• şənbə, 20 Aprel, 17:36
  • Baku Bakı 23°C

Qış parkı zövqləri oxşayır - fotolar

15.05.13 08:50 3150
Qış parkı zövqləri oxşayır - fotolar
Mayın 10-dan etibarən paytaxt ərazisində daha bir möhtəşəm istirahət guşəsi istifadəyə verildi. İnsanlar arasında "Qış bulvarı" kimi tanınan park kompleksi Bakının Füzuli küçəsi ilə Mirzağa Əliyev küçəsi arasında inşa olunan və 4 min 500 avtomobil tutumuna malik yeraltı avtomobil dayanacağının üstündə salınıb.
Öz gözəlliyi ilə sakinləri heyran edən istirahət guşəsi istifadəyə verildiyi ilk gündən diqqətləri üzərinə toplayıb. Biz də yeni açılan və ərazisinin böyüklüyü ilə seçilən park kompleksi ilə tanış olmaq üçün buraya yollandıq. Məlumat üçün bildirək ki, bu kompleks şəhərin içindəki ən böyük parkdır və ümumi ərazisi 7 hektardır. Parkın uzunluğu 1 kilometr, eni isə 150 metrdir. Park Heydər Əliyev sarayının arxasından başlayaraq Füzuli meydanına qədər olan ərazini əhatə edir. Parkda 7 yeraltı keçid inşa olunub və keçidlərə 24 eskalator quraşdırılıb, hər keçiddə isə əlillərin rahat hərəkət etmələri üçün xüsusi qurğular qoyulub.
Bundan başqa, avtomobillərini yeraltı dayanacaqda saxlayanların parka rahat qalxmaları üçün 14 lift fəaliyyət göstərir və dayanacaqdakı piyadaların parka çıxışını təmin etmək məqsədilə də 32 keçid var. Parka daxil olarkən ilk olaraq ən müasir tələblərə cavab verən fəvvarə kompleksi diqqəti cəlb edir. Parkın girişində və çıxışında quraşdırılan fəvvarələrin ətrafına sakinlər üçün xüsusi oturacaqlar qoyulub. Bununla yanaşı, ətrafı yaşıllıqlarla örtülən istirahət guşəsində müxtəlif güllər və palma ağacları əkilib. Belə ki, bura 2 minə yaxın ağac, 10 mindən çox bəzək kolu və növbənöv güllərlə əhatələnib. Güllərin hər birinin üzərində onun haqqında məlumat verən xüsusi "məlumat lövhələri" qoyulub. Buraya sakinlərin istirahət etmələri üçün çoxlu skamyalar quraşdırılıb.
Skamyaların ətrafında isə güllər diqqəti cəlb edir. Parkın ərazisində qeyri-adi dizaynla bəzədilmiş üç kafe də sakinlərin istifadəsinə verilib. Kafelər qeyri-adi dizaynları ilə fərqlənir. Parkı maraqla gəzən şəhər sakinləri burada çoxlu şəkillər çəkdirərək parkın gözəlliyindən həzz alırdılar. Asudə vaxtlarını səmərəli keçirməyə çalışan insanlar sanki parkın seyrinə çıxmışdılar. Kimisi öz dostları ilə, kimisi də övladları ilə istirahət edirdi. Parkın ərazisi böyük olduğu üçün burada velosiped sürənlərə də rast gəlmək mümkündür.
Qış parkı haqqındakı təəssüratlarını öyrənmək üçün burada istirahət edən sakinlərlə söhbətləşdik. Parkın yaxınlığında yaşadığını deyən 30 yaşlı Qəmər Hüseynova bizimlə söhbətində buranı çox bəyəndiyini bildirdi və evinin yaxınlığında belə bir parkın salındığına sevindiyini dilə gətirdi: "Yayın isti günlərində və işgüzar həyatdan yorulanda istirahət etmək üçün ən gözəl məkanlardan biridir. Mən yaxınlıqda yaşadığım üçün hər gün buraya gəlirəm. Çünki burada insan şəhərdə yaşadığını unudur və təbiətdən zövq alır. Sevindirici hallardan biri də odur ki, əvvəl burada tıxac çox olduğu üçün maşınların səsindən heç evdə də istirahət edə bilmirdik. Amma park salınarkən yol genişləndirildiyi üçün artıq belə problemimiz olmur".
55 yaşlı Arzu Nemətova isə asudə vaxtını burada keçirdiyini və güllərdən xüsusi zövq aldığını bildirdi: " Park çox gözəl və istirahət üçün tam yararlıdır. Burada vaxt keçirmək həm mənə, həm də nəvələrimə çox yaxşı təsir edir. Burada əkilən güllərdən xüsusi zövq alıram. Parkın adı Qış parkıdır amma, insana bahar ab-havası verir. Şəhərin mərkəzində olmasına baxmayaraq burada sakitlik hökm sürür və gözəlliyi ilə insanın zövqünü oxşayır".
Parkın axşam görüntüsü isə xüsusi olaraq seçilir çünki, buraya müasir tələblərə cavab verən işıqlandırma sistemi quraşdırılıb.
Qeyd edək ki, Milli Parkdan sonra ikinci böyük park kompleksi olan Qış parkının açılışında Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva öz ailəsi ilə birlikdə iştirak edib.
Aygün Cəfərli

banner

Oxşar Xəbərlər