• cümə, 29 Mart, 01:44
  • Baku Bakı 7°C

Qismət, yoxsa insanın cızdığı yol? - Polemika

20.04.15 05:15 13911
Qismət, yoxsa insanın cızdığı yol? - Polemika
Din yarandığı dövrdən etibarən insanlar arasında əsas müzakirə mövzularından biri qismət və alın yazısı olub. Dindarlar hesab edir ki, dünyada baş verən bütün proseslər Allah tərəfindən əvvəlcədən müəyyən edilib. Həmçinin Allah insanların edə biləcəyi bütün hərəkətləri qabaqcadan bilir. Lakin digərləri düşünür ki, insanın əməli, həyatı qismət ilə əlaqədar deyil. Bu mövzu barəsində gənclərin fikrini öyrəndik.
“İnsan qədərindən xəbəri olmadan seçim edir”
Camal Əfəndiyev, təlim meneceri
Camal qismətə inandığını deyir: “Belə bir deyim var: “Dəvənin ayaq izi onun varlığının sübutudur”. Yaradılışda nəyə baxırsan bax, Allahın izini görmək mümkündür. Demək ki, yaradılışda prosesləri proqramlaşdırıb yaradılışı başıboş buraxmayan birisi var. Qismət dediyimiz isə İslam dinində qəza və qədər anlayışı ilə izah olunur və bu, altı şərtdən biri sayılır. Qəza və qədər Allahın hadisələri dilədiyi kimi yönəltməsi mənasında izah olunur və buna biz müsəlmanlar iman edirik. İman edirik ki, başımıza nə gəlirsə gəlsin, Allahın qədəridir”.
Həmsöhbətimiz hesab edir ki, insanın etdiyi bütün hərəkətlər və əməllər qismət ilə əlaqədardır: “Çünki Allah insanın qədərini müəyyən edib və bu barədə insana heç bir məlumat verməyib. İnsan ümumilikdə 4 mərhələ keçir: ana bətni, bu dünya, qəbr həyatı və axirət həyatı. Yalnız dünya həyatında insanlara seçim haqqı verilir. İnsan qədərindən xəbəri olmadan seçim edir və buna görə imtahan olunacaq. Doğru seçim etmək üçün isə Allah insanlara doğru yolu göstərən vasitələr göndərib. Dünya həyatında isə iki yoldan birini seçmək olur”.
Müsahibimiz vurğulayır ki, dünyada baş verən bütün hadisələr; müharibələr, təbii fəlakətlər və s. qədərlə, qismətlə əlaqədardır: “İnsanlar dünya həyatında Allahın onlara vermiş olduğu iki yoldan birini seçir və qarşı tərəfə ziyan vurur. Allah insanları bu cür vasitələrlə sınağa çəkir, bəzilərinə müsibət göndərir. Əvvəlki nəsillərin, mədəniyyətlərin məhv olması buna sübutdur və buna müqəddəs kitabımızda dəfələrlə yer ayrılır. Allah insanların fikirlərini buna xüsusi olaraq yönləndirir. Bu cür pisliklərdən uzaq olmaq üçün dünya qanunlarını Yaradanın bizə vasitələrlə öyrətdiyi kimi tətbiq etməliyik. Hər hansı bir şeyi onu yaradanın göstərdiyi yolla istifadə etməmək sonda mənfiliklərə gətirib çıxarır. Buna görə də Yaradan istifadə etmək üçün müqəddəs kitabımızı və müəllim olaraq peyğəmbərimizi göndərib və bu vasitələri tərk etməmək yolu ilə uğur əldə edə bilərik”.
“İnsan etdiyi əməllərə görə mükafatlandırılır”
Ellada Hacıyeva, müəllimə
