AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Qışda paltar geyinən, kövrələndə ağlayan heyvanlar – Sadə peşə adamı

Qışda paltar geyinən, kövrələndə ağlayan heyvanlar – Sadə peşə adamı

Gənclik qəzeti
21 Yanvar 2015, 09:58 2212
Atların gözəlliyinə, əzəmətinə heyran olmamaq mümkün deyil. Xüsusilə də Qarabağ atlarının. Qarabağ atları gözəlliyi, gücü-qüvvətilə hətta dünyanın diqqətini də özünə cəlb edə bilib. Təsadüfi deyil ki, hələ XIX əsrdə Avropadakı sərgilərdə qələbə qazanan Qarabağ atları fransız qadınlarının da diqqətindən yayınmayıb. İlk dəfə fransız xanımlar öz saçlarını məhz Qarabağ atlarının rənginə uyğun olaraq qızılı-kürən rəngdə boyayıblar.
Bəs, bu ecazkar, qüdrəti, gözəlliyi ilə Qarabağımızdan bəhs etdirən heyvanların baxımı necə olur? Atlarla bağlı suallarımıza cavab tapmaq üçün Bakı Dövlət Cıdır Meydanına yollandıq. Rubrikamızın bu dəfəki qonağı gənc mehtər, at təlimçisi Emin Atayevdir.

“Bu sənət qanımızda var”

Cıdır meydanında Eminin kiçik tövləsi var. Müsahibimiz əvvəlcə bizi atları ilə tanış edir, hər atın adını deyərkən onlara sığal çəkir, uşaq kimi nazlayır. Elə söhbətimizə də onun çox sevdiyi atların yanında davam edirik. Emin deyir ki, o, bu tövlədə özünü evdə olduğundan da rahat və sakit hiss edir: “İnsana yaxın olan ən sadiq və sədaqətli heyvanlardan biri də atlardır. Atlar o qədər sadiqdirlər ki, sahiblərini heç zaman tərk etməzlər. Tarix boyunca, Qarabağda da insanların köçünü daşıyan, onlara köməkçi olan məhz bu heyvanlar olub. Atlara o qədər bağlanmışam ki, gecə-gündüz evimizə getməyib burada onların yanında qalıram və özümü çox rahat hiss edirəm”.
Emin Ağdam rayonunda anadan olub və orada yaşayıb. Elə atlara olan sevgisi də gendən gəlir. Müsahibimiz deyir ki, gözünü açandan atlarla böyüyüb. O, həyatını atlarsız təsəvvür etmir: “Gözümüzü açandan bu işin arxasında atamı, babamı gördüyümdən bu sənət mənə çox doğmadır. Sanki atlara qulluq etmək bizə irsən keçib. Nəinki mən, bütün nəslimiz atçılıqla məşğul olub. Atçılıq bizim qanımızda var. Babam, atam kimi, mən də gözümü açandan atlarla böyümüşəm. Artıq 12 ildir, professional şəkildə at təlimçisiyəm və sənətimin vurğunuyam. Bu heyvanlara o qədər bağlıyam ki, onlarsız həyatımı təsəvvür edə bilmirəm. Onları nazlamaq, bəsləmək, əzizləmək mənə xüsusi zövq verir”.

Atlar da ağlayır

Atların xüsusiyyətindən danışan gənc məşqçi deyir ki, atların xarakterləri insanların xarakterlərinə çox uyğundur. Onun sözlərinə görə, atlar sevildiyini hiss edir və onun qarşılığını verirlər: “Düşünürəm ki, atı sevməyən insan yoxdur. Allahın yaratdığı bu gözəlliyi kim sevməyə bilər ki?! At o qədər hissiyatı güclü olan, sədaqətli heyvandır ki, baxıcısı özünü pis hiss edəndə, kövrələndə at da ağlayır. Atlar baxıcılarının daimi dostu olur və bütün insanların içindən öz baxıcılarını seçib tanıya bilirlər”.
Emin əsasən ingilis atlarına baxır. Qarabağ atı ilə ingilis atını müqayisə edən müsahibimiz deyir ki, ingilis atı çox zərif və xəstələnməyə meylli olur. Müsahibimizin sözlərinə görə, onların tək müsbət keyfiyyətləri sürətli olmalardır. Atlarının vurğunu olan Emin onların nailiyyətlərinə də sevinir. Hətta atlarından biri Prezident kubokunun qalibi olub: “Biz atları yarışa hazırlayırıq. Buna görə də idman atlarına xüsusi fikir veririk. Hər bir mehtər yaxşı bilir ki, nə çox kök, nə də çox arıq at yaxşı qaça bilməz. İdmançılarda olduğu kimi, idman atları da xüsusi çəkidə olmalıdır. Atları gündə 3 dəfə yemləyir, yemlədikdən bir saat sonra isə məşq üçün bayıra çıxarırıq. Çəkiləri isə boylarına uyğun olaraq tənzimlənir”.

“Yaxşı at özünə qamçı vurdurmaz”

Atın əhlilləşdirilməsinə gəldikdə, gənc mehtərin sözlərinə görə, atlar il yarımdan sonra əhlilləşdirilir: “Atlar xüsusi baxım tələb edir. Onlar natəmizliyi sevmir, vaxtlı-vaxtında yedizdirilməli və çimdirilməlidirlər. Qış aylarında ingilis atları çox zərif olduğu üçün tez xəstələnirlər. Bu səbəbdən qışda onlara paltar geyindiririk. Atlar yaş yarıma kimi təsərrüfatda olurlar. Yaş yarımdan sonra isə tövlə şəraitinə gətirilitr və burada əhlilləşdirilirlər”.
Ata qamçı vurmaq məsəlinə gəldikdə, müsahibimiz deyir ki, ata qamçı vurmağın da öz həddi var: “Atalarımızdan qalan belə məsəl var ki, “yaxşı at özünə qamçı vurdurmaz”. Yarışda belə əgər at qaçmırsa, ona dönə-dönə qamçı vurmaq olmaz. Qaydanı pozan jokeri hətta yarışdan da qovurlar. Bir yarış boyunca joker yeddi dənədən artıq qamçı vura bilməz. Atı incitdikdə, o uşaq kimi ağlayır və küsür”.
Emin yarışların keçirilmə prinsipindən də danışdı: “Yarışda atlar həm öz yaş qrupuna, həm də öz cinsinə uyğun atla yarışır. Jokerlərin öz kiloları yarışdığı atın kilosuna uyğun olmalıdır”.

Heyvan da insanı qucaqlaya bilərmi?

Bu peşənin gəlirlərindən də söz açan həmsöhbətimizin sözlərinə görə, yarış atlarının baxımı digərlərindən ucuzdur: “Atların təliminə, baxılmasına görə at sahibləri bizə məbləğ ödəyirlər. Məsələn, əgər atlar yarış atıdırsa, onlara 350-450 manat qarşılığında qulluq edirik. Adi atlarda isə bu məbləğ 250-300 manatdır”.
Müsahibimiz iş başında başına gələn maraqlı hadisələri də bizimlə bölüşdü: “Atlar məni ilk gündən çox təəccübləndirib. Həqiqətən maraqlı heyvandırlar. İnsanlardan yalnız adlarının heyvan olması ilə fərqlənirlər. Hər şeyi o qədər gözəl hiss edir, anlayırlar ki, bəzən özüm də məəttəl qalıram. Təsəvvür edin, bir dəfə atı nazlayanda at sevgisini göstərmək üçün böyük insan kimi məni qucaqladı. Bu hadisə qarşısında şok olmuşdum ki, at insanı necə qucaqlaya bilər?! Yarışlardan birində isə, at mənim sözümlə hərəkət edirdi. Sanki nə dediyimi anlayırdı. Çox təəccüblənmişdim. Əgər atın sahibi, baxıcısı ağlayırsa, bunu at hiss edir və ağlamağa başlayır. O qədər ağıllı heyvandır ki, bəzən insanların bacara bilmədikləri, biruzə vermədikləri duyğuları insana hiss etdirir”.
Sonda Emin atlarla vaxt keçirmək üçün tövlədə düzəltdiyi kiçik otağı ilə də bizi tanış etdi. O deyir ki, hansısa atı xəstələnəndə səhərə kimi onun keşiyini çəkir, qayğısına qalır. Evdə olduqda belə fikri atlarında qalır.

Aygün ƏZİZSadə peşə adamı"> Sadə peşə adamı"> Sadə peşə adamı"> Sadə peşə adamı">