• cümə axşamı, 28 mart, 22:29
  • Baku Bakı 13°C

Qısamüddətli dövr üçün kəskin risklər yoxdur

24.02.20 17:47 2080
Qısamüddətli dövr üçün kəskin risklər yoxdur
Ekspertlər hesab edir ki, OPEC ölkələri hasilatın azaldılması ilə bağlı razılığa gəlməzsə, neftin qiymətləri bir az da aşağı düşə bilər

OPEC-ə üzv və üzv olmayan ölkələr ("OPEC+) koronavirusun neft tələbatına təsirlərinin müzakirəsi üçün nəzərdə tutulan toplantını gündəmdən çıxarıb. AZƏRTACxarici KİV-lərə istinadla xəbər verir ki, OPEC və qeyri-OPEC ölkələrinin Birgə Texniki Komitəsi (JTC) neft hasilatını daha 600 min barrel azaltmağı tövsiyə etmişdi. Buna görə də, "OPEC+” toplantısının fevralda təşkili istisna edilmirdi. Lakin hazırda bu iclasın təşkili gündəmdən çıxarılıb. İclas martın 6-da Vyanada keçiriləcək. Qeyd edək ki, 2019-cu il dekabrın 6-da OPEC və qeyri-OPEC Nazirlərinin VII Görüşündə "OPEC plus” üzrə gündəlik neft hasilatının daha 500 min barrel azaldılması barədə qərar qəbul edilib. Yeni "Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq, Azərbaycanın öhdəliyi 27 min barrel müəyyən edilib. 2020-ci ilin yanvar ayından etibarən Azərbaycan gündəlik neft hasilatını 769 min barrel həcmində saxlamalıdır.
Bəs görəsən təşkilatın fevral toplantısının gündəmdən çıxarılma səbəbi nədir? Neftin yaxın gələcək ərzində qiymətinə dair hansı proqnozlar ehtimal olunur?
İqtisadçı millət vəkili Vüqar Bayramov söylədi ki, əslində OPEC-in toplantısının təxirə salınması təşkilata üzv olan ölkələr arasında mövcud fikir ayrılığı ilə bağlıdır: "Hasilatın azaldılması ilə bağlı qərara fərqli yanaşan tərəflər var. Xüsusilə Rusiya və Səudiyyə Ərəbistanı arasında gələcəkdə hasilatın azaldılması mexanizmi ilə bağlı yanaşmalar üst-üstə düşmür. Bu gün neft hasilatına görə ən böyük neft hasil edən 3 ölkədən ikisi Rusiya və Səudiyyə Ərəbistanıdır. Bu iki ölkənin vahid mövqe nümayiş etdirməməsi nəticə etibarilə toplantının keçirilməsinə mane oldu. Toplantının gündəmdən çıxması neft bazarına öz təsirini göstərir. Bazarda müəyyən təzyiq var və qiymətlərdə azalmalar müşahidə olunur. Qiymətlər praktik olaraq 55 dollara qədər azalıb. Koronavirusun yayılma coğrafiyasının genişlənməsi qlobal iqtisadi artım tempinin aşağı düşməsinə gətirib çıxarır ki, bu da qiymətləri aşağı salan əsas səbəblərdəndir. Koronavirus qlobal iqtisadi artım tempinə çox mənfi təsir göstərir. Bu da neftə olan tələbatı aşağı salır. Hal hazırda neft bazarında dalğalanmanın səviyyəsi yüksəkdir. Nəticə etibarilə qiymətlərdə azalma müşahidə olunur. Odur ki, OPEC-in qiymətlərin stabilləşməsi ilə bağlı addım atması çox vacib məsələdir. Xüsusilə hasilatın azaldılması ilə bağlı təşəbbüslərin dəstəklənməsinə ehtiyac var. Əgər təşkilat hasilatın azaldılmasına dair addımlar atmazsa, növbəti mərhələdə neftin qiyməti azalmağa davam edəcək. Bu halda neftin qiyməti hətta 50 dollara qədər ucuzlaşa bilər. Hazırda dünya iqtisadiyyatında baş verənlər neft bazarı üçün nikbinlik vəd etmir. OPEC ölkələrinin görüşünün mart ayında keçirilməsi nəzərdə tutulur. Toplantıda hasilatın azaldılmasına dair qərarın qəbul edilməsi çox vacibdir. Əgər belə bir qərar qəbul olunarsa, neftin qiymətində stabilləşmə ola bilər. Tərəflər razılığa gəlməzsə, qiymətlərdə azalmalar davam edəcək”.
İqtisadçı-ekspert Rəşad Həsənov neftin hazırkı qiyməti məqbul hesab oluna bilər: "Amma məsələ burasındadır ki, OPEC-in əvvəlcədən mart ayında planlaşdırılan rutin görüşü var idi. Fevral ayında əlavə bir toplantının keçirilməsi bazarlarda qiymətin dinamikasından asılı olaraq müəyyən müzakirələrə gətirib çıxardı. Son qərara əsasən, qısamüddətli dövr üçün kəskin risklərin olmadığı qənaətinə gəlindi. İndiki halda qiymətlər optimal olduğu üçün əlavə görüşə ehtiyac olunmadı. Düşünürəm ki, mart ayında nəzərdə tutulan rutin görüşdə bazarda baş verənlər qiymətləndiriləcək. Xüsusilə də koronavirusun təsirləri nəzərə alınaraq növbəti dövrlər üçün daha konservativ mövqe ortaya qoyulacaq. Bu da qiymətlərin sabitləşməsi üçün əlverişli imkan yarada bilər. Mart ayında nəzərdə tutulan görüşdə Vyana sazişinə daxil olan ölkələrin növbəti dövr üçün razılaşmanın müddətinin uzadılmasını və ya dayandırılması ilə bağlı məsələləri müzakirə edəcəyi proqnozlaşdırılırdı. Amma hesab edirəm ki, indiki halda razılaşmanın dayandırılması gündəmdə olmayacaq. Görüşdə daha çox hasilatın hansı həcmdə azaldılması və tənzimlənməsi məsələləri müzakirə olunacaq. Yəni veriləcək qərarın hasilat həcmlərinin azaldılması istiqamətində olacağı gözlənilir. Ümumiyyətlə götürdükdə ilin birinci rübündə qiymətlərin orta göstəricisi 60 dollar ətrafında olacaq. 60-61 dollar aralığı neft bazarı üçün optimal hesab edilir”.
Şəbnəm Mehdizadə




banner

Oxşar Xəbərlər