• cümə, 19 Aprel, 00:26
  • Baku Bakı 18°C

Qış havasına keçdik, qaldı qış rejiminə keçmək

18.10.16 12:20 6300
Qış havasına keçdik, qaldı qış rejiminə keçmək
Qışı çağırılmamış qonaq da hesab etmək olar. Hələ gəlişinə xeyli vaxt qalsa da, artıq hər kəs qış geyimlərinə keçib. Amma son günlərdə müşahidə etdiyimiz soyuq geyimlə müdafiə olunacaq dərəcədə də deyil. Buna görə evlərin, ofislərin istiliklə təmin olması vacibdir. Amma bir neçə gündür evlərə gələn təbii qazın verilişində də zəifləmə müşahidə olunur.
Xanımların dili ilə desək, bir çaydan çay 1 saata qaynamır, günorta yeməyi isə axşama hazır olur. Hər kəs də deyir ki, qış rejiminə 15 noyabrda keçildiyi üçün qaz da həmin vaxta qədər zəif olacaq, mənzillərin istiliklə təminatına da o vaxt başlanacaq. Bəs hava kəskin soyuduqda qış rejiminə tez keçmək mümkün deyilmi?
"Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəriİbrahim Kərbalayev qəzetimizə açıqlamasında bildirdi ki, qış rejimi qazın verilişində tətbiq olunmur, tələbat olduğu qədər də gündəlik qazın verilişində də artım edilir: "Son günlər havanın qəfil soyuması nəticəsində respublikanın bəzi yerlərindən daxil olan müraciətlər əsasında məlum olub ki, bəzi ərazilərdə əhalinin təbii qaza tələbatı artdığı üçün çatışmazlıqlar var. 15 və 16 oktyabr günləri arasında sistemə əlavə olaraq 1 milyon 193 min kubmetr qaz verilib. Bu da ondan irəli gəlir ki havaların soyuduğu ilə əlaqədar əhalinin təbii qaza olan tələbatı artıb. Çatışmazlıqlar olan ərazilərdən bizim qaynar xəttimizə daxil olan müraciətlər əsasında tənzimləmə işləri aparılır. Əməkdaşlarımız yerlərdədirlər. Bu gün də o işlər tərəfimizdən davam etdirilir. Qısa müddət ərzində çatışmazlıqlar aradan qaldırılacaq ki, qarşıdan gələn soyuq-şaxtalı havalarda da qazın verilişində hər hansı məhdudiyyət yaşanmasın.Əhalinin təbii qaza olan tələbatı artdıqca, qazın verilişi də bir o qədər artır. 2 milyon kubmetrə yaxın bir gün ərzində təbii qazın verilişində artım müşahidə olunması o deməkdir ki, havaların qəfil soyuması nəticəsində təbii qaza tələbat artıb. Qazın verilişindəki artım tələbatdan asılıdır. Nə qədər çox tələb edilsə, o qədər də artım müşahidə olunacaq”.
İ.Kərbalayev deyir ki, "Azəriqaz” İstehsalat Birliyi mövsümdə - 15 noyabr ərəfəsində yalnız qazanxanalara təbii qazın açılmasını təmin edir: "Bu, qış-yay rejimi deyil. Yayda da mənzillərin qazla tələbatı tərəfimizdən təmin edilir. Mənzillərin istiliyi ilə bağlı aidiyyəti qurum danışsa daha yaxşı olar. Biz yalnız 15 noyabrda qazanxanalara qazın verilişini edirik. Noyabrın 15-i aidiyyəti qurumlar tərəfindən mənzillərdə olan isitmə sistemlərinə istiliyin verilməsi təmin olunur”.
"Azəristiliktəchizat" ASC-nin abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev isə Modern.az-a bildirib ki, mənzillərə istiliyin verilməsi noyabrın 15-dən etibarən reallaşacaq. O, ötən ilin payız-qış mövsümündə abonentlərin istiliklə təchiz olunmasında yaranan problemlərin olmayacağına ümid etdiyini bildirib: "Hazırda təmsil etdiyim qurumla "Azəriqaz” arasında olan borc məsələsinin həll edilməsi istiqamətində işlər aparılır. Çalışacağıq ki, ötən ilki kimi yubanma olmasın. Amma konkret söz deyə bilmirəm. Onu deyə bilərəm ki, noyabrın 15-dən etibarən "Azəristiliktəchizat”ın bütün qazanxanaları payız-qış mövsümünə tam hazır olacaq”.
"Azəriqaz" İstehsalat Birliyinin (İB) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev isə bildirib ki, "Azəristiliktəchizat" ASC sərf etdiyi qaz üzrə təxminən 35-38% səviyyəsində ödəniş edir: "Respublikada 510 qazanxana mövcuddur ki, mövsüm başlayanda ilkin olaraq debitor borcu olmayanlara mavi qaz verilməsi təmin olunacaq. Yerdə qalanlarla bağlı aidiyyəti quruma dəfələrlə müraciət olunub. Biz gözləmə mövqeyindəyik”. İ.Kərbalayev deyib ki, cari ilin 9 ayı ərzində "Azəristiliktəchizat" ASC-nin "Azəriqaz" İstehsalat Birliyi qarşısında əlavə olaraq 8 mln. 416 min manat həcmində debitor borcu yaranıb. Onun sözlərinə görə, "Azəriqaz” İB payız-qış mövsümündə əhalinin fasiləsiz şəkildə təbii qazla təmin olunması üçün bütün zəruri tədbirləri görüb: "Payız-qış mövsümü ilə əlaqədar respublika üzrə 7 211 km qaz xətti quraşdırılıb, 321 km qaz xətti əsaslı təmir olunub. Qəza hadisələri istisna olmaqla əhali hətta qarlı-şaxtalı günlərdə də təbii qazla fasiləsiz, tələbata uyğun şəkildə qazla təmin olunacaq. Bu məsələ qurum rəhbərliyinin birbaşa nəzarətinə götürülüb".
Xatırladaq ki, 2015-2016-cı ilin payız-qış mövsümündə iki dövlət qurumu arasında yaranan borc probleminə görə, paytaxtdakı mənzillərin istiliklə təchizatı təxminən 1 aya yaxın gecikdirilmişdi.
Kommunal məsələlər üzrə ekspertNüsrət Qasımovun sözlərinə görə, qış-yaya rejimi sovetdən qalma bir miras, zərərli tendensiyadır: "Onda belə çıxır ki, noyabrın 15-i gəlməmiş palto geyməyək, papaq qoymayaq? Bu tendensiya artıq köhnəlib. Hava soyuqdursa, dərhal qış rejiminə keçmək lazımdır”.
N.Qasımov deyir ki, havalar soyuyan kimi qış rejiminə keçməməyin bir çox mənfi təsirləri olur. Bunları da nəzərə almaq lazımdır: "Qazın azlığı ondan irəli gəlir ki, istilik təmin olunmayan evlərdə əhali qaz piltələri ilə evi isitməyə çalışır. Bu da şəbəkədə təzyiqin aşağı düşməsinə səbəb olur. Digər tərəfdən, qazdan zəhərlənmə halları artır. Çünki qazın yanma məhsulları zəhərlidir. Qaz piltələri yananda zəhər yaşayış evinin divarlarına hopur, bu da insanların sağlamlığına ciddi ziyan vurur. Bu tendensiya həm də elektrik şəbəkəsinə zərər vurmuş olur. Bütün istilik verən kondisionerləri, işıqla işləyən istilik verən batareyaları işə salırlar. Kabellər gücə düşür və yanğın hadisələri baş verir. Digər tərəfdən, soyuqdan insanlar arasında müxtəlif epidemiyalar artır”.
N.Qasımov bildirdi ki, "Azəriqaz” istənilən vaxt istənilən qədər qaz verə bilər. Bu şərtlə ki, "Azəristiliktəchizat” ASC onlara verilən qazın dəyərini ödəsin: "Azəristiliktəchizat” isə Bakı Şəhər İcra Hakimiyyətindən asılıdır. BŞİH qış rejiminə keçməklə bağlı əmr versə, "Azəriqaz” hazırdır. Amma "Azəristiliktəchizat”ın qazanxanaları hazır deyil. Bunun da əziyyətini əhali çəkir. İnsanlar işlətdikləri istiliyin dəyərini ödəyirlərsə, onlara niyə əziyyət verilir? Yaşlısı, xəstəsi, uşağı olan var”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər