• cümə axşamı, 18 aprel, 11:42
  • Baku Bakı 12°C

Qırğızıstan çətin seçim qarşısında

14.10.17 11:00 2481
Qırğızıstan çətin seçim qarşısında
Oktyabrın 15-də Mərkəzi Asiyanın ən narahat ölkəsi hesab edilən Qırğızıstanda prezident seçkiləri keçiriləcək. Budəfəki seçki kampaniyası əvvəlkilərdən fərqli olaraq bir qədər dinc şəraitdə keçsə də, gərginlik də özünü ən müxtəlif formalarda büruzə verdi. Hakim komanda, başda prezident Almazbek Atambayev olmaqla bütün kampaniya boyu hakimiyyət namizədinin prosesdən uğurla çıxması üçün əlindən gələni etdi, bütün inzibati resurslar onun üçün işlədi. Hətta qonşu Qazaxıstanla da münasibətləri kəskinləşdirsə belə, yenə də mövqeyindən geri çəkilmədi. 2017-ci il seçki kampaniyası göstərdi ki, Qırğızıstan Mərkəzi Asiya ölkələri içində yeganə dövlətdir ki, seçkilər prezidentin mandatının uzadılması məqsədilə deyil, güclü namizədin üzə çıxarılmasına yönəlib. Seçkilərə bir gün qalmış prezident bəyan edib ki, özünün tarixi missiyasını başa çatdırmağa, kreslosunu seçkilərin qalibinə təqdim etməyə hazırdır. Bununla da o, hakimiyyətin dinc yolla keçməsini həyata keçirmək istədiyini ortaya qoyub. Əvvəlcə kampaniyada 50-dən artıq namizəd iştirak etsə də, sonradan gedən "ələnmə” nəticəsində onların sayı 11-ə düşdü. Favoritlər isə cəmi ikidir - hakim sosial-demokrat partiyasından olan namizəd Sooronbay Jeenbekov və müxalif "Respublika Ata-Jurt” fraksiyasının rəhbəri, ölkənin ən varlı biznesmenlərindən olan Omurbek Babanov. Keçmiş baş nazir Temir Sariyev də prosesə qatılsa da, onun şanslarının az olduğu iddia edilir. Rəy sorğuları namizədlərin özləri tərəfindən sifariş edildiyindən, kimin qalib olacağı bir qədər qaranlıq görünür.
Qeyd edildiyi kimi, Almazbek Atambayevin favoriti bəllidir - Sooronbay Jeenbekov. Bu şəxs avqust ayına qədər baş nazir postunda çalışıb. Jeerenbekovu tənqid edənlər onu Fars körfəzi ölkələrindəki radikal islamçılarla əlaqədə ittiham edirlər. Ortaya isə heç bir arqument qoya bilmirlər, sadəcə, onun qardaşının ərəb ölkələrindən birində səfir olmasını, digər qardaşının isə nazir işləyərkən Səudiyyə Ərəbistanına səfər etdiyinin və orada investisiya yatırılması barədə danışıqlar apardığını xatırladırlar. Jeerenbekovun daha çox Oş vilayətində görüşlər keçirdiyi də vurğulanır. Həmin ərazidə isə islamlaşmanın gücləndiyi iddia edilir. Lakin qırğız ekspertlər onun qalibiyyəti ilə ölkədə islamlaşmanın güclənəcəyini istisna edirlər. Qalib olmağa iddialı namizəd açıq şəkildə bildirir ki, Atambayevin başladığı işləri və siyasəti davam etdirəcək. O, prezident seçiləcəyi təqdirdə, Rusiya ilə Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik üzrə Müdafiə Təşkilatı çərçivəsində münasibətləri möhkəmləndirəcəyini bəyan edib.
Babanova gəldikdə, o, gurultulu açıqlamalar verməkdən qaçaraq, mətbuat qarşısına az-az çıxıb. Yalnız seçkilərə bir gün qalmış seçicilərinə müraciəti yayılıb. O bildirib ki, bu gün ölkənin ictimai-siyasi həyatında çətin bir dövrdür, qarşıdakı seçkilərdə aşkar məğlubiyyətlə barışa bilməyən, həmçinin ölkəmizin əksər əhalisinin rəyi ilə hesablaşmayan bütün fitnəkar qüvvələr hər cür yolla qələbəmizi oğurlamağa can atırlar. Prezidentliyə namizəd son vaxtlar baş verən hadisələrə belə münasibət bidlirib: "Gizlətmirəm, son günlərin bütün hadisələri - Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə görüş, kontekstdən qoparılmış On-Adırdakı çıxış, Joqorku Keneş deputatı, mənim tərəfdarım Kanat İsayevin həbsi – bunların hamısı bir zəncirin halqalarıdır. Müəyyən şəxslərin hərəkət etdiyi plan var. Amma məqsədləri fitnəkarlıqdır. Hamını sakitləşdirmək istəyirəm – biz duruş gətirəcək və duyğusal hərəkətlər etməyəcəyik. Heç nəyə baxmayaraq seçkiqabağı qovğanı bütün qanunvericilik prosedurlarına riayət çərçivəsində daha böyük intensivliklə davam etdirirəm””.
O, əlavə edib ki, bu ölkədə heç kim qarışıqlıq istəmir: "Mənim mövqeyim birmənalıdır – seçkiləri şərəf və namusla udmaq lazımdır. Buna görə də bütün tərəfdarlarıma, qərargah işçilərinə, təbliğatçılara demək istəyirəm ki, hissə qapılmadan öz məntəqələrində ikiqat intensivliklə işləsinlər. Bizə istisnasız olaraq namuslu və şərəfli qələbə lazımdır. Seçilmiş istənilən dövlət başçısı üçün hər şeydən əvvəl legitimlik önəmlidir – mən qanuna həmişə sayğı göstərmişəm və buna görə də istisnasız olaraq qaydalar üzrə oynayıram. Mən "Ağ ev”i ələ keçirməyə hazırlaşmamışam və hazırlaşmıram. Qırğızıstanda seçkilər düzgün keçirilməlidir. Yeni prezident hakimiyyətə çevrilişlər və yaxud qanunsuz əməllər hesabına deyil, şərəfli yolla gəlməlidir”. Qalib olmağa iddialı namizəd onu da bildirib ki, seçkiqabağı kampaniyamın maliyyələşdirilməsi aşkar və şəffaf gedir. Bu gün seçkiqabağı təbliğat materialları və KİV-lərdə işıqlandırmağa 200 milyon som rəsmi vəsait xərcləmişik. Maliyyələşmənin heç bir destruktiv və xüsusən kriminal ünsürləri heç vaxt olmayıb və olmayacaq. Sonra kriminalı maliyyələşdirmək üçün təbliğata bu qədər pul sərf etmək – bu, cəfəngiyatdır. Mən əminəm: hamı hər şeyi çox gözəl başa düşür”. Daha sonra isə özü haqda məlumat verib və bildirib ki, çox şeyə yetərincə erkən nail olub: "Otuz yaşımda Qırğızıstanın biznes tarixində ən uğurlu sazişlərdən birini bağlamışam. Bu gün 47 yaşım var. Hesab edirəm ki, biznesdə zirvəyə yetmişəm, bu gün bütün müəssisələrim vəkalətli idarəçiliyə verilib. Sonra nə olacaq? Bu gün əminəm ki, irəli getmək, qarşıma ən yüksək vəzifələr qoymaq və buna nail olmaq üçün kifayət qədər gücüm, enerjim, təcrübəm var. Mənim ən heysiyyətli hədəfim öz xalqımı və ölkəmi müvəffəqiyyətli etməkdir. Mən istəyirəm ki, hər bir qırğızıstanlı yaşıl parklar, təhlükəsiz və təmiz küçələr, hovuzlar, idman meydançaları olan məkanlarda yaşasın. Mən əminəm ki, bütün ölkəni bu cür etmək olar. Və bunu necə etməyi bilirəm. Amma bu məqsədə yetmək üçün üsullar lazımdır, bunun üçün qərar qəbul etmə səviyyəsi lazımdır”.
Sonda isə üzünü seçicilərə tutaraq "Bizə heç bir halda bu tarixi fürsəti əldən buraxmaq olmaz. Bütün dünyaya əsil demokratik cəmiyyət olduğumuzu sübut etməyi. Buna görə də bir daha çağırış edirəm: fitnələrə uymayın. Bu gün sizdən yalnız bircə xahişim var – oktyabrın 15-də öz seçki məntəqənizə gəlin və vicdanla, ürəkdən səs verin. Elə səs verin ki, gələcəkdə təəssüflənməyəsiniz. Mən hamını çağırmaq istəyirəm: gəlin, birləşək. Gəlin, birlikdə hüquqi dövlət quraq. Siyasi təqiblərin olmayacağı dövlət! Qanun qarşısında hamı bərabər olmalıdır” sözlərini işlədib. O ki qaldı onun siyasətdə kumirlərinə, bunlar Vladimir Putin, müasir Türkiyənin qurucusu Mustafa Kamal Atatürk və "Sinqapur möcüzəsi”nin rəhbəri Li Kuan Yudur.
Azər
banner

Oxşar Xəbərlər