AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Qırğızıstan böhrandan çıxmaq üçün yollar axtarır

Qırğızıstan böhrandan çıxmaq üçün yollar axtarır

Siyasət
08 Aprel 2020, 15:52 317
Büdcədə vəsait olmadığından əsas diqqət beynəlxalq maliyyə qurumlarından alınacaq borclara yönəlib

Mərkəzi Asiya dövlətləri sırasında koronavirus pandemiyasının sürətlə yayıldığı Qırğızıstanda iqtisadi çətinliklər dözülməz həddə çatıb. Hökumət yaranmış gərginlikdə ölkənin ağır iqtisadi durumdan çıxması məqsədilə qısamüddətli xilas tədbirləri planı hazırlayıb. Baş nazirin müavini Erkin Asandiyev bildirib ki, müxtəlif istiqamətləri nəzərə tutan antiböhran proqramı yaxın 2-3 ay üçün nəzərə tutulub. "Birincisi böhran şəraitində ərzaq təhlükəsizliyinin təmin olunması, iknicisi isə biznes üçün müəyyən yüngülləşdirici qərarların qəbulunu nəzərdə tuturuq. İlik növbədə vergi yükünün azaldılması, sosial ödəmələr və kommunal xidmətlərin ödənilməsinin üç ay müddətinə dayandırılması nəzərdə tutulub. Bu ödəmələrin gecikdirilməsinə görə, hər hansı bir cərimə tətbiq olunmayacaq. Vergi bəyannamələrinin təqdim olunması müddəti də uzadılıb”, - deyə baş nazirin müavini bəyan edib.
Proqrama əsasən, biznesin dəstəklənməsi üçün resursların cəlb edilməsi nəzərdə tutulur. "Biz iki mənbəni nəzərdən keçiririk. Birinci mənbə Rusiya-qırğız inkişaf fondunun müvəqqəti vasitələri ola bilər. Artıq bu istiqamətdə danışıqlar da başlayıb. Bundan əlavə, donor tərəfdaşlarla danışıqlar aparırıq. İlk növbədə Avropa İnkişaf və Yenidənqurma Bankı ilə 100-150 mln. dollarlıq kredit ayrılması barədə müzakirələr gedir. Onlar tərəfindən məlumat verilib ki, bu vəsaitin 50 faizi qrant kimi verilə bilər”, - deyən baş nazirin müavini əlavə edib ki, digər dünya nəhəngləri ilə də danışıqlar da davam edir. Onu da qeyd edib ki, Qırğızıstan biznesi bütövlüklə vergidən azad edə və ya onlara büdcədən vəsait ayıra bilməz. "Bizim büdcə buna imkan vermir. Ayıq başla imkanlarımızı nəzərdən keçirməliyik. Təəssüf ki, biz digər dövlətlərin təcrübəsini həyata keçirə bilmərik”, - deyə E.Asrandiyev vurğulayıb.
Bundan əvvəl baş nazir Muhammedkalıy Abılqaziyev vəziyyəti ağır qiymətləndirib. Onun proqnozlarına görə, ölkə büdcəsi bu ilin yekunları ilə 28 mlrd. som (329 mln. dollar) itirə bilər. Lakin müstəqil ekspertlər əmindirlər ki, dəyəcək ziyan daha ağır olacaq. Prezident Sooronbay Jeenbekov beynəlxalq maliyyə institutlarına koronavirusun yayılmasının neqativ nəticələrinin aradan qaldırılması və büdcəyə dəstək məqsədilə maliyyə yardımı ayrılması barədə müraciət edib. Beynəlxalq Valyuta Fondunun Qırğızıstandak daimi nümayəndəliyindən 24.kg nəşrinə bildirilib ki, qırğız iqtisadiyyatına epidemiyanın mənfi təsiri büdcə daxilolmalarında hiss olunacaq. Eləcə də, sərhədlərin bağlanması, iqtisadi aktivliyin azalması, Rusiyadan pul köçürmələrinin azalması, neftin qiymətinin aşağı düşməsi və səhiyyə xərclərinin azalması da nəzərə alınmalıdır. O da bildirilir ki, Qırğızıstan Beynəlxalq Valyuta Fondundan fövqəladə yardım alan ilk ölkə