Qısamüddətli zəlzələ proqnozu vermək mümkün deyil
Hər il dünyada yüz minlərlə
zəlzələ baş verir. Onların çoxu zəif olduğu, yerin dərin qatlarında, okean
və dənizlərdə baş verdiyi üçün insanlar
bundan, adətən, xəbər tutmurlar. Amma
yerüstü qatı silkələyən zəlzələlərdən 20-yə qədəri fəlakətlə nəticələnir. Yerin ani bir vaxt ərzində tektonik
proseslərlə əlaqədar tərpənməsi – yəni zəlzələ ən dəhşətli təbii fəlakət kimi
tarixdə qanlı izlər qoyub. Elm inkişaf etdikcə zəlzələnin öyrənilməsi və təbii
ki, onun fəsadlarının minimuma endirilməsində xeyli irəliləyiş var. Amma bu təbii fəlakətin proqnozlaşdırılması
hələ ki mümkünsüz sayılır. Azərbaycan da əsrlər boyu zəlzələnin fəsadlarından
zərər çəkmiş regionlardandır. Ölkəmizin zəlzələ tarixinə qısa ekskurs etmək və
indiki seysmik durumla bağlı bir neçə sualla Azərbaycan Milli Elmlər Akademiyası
nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin(RSXM)
baş direktoru, AMEA-nın müxbir üzvü , professor, Əməkdar
elm xadimi, Azərbaycan Seysmoloqlar
Assosiasiyasının prezidenti Qurban Yetirmişliyə müraciət etdik.
- Qurban müəllim, ölkə tarixində İlk güclü
zəlzələlər nə vaxt baş verib?
Ümumiyyətlə, respublikamızın hansı zonası seysmik baxımdan aktiv sayılır?
- Azərbaycan ərazisində məlum olan ən qədim güclü
zəlzələlər 427-ci, 1139-cu, 1235-ci illərə təsadüf edir və Gəncə bölgəsində baş
verib. 1139-cu il zəlzələsi zamanı Göygöl əmələ gəlib. Həmin zəlzələlərin baş
verdiyi ərazidə (Zurnabad yaxınlığında) 1867 və 1868-ci illərdə episentrdə
intensivliyi 7-8 bal, 1900-cü ildə isə intensivliyi 6 bal olan güclü zəlzələlər
qeydə alınıb.
Şamaxı rayonu da güclü və dağıdıcı zəlzələlərin baş
verdiyi bölgələrdən biridir. Bizə məlum olan ən qədim Şamaxı zəlzələsi 1192-ci ilə
təsadüf edir. Bu zəlzələnin maksimal intensivliyi 7-8 bal, maqnitudu M≈4.5
qiymətləndirilir. Şamaxıda 1667-ci ildə baş vermiş zəlzələ 9-10 bal olub ki, bu
da Qafqazın indiyə qədər olan zəlzələlərinin ən güclüsü hesab edilir. O dövrdən
gəlib çatan məlumatlar zəlzələ zamanı 80.000-dən çox insanın tələf olduğunu
göstərir. Bu təbii fəlakət sonrakı bir neçə il ərzində episentrdə intensivliyi
8 bala çatan güclü afterşoklarla müşayiət olunub. 1828, 1859, 1869, 1872-ci
illərdə də Şamaxı bölgəsində yüksək intensivlikli zəlzələlər qeydə alınıb.
Şamaxı rayonunu 1902-ci ildə silkələmiş zəlzələ
kifayət qədər yaxşı öyrənilib. Onun maqnitudu pleystoseyt zonasındakı maksimal
intensivliyi 9 bal qiymətləndirilir.
Azərbaycan ərazisi yüksək seysmik aktivliklə
səciyyələnir. Lakin burada seysmiklik qeyri-bərabər yayılıb. Böyük Qafqazın
Azərbaycan hissəsində, Talış, Şirvan-Sabirabad-Zərdab, Gəncə-Kəlbəcər
zonalarında yüksək aktivlik müşahidə olunduğu halda, bəzi qərb və cənub-qərb rayonlarında
azsaylı seysmik təkanlar qeydə alınır. Belə seysmik cəhətdən aktiv olmayan
ərazilərə həmçinin Abşeron yarımadası və ondan cənubda yerləşən Ələt-Neftçala
zonası da aiddir.
- Azərbaycan ərazisində seysmikliyin öyrənilməsi
tarixində hansı dövrlər olub?
- Ümumiyyətlə,
Azərbaycan ərazisinin seysmikliyinə həsr edilmiş ilk yazılar XIX əsrin ikinci
yarısında meydana gəlmiş və bu işlər əsasən 1859, 1861, 1872-ci illərdə Şamaxı
ərazisində baş vermiş, intensivliyi 8 bala çatan güclü zəlzələlərin təzahürü və
nəticələrinə həsr edilib. Həmin yazılarda bu zəlzələlərin baş verməsi
pleystoseyst sahələrin geoloji quruluşu ilə əlaqələndirməyə cəhd edilir.
Azərbaycan
ərazisində ilk seysmik stansiya Şamaxı zəlzələsindən sonra 1902-ci ildə elə
hmin rayonda yaradılıb. Qısa zaman
ərzində -1899-1905-ci illər müddətində Qafqazda seysmik stansiyaların sayı 9-a
çatıb, onlardan 4-ü ( "Şamaxı”, "Bakı”, "Balaxanı” və "Zurnabad”) Azərbaycan
ərazisində olub. Bu stansiyalardakı cihazların böyütmələri yüksək olmadığından
(V=15÷50) ancaq güclü zəlzələləri qeydə almaq mümkün idi. Bundan əlavə, seysmik
stansiyalar müntəzəm işləmədiyindən və ümumiyyətlə, Birinci Dünya müharibəsi
illərində işlərini tam dayandırdığından seysmik tədqiqatlar əsasən,
makroseysmik məlumatlara əsaslanırdı.
Müxtəlif
illərdə respublika ərazisində yeni seysmik stansiyalar açılıb. 1949-1951-ci
illər ərzində "Gəncə”, "Naxçıvan” və "Lənkəran” stansiyaları, 1966-1968-ci
illər ərzində "Jiloy” (indiki Çilov adası ), "Mingəçevir” və "Pirqulu”
stansiyaları, 1973-1979-cu illər ərzində "Şəki”, "Zaqatala” və "Quba”
stansiyaları təşkil olundu.
1981-ci
ildə İsmayıllı rayonu ərazisində indiki Şamaxı zəlzələsi kimi maqnitudu M=5,
episentrdə intensivliyi 7 bal olan, rayon mərkəzində və episentrə yaxın yaşayış
məntəqələrində çoxlu sayda dağıntılarla müşayiət olunan zəlzələ baş verdi.
Zəlzələdən dərhal sonra dövlət başçısı, Ümummilli lider H.Əliyev fəlakət
zonasında oldu. Zəlzələnin fəsadları ilə yaxından tanış olan Heydər Əliyev
onların tezliklə aradan qaldırılması haqqında göstəriş verdi və bütün işləri öz
nəzarətində saxlamaqla həmişə xalqın yanında olduğunu göstərdi. İsmayıllı
zəlzələsi həm də Azərbaycanda seysmologiyanın inkişafına yeni təkan verdi. Heydər
Əliyevin göstərişi ilə qısa zaman ərzində respublika ərazisində daha səkkiz
yeni seysmik stansiya ("Lökbatan”, "Sumqayıt”,
"İmişli”, "Cəbrayıl”, "Kəlbəcər”, "İsmayıllı”, "Cəlilabad” və "Nardaran”)
yaradıldı.
Əvvəlki
illərdən fərqli olaraq yalnız güclü zəlzələlərin deyil, həm də bir çox zəif
zəlzələlərin dərinliklərini müəyyən etmək mümkün oldu. Azərbaycan ərazisinin seysmikliyinin
yalnız keyfiyyətcə deyil (episentrlər xəritəsi), həm də kəmiyyətcə
araşdırılmasına geniş yer verilib. Bir sıra müəlliflər müxtəlif dövrlər üçün respublika
ərazisinin seysmik aktivlik xəritələrini qurmuşlar. Azərbaycan ərazisini
seysmik cəhətdən ən təhlükəli bölgələrə ayırmaqla yanaşı, seysmikliklə bir sıra
geofiziki sahələrin anomal dəyişmələri arasında qarşılıqlı əlaqələr
axtarılmasına və digər seysmoproqnoztik tədqiqatlara geniş yer verilib.
2000-ci
il noyabrın 25-də baş vermiş Xəzər (Bakı) zəlzələsindən sonra dövlət başçısı
ölkənin seysmik stansiyalarının yeni və ən müasir avadanlıqlarla təchiz
olunması ilə əlaqədar göstəriş verdi və 14 dəst ABŞ-ın "Kinemetrics” şirkətinin
istehsalı olan telemetrik, peyk rabitə kanallı, müasir seysmik monitorinq
sistemi yaradıldı. Bununla da Azərbaycanda seysmologiyanın inkişafında yeni
dövr başlandı.
Seysmik
stansiyalardan əlavə Yerdə gedən horizontal və maili hərəkətlərin sürətlərini
təyin etmək üçün 25 GPS və 15 Tiltmetr stansiyaları fəaliyyət göstərir,
müxtəlif geofiziki (qravimetrik və maqnitometrik) cihazlar respublikanın
ayrı-ayrı məntəqələrində quraşdırılıb.
Hazırda AMEA nəzdində RSXM-də olan müasir seysmoloji, geofiziki və geodezik
stansiyalar şəbəkəsinə dünyanın aparıcı dövlətlərinin mütəxəssisləri həsəd
aparır. Həmin ölkələrdə seysmoloji, geofiziki və geodezik stansiyalar şəbəkəsi
ayrılıqda fəaliyyət göstərirsə, Azərbaycanda bu müşahidələr kompleks şəkildə
aparılır.
- Bu tədqiqatların nəticələri haqqında nə demək
olar?
- Azərbaycanda
aparılan kompleks müşahidə materialları əsasında ölkə ərazisində yerin dərinlik
quruluşu, iri dərinlik qırılmalarının aktiv hissələri, torpaq sürüşmələri,
palçıq vulkanları və s. tədqiqat işləri aparılır. Aparılan tədqiqatlar göstərir
ki, 1991-ci ildə tərtib olunmuş "Azərbaycanın müvəqqəti-sxematik seysmik
rayonlaşdırma xəritəsi” respublika ərazisindəki seysmik şəraiti adekvat əks
etdirmir. Məlum
olub ki, iri dərinlik qırılmalarının aktiv hissələri potensial zəlzələ ocaqları
zonalarıdır. Bu, respublika ərazisinin seysmik rayonlaşdırılmasının düzgün
tərtib olunmasının və ya seysmik balın dəqiqləşdirilməsinin əsas şərtlərindən
biridir. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi və AMEA Geologiya
və Geofizika İnstitutunun əməkdaşları bu problemin həlli, respublikanın yeni,
elmi cəhətdən əsaslandırılmış və dəqiqləşdirilmiş seysmik rayonlaşdırma
xəritəsinin tərtib edilməsi üçün Dövlət Proqramı hazırlayaraq 2015-ci ildə
Nazirlər Kabinetinə təqdim ediblər.
- Azərbaycanda seysmik hadisələrin
öyrənilməsi üzrə dövlət proqramı barədə daha nə
demək olar?
- Real zaman miqyasında seysmik hadisələri qeydə
alan seysmik stansiyalar şəbəkəsi respublika daxilində, regionda və dünyada
istənilən zəlzələnin parametrlərini, xüsusilə də onların dərinliyini (əvvəlki dövrlərdə
zəlzələlərin dərinliyini təyin etmək həmişə mümkün olmurdu) qısa zaman ərzində
təyin etməyə, seysmik dalğaların spektral analizlərini aparmağa, zəlzələ
ocaqlarının mexanizmini, dinamik parametrlərini təyin etməyə və s. seysmoloji
məsələlərin həllinə imkanlar yaradır. Prezident İlham Əliyev cənabları da Azərbaycanda
seysmologiyanın inkişafına xüsusi diqqət ayırır. Onun dəstəyi ilə 2008-ci ildən
indiyə qədər respublika ərazisində ABŞ-ın istehsalı olan, ən müasir rəqəmsal
seysmik stansiyaların sayı 35-ə çatdırılıb, güclü zəlzələ ocaqları zonalarında
xüsusi tədqiqatlar üçün nəzərdə tutulan 8 mobil rəqəmsal seysmik stansiya alınıb.
- Əhali zəlzələ ilə bağlı necə
maarifləndirilir?
- Zəlzələ ilə bağlı əhalinin maarifləndirilməsi
üçün hər şeydən əvvəl onlara bu təbii fəlakət haqqında ümumi anlayışları
çatdırmaq lazımdır. Əhali bilməlidir ki, zəlzələ təbii fəlakətlərin ən
dəhşətlisidir və ona psixoloji cəhətdən hazır olmaq lazımdır. Təcrübə göstərir
ki, zəlzələ baş verən zaman yer səthinin titrəməsindən çox insanların təşvişə
düşmələri, həm özlərinin, həm də ətrafdakı insanların xəsarət almalarına səbəb
olur. Zəlzələ vaxtı tələfata bina və qurğuların uçulub dağılması, eləcə də
əşyaların düzgün yerləşdirilməməsi və düzgün mövqe seçilməməsi səbəb olur. Bu baxımdan,
insanların zəlzələ ilə bağlı maarifləndirilməsi ilə yanaşı, onların zəlzələdən
əvvəl, zəlzələ zamanı, eləcə də zəlzələdən sonra davranış qaydaları haqqında
maarifləndirməsi zəruridir.
Bu təbii fəlakət zamanı insanların xəsarət
almalarının minimuma endirilməsi görülən işlərin səviyyəsindən, əhalinin
zəlzələ haqqında olan biliyindən və psixoloji cəhətdən hadisəyə nə dərəcədə
hazır olmasından asılıdır. Mərkəzimizin gənc mütəxəssisləri artıq neçə ildir
ki, maarifləndirmə işləri ilə məşğuldur. Maarifləndirmə işləri Bakı və respublikanın
regionlarında aparılaraq məktəblilər və gənc nəslin zəlzələ ilə bağlı
maarifləndirilməsi ilə başladı, daha sonra bu məsələ ilə bağlı bir sıra iaşə
obyektlərində davam etdirildi.
- Qurban müəllim, zəlzələni proqnozlaşdırmaq
mümkündürmü? Doğrudanmı bəzi heyvanların qeyri-adi davranışları zəlzələnin
olacağına işarədir?
- Seysmologiya elminin qarşısında duran ən mühüm
problem zəlzələnin proqnozlaşdırılmasıdır. Zəlzələnin başvermə vaxtını öncədən
proqnozlaşdırmaq hələlik mümkün olmadığı üçün yalnız uzunmüddətli proqnoz
verilir və gələcəkdə mümkün ola biləcək potensial zəlzələ ocaqlarının yeri və
maksimum seysmik potensialı müəyyənləşdirilir. Uzunmüddətli zəlzələ proqnozu
seysmik rayonlaşdırmadır. Seysmik rayonlaşdırma ərazilərin seysmik təhlükə
səviyyəsinə görə xəritələnməsidir.
Bəzi heyvanların zəlzələdən bir neçə dəqiqə öncə
qeyri-adi davranışları müşahidə edilir. Bu, onların potensial ocaq zonalarında
əmələ gəlməsi ehtimal olunan şüalarla əlaqəsi ilə bağlı ola bilər. Lakin bunun
tam elmi əsasları aydın deyil və belə hallar həmişə baş vermir. Ona görə də bu
amil proqnoz məqsədi üçün istifadə olunmur. Əhali isə bütün hallarda zəlzələ
kimi təbii fəlakəti maksimum ağrısız qarşılamaq üçün maariflənməyə özü maraqlı olmalı,
bu sahədə aparılan işlərə laqeyd olmamalıdır. Unudulmamalıdır ki, qısamüddətli zəlzələnin proqnozunu vermək
hələ ki mümkün deyil.
Şirməmməd Nəzərli