Ellada da qismətə inandığını bildirir: “Qismət, alın yazısı insan doğulmadan öncə Allah tərəfindən müəyyən edilir. Mən müsəlman olaraq qismətə və qədərə inanıram. Çünki bunlar imanın altı şərtindən biridir. Lakin bəzi insanlar qismətə inanmır. Onlar həyatımızda baş verən bütün hadisələri insan faktoru ilə əsaslandırır. Əlbəttə, qismət və alın yazısı ilə bağlı insanların çox sualları olur. Dünyada baş verən bütün fəlakətlər, müharibələr, qətllər qismətlə bağlıdırmı? Görəsən, niyə Allah insanlara belə əzablar göndərir? Belə suallar insanları öz dinindən uzaqlaşdıra da bilər. Mən düşünürəm ki, bütün bunlar Allahın iradəsi olmadan baş verə bilməz. Hətta ağacın bir yarpağı belə Ulu Yaradanın izni olmadan yerə düşə bilməz. Buna görə də insanlar təmkinli olmalı və hər şərdə bir xeyir görməlidirlər. Həyatda pozitiv olmaq çox vacibdir. Allahın bəxş etdiyi bütün nemətlərə şükür etməli və daha çox yaxşılıqlar etməliyik”.
Müsahibimiz qeyd edir ki, hələ insan doğulmamışdan qabaq onun cinsi, qardaş və yaxud bacısının olması, ölüm vaxtı başda olmaqla bir çox məsələlər artıq Allah tərəfindən müəyyən edilir: “Həmçinin insan həyatı boyu etdiyi əməllərə görə mükafatlana və yaxud cəzalana bilər. İnsanın etdiyi bütün hərəkətlər ona artıqlaması ilə geri qayıdır. Yəni insan yaxşılıq edirsə, o, Allah tərəfindən mükafatlanır, etdiyi pis əmələ görə isə cəzalandırılır. Məncə, müharibələrin, qətllərin səbəbi də elə bundadır. Həmçinin unutmaq olmaz ki, insanın nəfsi onu yoldan çıxara, pis əməllər etməyə məcbur edə bilər. Unutmayaq ki, şeytan hər zaman insanı yoldan çıxarmağa, onun Allaha olan inamını zəiflətməyə çalışır. İnsanların günah etməsinin əsas səbəblərindən biri də budur”.
“Qisməti cızan insandır”
Taleh Orucəliyev, administrator
Taleh düşünür ki, dünyada baş verən bütün hadisələrə görə insan cavabdehdir: “Yəni Allah insanı yaratdıqdan sonra onun qismətini yazır. Yəni onun ölüm vaxtını da Allah müəyyən edir. Lakin doğuluş anından ölümə qədər bütün əməllərə görə insan özü cavabdehdir. Əlbəttə, Allah hər bir insanın hansı əməlləri edə biləcəyini, necə insan olacağını əvvəlcədən bilir. Lakin o, insanlara seçim haqqı da verir. İnsanların mələklərdən, heyvanlardan fərqi ondadır ki, onun nəfsi var. Şüuru olan insan seçimi özü edir. Yəni insan istədiyi dini, peşəni və s. özü seçir. Yer kürəsi bir sınaqdır. İnsan bu sınaqdan üzüağ çıxa bildiyi halda, Allah tərəfindən cənnət ilə mükafatlandırılır”.
Müsahibimiz hesab edir ki, Yer kürəsində baş verən bütün hadisələrə göyə insan cavabdehdir: “İnsan ölümlərini, müharibələri, qətlləri Allah ilə əlaqələndirmək olmaz. Çünki insanın şüuru var və o özü seçim edir. Məsələn, Adolf Hitler yəhudiləri qətl etməyi əmr verib, yaxud ermənilər Xocalıda günahsız insanları öldürüb. Bunlar, mənim fikrimcə, Allahın istəyi kimi yozulmalı deyil. Allah heç vaxt belə dəhşətli əməllərin baş verməsini istəməz. Bular hamısı insan faktoru ilə əlaqədardır”.
Həmsöhbətimizin sözlərinə görə, Allah insanları etdiyi əməllərinə görə də mükafatlandırır: “Yaxşı əməllər edən insan yaxşılıqla qarşılaşar. Yəni Allah onu on qat, yüz qat mükafatlandırar. Pis əməllər edəni isə cəzalandırar. Qisməti cızan insanın özü və seçimləridir. Qədəri isə yaradan Allahdır. İnsanın elədiyi hər şeyi Allah bilir və onun nəyisə bilməyi zaman ilə bağlı deyil. Biz hər şeyi qismətə bağlamaq əvəzinə, öz seçimlərimizə diqqət eləməyi bacarmalıyıq”.
Sənan Əhliman
banner

Oxşar Xəbərlər