olub. Bu vəsait 120 mln. dollar təşkil edib. Əlavə 200 min dolları Asiya İnkişaf Bankı tibbi yardım formasında göstərib. Bankın ekspertləri Qırğızıstanda iqtisadi artımın təqribən 4 faiz azalacağını proqnoz edirlər. Əsas səbəblər sırasında əmək miqrantlarının pul köçürə bilməmələri də göstərilir. Artıq bu azalma 13,5 faiz təşkil edir. Lakin sərhədlər bağlı qalmaqda davam edərsə və vəziyyət dəyişməzsə, onda göstəricilər daha da pis olacaq. Asrandiyevin sözlərinə görə, indi söhbət  antiböhran paketinin ikinci hissəsinin hazırlanmasından gedir: "İqtisadiyyatın canlanması və bərpası ilin sonuna proqnozlaşdırılır. Artıq uzunmüddətli perspektiv üçün nəzərdə tutulan üçüncü paketi işləyib hazırlamaq gərəkidir”. Biznes koronavirus infeksiyasının yayılmasından çox, ölkədə martın 25-dən tətbiq edilən fövqəladə rejimdən və komendant saatının qüvvədə olmasından əziyyət çəkir. Fövqəladə rejim koronavirusun yayılmasının qarşısını alsa da, çoxsaylı problemlərə də yol açır. Yükdaşımalar dayanıb, bütün müəssisələr bağlanıb, kiçik və orta biznes dağılıb. Bişkekin girəcəyindən onlar ərzaq dolu maşın ilişib qalıb. Bişkek meriyası insanlara buraxılış kağızlarını verib çatdıra bilmir.
Ölkə rəhbərliyi yardım üçün beynəlxalq maliyyə institutlarına və Rusiya-Qırğızıstan inkişaf fonduna müraciət etmək qərarına gəldiyi halda, ölkə parlamentində Avrasiya İqtisadi İttifaqından narazılıq ifadə olunub. Məsələ ondadır ki, Avrasiya İqtisadi İttifaqı üzrə tərəfdaş dövlətlər qırğızlara bir sıra məhdudiyyətlər tətbiq ediblər. Konkret olaraq Qazaxıstan buğda və taxıl məhsullarının satışına kvota tətbiq edilib. Qırğızıstan üçün bu kvota aylıq 22 min ton un təşkil edir. Baş nazirin müavini vətəndaşları inandırmağa çalışıb ki, respublikada un çatışmazlığı olmayacaq. O bildirib ki, hazırda qazax tərəfi ilə müvafiq sazişlərin imzalanması üzrə danışıqlar gedir. Eyni zamanda, Rusiyadan da 100 min ton buğda alınacaq.
Qırğız parlamentinin deputatı Altınbek Sulaymanov Aİİ ilə bağlı narazılığını bildirib. Onun sözlərinə görə, Qazaxıstanın Qırğızıstandan müxtəlif məhsullar, o cümlədən un ixracına tətbiq etdiyi qadağa Aİİ-nin vahid gömrük sərhədləri və biznes üçün iqtisadi azadlıqlar tətbiq etmək normalarına ziddir: "Gömrük İttifaqı işləmir? Faktiki olaraq işləmir. Belə olan halda Aİİ rejimlərinin dayandırılmasına nail olmaq lazımdır. Koronavirusla bağlı vəziyyət düzələnə qədər hər kəs öz problemini müstəqil şəkildə həll etməlidir. İndiki halda hər hansı bir məhdudiyyət Aİİ normalarının pozulmasıdır”.
Onun həmkarı Abdılvahab Nurbayev isə daha sərt danışıb. Hökumət üzvlərinə müraciətində o, dərhal Avrasiya İqtisadi Komissiyası ilə gömrük rüsumlarının azaldılmasını tətbiq etməyi tələb edib. "Bu, çox vacibdir. Əgər biz bunu etməsək, bununla biznesi və iqtisadiyyatı sadəcə məhv etmiş olarıq. Bu təklif üzərində israr etməliyik. Əgər onlar buna qarşı olsalar və vaxtında kömək etməsələr, o zaman belə bir sual ortaya çıxır – bu təşkilat bizə nəyə lazımdır” – deyə deputat sual edib.

Azər NURİYEV