• cümə axşamı, 28 mart, 16:42
  • Baku Bakı 16°C

“Qırmızı şeytanlar”ın qaradərili ümidi - Portret

27.09.16 11:39 2091
“Qırmızı şeytanlar”ın qaradərili ümidi - Portret
Aleks Ferqyuson "Mançester Yunayted”in baş məşqçi postundan ayrıldıqdan sonra bu klub heç cür özünə gələ bilmir. Vaxtilə nəinki İngiltərə, hətta Avropa meydanlarında "at oynadan” "qırmızı şeytanlar” əfsanəvi şotlanddan sonra ortabab komanda statusundadır. Hollandiyalı təcrübəli mütəxəssis Lui van Qal komandaya baş məşqçi təyin edildikdə mankunianların azarkeşləri gələcək üçün ümidləndi. Lakin sonradan bu ümidlər də boşa çıxdı. "Mançester Yunayted”in siması son 2-3 ildə bir xeyli dəyişsə də, dəyişməyən bir şey var. O da bu klubun hələ də dünya futboluna istedadlar bəxş etməsidir.
"Qırmızı şeytanlar”ın azarkeşləri son mövsümdəki uğursuzluğa görə hər nə qədər məyus olsalar da, komandada yeni ulduzun peyda olmasına görə bir o qədər sevindilər. Bir anda əsas komandada peyda olan və vurduğu qollarla azarkeşlərin könlünə yol tapan bu istedad gələcəyin Kriştiano Ronaldosu, Devid Bekhemi, Ueyn Runisi olmağa namizəddir. Yəqin ki, söhbətin mankunianların futbol akademiyasının yetirməsi, 18 yaşlı Markus Reşforddan getdiyini anladınız. Bu yazıda sizə sadə mançesterli gəncin "qırmızı şeytanlar”ın əsas komandasına necə yüksəlməsindən bəhs edəcəyik.

Ata sevgisi görməsə də...

Markus 1997-ci ilin 31 oktyabrında, Mançesterin Vitenşou rayonunda dünyaya göz açıb. Onun doğulduğu bölgə "Mançester Yunayted”in ev oyunlarını keçirdiyi "Old Trafford”dan 6 km cənubda yerləşirdi.
Markusun xoşbəxt uşaqlıq keçirdiyini demək olar. Baxmayaraq ki, o, atası Robertlə çox az vaxt keçirib. Markusun atası Robert və anası Mel çox erkən ayrılıblar. Maraqlıdır ki, Robertin adı Reşfordun şəhadətnaməsində belə qeyd edilməyib. Mel Markusa həm ata olub, həm də ana. Markusun anasıyla yanaşı, babası, həmçinin qardaşları Dveyn və Deyn də həmişə ona dəstək olublar.
Ancaq balaca Markus və ailəsinin yaşadığı Vizinqton məhəlləsi onun yetişməsi üçün heç də ideal yer deyildi. Belə ki, bu məhəllədə bir çox cinayətkar bandalar fəaliyyət göstərirdi. Markus 8 yaşında olarkən, anası təhlükəli məhəllədən köçmək qərarına gəlir. Onlar Şimali Mura köçürlər.
Elə həmin ildə Vizinqtonda yaşanmış cinayət hadisəsi Melin nə qədər doğru qərar verdiyini göstərdi. Belə ki, Markusun qohumlarından biri qətlə görə həbs edildi. Anası Markusu hər nə qədər bu məhəllədən uzaq tutmağa çalışsa da, Reşford doğulub boya-başa çatdığı yeri unutmur, vaxt tapdıqca hər dəfə buranı ziyarət edir.
Reşford ailəsinə o qədər çox bağlıdır ki, hətta onun meneceri də ailənin üzvüdür. Gənc hücumçunun meneceri onun böyük qardaşı Dveyndir. Ancaq Dveynin sadəcə, Markusun qardaşı olduğuna görə onun meneceri olduğunu demək haqsızlıq olardı. Hər halda, son illərdə məhz Dveynin də zəhməti hesabına Reşfordun klubdakı əməkhaqqı 1500 funt-sterlindən 25 minə yüksəlib.

Parklarda başlayan karyera
Anasının sözlərinə görə, Markus hələ çox balaca ikən futbola maraq göstərirdi. O, daim topu divara vurmağı xoşlayırdı. Balaca Markusun top qovduğu yerlərdən biri isə parklar idi. Nəhayət, Mel oğlunun futbola həvəsini görür və cəmi 2 funt-sterlinq ödəyərək, onu həftə sonları üçün nəzərdə tutulmuş futbol məşqlərinə yazdırır. Reşford 5 yaşında yerli "Fletçer Moss Reyncers”in üzvü olur. Burda onun istedadı üzə çıxır. Az qala hər oyunda fərqlənən Markus yaşıdlarından bir baş üstün idi.
Hətta komandasının qatıldığı bir turnirdə balaca Markus cəmi 10 dəqiqəyə rəqib qapısından nə az, nə çox, düz 12 top keçirmişdi. Bundan sonra isə o, qol vurmaqdan bezərək, komanda yoldaşlarının fərqlənməsinə şərait yaratmışdı. Həmin oyunun ilk hissəsi Reşfordun komandasının 20:0 hesablı qələbəsiylə nəticələnmişdi.

Ferqyusonun köməkçisini qapısına gətirən istedad
"Fletçer Moss Reyncers” kiçik komandadır. Lakin bu cür kiçik komandalarda istedadlar yetişdiyindən, Premyer Liqanın skautları bu komandaların həftə sonu baş tutan oyunlarını qaçırmamağa çalışırlar. Həftənin sonunda Mersi çayının yaxınlığındakı meydançada müxtəlif yaş qruplarından yüzlərlə uşaq meydançaya çıxır. Bu da istedad axtarışında olan skautlar üçün əsl fürsət idi. Markusun istedadını "Mançester Yunayted”, "Mançester Siti” və "Arsenal”ın skautları kəşf edir. Hər 3 klub dərhal Markusun anası Mellə əlaqə saxlayaraq, onun dilə tutmağa başlayırlar. Sonda "qırmızı şeytanlar”ın skautları "Mançester Yunayted”in akademiyasının Markusun bacarıqlı futbolçu kimi yetişməsi üçün ən yaxşı yer olduğuna Reşfordun anasını inandırmağı bacarırlar. Bu işdə həmin vaxt "Mançester Yunayted”də Aleks Ferqyusonun köməkçisi işləyən Rene Meulenstinin də əvəzsiz rolu oldu.
Markus 8 yaşında "Mançester Yunayted” akademiyasının üzvü idi. O, mankunianların akademiyasında da öz istedadıyla seçilirdi. Hər yaş qrupunda özünü ən yaxşı tərəfdən göstərən Markus, kapitanlığa qədər yüksəlir. Məşqçilər Markusu hansı mövqedə oynadacaqları barədə çox baş sındırmalı olmurlar. Qol vurmaqdan doymayan balaca Markusu yalnız bir mövqedə oynatmaq olardı - hücumda.
Ronaldonun pərəstişkarı
Futbolla məşğul olan hər bir uşağın özünə kumir seçdiyi bir futbolçu olur. Markus Kriştiano Ronaldoya pərəstiş edirdi. Reşford bu yaxınlarda verdiyi müsahibələrdən birində nəinki özünün, hətta bütün akademiyanın hazırda "Real”da top qovan portuqaliyalı ulduza pərəstiş etdiyini deyib: "Kriştiano Ronaldo "Mançester Yunayted”də çıxış etdiyi zaman hamının pərəstiş etdiyi futbolçuya çevrilmişdi. Hamımız ona heyran idik. Ronaldo meydanda ən yaxşı olmaq istəyirdi. O, hər gün ağır məşqlər keçirdi. Təbii ki, bu gərgin məşqlər meydançada öz nəticəsini göstərirdi. O, dünyanın ən yaxşısı olmaq üçün əlindən gələni edirdi”.
Elə Markus özü də "ən yaxşı” olmaq, "Mançester Yunayted”in əsas komandasına düşmək üçün əlindən gələn hər şeyi edirdi. O, çəkdiyi əziyyətin bəhrəsini çox gözləməli olmadı. Düzü, bunda Markusun bir qədər bəxtinin də gətirdiyini demək olar.
Corc Besti kölgədə qoyan Markus
Heyətdə zədəli futbolçuların çox olması baş məşqçi Lui Van Qalı əvəzedici komandaya nəzər yetirməyə məcbur etdi. 2015-ci ilin noyabrında, "Uotford”la Premyer Liqa oyununda mankunianların azarkeşləri sevimli komandalarının "18”-liyində yeni ada rast gəldilər - Markus Reşford. Əslində, bu ad "qırmızı şeytanlar”ın azarkeşlərinə heç də yad deyildi. Markus artıq aşağı yaş qruplarında sərgilədiyi oyunla öz adını çoxdan çılğın MY azarkeşlərinə tanıtmışdı.
Lakin Reşford "Mançester Yunayted”in əsas heyətində debüt etmək üçün daha bir neçə ay gözləməli oldu.
2016-cı il, fevral ayı. Premyer Liqada çempionluq yarışından kənarda qalan "Mançester Yunayted” əsas diqqəti Federasiya kubokuna və Avropa Liqasına yönəltmişdi. Avropa Liqasının 1/16 finalında komadanın rəqibi Danimarka "Midtyulland”ı idi. Ancaq baş məşqçi Lui Van Qal heyəti formalaşdırmaq üçün əziyyət çəkir. Komandanın zədəlilər karvanına Antoni Marsial da qoşulur. Holland mütəxəssis onu U-19 komandasının kapitanı Markus Reşfordla əvəz edir. İlk oyunda 1:2 hesabıyla məğlub olmuş mankunianları Danimarka təmsilçisiylə ev oyununda yalnız qələbə qane edirdi. Van Qal "Midtyulland”la oyunda risk edərək, yenicə heyətə daxil etdiyi 18 yaşlı Markusa əsas heyətdə yer verir. Reşford holland mütəxəssisin ümidlərini artıqlamasıyla doğruldur. 90 dəqiqə meydanda olan gənc hücumçu, komandasının 5:1 hesablı qələbəsinə 2 qolla töhfə verir. Danimarkalıların qapısına yol tapmaqla Markus həm də, yeni rekord müəyyənləşdirir. Belə ki, Reşford "Mançester Yunayted”in heyətində avrokuboklarda qol vuran ən gənc futbolçu adını əfsanəvi Corc Bestdən alır. Bu cür möhtəşəm debüt Markusu nəinki vətənində, hətta bütün dünyada məşhurlaşdırır. Çox çəkmir ki, Reşford İngiltərə Premyer Liqasında da debüt edir. O, cəmi 3 gün sonra, "Arsenal”la oyunda Premyer Liqada da debüt edir. Markusun debütü bu dəfə də hamını yaxşı mənada təəccübləndirir. "Topçular”la oyunda 2 qol, 1 məhsuldar ötürməyə imza atan gənc hücumçu, komandasına demək olar, təkbaşına qələbə qazandırır. Reşfordun qısa müddətdə belə sürətlə parlaması klub rəhbərliyini qorxuya salır. Belə ki, məktəbdə təhsilini davam etdirən Markusun dərslərdən soyuyacağı və "ulduz xəstəliyinə” tutulacağından qorxuya düşən rəhbərlik gənc istedadın dərslərini yadırğamaması üçün müvafiq addımlar atır. Hazırda 11-ci sinifdə oxuyan Reşford məşqlərə ancaq dərsdən sonra gəlir.
Millinin qapıları da üzünə açılır
"Mançester Yunayted”dəki uğurlu oyunları İngiltərə millisinin demək olar bütün yaş qruplarında forma geyinmiş Markusun üzünə əsas yığmanın da qapılarını açır.
İngiltərə millisinin baş məşqçisi Roy Hocson onun adını AÇ-2016 üçün müəyyənləşdirdiyi ilkin siyahıya salır. Avstraliyaya qarşı yoxlama oyununda meydana çıxdıqdan cəmi 3 dəqiqə sonra fərqlənən Markus, əsas millidəki debütünü də qolla qeyd edir. O, yığmada fərqlənən 3-cü ən gənc futbolçu kimi tarixə düşür. Hocson Reşfordu AÇ-2016-ya apardığı heyətə daxil edir.
İbrahimoviçlə rəqabət
Yayda "Mançester Yunayted”də ciddi dəyişikliklər baş verdi. Mövsümün sonunda Federasiya kubokunu qazansa da, əsas məqsədin - Çempionlar Liqasına vəsiqənin öhdəsindən gələ bilməyən Lui Van Qal komandadan göndərildi. Onun əvəzinə isə məşhur mütəxəssis Joze Mourinyo gətirildi. Portuqal mütəxəssisin gəlişiylə komandaya bir neçə ulduz futbolçu gəldi ki, onlardan biri də hücumçu Zlatan İbrahimoviçdir. Zlatanın mankunianlara qoşulmasıyla, Reşfordun daha az şans qazanacağı güman olunurdu. Bu güman özünü doğrultdu. Reşford ötən mövsümdə komandanın əsas heyətində əldə etdiyi mövqeyi İbranın gəlişiylə əldən verdi. Ancaq 35 yaşlı isveçli hücumçunun əsas heyət uğrunda mübarizədə gənc Markusla nə qədər mübarizə aparacağı maraq doğurur.
Dəyişməyən Markus
Markusun bir anda parlaması onun oxuduğu məktəbdə sevinclə qarşılandı. Düz 1 ay hamı onun "Mançester Yunayted”də debüt oyununda dubl etməsindən danışdı. Ancaq nəinki məktəbdə, hətta bütün İngiltərədə diqqət mərkəzində olması Markusu heç də özündənrazı birinə çevirmədi. O, yenə dostlarıyla əlaqə saxlayır, köhnə məhəllələrini ziyarət edir və ailəsiylə birgə yaşayır. Markus hətta Federasiya kubokundakı qələbəni belə ailə üzvləriylə birgə qeyd etdi. Markusun ailəyə bağlılığı onu daha da intizamlı edir. Uğurun təməlində isə intizam dayanır. Reşfordun hazırkı intizamının və istedadının "Mançester Yunayted”də onu hansı mərtəbəyə daşıyacağını birlikdə görəcəyik. Kim bilir, bəlkə də, "Mançester Yunayted”də yaşı 30-u haqlamış Ueyn Runinin yerini məhz Reşford tutacaq...

banner

Oxşar Xəbərlər