• çərşənbə axşamı, 19 mart, 06:11
  • Baku Bakı 8°C

Qırğızıstanda 13 nəfər prezident olmaq istəyir

13.09.17 09:00 1356
Qırğızıstanda 13 nəfər prezident olmaq istəyir
Qırğızıstanda nə az, nə çox 13 nəfər prezidentliyə namizəd kimi təsdiq edilib. Namizədlər dünəndən etibarən təbliğat kampaniyasına start veriblər. Proses oktyabrın 13-nə kimi davam edəcək. Maraqlıdır ki, namizədlər qara piarın qadağan edilməsi və namizədlərin pulla ələ alınması barədə "centlmen sazişi”ni imzalamaqdan imtina ediblər. Ekspertlər hesab edirlər ki, respublikada siyasi böhranın baş vermə ehtimalı güclüdür. Qırğızıstanda vəziyyətin nəzarətdən çıxacağı təqdirdə isə ölkə Əfqanıstanın yolu ilə gedə bilər. Bu yol klanlara və səhra komandirlərinə qarşı mübarizədən ibarətdir. Seçkilər bəlli olduğu kimi, oktyabrın 15-nə təyin edilib. 13 namizəd rəsmən qeydə alıbsa da, onların hamısının finişə qədər davam gətirəcəkləri şübhəli görünür. Böyük ehtimalla onların bir qismi daha güclü rəqiblər ətrafında birləşəcək. Qarşıdakı 25 gün ərzində prezidentliyə namizədlərin adlarının daxil olduğu seçki bülletenlərinin forma və mətni təsdiq edilir. Buna qədər isə distansiyadan çıxa bilmə riski saxlanılır. Burada iki variant ola bilər – namizədi yarışmadan məhkəmə orqanları çıxara, ya da onun özü seçkilərdə iştirakdan imtina edə bilər.
Mərkəzi Seçki Komissiyasının sədr müavini Abdıcapar Bekmatov Rusiyanın "Nezavisimaya qazeta” nəşrinə bildirib ki, namizədlərin seçici bülletenində adının hansı yerdə olması ilə bağlı püşkatma keçiriləcək. Yuxarıda qeyd olunan "centlmen sazişi” imzalamaq təklifini Mərkəzi Seçki Komissiyası irəli sürüb. MSK hesab edib ki, seçki dövründə belə bir təşəbbüs prosesin ədalətli keçməsinə gətirib çıxaracaq. Qırğız politoloq Mars Sariyevin qənaətincə bu formal bir məsələdir. Lakin seçkiqabağı kampaniyanın gedişində hər bir namizəd ortaya qara piar ata bilər və bu səbəbdən də bu cür saziş zəruridir. Lakin MSK-nın təşəbbüsü elə təşəbbüs olaraq qalıb. Faktiki olaraq bir çox namizəd ona imza atmaq istəməyib. 13 namizəddən yalnız dördü ona imza atıb. Bu isə onu deməyə əsas verir ki, cəmiyyət seçki prosesində qalmaqallar və intriqaların, hətta hakimiyyət uğrunda daha gərgin mübarizənin şahidi olacaq. Namizədlər artıq proqramlarını seçicilərə çatdırmaq üçün onlarla görüşlərə başlayıblar. Keçmiş baş nazir, "Ak Şumkar” Partiyasının lideri Temir Sariyev qısa zaman müddətində iqtisadi sahədə sıçrayış etmək niyyətindədir. Biznesmen, sabiq fövqəladə hallar naziri, hazırda "Onuqquu-İnkişaf” partiyasına sədrlik edən Bakıt Torobayev bildirib ki, islahatları özündən başlamaq niyyətindədir. "Mən bu seçkilərə real layihələr proqramı ilə gedirəm. Bu proqramla altı il ərzində yeni iş yerləri açmaq və Avrasiya İqtisadi İttifaqının bazarına daxil olmaq olar”, - deyə o bildirib. Başqa bir sabiq baş nazir, "Respublika” Partiyasının lideri Omurbek Babanov isə Qırğızıstanı altı il ərzində iqtisadi cəhətdən inkişaf etmiş on ölkə sırasına daxil edəcəyinə söz verib. Hakim Sosial Demokrat Partiyasından olan namizəd Sooronbay Jeenbekov hələ ki öz proqramını təqdim etməyib. O yalnız hazırkı prezident Almazbek Atambayevin kursunu – siyasi sabitlik kursunu qoruyub saxlayacağını vəd edir. Əsas mübarizə Omurbek Babanovla Sooronbay Jeenbekov arasında gedəcək. Əksəriyyət Babanovun proqramının çox güclü və effektiv olduğunu bildirir. O, bütövlükdə korrupsiya üzərində qurulan sistemin dağıdılması məsələsini qoyub. Proqramında da Sinqapur və Malayziya baş nazirləri – Li Kun Yu və Mahatira Məhəmmədin təcrübələrini əsas götürüb. Onların yaratdıqları sistem nəticəsində hər iki ölkə iqtisadi bum yaşayıb. Bu səbəbdən də qırğız politoloqları seçkilərin ikinci turunu istisna etmirlər.
Ekspertlər bildirirlər ki, bütün inzibati resurslar Jeenbekova işləyir. Əgər Sooronbay seçkilərdə qalib gələrsə, bütün aparıcı dövlət strukturları hakim Sosial Demokrat Partiyasının nəzarəti altında qalacaq. Jeembekov prezident, Sapar İsakov isə baş nazir olacaq. Almazbek Atambayev isə böyük ehtimalla siyasətdə qalacaq və bir növ "boz kardinal” funksiyasını yerinə yetirəcək. Ola bilsin o, hakim Qırğızıstan Sosial Demokrat Partiyasının lideri kimi də qalsın. Eləcə də parlamentdə ən iri fraksiyasının rəhbəri kimi də fəaliyyətini davam etdirə bilər. Sonra isə spiker kürsüsünü tuta bilər. "Əgər Atambayevin ssenarisi baş tutmaya bilərsə və prezident də Babanov olarsa, onda elit klanlarla hesablaşmaq və məsləhətləşmək gərək olacaq. Bu zaman ortaya çoxsaylı suallar çıxacaq. Belə ki, bu seçkilərdə elitadaxili konsensus işləmədi. Hazırda respublika daxilində ilk dəfə elitaların toqquşması müşahidə olunur. Regional səviyyədə klanlar arasında qarşıdurma gedir. Vəziyyət çox mürəkkəbdir və münaqişənin baş vermə ehtimalı güclüdür. Qırğızıstanda siyasi böhranın baş vermə ehtimalı var.
Yeri gəlmişkən, A.Atambayevin özü də xəbərdar edib ki, kütləvi etiraz aksiyaları təşkil edənlərlə seçkidən sonra mübarizə aparmaq və təşkilatçıları sərt formada cəzalandırmaq üçün onun vaxtı olacaq. Bununla o, səlahiyyət müddətinin dekabrın 1-də başa çatmasını nəzərdə tutub. "Bu zaman biz heç kimi bağışlamayacağıq - mənə inana bilərsiniz”, - deyə prezident ölkə müstəqilliyinin 26 illiyi ilə bağlı keçirilən mərasimdə bəyan edib. "Mən görürəm ki, sosial-demokratların rəqibi olan namizədə qarşı hazırda axtarışda olan siyasətçilər, korrupsionerlər, oliqarxlar və onların nəzarətində olan kütləvi informasiya vasitələri necə birləşir. Ən təhlükəsi odur ki, indidən seçkilərin nəticələrinin saxtalaşdırılacağı barədə bəyanatlar verilir. Telekanal və qəzetlərdə administrativ resurslar mövzusu mütəmadi olaraq qabardılır. Seçkilərdən sonra hakim partiyanın namizədinin qələbəsi baş verərsə, buna etirazların təşkil edilməsi planlaşdırılır”, - deyə prezident vurğulayıb.
Ekspertlər hesab edirlər ki, Qırğızıstanda vəziyyət nəzarətdən çıxacağı halda, ölkə Əfqanıstana bənzəyə bilər. Oradakı kimi burada da səhra komandirləri arasında müharibə və klanlararası mübarizə start götürə bilər.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər