• çərşənbə axşamı, 19 mart, 09:00
  • Baku Bakı 8°C

Qırmızı Qəsəbədə yeni turizm məlumat nişanları istifadəyə verilib

21.04.21 15:45 1547
Qırmızı Qəsəbədə yeni turizm məlumat nişanları istifadəyə verilib
Aprelin 21-də Dövlət Turizm Agentliyinin və İsrailin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə turizm marşrutlarının inkişafı və təkmilləşdirilməsi məqsədilə Quba rayonunun Qırmızı Qəsəbəsində yeni turizm məlumat nişanları hazırlanaraq istifadəyə verilib.
Kaspi.az xəbər verir ki, Dövlət Turizm Agentliyinin turizm marşrutlarında yolların nişana alınması və işarələnməsi strategiyasına uyğun olaraq qəsəbənin müxtəlif yerlərində 18 ədəd yeni nişanlar quraşdırılıb.
Bu turizm nişanları vasitəsilə həm əcnəbi, həm də yerli turistlər qəsəbə boyu gəzməli və görməli yerlərin istiqamətlərini müəyyən edə, eləcə də ərazidə quraşdırılmış turizm informasiya lövhələrində həmin obyekt haqqında vacib məlumatları əldə edə biləcəklər.
Bununla yanaşı, Qırmızı Qəsəbə və Quba Destinasiya Menecmenti Təşkilatı bu piyada nişanları əsasında turistlərə yəhudi irsi üzrə turlar təşkil etməyi də nəzərdə tutur.
Tədbirdə çıxış edən Quba rayonu icra hakimiyyətinin başcısı Ziyəddin Əliyev Qubada yaşayan dağ yəhudiləri icmasının həyat tərzi və onların adət-ənənələrinin regiona səfər edən xarici qonaqlar tərəfindən böyük maraqla qarşılandığını qeyd edib. Ziyəddin Əliyev yəhudi icmasının bu regionda yüz illərlə sülh və əmin-amanlıq şəraitində yaşadığını və bunun xalqların və mədəniyyətlərin birgə inkişafının mümkünlüyünün bariz nümunəsi olduğunu bildirib.
Quba rayonunda Qırmızı Qəsəbənin turizm baxımından xüsusi çəkisinin olduğunu deyən Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov bu məkanın həm yəhudi irsi ilə maraqlanan turistlərin, həm də yəhudi əsilli insanların ölkəmizə turist kimi cəlb edilməsi baxımından əhəmiyyətli olduğunu bildirib. Kənan Qasımov qəsəbədə yaradılan infarstrukturun və məlumat nişanlarının yəhudi irsinin turizm marşurutu kimi tanınması və təbliğini daha da artıracağını deyib.
Azərbaycanı mədəniyyətlərarası dialoqun ən yaxşı nümunəsi olduğunu qeyd edən İsrail səfirliyinin missiya rəhbərinin müavini Doron Pier Azərbaycanda dini müxtəlifliyə tolerant münasibətin və müxtəlif mədəniyyətlərin təbliğinə yaradılmış şəraiti yüksək qiymətləndirdiyini bildirib. Doron Pier Qırımızı Qəsəbənin inkişafı üçün bundan sonra da öz dəstəklərini göstərəcəyini deyib.
Tədbirdə çıxış edən Dağ Yəhudiləri Muzeyinin icraçı direktoru İqor Şaulov Qırmızı Qəsəbənin burada yaşayan yəhudilərin sayına görə dünyada az sayda yerlərdən biri olduğunu deyib. İqor Şaulov qəsəbənin tanıdılması və inkişafı üçün görüləcək işlərə öz dəstəklərini göstərəcəklərini bildirib.
Azərbaycanda yəhudi irsinin təbliği istiqamətində Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu və İsrailin Azərbaycandakı səfirliyi gələcəkdə növbəti layihələri də birlikdə həyata keçirməyi planlaşdırır.
Qeyd edək ki, İsrailin hüdudlarından kənarda yerləşən yəhudilərin yaşadığı qəsəbədə iki sinaqoq, yəhudi dinini öyrədən dərnəklər, Dağ Yəhudilərinin muzeyi, turist informasiya mərkəzi və bir çox digər görülməli yerlər mövcuddur.
banner

Oxşar Xəbərlər