraq hüquq fakültəsində magistratura üzrə təhsil almaq istəyən tələbələr üçün qiyabi təhsilə müraciət olunmayıb: «Bu il ilk dəfə olaraq hüquq təhsili üzrə qiyabi magistratura təhsili nəzərdə tutulmayıb. Keçən il Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə xanım belə bir şans verdi ki, ixtisaslar üzrə qiyabi və əyani təhsili hər bir institut özü seçsin. Tutaq ki, biz ixtisaslaşma üzrə əyaniyə 5 yer, qiyabiyə isə 2 yer vermişdik. Bir növ tələbələrə seçim sərbəstliyi verilmişdi. Bu da böyük ajiotaja səbəb oldu. Hamı dedi ki, biz qiyabi təhsil almaq istəyirik. Bu bizim bütün tədris planlarımızı, yükümüzü pozdu. Nə otağımız var idi, nə də müəllim fondumuz. Bu qərar bütün prosesi korladı. Zənglər, müəyyən qarışıqlıq çox böyük problem yaratdı”. A.Məmmədova qeyd edib ki, universitetin hüquq fakültəsi magistraturada qiyabi təhsilin olmamasına özü qərar verib: “Bu il hüquq fakültəsi elan etdi ki, onlar əyani oxuya, təhsilini artıra bilən mütəxəssislər yetişdirəcək. Yəni fakültə bu il qiyabi təhsil üzrə qəbul elan etmədiyini bildirib». A.Məmmədovanın sözlərinə görə, bu seçimi vermək universitetin öz daxili səlahiyyətində olan bir işdir. BDU-nun hüquq fakültəsi üzrə magistraturaya daxil olmaq istəyən tələbələr əks təqdirdə, seçimlərini İdarəçilik Akademiyasına, Naxçıvan Dövlət Universitetinə yönəldə bilərlər. Bu təhsil ocaqlarında ixtisas üzrə qiyabi təhsil almaq mümkündür: «Bu seçim azaddır. İstənilən təhsil ocağını qiyabi təhsil üzrə seçmək olar. Əgər bu institutda qiyabi təhsil yoxdursa, başqa institutları seçə bilər. Tutaq ki, bizə 106 nəfər magistr daxil olur. Onların 90-ı qiyabi təhsil almaq istədiyini bildirir. Universitet isə yükündə əyani üçün 80, qiyabi üçün 20 magistr yeri ayırır. Keçən ilki prosesdən sonra isə bütün qəbulu əyani üzrə elan etdilər”.
BDU təmsilçisinin sözlərinə görə, fakültədə yaranan narazılıq konkret olaraq tələbələrin əyani oxumaq istəməməsi ilə bağlı olub. Belə ki, təhsil ocağının rektoru, millət vəkili Abel Məhərrəmov bir neçə dəfə Milli Məclisdəki çıxışlarında işləyənlərin magistraturada qiyabi təhsil almasının düzgün olmadığını bildirib: “Yəni tələbə iki il magistr pilləsini əyani bitirsin, sonra da gedib hüquq-mühafizə orqanlarında işləsin. Amma indi bu sistemdə işə düzəlirlər, sonra da təhsil almağa gəlirlər. Təhsil də yarımçıq olur, iş də pozulur”. Ümumilikdə qiyabi təhsili dəstəklədiyini bildirən A.Məmmədova qeyd edib ki, sadəcə, keçənilki vəziyyət bu situasiyanı üzrə çıxarıb: «Gələn ildən mütləq hüquq fakültəsində magistr üzrə qiyabi təhsilin elanı da olacaq. Çünki TQDK bu formanı nizamlayır». Magistratura pilləsində təhsil haqlarına gəlincə, A.Məmmədovanın cavabı konkret oldu: «Biz magistraturada təhsil haqları üçün Əsasnamə ətrafında işləyirik». Şöbə müdiri ödənişi ödəyə bilməyən magistrlərin təhsildən kənarlaşdırılma faktlarının olduğunu da istisna etmədi.
TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə isə BDU-nun hüquq fakültəsində qiyabi magistratura təhsilinin ləğvinin TQDK-nın səlahiyyətində olmadığını bildirib: «Bu qaydanı biz təsdiq etmirik. Ona görə bu sualı cavablandıra bilmərik. Bu sualı Təhsil Şurasına ünvanlayın”.
Qərar dəyişə də bilər, dəyişməyə də
Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev də bu il üçün qəbul planında qiyabi magistr təhsilinin plandan çıxarıldığını təsdiqləyib: «Hesab etmişik ki, magistraturada əyani təhsil daha effektli nəticə göstərir». Ə.Əliyev qiyabi təhsilin bu ixtisas üzrə gələn ildən yenidən tətbiq olunması fikrini təkzib edib: «Bu fikirlər düz deyil. Fakültə Elmi Şurası qərar verib ki, magistraturada əyani təhsilin daha böyük üstünlükləri var. Biz burada bütün reallığı görürük. Ümumiyyətlə, əyani təhsil çox effektlidir. Hər bir tələbə əyani təhsil almalıdır. Qiyabi magistratura təhsili üzrə magistr elmi dərəcə üçün o nəticəyə nail ola bilmir». Bununla belə, fakültə dekanının qərarın qüvvədə qalıb-qalmayacağı fikrinə münasibəti də birmənalı olmadı: “Biz gələn il bu qərara bir də baxacağıq. Ola bilsin ki, qərarı qüvvədə saxladıq, ola bilsin ki, dəyişdik”. Ə.Əliyev ixtisas üzrə əyani magistr təhsil haqqının illik 2000-2600 AZN civarında olduğunu da qeyd edib.
Kimə hansı əl verirsə
Professor Şahlar Əsgərov isə hüquq fakültəsində qiyabi təhsilin labüdlüyünü vurğulayıb: «Magistr təhsili, qiyabi təhsil, distant təhsil, özünü təhsilləndirmək - bunlar hamısı təhsilin variantlarıdır. Bu variantlar o qədər çox olmalıdır ki, kimə hansı əl verirsə, insanlar o metoddan istifadə etməlidirlər. Ona görə qiyabi təhsil də lazımdır. Çünki insan öz-özünü təhsilləndirə bilər”. Ekspertin sözlərinə görə, bu qərarı yalnız bir komissiya verə bilməz. Belə ki, bunun üçün ətraflı tədqiqatlar aparılmalı, müşavirə keçirilməli və qərar qəbul edilməlidir: “Mən əvvəldən də komissiyanın bu cür qərar qəbul etməsinə etiraz edirdim. Bir komissiya bilməz ki, dövlətə nə və necə lazımdır. Burada aydın olmayan məqamlar çoxdur. Liberal cəmiyyətdə təhsil azadlığı elə təşkil olunmalıdır ki, insanlar ondan istifadə edə bilsinlər».
Ş.Əsgərovun fikrincə, bakalavr pilləsini başa vurub işləyən tələbələr iş şəraitləri ilə əlaqədar olaraq magistratura pilləsi üzrə qiyabi təhsil almalıdırlar: «Əgər kimsə işləyirsə, ona qiyabi təhsil almaq uyğun olar. O, ildə 3-4 dəfə elmi rəhbərinin yanına gedib planlar almaqla işini təmin edə bilər. Elə ixtisaslar var ki, orada qiyabi təhsil almaq olar, eləsi var ki, yox. Məsələn, hüquq fakültəsində qiyabi təhsil almaq olar, amma təcrübi fizikada, kimyada bu mümkün deyil. Bu ixtisaslar üzrə təhsil alan magistrlar gərək laboratoriyada işləsinlər. Hətta jurnalistika ixtisası üzrə də qiyabi magistr təhsili almaq olar. Ona görə bu barədə düşünülməli və bu məsələ ölçülüb-biçilməlidir».
Müəmma
Ortada qalan qaranlıq məqam budur ki, qərarın kimin tərəfindən verildiyi məlum deyil. Təhsil Şurasımı, Bakı Dövlət Universitetimi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasımı? BDU-nun magistratura və doktorantura şöbəsi bu qərarı hüquq fakültəsinin özünün verdiyini bildirdiyi halda, TQDK isə Təhsil Şurasına yönəldir. Üstəlik, şöbə «Gələn ildən mütləq hüquq fakültəsində magistr üzrə qiyabi təhsilin elanı olacaq” dediyi halda, fakültə rəhbəri “Bu səhv fikirdir” deyir. Sonra da “Ola bilsin ki, qərarı qüvvədə saxladıq və ya ola bilsin ki, dəyişdik” kimi qeyri-möəyyən formada daha əvvəlki fikrini təkzib edir.
Müəmmalı və heç bir ümid vəd etməyən vəziyyətin acısını isə bakalavr pilləsini başa vurub özünə dövlət qulluğunda iş tapan və magistr pilləsinə qiyabi yiyələnmək istəyənlər çəkir.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər