• cümə, 29 Mart, 05:59
  • Baku Bakı 7°C

Qısa hekayələr

21.01.20 12:00 18701
Qısa hekayələr
MƏKTUB

Məktubu çoxdan yazıb ta­mamlamaq istəmişdim. Ancaq qələmi əlimə alan kimi göz­lərimin yaşı yazdıqlarımı pozur.
O göz yaşları axa-axa yaxamı çürüdüb.

RAHATLIQ

Bəxtəvərliklə dövranını sür­müş qarı can üstdə idi. Oğul-uşaq, nəvə-nəticə yastığının dibini kəs­dirmişdilər. Belə ölməyə nə var idi ki? Ayrılıq nə qədər ağır olsa da, qarını axirət dünyasına az qala deyə-gülə yola salırdılar.
Böyük oğul göz vurub anasına sataşdı:
– Yəqin ki, dədəmizlə görüşə tələsirsən?
Böyük qız da söhbətə qoşuldu:
– Əlbəttə, bəs necə, – deyib astadan güldü də, – neçə il bir yastığa baş qoyublar.
Sonbeşik oğul anasını "muştuluqladı”:
– Arxayın ol, səni kişinlə qonşu edəcəyik. Neçə ildən bəri ayrı düşdüyün qocanla yenə bir yerdə olacaqsan...
Oğul-uşağın atmacalarına sakit-səmirsiz qulaq asan huşu başında olan xəstə birdən-birə dirçəlib şivən qopardı:
– Amandı, məni dədənizdən uzaq eləyin! Qonşu olsaq, gorda da günümü qara edər.
Oğul-uşaq uğundu. Elə qarının da öz zarafatına dodaqları qaçdı. Solğun çöhrəsinə təbəssümə oxşar bir şey qondu. Sonra da yüngülcə bir köks ötürüb yavaşca gözlərini yumdu.

NİGARANLIQ

Xadimə qadın hər gün sübh erkən süpürüb yır-yığış etdiyi dalanda axşamdan qalan zibil qutularını boş görəndə nədənsə halı dəyişir, narahat olurdu.
Qapıların ağzındakı zibil qutularını qabaqdan qalan atılmış artıq tör-töküntülərlə dolu görəndəsə, işinin ağırlaşdığını vecinə almır, elə bil yüngülləşir, sevinirdi.

SƏNSİZ KEÇƏN FƏSİLLƏR

Yaz

Yazın da, demə, mənə rəhmi gəlir. Gül-çiçəklərinin rayihəsi ilə sənin ətrini xatırladıb toxtaqlıq, təsəlli verir...

Yay

Yayda da adam üşüyərmiş...

Payız

Bəlkə də, bu payız mənim əvəzimə beləcə ağlayıb göz yaşı tökür...
Yoxsa gözlərimdə yaş qalmazdı...

Qış

Niyə bəs mənim xəbərim yoxmuş? Sən demə, qış fəsli soyuq olurmuş...

Aqibət

Quyunu elə dərin qazımışdı ki, heç özü də ordan çıxa bilməyib boğuldu.

Peşmanlıq

Hamını öz arşını ilə ölçmüşdü. Fikirləşirdi ki, indi də heç kimdən inciməyə haqqı yoxdur. Eləcə özünü qınayırdı; görünür, arşını uzun imiş...

Yaddaş

Nə vaxtsa özünə qarşı edilən adi bir soyuqluğu pislik hesab edərək, aradan uzun müddət keçsə də, hələ də unuda bilmirdi. Min yaxşılığı isə bir andaca yaddan çıxartdı.
Aydın Tağıyev


banner

Oxşar Xəbərlər