• cümə, 29 Mart, 18:43
  • Baku Bakı 14°C

Qırğızıstan - hamının prezident olmaq istədiyi ölkə

18.02.17 10:00 872
Qırğızıstan - hamının prezident olmaq istədiyi ölkə
Özbəkistan və Türkmənistanın ardınca, Mərkəzi Asiyanın digər bir dövləti, bir vaxtlar "inqilablar beşiyi” kimi ad çıxaran Qırğızıstan da seçkilərə hazırlaşır. Bu ölkədə prezident seçkilərinin tarixi elan edilib. Ölkənin rəsmi nəşrlərinin yaydığı məlumata görə, əgər tarix dəyişməsə, seçkilər noyabrın 19-da baş tutacaq. Ölkədə seçki ili olduğundan maraqlı proseslər yaşanır. Qırğızıstanın maliyyə vəziyyəti yaxşı deyil - işsizlik, yoxsulluq durmadan artır. Bir vaxtlar ölkənin əsas donoru hesab edilən Rusiya ölkəyə əvvəlki kimi diqqət ayıra, yardım edə bilmir. Bu ölkədə çalışan miqrantlar əvvəlki tək ölkəyə maliyyə göndərə bilmirlər. ABŞ-a gəldikdə, bu ölkənin Manasdakı hərbi bazasının bağlanması ilə münasibətlər minimuma enib. Qonşu ölkələrlə, konkret olaraq Özbəkistanla bir vaxtlar gərgin olan münasibətlər də yenicə düzəlir. Tacikistanla isə sərhəd problemləri yaşanır. Ən təhlükəlisi odur ki, ölkədə radikal dini təşkilatlara qoşulanların sayı artır. Qonşu Əfqanıstandan olan təhlükə də qalır. Məhz belə bir mürəkkəb durumda ölkə prezident seçkilərinə gedir. Türkiyə ilə də münasibətlər də normal deyil. Ölkə rəhbərliyi Gülən məktəblərinin bağlanması barədə tələbə əməl etməyib.
Bütün bunların fonunda artıq prezident olmaq uğrunda mübarizəyə demək olar ki, bütün tanınmış siyasilər qoşulublar. Bunların arasında "Ak-Şumkr” partiyasının lideri Temir Sariyev, "Respublika” Partiyasının sədri Omurbek Babanov və "Onuquu-İnkişaf”ın lideri Bakıt Torobaev daxildir. Lakin seçki bu namizədlərlə başa çatmır. Ən əsası, hazırkı prezident Almazbek Atambayevin xələfinin kim olacağı müəyyən olunmayıb. Bundan əlavə, hələ onlarla yerli siyasətçi namizədliklərini verməyiblər. Müqayisə üçün deyək ki, 2011-ci ildə Mərkəzi Seçki Komissiyasına 83 nəfər dövlət başçısı olmaq üçün müraciət etmişdi. Düzdür, seçkilərə qədər cəmi 16 namizəd gəlib çatsa da, bunun özü də az rəqəm deyildi. Namizədlərin çoxu seçki prosesinə qoyulmalı olan vəsaitin məbləğinin çoxluğundan arzusunu reallaşdıra bilmədi.
Onu da qeyd edək ki, hazırkı prezident Almazbek Atambayev seçkilərdə iştirak edə bilməz. Belə ki, Konstitusiya bir şəxsin ikinci dəfə namizəd olmasını qadağan edir. Onun prezidentlik müddəti başa çatdıqdan sonra konkret olaraq hansı işlə məşğul olacağı da bəlli deyil. Ola bilsin, siyasətdən gedib biznesə qayıdacaq. Ya da parlamentə dönüb özünün Sosial-Demokrat Partiyasının fraksiyasına rəhbərlik edəcək. Əvvəlki, daha dəqiq desək, 2011-ci il prezident seçkiləri ilə müqayisədə nələr dəyişib? "Nezavisimaya qazeta” yazır ki, ölkədə vəziyyət ideal olmasa da, nisbətən stabildir. O zaman aktual təhlükə kimi hakimiyyətin güc yolu ilə dəyişdirilməsi, eləcə də etniklərarası zorakılıq hallarının arta biləcəyi ssenarisi göstərilirdi. İndi də bu təhlükələr aradan qaldırılmayıb və aktuallıq kəsb edir. "İqtisadi durum əvvəlki tək mürəkkəb olaraq qalır. Son 6 ildə regionda qüvvələr balansı bir qədər dəyişib - Birləşmiş Ştatların təsiri azalsa da, əvəzində qonşu Çinin təsiri əhəmiyyətli dərəcədə artıb. Lakin bu da son deyil - qüvvələr balansı seçkilərə qədər bir az da dəyişə bilər. Prezidentliyə namizədlərin qüvvələri demək olar ki, bərabərdir. Hansısa namizədin xariclə yaxşı əlaqələri var, kiminsə maliyyə və media imkanları güclüdür, başqa birininsə yerlərdə güclü dayaqları var. Hamının diqqətlə və səbirsizliklə gözlədiyi məsələ isə prezidentin xələfinin kimin olacağıdır. Demək olar ki, böyük əksəriyyət bunun baş verəcəyinə əmindir. Bu varis məlum namizədlərdən fərqli olaraq inzibati resursları əldə edəcək. Həmin namizədi xarici oyunçular, o cümlədən Rusiya da dəstəkləyə bilər.
Moskvaya gəldikdə, Kreml hələ ki, susmağa üstünlük verir. Ola bilsin, prioritet namizəd prezident Vladimir Putinin bu ayın sonu Qırğızıstana səfəri zamanı müəyyən olunsun. Ümumiyyətlə, Qırğızıstanda Kremldən gələn siqnallara çox ciddi yanaşırlar. Son günlər bir sıra siyasilər tərəfindən Rusiya ilə inteqrasiya təşəbbüsləri alqışlanır, hətta Rusiya yazıçılarının əsərlərindən sitatlar gətirilir. Seçkilərdə iştirak edəcəkləri gözlənilən amerikayönümlü siyasilərə gəldikdə isə onları nə pulları və komandaları mövcuddur. Onlar da kədərli formada etiraf edirlər ki, Moskva hansı namizədə üstünlük verəcəksə, həmin şəxs də prezident seçiləcək. Vaşinqtonun, Astananın, Daşkəndin, Pekinin mövqeyi daha az vurğulanır. Mütəmadi olaraq ölkənin zəifliyi və xarici təsir altında olduğu daha çox qabardılır. Siyasi və ictimai dairələrdə isə bu vəziyyətdən çıxış yolları barədə heç bir fikir irəli sürülmür. Belə bir təəssürat yaranır ki, yerli siyasətçilər mürəkkəb qərarların qəbulunda məsuliyyəti sadəcə, bu və digər ölkələrin üzərinə atmağa üstünlük verirlər. Bəs Kreml seçkilərə müdaxilə edəcəkmi? Çox böyük ehtimalla belə olacaq. Sadəcə, məsələ müdaxilənin hansı səviyyədə olmasındadır. Moskva üçün bu, tək imkan deyil, həm də risk deməkdir.
Siyasi proseslərdə açıq iştirak Rusiyanı özünün maliyyə və imici ilə xarici müşahidəçidən proseslərin birbaşa iştirakçısına çevirə bilər. Mövcud vəziyyəti və yerli elitanın "kamillik” dərəcəsini nəzərə alaraq hansısa bir namizədə açıq dəstək sonra ciddi nəticələrə gətirib çıxara bilər. Ola bilsin ki, Rusiya üçün kənarda durmaq və qırğız siyasətçilərə kimin daha güclü olacağı müəyyən olunana qədər gözləmək yaxşı olardı. Bu, həm də yerli elita arasında mənfi, infantil (inkişafdan qalma) əhval-ruhiyyənin azalmasına və daha potensial siyasətçinin ortaya çıxmasına gətirib çıxara bilər. Gələcəkdə qalibin müəyyən olunmasında ölkədəki iqtisadiyyat və təhlükəsizlik məsələsindəki vəziyyət əsas şərt olacaq. Bu isə o deməkdir ki, qalib iqtisadi və hərbi təhlükəsizliyin təmin olunması üçün Rusiya ilə mehriban qonşuluq münasibətləri saxlamağa məcbur olacaq.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər